Modern.az

Doğma torpağından anasına zəng edən, sevdiyi qıza qovuşa bilməyən ŞƏHİD - FOTOLAR

Doğma torpağından anasına zəng edən, sevdiyi qıza qovuşa bilməyən ŞƏHİD - FOTOLAR

Reportaj

12 Mart 2021, 15:10

Vətənpərvərliyin ən ali məqamı Şəhidlik zirvəsidir!

Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Bəli, torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan oğullar bizim qürur mənbəyimizdir. Bu zirvəyə ucalanlar isə heç zaman unudulmurlar.


Modern.az saytı “Vətəni yaşadanlar” rubrikasının növbəti yazısını təqdim edir.

Bu gün Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmənin canına vəlvələ salan Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı Elxan Maarif oğlu Hüseynovdan söz açacığıq.

Əslən Cəbrayıl rayonunun Daşkəsən kəndindən olan Elxan Hüseynov 12 mart 2000-ci il tarixində Biləsuvarda salınmış köçkün şəhərciyində dünyaya göz açıb. Elə həmin şəhərcikdə təhsil almağa başlayan Elxan doğma torpağına olan həsrətindən hərbçi olmağı qarşısına məqsəd qoyub.

2018-ci ildə orta məktəbi bitirib həqiqi hərbi xidmətə yollanan Elxan Hüseynov  əsgərliyini başa vurandan sonra Orduda qalmağa qərar verib.

Şəhidimizin idmanla məşğul olması onun Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı kimi xidmət etməsinə yol açıb.
Elxan Hüseynov baş kəşfiyyatçı idi. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın istiqamətlərdə gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub.  Şuşa istiqamətində gedən döyüşlər zamanı tapşırığı yerinə yetirərkən baş nahiyəsindən güllə yarası alıb. Onu xəstəxanaya aparan maşın yolda minaya düşüb və əsgərimiz möcüzə nəticəsində həyatda qalıb. Amma bir aydan çox komada olan Elxanı həkimlərin səyinə baxmayaraq həyata qaytarmaq mümkün olmayıb.
13 dekabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalan Elxan Maarif oğlu Hüseynov Biləsuvar rayonu ərazisindəki 3 saylı Cəbrayıl qəsəbəsində salınmış qəbiristanlıqda dəfn edilib. Subay idi.

Qəhrəman şəhidimiz haqqında daha ətraflı Modern.az-a ailə üzvləri danışıb.

“Oğlum arzusuna çatdı, amma çatdığı arzunu doyunca yaşamadı...”


Şəhidin anası Sevil Xəlilova:

“Öncə onu deyə bilərəm ki, Elxan kimi mərd, qorxmaz oğul böyütdüyüm üçün fəxr edirəm. Elxanla hər söhbətimizdə böyüyüb torpaqlarımızı azad edəcəyini söyləyərdi. Ata-baba yurdu olan Cəbrayılı görmək ən böyük arzusu idi. Şükürlər olsun ki, arzusunu gerçəkləşdirdi, amma arzusunu doyunca yaşaya bilmədi.

Elxan 2018-ci ildən hərbidə xidmət edir. İkinci Qarabağ savaşı başladığı gündən ön cəbhədə vuruşub. Müharibə zamanı vaxt tapdıqca mənə zəng edib, hal-əhvalımı soruşardı. Bir dəfə zəng edib “ana, Cəbrayılı azad etdik, doğma torpaqlarımızdayıq” dedi. Onun əsas arzusu doğma torpaqları bir gün azad görmək idi. Elxan həm torpaqlarımızı azad etdi, həm də 27 illik həsrətimizə son qoydu.

Bir müddət keçdi, mən Elxandan xəbər ala bilmədim. Çox narahat idim, ona nə isə olduğunu hiss edirdim.

Noyabrın 6-da Şuşa döyüşündə oğlum başından ağır yaralanıb. Döyüşlər getdiyindən iki gün səngərdə qalıb. Səngərdən çıxarılandan sonra elə biliblər ki, Elxan şəhid olub. Ona görə də aparıb morqa qoyublar. Digər şəhidləri ora gətirəndə Elxanın xırıltı səsləri eşidilib. Dərhal Füzuli rayonunda yerləşən hospitala çatdırmaq üçün yola düşüblər. Amma oğlumu hospitala gətirən maşın yolda minaya düşüb.

Mənə danışmaq, onun yoxluğu ilə yaşamaq çox çətindir...”.

Şəhid anası qəhərləndiyindən sözlər boğazında düyünləndi, söhbətə davam edə bilmədi...


Son görüş – doğma Cəbrayıl...

Ona görə də Şəhidin Vətən müharibəsinə könüllü yollanmış böyük qardaşı Orxan Hüseynovla danışmaq məcburiyyətində qaldıq.
 
“Mən onunla fəxr edirəm. Elxan ən öndə gedən qəhrəman döyüşçülərimizin dəstəsində idi. Mən onunla heç zaman görmədiyimiz ata yurdumuz Cəbrayılda “Dostluq”  bulağı adlı yerdə görüşdüm. Bir gecə orda qaldıq, gedib kəndləri, evləri gəzdik. Bir sözü oldu mənə: “Qardaş, əmimin qisasını aldım”. Bu, bizim son görüşümüz idi.

Qardaşım komada olanda, anamın səsinə və mənim gəldiyimi biləndə reaksiya verdi. Onun yaşayacağına ümidimiz var idi. İki dəfə ağır əməliyyat keçirməsinə baxmayaraq, həyatını xilas etmək olmadı.

Onun döyüş yolu azad edilən bütün ərazilərimizdən keçib. Çünki onlar xüsusi təyinatlılar idilər. Onlar qəhrəmancasına döyüşərək torpaqlarımızı azad etdilər”. 


Son telefon zəngi...

“Son dəfə telefonla danışanda Elxangil Şuşada əlbəyaxa döyüşlərə gedirdilər. Qardaşım təkcə əlbəyaxa döyüşdə 40-dan çox erməni hərbçisini məhv edib. Son görüşümüzdə mənə “Orxan, çalışaq ikimizdən biri evə sağ-salamat qayıda bilək”-demişdi. Mən qayıtdım, amma o qayıda bilmədi...”.


Elxan Hüseynovun şəhidin sevdiyi qız vardı. Amma onlara qovuşmaq qismət olmadı...


Şuşaya qədər bütün döyüşlərdə iştirak edən Elxan Hüseynov göstərdiyi qəhrəmanlığa görə, Azərbaycan Prezidentinin sərəncamları ilə “Vətən uğrunda", “Şuşanın azad olunmasına görə", "Füzulinin  azad olunmasına  görə", "Cəbrayılın azad  olunmasına görə " və "Ağdamın  azad olunmasına görə"   medalları ilə təltif edilibr.


Yaşasaydı, bu gün 21 yaşı olardı...


Allah rəhmət etsin!


Fidan İlqarqızı

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü