Modern.az

İTBAŞI (19-cu bölüm)

İTBAŞI (19-cu bölüm)

14 Mart 2021, 10:40

Mahir Qabiloğlunun romanı 

("İTBAŞI"nın 1-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 2-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 3-cü bölümünün LİNKİ) 

("İTBAŞI"nın 4-cü bölümünün LİNKİ) 

 ("İTBAŞI"nın 5-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 6-cı bölümünün LİNKİ)

("İTBAŞI"nın 7-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 8-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 9-cu bölümünün LİNKİ)

("İTBAŞI"nın 10-cu bölümünün LİNKİ)

("İTBAŞI"nın 11-ci bölümünün LİNKİ) 
("İTBAŞI"nın 12-ci bölümünün LİNKİ)

 ("İTBAŞI"nın 13-cü bölümünün LİNKİ)

("İTBAŞI"nın 14-cü bölümünün LİNKİ) 

 ("İTBAŞI"nın 15-ci bölümünün LİNKİ) 

("İTBAŞI"nın 16-cı bölümünün LİNKİ) 

("İTBAŞI"nın 17-ci bölümünün LİNKİ)
("İTBAŞI"nın 18-ci bölümünün LİNKİ)


Zindan. Vergi vəziri Taxis huşsuz vəziyyətdə yerə sərələnib. Həmin gün Divanda növbə çəkən iki mühafiz və cəllad da qandallanıb zindana salınıblar. Baş vəzirə göndərilən bağlama ortada açıq vəziyyətdə qoyulub. Dürəng kətildə oturub onları acıqlı-acıqlı süzür.

– Bu iki qulağı və bir barmağı görürsüz də... Kimsə mənə ismarış göndərib ki, bəs ehtiyatlı ol. İndi mən həmin adama cavab verməliyəm. Onun bu lütfünə qarşı daha böyük lütfkarlıq göstərməliyəm, – baş vəzir Dürəng ayağa durub onların qarşısında var-gəl etməyə başlayır, – Onlar mənə iki qulaq göndəriblərsə, mən onlara üçünü ərməğan etməliyəm. Onlar mənə bir barmaq göndəriblərsə, mən onlara üçünü qaytarmalıyam. Amma tanımıram o Kabusu. Bəs onda hədiyyəmi necə çatdıra bilərəm ona? Çox fikirləşdim və tapdım. Bilirəm ki, üçünüzdən biriniz onun adamısız. Amma bilmirəm hansınızsız. Heç bunu araşdırmağa vaxtım da yoxdur. Ona görə üçünüzün də bir qulağını, bir barmağını kəsəcəyəm. Sonra qandallı-qandallı küçəyə buraxacağam. Barmağınızı da, qulağınızı da əlinizdə açıq vəziyyətdə tutacaqsınız. Yəqin o gözəgörünməz də sizi görüb mənim cavabımdan xali olacaq. Görəsən hansınızdır xəbərçi? – deyib baş vəzir qəməsini çıxartdı.

– Kəsirsən kəs. Amma mən xəbərçi deyiləm. Bu günlər ümumiyyətlə paytaxta çıxmamışam. Bütün günü sarayda olmuşam, – deyə cəllad acıqlı-acıqlı dilləndi.

– Mən saray ərazisində yaşayıram. Bu günlərdə heç yana çıxmamışam, – deyə mühafizlərdən biri səsləndi.

– Bəs sən? – deyə baş vəzir ikinci mühafizin qənşərində dayandı, – Sən də xəbərçi deyilsən? Bəs onda niyə rəngin qaçdı? Deyəsən axı sən nəsə danışmısan? Yəqin ki, dostlarının həyatına bais olmaq istəməzsən. Ağıllı oğlana oxşayırsan. De görüm, kimə demisən burda olanlar barədə?

– Mən heç kimin xəbərçisi deyiləm, baş vəzir həzrətləri. Sadəcə maraqlı hadisə kimi evdə atamla qardaşıma danışmışdım.

– Baş mühafiz! – deyə baş vəzir qışqırdı, – Çoxlu adam götür get bunun atasını və qardaşını döyə-döyə gətir saraya. Elə səs-küy yarat ki, bütün paytaxt tamaşasına yığışsın.

– Başüstə, baş vəzir həzrətləri!

Baş mühafiz gedir. Baş vəzir zindanbaşına cəlladın və digər mühafizin əl-ayağını açmağı əmr edir.

– Gedin! Digərlərinə də çatdırın bu gün burda yaşadığınız hisləri, gördüyünüz cəzanı. Qoy yaddan çıxartmasınlar ki, saraydadırlar. Ağızlarından qıfıl assınlar. Yoxsa sizi də, onları da bu dostunuzun aqibəti gözləyə bilər və ömür boyu adınız tayqulaq çağrılar, – deyib baş vəzir xəbərçi mühafizin bir qulağını kəsib ağzına soxdu. Ağrının təsirindən dişlərini qıcayan mühafiz qulağını dişləyərək iki yerə böldü. Yarısı yerə düşdü. Bağırmağa, qanı fışqırmağa başladı. Sonra ağrıdan huşunu itirib yerə sərələndi, – Mühafizlər, bunu atın küçəyə. Qoy qulağının qanı axa-axa qalsın.

Madərşah Karinenin otağı. Baş vəzir Dürəng hüzurunda dayanıb. Üzü gülür.

– Deməli, kələfin ucunu tapmısan. Əla, əla. İndi isə gözləyək. Kabus harda olsa üzə çıxacaq. Amma sən arxayınlaşma. Başqa adamlarını da axtar. Vergi vəziri çox bilir. Özünə gələn kimi başla işgəncələrini. Görək neçənci barmağı kəsiləndə dili açılacaq?

– Ömrünüz uzun olsun, madərşahım. Sizin sayənizdə bunların xəyanəti üzə çıxdı. Sonra da deyirlər ki, əyanlar, valilər camaatın qanını sorur. Amma belələrindən heç kim danışmır. Deyilənə görə çox qəddar adamdır Kabus və onun adamları. Yoxsa vergi vəziri çoxdan danışmışdı.

– Axtar, Dürəng, axtar Kabusu.

– Başüstə, madərşahım. Bir xüsusu da çatdırmaq istərdim.

– De!

– Camaat arasında söz-söhbət gəzir ki, bəs Madərşah Karine də Göyverən Şah kimi şahzadələr yetişdirməyə başlayıb. Tələsdiyindən hazır döyüşçü qulları xəzinənin puluna alıb, Kaminat qəsrində toplayır. Vahimə içindədirlər.

– Qoy nə deyirlər desinlər. Camaat çox şey deyə bilər. Hər şeyin düzünü mən bilirəm. Qorxularından Kabusun bir adamını da ələ vermək istəmirlər. Madərşahlarına kömək etmirlər. Üstəlik işimə də qarışırlar? Kim danışdısa vurun ağzından sussun. Şahlıqlarda vəziyyət necədir?

– Hər şey qaydasında gedir. Vergilər vaxtlı-vaxtında yığılır.

– Kabus görəsən oralara da sirayət edib?

– Mən bilən qədər yox. Amma şübhələnməyə başlamışam. Kabusu ələ keçirtsək hər şey aydın olacaq. Qüdrət Şah yenə nəsə qarışdırır. Casuslar da müxtəlif xəbərlər çatdırırlar.

– Nə xəbərlərdir ki, elə?

– Qonşu şahlıqlarda nə kitab var hamısını alıb gətirir paytaxtına.

– Niyə? Qızıl yığmaqdan bezdi, indi də keçib kitaba? Oranın kitabxanasına məndən başqa girən yox idi. Cibi doludur, indi qoca vaxtında başını doldurmağa qərar verib?

– Böyük kitabxana və mədrəsə tikdirir. Tanınmış alimləri yığır başına. Xüsusilə də yəhudiləri. Göyverən ibadətgahını da yenidən dindarlar üçün açıb. Kəndiri, qır tiyanlarını yığışdırıb ordan.

– Həə... bu artıq təhlükəli sayılır. Alimlər elə-belə düşməzdi yadına. Amma qoy eləsin. Xeyrimizədir.

– Düzünü siz bilirsiniz, madərşahım. Qüdrətə xas xüsusiyyət deyil. Yəqin öyrədəni var. Ona görə dedim ki, nəsə qarışdırır arxanızda. Madərşahım, Kaminat qəsrində baş verənlərdən narahatam. Qul bazarından döyüşçü qulları alıb aparırlar ora. Özü də ki, yoxlamadan.

– Narahat olma, Dürəng. Yoxlayırlar. Biniyamin lələ nəzarət edir hamısına.

– Düzünü siz bilirsiniz, madərşahım. Amma Biniyamin lələ onlara təlim keçə bilər. Başlarının içindəkindən isə xəbərsizdir. Bu yolla casuslar daxil ola bilər içimizə. Mən sizə görə narahatam.

– Mən heç kimdən qorxmuram. Qorxsaydım, Qüdrətin sağ əlini özümə baş vəzir təyin etməzdim!

– Çox üzr istəyirəm, madərşahım. Mən casus deyiləm.

– Bilirəm. Amma yoxlamadan səni irəli çəkdim. İnandım. İnsanlara inanmaq lazımdır. İrəliyə getmək lazımdır. Hər adamın timsalında bir casus görsək bu bizi inkişafdan saxlayar. Heç Qüdrət də önəmli deyil mənimçün. Nə edir etsin.

– Düzünü siz bilirsiniz, madərşahım.

Dürəng gedir. Madərşah otaqda təkdir. Gecə olanlar yadına düşür. Uçunur: budurmu həyat? Həyat yalnız bundan ibarətdirmi? Camaat arasına çıxmıram, kilsəyə getmirəm, toyda şənlənmirəm, kiminsə yasına gedib ailəsinin dərdini bölüşmürəm, kimsənin şikayətini dinləyib, yerindəcə kömək etmirəm. Yox, bunu yalan dedim. Bəs payladığım qızıllar nə idi? Kömək etmək deyildimi? Eh, onu da alıblar əllərindən. Bəs onda iki ildir nə işlə məşğulam? Bir daşı daş üstünə qoymuşammı? Bir iş tapşırmışam Məkrubəyə, onu da yarımçıq görüb. Yarımçıq yox, heç qızları axtarmağa da başlamayıb. Elə qullarla məşğuldur. Mənə də xoşdur deyə hələ xətrinə dəymirəm. Amma əsas yüz şahzadənin seçilməsidir. Sonra hələ bunları öyrətmək var. İstədiklərim baş tutacaqmı, yoxsa yarıda qalacaq? Bu tamam başqa söhbətdir. Bircə xəzinəni qaydaya sala bilmişəm. Qızıl axıb gəlməkdədir. Amma bayaq yalan dedim. Çox narahatam. Qüdrət dinc durmur. Nə qarışdırır bilinmir. Aslan da hələ ki, üzə çıxmayıb. Dürəng isə öz adamlarını yerləşdirir mənsəblərə. Heç adlarını da bilmirəm. Üzdən də tanımıram. Hər şeyə cavabdeh onu etmişəm. Mən isə axtarmıram heç kimi. Yetişdirməyə başlamaq istəyirəm. Toxumu isə tapıb torpağa basdırmamışam. Gərək bunu Məkrubəyə yox, Dürəngə tapşırardım. Həmən icrasına başlamışdı. Çünki mühafizləri var. Onlardan isə mənə yar olmaz deyə... Nəfsimlə taxt-tacın arasında qalmışam. Bu, pis əlamətdir. Aləmə yayılsa ümumiyyətlə biabır olacağam: “Madərşah qulla yatır”. Dürəng də dinc durmur. Hər dəlmə-deşiyi iylətdirir. Yox. İnanmıram Məkrubə ağzını Allah yoluna qoysun. Libasını da dəyişib. Qızları axtarmağa çıxanda heç kim bilməyəcək ki, oğlandır, ya qız? Necə yəni bilməyəcəklər? Qadın olmasa kim ona qızını yoxlamağa imkan verər? Yəqin razılığa gələndən sonra əsl sifətini göstərər. Dürəng də qəşəng kişidir. Pəhləvan cüssəsini görəndə özümü güclə ələ alıram. Nə onu salardım yatağıma? Lap kişilər kimi danışdım e... Danışaram da... Axı şaham. Bu təbiidir. Kişi şahın hərəmxanası olar, arvad şahın isə kişixanası. Heyf ki, xristianam. Yoxsa müsəlman şahların saray qanunlarını tətbiq edərdim. Qarşıma məqsəd qoymuşdum ki, müsəlman şahlıqları xristianlaşdırım, kilsələr tikdirim, adlarını dəyişdirim. Amma deyəsən özüm müsəlmanlaşıram. Saraydakı mənsəblərin adları da müsəlmanlardan qalandır, quruluş da. İllərlə təbəə olmaq belə şeydir də... Bircə dinimiz fərqlidir. Yox. Dediyimi edəcəyəm. Kişilərə də sevgimi boğa bilmərəm. İnsanam. Ona görə də məcburam gizli yola əl atmağa. Amma soyumaqdansa günü-gündən qızışıram. Artıq dəyişmək istəyirəm Atlantımı. Dəyiş də... Belə baxanda hamısı sənindir. Məkrubəyə bircə işarən bəs edər.

 

* * *

 

Hava qaralır. Qüdrət Şahın sarayı. Kabus şahın hüzurundadır.

– Ola bilməz, ey bizim ağsaqqalımız. Ömrümdə inanmaram.

– İnanmırsan? İstəyirsən yoxlayaq? Keç pərdənin arxasına. Cınqırını da çıxartma.

Bir az keçir. Qapı döyülür. Bir nəfər qara örpəkdə otağa girir. Qüdrət Şah ayağa durur.

– Yaxın gəl. Örpəyi götür. Otur taxtımda. Amma heç nə danışma. Otağa bir yaşlı qadın girəcək. Hirslə taxtından durub “satqının biri satqın” deyə bağırarsan ona. Başa düşdün?

– Bəli, şahım.

Qara örpəkli taxta oturur. Qüdrət Şah da əllərini sinəsində çarpazlayıb qarşısında dayanır. Qapı döyülür. Kaminat Şahın dul qadını Saden Şahbanu içəri girir. Taxtından durub ona baxan adamın tərs baxışlarına tuş gələndə özünü itirir. Qara örpəklinin nəsə deməsinə macal verməyib üzünü Qüdrət Şaha tutur.

– Qüdrət Şah, axı biz sənə pənah gətirmişdik. Sən isə bizi.., – deyib huşunu itirərək yerə sərələnir. Qüdrət Şah Saden Şahbanunu bir təhər özünə gətirir. O, yenidən həmin adamı görəndə dəli kimi qışqırır. Ayağa durub, otaqdan qaçır.

– Örpəyini sal! Sakitcə get otağına! – deyə Qütrət Şah əmr edir. O gedir. Qapı bağlanır, – Çıx, Kabus. İndi inandın?

– Desəydilər inanmazdım. O qadın da Saden Şahbanu idi. Tanıdım. Ana da ayırd edə bilmədi ki, öz qızı deyil. Bunu hardan tapmısız?

– O vaxt hərəm Karine hərəm Afranı guya ki, qısqanclıq zəminində öldürəndə şah onu zindana atıb, sonra da ölüm hökmü çıxarmışdı. Amma fərmanın icrası doğandan sonraya qalmışdı. Mən də vurnuxurdum ki, onu necə azad edim. Zindan Aslana tabeydi. Amma cəllad mənim adamım idi. Bu qızı təsadüfən qul bazarında görüb aldım. Sonralar əfv olunanda Karinenin özünə də dedim. Dedim “mәn ölmüşəm ki, sәni edam etsinlәr? Cәllad mәnim adamımdır. Öz həyatından arxayın ol. Sәnә edam hökmü oxusalar belә, qәtlgaha yerinә başqası gedәcәk. Birini tapıb evdә saxlayıram. Sanki әkizindir. Sәn mәnim sarayda әn yaxın, etibarlı adamımsan. Özünü lap validә kimi apara bilәrsәn”. O da elə bilmişdi ki, gəlişi gözəl söz deyirəm. Amma bilmirdi ki, həqiqətən belədir. Sonra isə ayrıca evdə saxladım. Həm də şahbanu dərsi keçdim buna. Bütün qayda-qanunları – danışıq tərzi, özünü necə aparmağı, at minməyi, qılınc oynatmağı öyrətdim. Mən evə girəndə buna təzim edirəm. Səbəbini bilmədiyindən hərdən özünü unudur – şahbanu kimi aparır. Dinmirəm. Çünki mənə təbii madərşah lazımdır. Adını da dəyişib Karine qoymuşam. Artıq öyrəşib bu ada. Atalarımız bax burda yaxşı deyiblər: “Saxla samanı, gələr zamanı”.

– İndi nə məsləhət edirsiniz?

– Demədin ki, kömək elə, vergi vəziri və sənin iki adamın dardadır, işgəncələrə məruz qalırlar? Onlar danışsalar işim fırıq olacaq? Verirəm onu birgünlük sənə. Karine sarayda olmayanda salırsan bunu gizli qapıdan otağa. Zindandakıları bunun əmriylə gətizdirirsən ora və Dürəngə xəbər çatanacan qaçırdırsan. Karine qıfılı dəyişməyib ki?

– Xeyr, ey bizim ağsaqqalımız. Kaminatın vaxtından qalan qıfıldır. Amma razılıq versəydiniz onu oğurlayıb, elə bu qızı qoyardıq yerinə. Bütün işlər də bitərdi. Gör ona nə qədər yaxşılığınız keçib, qaydına qalmısız, şahənşah etmisiz. Amma heç birini qanmayıb. Nanəcib çıxıb.

– Bəs deyirdin kabuslar siyasətə qarışmır?

– Sizə görə dedim, ey bizim ağsaqqalımız.

– Mənə lazım olsa deyərəm. Qızı da sağ-salamat qaytar bura. Bir müddət qeybə çəkil adamların qarışıq. Yalnız varlılara yan al. Onlar ölsələr də danışan deyillər. Sizin sayənizdə toxunulmazlıq qazanıblar. Sizin hesabınıza istədiklərini edirlər. Amma sən əminsənmi ki, Karine gecələr harasa gedib səhər qayıdır?

– Bəli, ey bizim ağsaqqalımız. Neçə gündür güdürəm qapını. İstəyirdim ki, aradan götürüm. Amma sizlə məsləhətləşməmiş cürət etmədim. Həm də aradan götürsəydim Dürəng yenə də zindandakılardan əl çəkməyəcəkdi. Camaata payladığı qızılın yerini bilmək onun üçün hər şeydən vacibdir. Onu oğluyla da qorxutdum xeyri olmadı. Ailəsi də, özü də madərşahdan yaxşı qorunur.

– Düz eləmisən. Karinenin anasının burda olmasını heç kim bilməməlidir. Məndən xəbərsiz də heç bir addım atma. Sənə nə lazımdır? Qızıl. O da axır gəlir. Yüz qoşuna dəyən kabuslar ordusunu qoru. Onların hamısına cavabdeh sənsən.

– Başüstə, ey bizim ağsaqqalımız. Ölənəcən borcluyuq sizə. Nə vaxt Karineni aradan götürmək lazımdırsa hazırıq.

– Kabus, o üç nəfəri qaçırandan sonra, səhərisi mühafizlər madərşahın üzünə “siz əmr verdiniz, biz də otağınıza gətirdik” deyəndə, səncə Karine nə günə düşəcək? Bircə bu səhnəni görmək yox, təsəvvür etmək mənimçün dünyaya dəyər. Atasını necə devirmişdinsə, sonra birlikdə necə bütə çevirmişdiksə, bunun da axırı o cür olmalıdır. Üstəlik Dürəng də elə başa düşəcək ki, madərşah Kabusdan qorxub bu addımı atıb. Arada inamsızlıq yaranacaq. Ha-ha-ha!

Qüdrət Şah qəşş edib özündən getdi. Sonra qızı otağına çağırıb Kabusa qoşdu. Onlar gizli qapıdan çıxıb, gecənin qaranlığında gözdən itdilər.

 

* * *

 

İki gün keçib. Qüdrət Şah eyvandan paytaxtı seyr edir. Üzü gülür. Kabus sağ-salamat qayıdıb. Hər şey onun düşündüyü kimi də olub: görəsən Karine indi nə edir? Dürəng nə fikirləşir? Şair Abumahir burda gözəl deyib:

 

“Milçәk bir şey deyil” deyә öyrәnib adamın dili,

Milçәk girib qulağına öldürür dağ boyda fili.

 

Yox. Bu, milçək olmadı. Karinenin qulağına girən əsl eşşək arısıdır. Nə qədər baş sındırsalar da xeyri yoxdur. Tapa bilməyəcəklər gerçəyi. Vızıltı isə heç vaxt kəsilməyəcək. Rahat buraxmayacaq onları. Kabus onların başının üstündə həmişəlik dolaşacaq. Yerin dibində olan zindandan bu vaxtadək heç kim qaça bilməyib. Bu xəbər yayılandan sonra madərşahlıq bir-birinə dəyəcək. Kabusun hörməti və zəhmi isə birə-beş artacaq. Hələ bu harasıdır, Karine? Sən saydığını say, gör Qüdrət nə sayır.

 

* * *

 

– Bunlarda cürətə bax! – deyə Madərşah Karine qeyzlə taxtından durdu, – Qırmızı-qırmızı üzümə durublar ki, siz əmr etdiniz, biz də gətirdik otağınıza. Mənim adımdan istifadə edib gecənin xəlvətində zindandan qaçırıblar, indi də cəzadan yayınmaq üçün madərşahlarına böhtan atırlar. Cəllad, bunların beşinin də boynunu vur. Elə zindanda.

Cəllad mühafizləri qabağına salıb aparır. Madərşahla Dürəng otaqda tək qalır.

– Madərşahım, üzr istəyirəm cəsarətimə görə. Fikirləşirəm ki, kömək edəndən sonra, mühafizlər özləri də nə əcəb onlarla qaçmayıblar? Axı uşaq deyillər. Belə şeyə gedənlər cəzalarının ağır olacağını əvvəlcədən göz önünə alırlar.

– Nə? – deyə Karine qışqırdı, – Sən mənim düzlüyümə şəkk gətirirsən? Mən bütün gecəni yatağımda olmuşam. Məndən yaxşı biləcəksən gerçəyi? Yəni mən qəməri, ya ruhi xəstə-zadam ki, hərəkətlərimə cavabdeh olmayım? Sədaqətinə inanmasaydım, vallahi səni də onların yanına göndərərdim.

Madərşah Karine taxtına əyləşir. Əliylə Dürəngə get işarəsi verir. Fikrə gedir: yaxşı, tutaq ki, deyilənlər düzdür. Bəs onda otağıma hardan giriblər? Gizli qapıdanmı? Yox. Oranı heç Qaflan da tanımırdı. Bircə atam idi tanıyan. Bəlkə kəndir atıb, eyvana qalxıblar? Aşağıda dayanan o qədər mühafizin gözü qabağında necə ediblər bunu? Lap etsələr də… Qapıda dayanan mühafizlər mənimlə başqasını necə səhv sala bilərlər? Yəni mənim ekiz tayım var? Yəqin kimdirsə paltarımı geyinib, tacımı qoyub. Mühafizlər də heç vaxt başlarını qaldırıb üzümə baxmırlar. Taxtla qapı arasında isə məsafə böyük. Bunları başa düşdüm. Bəs səsimi necə oxşadıblar? Səs bir yana, axı kim cürət edib otağıma girib? Cürət də bir yana. Axı necə?

Karine eyvana çıxır. Yuxarı baxır, aşağı boylanır. Yenidən fikrə gedir: bəlkə buranı dəmir barmaqlıqla bağlatdırım? Yox. Onda Dürəng biləcək ki, gecə otağımda olmamışam. Kiminsə eyvandan girməyindən şübhələnirəm. Bəlkə gizli qapı? Yox. Mümkün deyil. Niyə ki? Ola bilsin izlətdiriblər məni. Dəyişimmi qıfılı? Yox, yaxşısı budur hördürüm. Kimə hördürüm? Bilsələr ki, gizli qapıdır, aləmə car çəkəcəklər. Tikiləni isə sökmək asandır. Hörənləri özüm qətlə yetirərəm işlərini bitirəndən sonra. Bəs onda otağıma necə qayıdaram? Gərək dövrə vurum qala divarlarını. Özü də günün-günorta çağı. Yox, yaxşısı budur qıfılı dəyişim. Tələlər qurdurum eyvanda. Onlardan həm də qapının həndəvərinə düzüm. Yox. Bundan da Dürəng xəbər tutacaq. Bəs gecə macəralarım necə olsun? İndi-indi həyata qayıdırdım. Yarıyolda qalım? Lap heç yana getməyim. Həqiqətən də bu otağa kimsə girərək mənim adımdan əmr veribsə, onda həmin adam yenə qayıda bilər. Həmin adamın isə Kabus olduğunu zənn etsək… Nə edim? Göyverən Şah kimi gecə-gündüz otağımda mühafizlər saxlayım? Onlar da nə dediyimi eşitsinlər, görməli olmadıqlarını görsünlər? Qadın mühafizlər tapmaq lazımdır. Yox, qadın mühafizi neyləyirəm? Ondansa hazır döyüşçü qullar var da… Qoy bir az hazırlaşsınlar. Sonra bir qismini gətirərəm saraya. Bütün mühafizləri onlarla dəyişərəm. Yoxsa Dürəngin ayağı çox yer alacaq. Dayan, dayan. Bəlkə elə Dürəng..? Heç səhərdən bunu düşünmürəm. Bəlkə elə Kabus buna çıxıb? Razılaşma əldə ediblər. O da zindandakıları qaçırdıb. Əvəzində də xalqa xərclədiyi qızılları kom geri qaytarıb. Mənimçün də bu oyunu qurub ki, həm öz əməlini ört-basdır eləsin, həm də məni daim qorxu içində saxlasın. Hətta yatağımda da… Ara yerdə beş kaminatlı mühafizi də qurban verdi. Onların yerinə isə özünküləri qoyacaq. Bax bu, ağlabatan məsələdir. Dürəng artıq məni təkləmək istəyir. Hər gün də Qüdrətdən bir xəbər gətirir ki, qorxu içində saxlasın məni. Axı mənim anam, qardaşlarım niyə ona pənah aparmalıdırlar ki? Yaxud da kitabxana açıb. Belə gözüm aydın açıb.

Bu dəm qapı döyülür. Baş vəzir Dürəng içəri daxil olur.

– Nə oldu, Dürəng? Tapdın qaçanları və qaçıranları?

– Xeyr, madərşahım. Axtarırlar.

– Bəs belə həyəcanla otağa daxil olmağının səbəbi nədir?

– Madərşahım, paytaxt bazarında qələbəlikdir.

– Bazarda qələbəlik olar da... Burda qeyri-adi nə var ki?

– Hardan xəbər tutublar bilmirəm. Qul döyüşçü satanlar hər yerdən axışırlar paytaxta. Bir balacaboy, oğlan paltarı geyinən ibnəyəbənzər məxluq da onların ən yaxşılarını seçərək, deyilən qiymətə alıb arabalara doldurur, Kaminat kəndi istiqamətində daşıyır. Bilmirəm kimdir. Ona görə sizinlə məsləhətləşməyə gəldim. Onu tutub sorğu-sual edimmi? Təhlükəlidir hər yoldan keçəni Kaminat qəsrinə aparmaq.

– Nə? – deyə madərşah qeyzlənib taxtından durdu, – Tutduqlarının dilini aça bilmirsən. Adam kimi zindanda da saxlamağı bacarmırsan. Qaçırdıbsan, qaçıblar – onu da bilmirəm. Günahkar da məni çıxarırsan. Bu azmış, bilə-bilə ki, Kaminat kəndindəki işlər mənim əmrimlə görülür və səni bununla bağlı dəfələrlə xəbərdar etməyimə baxmayaraq yenə də başını burnun girməyən yerə soxursan? Sənin nazınla deyəsən çox oynayıram. Baş vəzirsən. Bunu başa düşürəm. Burnunu hər yerə soxmalısan. Amma sənə sonuncu dəfə deyirəm. Kaminat kəndini unut! Kabusu tap! Tapmasan...

Dürəngin rəngi ağardı. Başını aşağı salıb dinmədi.

– Başqa nə sözün var?

– Bir xüsus da var idi. Onu demək istəmirəm. Desəm yenə qızacaqsınız mənə. Xeyirxahınız olub o vaxt. Allahım verib ki, onu tutub zindana salmaq əmri verməmişəm. Çox şübhəli aparırmış özünü. Tez mənə xəbər çatdırdılar. Onu tanıdım. Dedim ki, nəzarətə götürün.

– Kimi deyirsən? Kimdir ki, o xeyirxah?

– Keçmiş baş mühafiz Aslan. Paytaxt meydanında görüblər onu. Tapşırıq verdim ki, hər ehtimala izləsinlər. O da paytaxtı gəzib-dolanıb. Sonra gözdən itiriblər onu.

Aslanın adını eşidən Karinenin rəngi qaçdı, ayaqları əsdi. Taxtına oturdu. Əliylə Dürəngə get işarəsi verdi.

 

* * *

 

Qüdrət Şahın sarayı. Kabus hüzurundadır.

– Necəsən, Kabus?

– Yaxşıyam, ey bizim ağsaqqalımız. Ömrünüz uzun olsun. Elbrus elində, digər məmləkətdə olan dostlarımın da salamları var sizə. Hazırdırlar qulluğunuzda.

– Birdən Karinenin oxşarının olduğunu onlara deyərsən ha?

– Xeyr, ey bizim ağsaqqalımız. Sadəcə, etdiyiniz köməkliyi, mümkün olmayan şeyin öhdəsindən gəlib, dostlarımızı zindandan qurtarmağınızı ərz etmişəm. Hələ nüfuzumuzun artmasını demirəm.

– Karine nə edir?

– Əvvəla biabır olub xalq arasında. Zarafat deyil. Zindandan üç adamı birdən qaçırdıblar. İkincisi, gizli qapının qıfılını dəyişib. Qıfılı dəyişməklə deyil ha... Bütün qapıların açarı var məndə.

– Əla! Əla! Göyverən Şah sağ olsaydı deyərdi ki, əla-ül-əla! Sonra?

– Gecə səyahətlərini dayandırıb. Heç yana çıxmır daha.

– Deməli, qorxur. Bu ki, gözəl xəbər oldu. Sonra?

– Adamları döyüşçü qulları bazardan alıb Kaminat qalasına daşımaqla məşğuldur.

– Bu lap gözəl xəbər oldu. Sonra?

– Dürəng isə məni və zindandan qaçanları axtarır. Biz də çəkilmişik qeybə – siz əmr edənkimi. Yalnız varlıları əmirik. Onlar da camaatı. Kasıblar başlı-başına qalıb. Xəbərimiz yoxdur.

– Eybi yox. Bir müddət görsənməyin. Qoy əzilsinlər, ac qalsınlar. Sizin qədrinizi bilsinlər.

– Ey bizim ağsaqqalımız, indi nə edək?

– Heç nə. Qoy bir az çaşqınlıq içində qalsınlar – Karine də, Dürəng də... Şübhələnsinlər özləri-özlərindən, içlərində didib-parçalasınlar bir-birilərini. Bu öz yerində. Mümkün olsa Elbrus elində bir yaxşı xəbər yaysınlar dostların. Tərifləsinlər mənim şahlığımı. Desinlər ki, şərqdə ən böyük kitabxana və mədrəsə tikdirir Qüdrət Şah. Ən qədim, qiymətli kitabları, alimləri toplayır ora. Eyni zamanda üç səmavi dini birləşdirən ibadətgah da fəaliyyət göstərir Yolaverənlər şahlığında. Bu ricama yəqin ki, etiraz etməzlər.

– Rica nədir, ey bizim ağsaqqalımız? Siz əmr eləyin. Kömək öz yerində, yəqin bu işləriniz üçün ianə də edərlər, kitab da toplayıb bağışlayarlar. Başqa bir əmriniz?

– İanəyə ehtiyac yoxdur, kitab olar.

– Başüstə, ey bizim ağsaqqalımız.

– Get, Kabus. Ehtiyatlı ol.

– Ey bizim ağsaqqalımız, lap yadımdan çıxmışdı. Saden Şahbanu sonra gerçəyi bildimi?

– Yox, Kabus. Yazıq arvad qorxusundan dəli oldu. Elə bilib ki, onu təhvil verəcəyəm qızına. Qəhqəhə qalasındadır indi.

– Qəhqəhə qalası? Qəribə adı var.

– Əslində zindandır. Ora düşən ağıllı adam olsa belə, bir müddətdən sonra işgəncələrdən, təklikdən ağlı uçur. Başlayır qəhqəhə çəkib gülməyə. Ona görə camaat adını Qəhqəhə qalası çağırır. Get, Kabus. Nə sözün olsa, gizli qapım açıqdır üzünə.

– Qüdrət Şahdan savayı bu gizli qapının yolunu tanımaq yalnız mənə qismət olduğu üçün şərəf duyuram.

– Üçüncü adam da var, Kabus. O da gəlsəydi tam rahat olardım.

– Kimdir o? Tanıyıram?

– Vaxtı çatanda tanıyarsan inşallah. Kabus, səndən bir söz soruşum. Bəs mən sənin üzünü nə vaxt görəcəyəm? Həmişə qara niqabdasan. Ağzın bağlı olduğundan səsini güclə eşidirəm. Başın da həmişə aşağıdır. Sanki gözlərini də gizlədirsən.

– Ey bizim ağsaqqalımız, mən anadangəlmə yetiməm. Ehtiyacdan gəlib bu dairəyə düşmüşəm. Üzümü isə yalnız ailəm görür. O da gecələr. Kabus kimi yox. Kabusluğumu bilmirlər. Əsl adımı da heç kim bilmir. Tacir olduğumu zənn edirlər. Məni bircə nəfər tanısa ailəmi girov götürərlər, ya da qılıncdan keçirərlər. Bizlərə yasaqdır evlənmək. Mən də evlənməmişəm. Evlənsəydim özümüzkülər öldürərdi məni. Bir qadına vurulmuşdum. Dünya gözəliydi. O da məni sevirdi. Gizlicə görüşürdük. Elə oldu ki, o mənim ilk və son məhəbbətimə çevrildi. Nigaha girmədən iki övladımız oldu. Necə deyərlər iki vələduzna – biclər dünyaya gəldi. Nə onu ata bildim, nə də evlənə. O da kişi qızı idi. Heç bir tənədən qorxmadı. Ətrafı adını “gəzəyən” qoysa da... Həmin adamları bir kabus kimi susdurdum. Bunu ona görə sizə açıb dedim ki, mənim başıma bir iş gəlsə ailəmi hifz edəsiniz. Özləri gəlib tapacaqlar sizi. Bir övrətim var, iki qızım. Qızlarım dünya gözəlidirlər. Savadlıdırlar. On beş-on altı yaşları var. Ağıllıdırlar özüm kimi. Yüz oğlana dəyərlər. Sizin şahlıqla ticari əlaqələrimin olduğunu demişəm onlara. Ölsəm qoy elə də bilsinlər. Kabus olduğumu deməyin. Bunu vəsiyyətim kimi qəbul edin.

– Bəs adları nədir?

– Qüsura baxmayın, ey bizim ağsaqqalımız. İndidən deyə bilmərəm. Birdən mənə bir şey olsa özləri yaxınlaşıb “Tacirin ailəsiyik. Vəsiyyət etmişdi ki, sizi tapaq” deyəcəklər.

– Pis şeyi ürəyinə yaxın buraxma. Ölən ölməsin. Qalanı düzələn şeydir. Nə bilirsən, bəlkə mən səndən tez öldüm?

– Vəsiyyət edib yüngülləşdim.

– Amma “kabus” gözəl səslənir.

– Əsl adımın da Kabus olduğunu yalnız siz bilirsiniz.

– Kabus – həm qorxulu, həm gizli, həm də cəlbedici. Yoxsa ki, “lotu”, yaxud da “oğru” çağırırlar biz tərəfdə sizləri. Hamısını uzaqlaşdırdım baş vəzir olandan sonra. Ağıllı şahın məmləkətində lotu bir dənə olmalıdır. O da ki, şah.

– Bəs mən?

– Səninlə dostuq.

– Gecəniz xeyrə qalsın, ey bizim ağsaqqalımız.

– Xeyrə qarşı, Kabus.

Kabus gedir. Qüdrət Şah eyvana çıxır: yaxşı ki, Kabus var. Heç olmasa ondan xəbər tuturam çox şeyi. Qalıb İtbaşıyla görüşüb onu hər şeydən xali etmək. Çünki şahzadə Göyverənlər peyda olandan sonra İtbaşı hərəkətə keçdi. İndi də Karine onlardan yaratmağa başlayıb. Amma özüm gedə bilmərəm. Kimi göndərim bəs? Yaxşı ki, Dürəngə tanıtdırmadım qocanın yerini. Bəlkə Hətəmi göndərim? Yox. İtlər hücuma keçsə, at şahə qalxsa kəllə-mayallaq gələcək yerə. Mən mənliyimlə itlərin qorxusundan yəhəri islatmışdım. Hətəmə əvvəldən desəm ki, orda it var, ömründə getməz. Bəlkə Aslana söz atım? Necə? Mədrəsəni bağlatdırım və gedib ona şikayət etsinlər. Yox. Mədrəsəni hədiyyə edib təbiblərə. Ona aidiyyatı yoxdur. Yaxşısı budur çapar göndərim. Məktubsuz-zadsız. Gedib desin ki, bəs Qüdrət Şah görüşmək istəyir. Görüm nə deyir İtbaşı, çaparımı necə qarşılayır?

– Mühafiz, çaparı yanıma çağırın!

 

* * *

 

Madərşahlıq. Karine otağında təkdir: bu nə sirri-xudadır? Doğrudanmı belə hadisə baş verib? Kabusun zindandakı adamlarını mənim otağıma gətizdiriblər və ordan da qaçırdıblar? Uçan xalçaylamı? Bəlkə gizli qapıdan? Kim bilir o yolu məndən başqa? Bircə Məkrubə. Yəni o da xəyanətkardır? Yox, həmin gecə mənim yanımda olub. Amma nə dəxli? Əvvəlcədən göstərə bilərdi o adama qapının yerini. “O adam” kimdir axı? Kabus? Bəlkə Qüdrət? Yenə Qüdrət? Əl çəkmirəm də bu Qüdrətdən. Onun nəyinə lazımdır ki, Kabusun adamlarını zindandan qaçırtsın. Oturub sarayında. Kənara da çıxmır. Casuslarım hər addımını izləyir. Yox. Yəqin ki, Dürəng. Bəlkə Aris? Necə olsa Taxisin qardaşıdır. Nahaq edam etdirdim mühafizləri. İndi işgəncə verə-verə həqiqəti öyrənərdim onlardan. Bəlkə dedikləri elə həqiqətdir? Özünü dolamısan, Karine? Bəlkə onların sözünə inandırmaq istəyirsən özünü? Yəni o üç nəfəri sən qaçırtmısan zindandan? Əlbəttə ki, yox. Bu nə suallardır e beynimi qazır? Şübhəmə son qoymaq üçün hördürəcəyəm qapını. Eyvana isə barmaqlıq vurduracağam. Bəs onda Kaminat qəsrinə gecə səyahətlərim necə olsun? Necə yəni necə olsun? Heç olmasın. Mən niyə ora getməliyəm ki? Sarayın bütün mühafizəsini tapşıraram onlara. Lələ məsləhət gördüyünü isə qoyaram başçı. Mühafiz nə edir axı? Heç nə. Deyirlər filankəsi burax, buraxır. Deyirlər buraxma – buraxmır. Pis niyyətlə gələni isə öldürür, ya da atır zindana. Vəssalam. Sarayı qorumağa nə var ki? Mənim qul döyüşçülərimin zahirini görsələr çətin ki, pis niyyətlilər qorxularından yaxın gələ. Yox. Kaminat qalasına gedəndə qullar mənim kim olduğumu bilmirlər. Elə düşünürlər ki, hamamda kisəçiyəm. Burda isə biləcəklər ki, madərşaham. Onda necə olar aqibətim? Hərəmxana boşdur. Orda hamam da var, yataq da. Ovumu orda gizlədərəm. Bezəndə Məkrubəyə təhvil verib dəyişərəm. Lələylə Məkrubə də öz işləriylə məşğul olarlar. Qızlar tam hazır olanda, gedib baxaram. Amma hələ ki, Kaminat qalasının mühafizəsi tam hazır deyil. Məkrubə qul alır hələ. Qoy hazır olsun hər şey. Sonra... Hələlik dözərəm. Məkrubə də gəlsin, onu xəbərdar edim. Bundan sonra paltarını yolda dəyişib, təbib kimi saraya girər. Gizli çıxışın qapısını daşla hördürməyi də ona tapşıraram. Qul döyüşçülərdən bunu bacaran tapılar yəqin. Özü də həm qapının o tərəfindən, həm də bu tərəfindən hördürəcəyəm gizli yolu. Qorxu nə pis şeymiş, ilahi? Kimdən qorxduğunu bilməyəndə bu, ikiqat qorxuludur. Görəsən Dürəng nə edir? Yavaş-yavaş o da qətlgaha yaxınlaşır. İndi dinmirəm. Kimə deyim ki, bunu salsın zindana, boynunu da vursun? Bütün saray onun adamıdır. Aris də hələ özünə gələ bilmir. Kəsilmiş qulaqdan qorxub. Baş vəzir olmuş adam da qandan qorxar? Vaxtında rədd elədim onu. Mənə heç belə vəkil də lazım deyil. Qoy özümə layiq yüz şahzadə yetişdirim, bax onda danışacağam düşmənlərimlə. Bir-bir dənləyəcəyəm hamısını. Lap özümü unutmuşam bu gün. “Dənləmək” nədir? Axı mən qartalam. “Didib-parçalayacağam” deməliydim.

– Mühafiz! Baş vəzir Dürəngi bura çağır!

Bir az keçir. Baş vəzir Dürəng hövlnak özünü otağa salır.

– Madərşahım, əmrinizə müntəzirəm.

– Əvvəlki əmri yerinə yetirmisən ki, hələ bir başqa əmr də gözləyirsən? Kabusu tapdın? Qaçanları tapdın?

– Xeyr, madərşahım. Axtarırlar.

– Pis axtarırsan, Dürəng. Bəlkə yenə də məndən şübhələnirsən?

– Cürətim çatmaz, madərşahım. Hər şeyin düzünü siz bilirsiniz.

– Amma vaxt keçdikcə – Kabus, qaçırılanlar tapılmadıqca mən daha çox səndən şübhələnməyə başlamışam. Fikirləşirəm ki, Kabusla danışığa gedib, qızıllarını geri almısan. Ona da bir müddət qeybə çəkilməsini məsləhət bilmisən. Düz deyirəmmi?

– Hər şeyin düzünü madərşah bilir. Amma dediyiniz xəyanət sayılır. Mən madərşahıma xəyanət etmərəm. Mənimçün qızıl əsas deyil. Ona görə də nə yolla olursa-olsun madərşahıma sədaqətimi bir daha sübut edəcəyəm. Tapacağam Kabusu.

– Bəlkə oğlunu oğurlayıblar? Qorxursan mənə deməyə? De. Başa düşərəm. Axı mən hamının anasıyam. O cümlədən sənin oğlunun da... İstəmərəm başından bir tük də əskik olsun.

– Xeyr, madərşahım. Ailəm əmin-aman yerdədir.

– Amma mən əmin-amanlıqda deyiləm. Sarayımın içinə girib zindandan məhbus oğurlayanlar, sabah mənim otağıma da girərlər. Yoxsa öz ailənin həyatını madərşahının həyatından üstün tutursan?

– Allah eləməsin, madərşahım. Siz olmasaydınız, mən kimiydim ki? Qurban olsun bütün nəslim sizə. Axtarıram. Gecəm-gündüzüm yoxdur.

– Axtar, axtar. Amma yaddan çıxartma ki, mənim də səbrim sonsuz deyil. İndisə get.

 

* * *

 

Qüdrət Şahın otağı. Kabus hüzurundadır.

– Necəsən, Kabus?

– Yaxşıyam sayənizdə, ey bizim ağsaqqalımız.

– Gəlinimiz necədir?

– Yaxşıdır. Gizli qapını o üz-bu üz hördürüb. İşlərə başçılıq edən isə balacaboy, oğlan paltarı geyinmiş bir nəfərdir.

– Başa düşmədim. Necə yəni oğlan paltarı geyinmiş? Belə çıxır ki, qızdır?

– Qəribə papağı var. Qarğanın başına bənzəyir. Bircə üzü görsənir. Səsi cüy-cüydür. Yaxına gedə bilmirəm ki, ayırd edim – qızdır, ya oğlan? Daha çox ibnəyə oxşayır. Hörənlərlə əzilə-büzülə danışırdı.

– Ayırd elə kimliyini.

– Ora atsız gedirəm – kolların, ağacların arxasında gizlənə-gizlənə. O isə atına minib, gözdən itir. İzləyə bilmirəm. İzlədə də bilmirəm. Gizli qapını yalnız mən tanımalıyam.

– Artıq qapanıb o qapı.

– Ey bizim ağsaqqalımız, lazım olanda bir təpiyim bəsdir ki, divar uçsun. Hörənlər naşı idilər. Palçığa heç yumurta da qatmadılar.

– İbnəyə tapşırılan iş necə olmalıydı ki?

– Ey bizim ağsaqqalımız, mənə əmriniz.

– Qoy bir müddət başları üstündə dolaşan kabusu axtarsınlar. Ara sakitləşəndə başqa bir kabus yaşadacağam Karineyə.

– Əmrinizə həmişə müntəzirəm, ey bizim ağsaqqalımız.

 

 * * *

 

Ertəsi gün. Səhər. Çapar Qüdrət Şahın hüzurundadır.

– Şahım, əmr etdiyiniz kimi getdim ora. Amma nə qurdbasan itlər vardı, nə də qoca səfil.

– Yanılmamısan ki?

– Xeyr. Xaraba bir yer idi. Üç dəfə dövrə vurdum başına. Hayladım. Amma heç kim səsə çıxmadı. Bir az gözlədim ki, kimsə gələr. Gələn olmadı. Ordan keçən karvanlardan soruşdum. Dedilər ki, çoxdandır görmürük İtbaşını. Day bilmədim qocanın adıdır, yoxsa ləqəbi. Qəribə addır – İtbaşı. İlk dəfədir belə ad eşidirəm. Sonra da qayıtdım geri.

– Qəribədir. Yaxşı, get. Bu barədə heç kimə demə. Yoxsa...

Çapar əliylə ağzını qapadır. Təzim edib otaqdan çıxır. Qüdrət Şah fikrə gedir: bəs görəsən hardadır İtbaşı? Bəlkə yerini dəyişib? Ya da Aslanla harasa səfərə çıxıb. Nə çox yolunu azan şahlıq? Yaxşı, bunlar gediblər. Bəs itlər hanı? Axı İtbaşı bir yana çıxanda itləri heç vaxt özüylə götürmürdü. Ola bilsin heç Aslan da onun yanında deyil. Hansısa şahın sarayına casus kimi girib. Müəmma qaldı mənə. Bir müddətdən sonra yenə çapar göndərərəm.

 

* * *

 

Divan. Baş vəzir Dürəng taxtında oturub. Pəjmürdədir: baş vəzir deyiləm. Sanki xəfiyyəyəm. Madərşahlığın bütün işləri tökülüb qalıb, mən isə Kabus axtarmaqla məşğulam. Bəlkə də yoxdur belə bir adam. İndi hansısa kəndçi çaşıb deyib. Madərşah da inanıb. Amma yox. Kabusdur, nədir bilmirəm. Amma zindandan üç nəfərin qaçırılması gerçəkdir, ciddi məsələdir. Bu öz yerində. Vergi vəziri heç vaxt özbaşına kaminatlılardan pul yığmazdı. Burda nəsə başqa məsələ var. Sadəcə, madərşah adını kabus qoyub. Bu işlərdə isə məndən şübhələnir. Mühafizlər üzünə duranda ki, bəs siz əmr etmisiniz... lap cin atına mindi. Saray qapısında dayananlar deyirlər ki, madərşah gecə heç yana getməyib. Yaxşı, getməyibsə, onda məhkumları kim otağına çağırıb? Bəlkə qorxudublar onu? Xəncəri dirəyiblər ki, çağır. O da qorxub. İndi özünü sındırmır. Hə. Qorxuzublar. Özü də ki, eyvandan giriblər. Elə olmasaydı barmaqlığa salmazdı eyvanı. Ara yerdə beş mühafiz heç nədən getdi. Bəs eyvana necə dırmaşıblar? Bu qədər mühafizin gözünün qabağında mümkün deyil. Ağzında kabus deyirsən. Yəni ki, ruh, qarabasma, dəhşət. Bəlkə mühafizlər də onların adamlarıdır? Göz yumublar. Bəlkə madərşahı qara basır? Gözünə cin-şəyatin görsənir? Sən özünü düşün. Ya həqiqi, ya da ki, yalançı Kabus onu qorxudub və istədiyinə nail olub. Bəlaya isə sən düşmüsən. Tapmasan səni edam edəcək. Əgər cəld tərpənib başqası tapsa, onda da lazımsız bir şeyə çevriləcəksən. Lap başımı itirmişəm. Necə qorxulu şeydirsə bu Kabus, heç kim danışmır. Kabus adını eşidən kimi hamısı başını tutub qaçır. İndi nə edim? Gül kimi oturmuşdum da Karzat şahlığında. Qüdrət Şahın ikinci vəziri olsam da, dörd şahlığın hökmdarı sayılırdım. İndi başa düşürəm ki, Qüdrət baş vəzir olanda nələr çəkib. Göyverən Şah yenə yaxşı idi. Bilirdin ki, qızıl istəyir. Madərşah Karine nə istəyir? Bilmirəm. Məncə, nə istədiyini heç özü də bilmir. Qüdrətin də yaxşılıqlarını itirmək istəmirəm. Ona görə görüşmək istəyini rədd etdim. Üz-üzə gəlməyə utandım. Həm də Qüdrəti bacardığım qədər qoruyuram. Lələnin onu öldürməyə getdiyini yaxşı ki, vaxtında bilib adamlarımdan xəbər göndərdim. Qalaya girən kimi həbs etdilər. Əlbəttə ki, bunu Qüdrət Şah bilmir. Elə düşünür ki, öz mühafizləri hamıdan ayıq-sayıqdır, baş mühafiz də Aslandır. Bilməsə yaxşıdır. Yoxsa ürəyimdəki rəğbəti bilsə fitnə-fəsadlarını mənim vasitəmlə həyata keçirmək istəyəcək. Axı madərşahlığın ikinci şəxsi sayılıram. Madərşaha bir köynək yaxınam. Qüdrətin isə Kaminat şahlığında bir adamı da qalmayıb. Hamısını dənləmişəm. Bütə çevrilib oturub yerində sakit. Nə vaxt əcəliylə ölər ölər. Qoy kitabxana açsın, başını qatsın özüyçün. O biri şahlıqlardakı adamlarına mənsəb verib qudurtmuşam. Qüdrət-müdrət tanımırlar. Mənə baş əyirlər. Bunları etmisən, Dürəng. Bu, keçmiş zamandır. Hazırda yavaş-yavaş qətlgaha yaxınlaşırsan. Madərşahın Kabusdan başqa dərdi yoxdur. Bütün günü də saraydadır. Heç yana getmir. Axı adamı gündə neçə dəfə çağırıb deyərlər ki, Kabus hanı? Hər dəfə ora gedib sağ çıxanda Allahıma şükür edirəm. Yox, belə getsə ürəyimi partladacaq. Qaçım bəlkə? Hara? Kim mənə sığınacaq verər ki? Qaçsam bu o deməkdir ki, məhkumları zindandan mən qaçırtmışam. Madərşahın qorxusundan bir adam da gizlətməz məni. Kabus isə zirehsiz görüb yerindəcə məhv edər. Yaxşısı budur sakit oturum yerimdə. Mühafizlər, cəllad öz adamlarımdır. Görsəm ki, qətlimə fərman verir, taxtını başına çevirərəm. Mən dəlinin, cinninin qurbanı olmaq istəmirəm. Çünki günahım yoxdur.

 

* * *

 

Gecədir. Qüdrət Şahın otağı. Kabus hüzurundadır.

– Nə olub, Kabus? Təzəcə getmişdin ki...

– Kömək edin, ey bizim ağsaqqalımız. Lap başımı itirmişəm. Bilmirəm nə edim? İllərdir çox zülmlər etmişəm. Amma bu cürünün öz başıma gələcəyini heç ağlıma da gətirməzdim, – deyə Kabus hönkürtüylə ağlamağa başladı.

– Özünü ələ al, Kabus. Danış görüm nə olub?

– Vallah deyiləsi dərd deyil. O gün burdan qayıtmışam evə. Görürəm ki, arvad ağlayır. Soruşuram ki, niyə ağlayırsan? Deyir ki, pəhləvan cüssəli mühafizlər gəlmişdilər məhləyə. Başçıları bəstəboyun biriydi. O içəri girdi. Papağını çıxaranda məlum oldu ki, qadındır. Başladı qızları diqqətlə süzməyə. Sonra yaşlarını soruşdu. Bir-iki sual verdi. Dedi ki, təbibəm. Qızlar arasında qorxulu xəstəlik yayılıb. O biri otaqda hər ikisini ayrı-ayrılıqda müayinə etdi. Sonra isə... – Kabus yenidən ağlamağa başladı.

– Ay Kabus, kişisən. Bəsdir ağladın. Dərdini de, çarə qılaq.

– Sonra da deyib ki, bəs Madərşah Karinenin əmridir. Kaminatın ən gözəl, ən ağıllı qızlarını bir yerə toplayırıq. Bunu eşidən anaları razı olmayıb. Həmin qadın arvadıma deyib ki, artıq bunlar sənin qızların deyil. Onlar şahzadədirlər, madərşahın qızları sayılırlar, soyadları da Madərşahdır. Adları isə həmən-həmən qalır. Yoldaşım mane olmaq istəyəndə qoluzorlu mühafizlər içəri girib əl-qolunu bağlayıblar. Təbib hər iki qızıma bihuşdarı iylədərək bihal edib. Sonra isə mühafizlər qızları bellərinə atıb evdən çıxıblar. Naməlum istiqamətdə aparıblar. Sonradan qonşular gəlib əl-ayağını açıb arvadımın.

– Bəs təbibin adını öyrənməyib?

– Mühafizlərdən biri Məkrubə deyə çağırıb. O da acıqlanıb mühafizə.

– Deməli, təbib Məkrubə. Gözəl, çox gözəl.

– Burda gözəl nə var ki, ey bizim ağsaqqalımız?

– Gözəl orasıdır ki, sənin ibnəyəbənzər adlandırdığın təbib Məkrubəymiş. Karinenin sağ əli. Hərəmxanada Karineyə hamilik edirdi. Deməli, indi də yaxın adamı sayılır. Hər şey aydın olur yavaş-yavaş.

– Nə aydın olur?

– Mən elə düşünürdüm ki, Karine şahzadə “göyverən”lər yetişdirir qəsrdə. Demə, yox. Yetişdirdiyi Şahənşah Göyverənin şahzadələrindən də təhlükəlidir. Amma bizim üçün yox.

– Ey bizim ağsaqqalımız, bir çarə qılın mən qızlarımı geri qaytarım.

– Ay Kabus, o gün demirdin ki, mənə bir şey olsa, hamiliyə götür ailəmi?

– Deyirdim.

– Bundan böyük himayə? Özü də ki, qızların uşaq deyillər. Həddi-büluğa çatıblar. Orda da şahzadələrə layiq böyüdəcəklər onları. Sonra isə...

Qüdrət Şah sözünün dalını gətirmədi. Fikrə getdi.

– Nə “sonra”, ey bizim ağsaqqalımız? Ürəyimi üzmə. Danış.

– Sonrası nə olsa, biz nəzarət edə biləcəyik. Belə düşünürəm.

– Yox. Mən belə düşünə bilmirəm. Qızlarım təhlükədədir. Gedib o ibnəyəbənzərdir-nədir, onu oğurlayıb qızlarımı azad edəcəyəm. Mənim qızlarım qəhbə deyil ki, hərəmxanaya qatalar.

– O ibnəyəbənzər də, Kaminat qalası da yaxşı qorunur. Özün demişdin mənə. Bu o deməkdir ki, qızların da əminlikdədirlər. Başqa şeylər də var. Deyə bilmərəm. Vaxtı çatanda biləcəksən. Mənə inan. Mənə güvən. Dediklərimə qulaq as. Nəbadə üzə çıxasan. Onsuz da axtarırlar səni. Təkbaşına heç nə edə bilməyəcəksən. Mən də uzaqdayam. Kaminat şahlığında isə yeganə adamım sənsən. Səbr elə. Demişdin ki, ağıllı qızlardır. Başqa Kaminat qızlarından fərqlənirlər. Hər şeydən özləri baş çıxaracaqlar. Sadəcə ayıq ol. Sən mənim orda həm gözümsən, həm də qulağım.

– O ibnəyəbənzərə gücüm çatar, üstəlik gizli qapıdan girib Karineni də öldürə bilərəm. Bununla da bitər hər şey.

– Yerinə də gələr Dürəng. Həqiqi hərəmxana açıb qızlarını qatar hərəmxanaya. Həm özünün, həm də ailənin həyatıyla qoz-qoz oynama. Karine qadındır. Hərəmxanadansa kişixana açardı da... Səbr et, hər şey yaxşı olacaq. Nəsə çox məxfi və ciddi məsələdir. Yoxsa Məkrubəyə yox, Dürəngə tapşırardı. Lələnin də orda olması məsələnin ciddiliyindən xəbər verir. Biniyamin lələ də, Məkrubə də Karinenin ən yaxın, inandığı adamlardır. Lələyə də oranı elə-belə tapşırmayıb. Karineni vəliəhd kimi Biniyamin yetişdirib. Yəqin şahzadələrə də o, şahlıq dərsi keçəcək. Mən belə düşünürəm. Bir az səbr elə, görək nə olur. Mənimçün də çox maraqlıdır. Məndən xəbərsiz bir addım da atma.

– Başüstə, ey bizim ağsaqqalımız. Danışdınız, bir az sakitləşdim. Məkrubəni tanımıram. Amma lələni çox yaxşı tanıyıram. Mərd adamdır. Düzdü, narahatlığım tam keçmədi. Amma siz deyən düz olur həmişə. Gözləyək.

– Nə qədər işıqlanmayıb, get. Yolçu yolda gərək.

– Sağ olun, ey bizim ağsaqqalımız.

 

* * *

 

Üç ay keçir. Madərşahlığın paytaxtı. Karine eyvanda dayanıb, dəmir barmaqlıqlar arxasından şəhərə tamaşa edir: bircə bu qalmışdı. Sanki məhbəsdəyəm. Dürəng üç aydır ki, Kabusu tapa bilmir. Yoxa çıxıb elə bil. Amma camaatın da vəziyyəti yaxşılaşmır. Nə xəzinədən onlara pul ayırıram, nə də əvvəlki kimi Dürəngə tapşırıram. O vaxt yerini Qüdrətə işarə verdiyim xəzinənin də aqibəti bilinmədi. Əllərdə mənim xəzinəmdən daha çox pul var. Amma öz xalqımın vəziyyəti yaxşılaşmaqdansa, günü-gündən pisləşir. Bəs hara gedir bu pullar? Yaxşı ki, Kaminat qəsri var. Orayla nəfəs alıram. Gec-gec getsəm də... Dürəng Kabusu tapmır ki, rahat olum. Orda da məni kisəçi kimi tanıyırlar. Tək getsəm qala divarlarına çatmamış vurub öldürərlər. Özümün əmrimdir bu. Ona görə də Məkrubəylə gün və yer müəyyən etmişik. Oracan mühafizlərlə gedirəm. Sonra o gəlib məni təhvil alır. Paltarımı yolda dəyişdirib sonra qalaya girirəm. Məkrubə orda məndən böyük adamdır. Ona “xanım” deyə müraciət edirlər. Mənim isə adım yoxdur. Kisəçi çağrılıram. Düzdür, o cür cüssəli oğlanların bədənlərini sabun köpüyü ilə sığallamaq, ovxalamaq mənə xüsusi zövq verir. Amma hər dəfə biriylə yatağa girəndə başqa ad deməyim heç açmır məni. Kimdən çəkinirəm, kimdən qorxuram ki? Nə vaxtacan belə davam edəcək?

Bu zaman qapı döyülür. Mühafizlərdən biri otağa girir:

– Madərşahım, qapıya bər-bəzəkli bir araba gəlib. Arabaçı deyir ki, madərşahımıza hədiyyədir. Yoxlamaq istəyirik qoymur.

– Kimin hədiyyəsidir?

– Bir qocadır. Ona deyiblər ki, apar çatdır saraya və denən ki, şəxsən madərşaha çatmalıdır. Yalnız o baxmalıdır. Əlində də namə tutub ki, şəxsən sizə versin.

– Qələt eləyir arabaçı. Salın arabanı həyətə boşaldın, yoxlayın. Mən indi gəlirəm naməni almağa.

Mühafiz gedir. Madərşahın üzü gülür: görəsən arabadakı nədir? Çoxdandır mənə hədiyyə verən olmayıb. Sonuncu dəfə atam bilərzik bağışlamışdı. Başqa qadınlardan fərqli olaraq hədiyyə sevən deyiləm. Arzu etsəydim Şahənşah Göyverən dünyanın qızılını bağışlayardı mənə. Görəsən nə hədiyyədir bu? Heç tapmaca tapmağın yeridir? Düş həyətə bax da...

Madərşah otağından çıxıb pillələrlə həyətə düşdü. Üfunətdən burnunu tutdu:

– Bu nədir? Niyə boşaltmısınız yerə?

– Madərşahım, əmrinizi yerinə yetirdik. Doqquz dənə it başıdır. Təhlükəli bir şey yoxdur.

Madərşah tez arabaçıya yaxınlaşdı. Əlindəki tumarı hirslə alıb açdı. Orda “İtbaşı” yazılmışdı.

– Qoca, bu nə cəsarət?

– Madərşahım, vallah içindən xəbərim yox idi, – deyə qoca diz çöküb yalvarmağa başladı, – Bir nəfər dedi ki, “bunu apar saraya, naməni də ancaq madərşaha ver. Bu xidmətinin müqabilində atla arabanı sənə bağışlayıram”. Mən də kasıb adamam. Atla arabanı indi aparıb bazarda satacağam. Bir müddət dolanacağam.

– Kim idi həmin adam?

– Orta yaşlı kişi idi. Biz tərəflərin adamına oxşamırdı.

Madərşah Karine əliylə get işarəsi verib, yenidən otağına qayıtdı. Bir azdan baş vəzir özünü hövlnak otağa saldı.

– Mənə indi çatdırdılar, madərşahım. Nahaq buraxmısınız arabaçını. Sorğu-sual etməyim lazım idi.

– Belə lazım bildim, Dürəng! İndi hər addımımı atanda səndən icazə almalıyam? Bu nə cürət?

– Bağışlayın, madərşahım. Belə yəqin etdim ki, bu da Kabusun işi ola bilər. Yenidən xortlayıb. Amma niyə məhz it başları? Niyə məhz doqquz dənə? Müəmma qaldı mənə.

– Dürəng, Kabusu tapdın?

– Xeyr, madərşahım. Axtarıram.

– Elə isə get axtarmağınla məşğul ol! Tapmasan boynunu vurduracağam! Yox boynunu vurdurmaq azdır! Səni şaqqalatdıracağam! Get! Yenə də deyirəm! Burnun girməyən yerə başını soxma! İt başlarını başa düşmək sənin səviyyən deyil!

Dürəng təzim edib otaqdan çıxır. Karine fikrə gedir: Kabus azmış kimi Aslan da bu yandan peyda oldu. Bəs görəsən hardan bilib ki, İtbaşını mən aradan götürmüşəm? Lələ heç kimə danışmaz bu barədə. Yəqin hiss edib. Bu işarəsini də başa düşürəm: “İtbaşının başını kəsib aparmısan, itlərinki qalıb. Onu da mən göndərdim”. Bəlkə də heç bilmir. Bu başlardan mənə də, Qüdrətə də göndərib. Kim üstünə getsə, onu aradan götürməyə qalxsa, biləcək ki, qatil kimdir. Yaxud da sifariş kimdən gəlib. İndi nə edim? Qüdrətə, Kabusa düşmənin biri də əlavə olundu. Daha doğrusu peyda oldu. Üç cəbhəylə vuruşmalıyam indi. Üçü də gizli. Meydana çıxmırlar. Gözəgörünməzdirlər. Hələ dürəngkimiləri demirəm. Artıq vahimələnirəm. Dərdləşə biləcəyim adam da yoxdur. Hamıdan çəkinirəm, hamıdan şübhələnirəm. Zaman tez keçsəydi, şahzadələrim mən istədiyim kimi yetişsəydi, arzularımı həyata keçirməyə başlayardım. Ondan sonra mənimçün heç nə təhlükəli deyil – Qüdrət, Kabus, Aslankimilərin yüzü gəlsin üstümə, hamısını məhv edərəm. Amma indi yalqızam, gücsüzəm. Allahın ümidinə yaşayıram – inanmadığım Allahın. Amma ondan qorxmuram. Baxmayaraq ki, o da gözəgörünməzdir. Amma belə getsə inanacağam. Allaha inanmaq, ona pənah aparmaq isə ən son nöqtədir. Gücsüzlüyün, təslimçiliyin, əlacsızlığın əlamətidir. Bu o Allahdır ki, “səndən hərəkət, məndən bərəkət” deyir. Köməkdən, yardımdan söhbət belə getmir. Doğrudanmı sonum çatır? Bəlkə gedim sığınım Kaminat qəsrinə? Yox. Ora getsəm düşmənlər də dalımca gələcək. Bir təhər oraya da yol tapacaqlar. Oranın sirri faş olacaq. Məkrubə mən deyəni yarıdıb. Yüz nəfər dünya gözəlini, şahzadəliyə layiq Kaminat qızını tapıb qəsrə yığa bilib. Lələ də qalanın toxunulmazlığını təmin etməyi bacarıb. Qalır qızları öyrətmək. Yəni ki, vaxt udmalıyam. Dürəngin üstünə çox gedirəm, aşağılayıram. Əslində onun nə günahı? Həmin gecə mən otağımda olmamışam. Bəlkə olanlar həqiqətən baş verib? Olan olub, keçən keçib. Bəsdir onu Kabusla təhdid etdiyim, bəlkə də etmədiyi xəyanətdə suçladığım. Axı bununla nə uduram? Əvvəl-axır bezəcək. Qaçıb o da gözəgörünməz düşmənə çevriləcək. Lap üsyan da qaldıra bilər. Yeməyimə zəhər də qatdırar. Mərdi qova-qova namərd etmək istəyən mənə isə azı iki il vaxt lazımdır. Sonra hər şey yaxşı olacaq.

– Mühafiz, Dürəngi çağır!

– Başüstə, madərşahım.

Bir az keçir. Dürəng hövlnak otağa girib təzim edir.

– Dürəng, səndən bir şey soruşum.

– Əmr edin, madərşahım.

– Dürəng, sənin bu Kabusdan başqa işin-gücün yoxdur? Baş vəzirin işi yalnız Kabusu axtarmaqdan, yaxud Qüdrətdən xəbər çatdırmaqdan ibarətdir? Şahlıqlardan xəbərimiz yox, qonşu məmləkətlərdə nə baş verir, bilmirik. Düşmənləri beşiyindəcə boğmaqdan, onları əvvəlcədən üzə çıxarmaqdansa işin mənim mühafizəmi gücləndirməkdən ibarətdir. Bəs mənim nüfuzumu artırmaq sənin borcun deyil? Elbrus imperatorluğu din qardaşımızdır bizim. Əlaqə yarat. Camaata iki-üç dəfə qızıl payladın, Qüdrət, Kabus da əllərindən aldı. Vəssalam? Qızıl paylamaqdan başqa nə iş görə bilərik xalq üçün? Fikirləş, Dürəng. Bunları da mən deməliyəm sənə? Xəbər aparıb-gətirmək casusların, xəfiyyələrin işidir. Bir casusbaşı tap, bunlarla məşğul olsun və hər şeyi sənə də, mənə də çatdırsın. Düzdü, Kabusu da yaddan çıxartma. Belə üzə çıxmırsa, hiylə işlət. Başına pul qoy. Axı niyə sustalıb oturmusan? Axı sən Qurban, Qüdrət kimi baş vəzirlər görmüsən. Özün də köklü əyansan. Baş vəzir yalnız əmr yerinə yetirmək üçün deyil. Özündə bir təpər olmalıdır. Bütün səlahiyyətləri də vermişəm sənə. Bundan artıq nə istəyirsən? İki ildən çoxdur ki, madərşaham. Nə dəyişilib o vaxtdan? Heç nə. Nəylə qürrələnə bilərəm? Heç nəylə. Bacarırsan qal mənsəbdə, bacarmırsansa Qüdrəti gətirim qoyum yerinə. O da gələn kimi bilirsən də nə edəcək? Birinci səni aradan götürəcək. Öldürmək nədir? Nəslini yer üzündən siləcək. Qüdrəti məndən yaxşı tanıyırsan. O sənin kimi qulaq yox, baş kəsəndir.

Dürəng başını aşağı salıb dinmirdi. Bir müddət araya ölü sükut çökdü. Sonra madərşah əliylə ona get işarəsi verdi.

 

* * *

 

Divan. Baş vəzir Dürəng taxtda əyləşib. Uzun aylardan sonra üzü gülür: təhlükə sovuşdu deyəsən. Hər madərşah çağıranda və ordan sağ çıxanda sanki o dünyanı görüb qayıdırdım. İndi isə rahat nəfəs ala bilərəm. Baxmayaraq ki, indi də Qüdrətlə təhdid edəcək məni. Görəsən nə səbəb oldu buna? İt başlarımı? Nə deməkdir ki, bu? Yəqin nəsə yeni təhlükə var madərşaha. Özü də bu təhlükənin yanında Kabus heç nədir. Yaxşı, Kabus bəlasından qurtuldum. Baş vəzir kimi qarşımda o qədər cığır açdı ki? Hardan başlayım, harda qurtarım? Yox. Necə başlayım, nə edim? Sualı belə qoysam yaxşıdır. Axı həmişə buyruq qulu olmuşam. Qüdrət deyib, icra etmişəm. Madərşah deyib, yerinə yetirmişəm. Öz ağlımla heç vaxt hərəkət etməmişəm. Casusbaşını hardan tapım? Mənim başım həmişə pul qazanmağa qarışıb. Ətrafım da özümkimi adamlar olub həmişə. Ağıllı insanlara, ziya sahiblərinə isə tör-töküntü kimi baxmışam. Ruzilərini kəsmişəm. İndi görəsən hardadılar onlar? Görəsən acından ölməyiblər ki? İndi başa düşdüm Qüdrətin hərəkətini. Yəqin axtarsam da tapmaram. Hamısı yığışıb Qüdrətin qanadının altına. Madərşah düz deyir. Əslində Qüdrət layiqdi baş vəzirliyə. Mən isə sadəcə pul dağarcığıyam. Uzağı vergi vəziri, xəzinədar ola bilərəm. Ya da fitnə-fəsad üzrə vəzir. Atam da belə olub, babam da... Mənim köküm budur. İndi nə demək istəyirsən, Dürəng? Könüllü əl çəkmək istəyirsən baş vəzirlikdən? Özün də çox yaxşı bilirsən ki, saraydan heç kim öz ayağıyla çıxmır. Ya əcəliylə ölür, ya da öldürürlər. Ona görə də otur oturduğun yerdə. Harda qırılar qırılar.

 

* * *

 

Qüdrət Şahın otağı. Kabus hüzurundadır.

– Əhsən sənə, Kabus. Heyf ki, görə bilmirəm də o səhnəni – Karinenin qorxudan rəngi qaçmış gül camalını, titrəyən əllərini, uçuqlayan dodağını... Heyf. Çox heyf. Nə vaxtsa atasının kim tərəfindən devrildiyini, həqiqətləri biləndə, biləndə ki, nahaq onu diri-diri yandırıb, dəli olacaq.

– Amma demədiniz ki, it başları nə deməkdir? Özü də doqquz dənə it başı.

– Bunu yalnız Karine bilir, Kabus. Bu sirdir. Deyə bilmərəm. Təsəvvür edə bilməzsən ki, Karine indi nələr çəkir. Bunu yalnız mən bilirəm. Sən artıq yaddan çıxmısan. Elə mən də... Gecə yatağında da rahat yata bilməyəcək ölənəcən. Amma sən hələ üzə çıxma.

– Başüstə, ey bizim ağsaqqalımız. Amma yaman darıxıram.

– Kiminçün?

– Qızlarım üçün. Bircə, sifətlərini görsəydim rahat olardım. Arvadın da gözünün yaşı qurumur.

– Sənə keçən dəfə dediklərimi ona da danış. Denən ki, əminlikdədirlər. Ağlamasın. Allaha acıq gedər. Əksinə, sevinsin. Şahzadədirlər qızlarınız. Bundan böyük xoşbəxtlik? Həmişəlik orda qalmayacaqlar ki...

– Atayıq, anayıq. Nə qədər ovundursanız da ürəyimiz rahatlıq tapmır.

– Başa düşürəm sizi. Mən də atayam. Amma dözməlisiniz. Müvəqqətidir. Mən yaxşı görürəm qızlarınızın gələcəyini.

– Allah ağzınızdan eşitsin, ey bizim ağsaqqalımız.

– Başqa nə xəbər var madərşahlıqdan?

– Heç nə. Köhnə hamam, köhnə tas. Ürəkaçan bir şey yoxdur.

– Nə vaxt olub ki, indi də olsun? Nə qədər biz şahlar varıq, dünya belə gəlib, belə də gedəcək.

 

* * *

 

Madərşahlığın, şahlıqların bütün meydanlarında qələbəlikdir. Carçılar hamını ora yığıb hökmdarın əmrini oxuyurlar:

– Ey cəmaət, madərşahın hökmü belədir. Kim Kabus adlı şəxsin yerini göstərsə ona yüz qızıl ənam veriləcək. Məxfiliyi də qorunub saxlanacaq. Kimdə onun haqqında məlumat varsa baş fərraşa yaxınlaşsın.

 

* * *

 

Madərşah Karinenin otağı. Baş vəzir Dürəng hüzurundadır.

– Deməli yüz qızıl. Hələlik yaxşıdır. Bəhrəsini verməsə yenə qaldırarsan. Yəqin yalançı kabuslar meydana çıxacaq – mükafatı ələ keçirmək üçün.

– Düz buyurursunuz, madərşahım. Biri həmən gəldi. Adı Dəmdəməkidir. Səfilin, başdanxarabın biridir. Bütün günü bazarda veyillənir, yer süpürür, dilənir.

– Nə istəyirdi?

– Gəlib deyir ki, madərşahı görmək istəyirəm. Soruşuruq niyə? Cavab verir ki, Kabus mənəm. Yüz qızılımı versin, gedim xərcləyim özümçün. Mühafizlər də qovdular getdi. Xəstə adamdır da...

– Gələn olmasa mükafatı yavaş-yavaş qaldırarsan. Sonda elə bir mükafat təyin edəcəyəm ki, Kabusun əl-qolunu bağlayıb, gətirib təhvil verəcəklər saraya.

– Düzünü siz bilirsiniz, madərşahım. Bəlkə elə sonuncudan başlayaq?

– Yox, Dürəng. O Kabusdur-nədir öz aləmində elə düşünür ki, məni qorxu altında saxlayır. Bundan zövq alır. İndi öz yaxın adamlarından da qorxacaq. Lap yadımdan çıxmışdı. Kabusu tapmaq çətindir. Bunu başa düşürəm. Lap tapsaq da... heç üzünü də tanımırıq bilək ki, bu odur, ya o deyil. Bəs Arisin qardaşını da tapmaq müşkül məsələdir? Onun da başına qızıl qoy. O ki, Kabus deyil. Nəyindən qorxacaqlar? Əlamətləri də ki, göz qabağında: qulaqları yox, barmağı kəsilib. Gəlsin görək kim qaçırdıb onu? Necə qaçırdıb?

– Düz buyurursunuz, madərşahım. Amma inanmıram sağ buraxalar onu.

– Niyə öldürsünlər ki? O boyda işgəncənin qabağında dözdü. Satmadı heç kimi. Həmçinin o biri iki məhkum da...

– Düz buyurursunuz. Günü bu gün başlayaram onları axtarmağa. Amma car çəkməyəcəyəm. Xəfiyyə və casuslara mükafat boyun olacağam. Car çəksəm aradan götürərlər.

– Əhsən! Axır ki, baş vəzir kimi düşünməyə başlayırsan. Amma bir şeyi də nəzərə al ki, Kabusun mənə yalnız dirisi lazımdır. Çünki o tək deyil. Onun arxasında dayanan olmasa heç bir hərəkət edə bilməz. Çox maraqlıdır. Axı kimdir bunu dingildədən?

– Başüstə, madərşahım. Yerin deşiyində də olsa dirisini tapıb gətirəcəyəm.

– Başqa dediyim məsələləri də həll elə!

– Başüstə, madərşahım.

 

* * *

 

Ertəsi gün. Baş vəzir Dürəng madərşahın hüzurunda dayanıb.

– Deməli, sənin xəfiyyə və casuslarının içində Kabusa işləyənlər var.

– Belə çıxır, madərşahım. Mən bilmirdim.

– Bu cür adamlarla sən Kabusu yox, onun ən balaca adamını da çətin tutasan. Aris isə ölməliydi. Bir kəsilmiş barmağa görə ürəyi gedən Aris, qardaşının kəsilmiş başını görəndə ürəyi partlamasın neyləsin? O biriləri axtar.

– Axtarıram. Düzdü, zindandan qaçırılan o ata-baladan xəbər olmasa da, xəbərçi mühafizin – camaatın gözü qabağında – qarnını yortub bağırsaqlarını çölə töküblər. Boynuna da “xəbərçi” lövhəsi asıblar ki, hamıya dərs olsun. Deyilənə görə elə atasıyla qardaşı edib bunu.

Karine daha heç nə demədi. Dürəngə get işarəsi verdi.

 

* * *

 

Bir ildən artıq vaxt keçib. Yolaverənlər şahlığının paytaxtı. Qala qapılarından bayırda kitabxana və mədrəsənin açılışıdır. Qüdrət Şah atından düşüb alimlərlə, müəllimlərlə görüşür. Sonra içəri girib hər şeyi nəzərdən keçirir. Onun üçün qoyulmuş taxta əyləşir. Alim və müəllimlər qarşısında düzlənirlər. Qüdrət Şah xəyala dalır: kül başına, Qüdrət. Gör kimlərin ayağına gəlmisən. Bunlar üçün nə boyda kitabxana, mədrəsə tikdirmisən. Səhərdən də otaqları, ərazini başını yelləyə-yelləyə gəzirsən. Bu başıboşlar da elə düşünürlər ki, mənimçün həqiqətən də maraqlıdır. Day bilmirlər ki, məqsədim tam başqadır. Bu yolla Elbrus imperatorunun diqqətini özümə cəlb etmək istəyirəm. İstəyirəm ki, buranı İmperator kitabxanasının bir qolu adlandırıb ona yarınım. Onun timsalında bir arxa qazanım. İmperator kitabxanasına dəvət də göndərmişəm. Amma heç kim gəlməyib ordan. Yaxşı, xeyir-dua verim, gedim.

– Ey hörmətli alimlər, müəllimlər, ziya sahibləri. Mübarəkdir kitabxanamız, mədrəsəmiz, elm məbədimiz. Yazın, yaradın, oxuyun, öyrədin. Bunun üçün hər şey var. Mən Qüdrət Şah da arxanızdayam. Sizləri bir yerə yığmaq mənimçün çox da asan olmayıb. Amma buna nail olmuşam. Bundan sonra ağzınızdan nə söz çıxsa yerinə yetiriləcək. Elm, ziya naminə heç nəyi əsirgəmərəm. Təki şahlığımız bu sahədə dünyanın mərkəzinə çevrilsin. İndi isə nə sözünüz, nə təklifiniz varsa, deyin. Yoxdursa məni üzrlü sayın, – deyib Qüdrət Şah taxtından qalxdı. Elə addımını atmaq istəyirdi ki, alimlərdən biri əlini havaya qaldırdı. Şah ayaq saxladı:

– Şahım, Allah ömrünüzü uzun eləsin. Bu işinizlə adınızı tarixə yazdırdınız. Özü də nə qədər israr etsək də adınızı vermədiniz bu məbədə. Amma dəxli yoxdur. Bu yer həmişə sizin adınızla çağrılacaq. Amma bir şey çatışmır bu məbəddə.

– Nə çatışmır? Deyin, həmən alıb gətirək.

– Alınası şey deyil, şahım. Buranın mühafizəsi zəifdir.

– Necə yəni zəifdir? Əmr etmişəm ki, qapısında saray mühafizləri dayansın. Bundan artıq nə mühafizə?

– Şahım, ərazi hasara alınmalıdır – qala divarları kimi. Hər mazğalında da bir oxatan keşikçi durmalıdır. Çox qiymətlidir kitabxananız. Hətta elə nümunələr var ki, İmperator kitabxanasında da yoxdur. Buranı şah sarayı kimi qorumağınızı tövsiyyə edərdim.

Qüdrət Şah dinmədi. Alimi tərs-tərs süzdü. Binadan çıxanda iki əcnəbinin baş vəzirlə ona tərəf gəldiyini gördü. Hətəm yaxınlaşıb şahın qulağına nəsə pıçıldadı.

– Belə xoş gəliblər Elbrus elinin alimləri və hörmətli qonaqlarımız. Yəqin ki, dilimizi bilirlər.

– Bəli, şah sağ olsun, – deyə gələnlərdən ən yaşlısı dilləndi, – Biz şərqşünas alimlərik. Şərq dünyasını, şərq dillərini tətqiq edirik. Ona görə də İmperator kitabxanası sizin dəvətinizi qəbul edib məhz bizi göndərdi.

– Belə xoş gəlib, səfa gətirmisiniz. Sizi özüm tanış edəcəyəm kitabxanayla, – deyib şah qonaqlarla otaqları gəzməyə başladı. Onlar gətirdikləri kitabları təqdim etdilər. Qüdrət Şah təşəkkürünü bildirib, – İmperatora mənim salam və ehtiramlarımı çatdırmağınızı xahiş edirəm. Mümkünsə məni qəbul etsin. Ona çatası çox qiymətli hədiyyəm var. Özüm təqdim etmək istərdim. Göndərsəm hörmətsizlik kimi başa düşülər, – deyib onları alimlərlə baş-başa buraxıb getdi.

 

* * *

 

Madərşah Karinenin otağı. Baş vəzir Dürəng hüzurundadır.

– Deməli, qaladan kənardadır.

– Bəli, madərşahım.

– Elbrus elindən də alimlər gəlib açılışına.

– Bəli, madərşahım.

– Necə qorunur ora?

– İki mühafiz dayanır qapısında. Onlar da bir gündən bir dəyişir.

– Bayıra baxan pəncərələri varmı?

– Var, madərşahım.

– Elə isə qulağını bəri gətir, – Dürəng yaxına gəlir. Amma madərşah bir an duruxur, – Yox. Fikrimi dəyişdim. Sən belə elə. Elbrus imperatorluğuna – imperatora namə göndər. Yaz ki, madərşah Karine iki Elbrus aliminin onun xəbəri olmadan təbəəsi olduğu Yolaverənlər adlı müsəlman şahlığına getməsindən bir din qardaşı kimi narahatdır. Bunu özünə qarşı təhqir sayır. Bundan sonra din qardaşları tərəfindən belə halların baş verməyəcəyinə əminliyini bildirir. Qapısının daim Elbrus imperatorluğunun alimləri üçün açıq olduğunu söyləyir. Din qardaşı imperatora bir daha dərin hörmət və ehtiramını çatdırır. Yadında qaldı?

– Bəli, madərşahım. Cürətimə görə bağışlayın. Bəlkə o kitabxananı alimləri qarışıq oğurlatdırıb qataq saray kitabxanasına?

– Maşallah! Fikrimi tutmusan. Mən də elə fikirləşmişdim əvvəlcə. Amma ki, yox. Diqqəti madərşahlığın paytaxtına çevirə, tifaqımı özüm-öz əllərimlə dağıda bilmərəm. Qüdrət qanmır nə etdiyini. Qananda isə gec olacaq. O cümlədən bütün madərşahlıq üçün də. Naməni tez çatdır.

– Başüstə, madərşahım.

 

* * *

 

İki gün keçib. Madərşah Karinenin otağı.

– Nə oldu, Dürəng? Çapardan nə xəbər?

– Madərşahım, qayıdıb. Amma cavab verməyiblər.

– Onlar tez cavab vermirlər. Yəqin ki, səsi sabah çıxacaq.

– Amma demədiniz ki, nə xətası ola bilər kitabxananın?

– Tələsmə. Vaxtı gələndə biləcəksən. Çoxdandır heç maraqlanmıram. Vergilər yığılır?

– Bəli, madərşahım.

– Rahat yığılır?

– Madərşahım, bizim tərəflərdə vergidən danışanda belə bir əhvalatı tez-tez yada salırlar. Yəqin bilirsiz.

– Yəqin ki... xatırlat.

– Bir kəndə çox ürəyiyumşaq vergiyığan qoyurlar. O da qapı-qapı gəzib öz işini görürmüş. Amma yarıtmaz görürmüş. Məsələn, qapını döyürmüş ki, bəs, ay kəndçi, sən iki qoyun verməlisən bu ay. Kəndçi də cavab verirmiş ki, bəs iki dənə yoxdur, birini tapıb verə bilərəm. O biri qapıdan iki keçi istəyirmiş. O da qırmızı-qırmızı üzünə dururmuş ki, vəziyyət pisdir. Vur-tut birinə gücüm çatır. Beləcə bütün kənd onun istədiyi vergini kəsirlə verirmiş. Bu yazıq da onlara güldən ağır bir söz demirmiş. Beləcə aylar keçir. Günlərin bir günü baş vergiyığan boğaza yığılır bunun yarıtmaz işindən. Kəndə özü gəlir. Bir qapını döyür. Çıxan olmur. İki döyür. Handan-hana qapıya bir kəndçi çıxır. Üzünü ona tutub saymazyana tərzdə deyir:

– Hə, nədir? Nə istəyirsən?

– Vergiyığanam. Sən iki inəyini vergi verməlisən.

– Yoxdur! – deyə kəndçi qışqırır, – Acından ölürük. Balalarımızı gücnən saxlayırıq. İki inəyi hardan verək? Bir inək verə bilərəm. Vəssalam!

Bunu eşidən vergiyığan, – Nə? Küçüyün biri küçük, sən mənim sözümün qabağında söz deyirsən? Onda üç inək verməlisən, – deyib əlindəki qırmancla bir dənə çəkir yazığın başına. Kəndçi yerə sərələnir. Gözündən qan axmağa başlayır. Məmurun qarşısında diz çöküb deyir: “Bax, vergiyığan belə olar”.

– Maraqlı əhvalatdır. Sualıma cavab aldım.

 

* * *

 

Ertəsi gün. Baş vəzir Dürəng hövllü madərşahın otağına girir.

– Madərşahım, iki nəfər gəlib Elbrus imperatorluğundan. Qəbulunuzu gözləyirlər.

– Tez dəvət elə otağıma. Özün də burda ol.

Bunu deyib Madərşah Karine taxtına oturdu. Güzgüyə baxıb tacını düzəltdi. İki nəfər otağa daxil olub, taxtın qarşısında dayandılar. Yüngülcə təzim etdilər.

– Madərşahım, biz alimik, şərqşünasıq. Sizə ilk növbədə Elbrus imperatorunun salamlarını çatdırırıq.

– Alimsiniz? – deyə Karine taxtından durdu, – Bağışlayın. Bilmədim. Bizim tərəflərdə alimə hörmət böyükdür. Alim gələndə yaşından asılı olmayaraq hamı ayağa durur.

– Böyük şərəf verdiniz bizə, madərşahım! Məktubunuz imperatora çatdı. Narahatlığınızı, iradınızı qəbul elədi. Bundan xəbəri olmadığını bildirdi. Bizi də tənbeh elədi ki, ora getməyimizi niyə sizə deməmişik? Çünki dövlətin başçısı sizsiniz. Sizin xəbəriniz olmalıydı. Bu, qızıl qaydadır. Çünki biz də, siz də imperatorluq sayılırıq. Baxmayaraq ki, adlarımız başqadır. Həm də din qardaşlarıyıq. Ona görə də sizə üzrxahlığımızı bildirməyə gəldik. Bir də belə şeylər təkrar olunmaz.

– Elə də bilirdim ki, bu işlərdən imperator həzrətlərinin xəbəri yoxdur. Üzrxahlığınızı qəbul edirəm. Alimliyinizə keçirəm.

– Çox lütfkarsınız, madərşahım. Sizdən bir ricamız var. Bunu imperatorumuzla məsləhətləşmişik.

– Buyurun!

– Bildiyiniz kimi Yolaverənlər şahlığında böyük kitabxana və mədrəsə açılıb. Ünlü alimləri bir yerə toplayıblar. Çox qiymətli kitablar var orda. Gəzib tanış olduq. Ora böyük maraq kəsb edir bizim alimlər üçün. İcazə versəydiniz bu elm məbədiylə İmperator kitabxanası arasında yaxın əlaqələr qurardıq. Bizi yalnız kitablar maraqlandırır. Alimlərimiz ora gedib kitablardan bəhrələnərdilər. İmperatorumuzdan xeyir-duasını almışıq. Siz də razılaşsanız gözəl olardı. Bir də ki, Qüdrət Şah imperatordan onun qəbul etməsini rica...

– Məni qabaqladınız, hörmətli alimlər, – deyə madərşah qonaqların sözünü kəsdi, – Mən başqa şey fikirləşmişəm və artıq qərar vermişəm. İmperator kitabxanasını gözəl tanıyıram. Orada olmuşam. Bəhrələnmişəm. Bütün dünya xristianlarının kitabxanası, var-dövləti sayılır o məbəd. Ona görə qərara aldım ki, mənim madərşahlığımda olan yeni kitabxananı küllən, din qardaşım olan imperatora, onun İmperator kitabxanasına hədiyyə edim. Bu da hədiyyə etməklə bağlı qərarım. Mənim möhürümlə təsdiq olunmuş “Bağışlamaq sənədi”ni və imperatora böyük hörmət və ehtiramlarımı din qardaşıma çatdırmağı sizdən xahiş edirəm. Öz adamlarınızla nə vaxt istəsəniz gedin və bu sənədi göstərib kitabları götürün, – deyə Madərşah Karine tumarı alimlərə təqdim etdi.

Alimlər sevincək sənədi alıb, təzim etdilər. Otaqdan çıxdılar. Madərşah taxtına oturdu.

– Böyük bir bəladan qurtardıq, Dürəng.

– Bəla? Burda təhlükəli nə var idi ki?

– Bax sən də Qüdrət kimi düşünürsən. Bu gic müsəlman öz aləmində kitabxana, mədrəsə açır, alimləri başına toplayır ki, İmperator kitabxanasıyla əlaqə yaradıb diqqəti özünə cəlb eləsin. Buna nail olur da... Sonra bu alimlər vasitəsiylə imperatorun qəbuluna düşmək, özünü gözə soxmaq istəyir. Bilmir ki, o iki alim casusdur əslində.

– Casus?

– Bəli. Casus. Elmin casusu. Ən təhlükəlisi onlardır. Dünyanı gəzib beyinlərin, qiymətli kitabların yerini müəyyən edirlər. Sonra imperatora yazırlar fikirlərini. İmperator da qoşun çəkib hücum edir həmin dövlətə. Xəzinəni götürür, ordusu qənimətdən razı qalır. Amma əsas səbəb gözə görünmür. Bu, kitabdır, elmdir, alimlərdir.

– Niyə day müharibə edirlər ki? Sadəcə desinlər, tələb etsinlər, qorxutsunlar.

– İmperatorlar nə tələb edər, nə də hədə-qorxu gələrlər. Onlar yalnız müharibə diliylə danışarlar.

– Madərşahım, kitabları bağışladınız. Bəlkə alimləri gətirək saraya?

– Yox. Gəlməzlər.

– Qüdrətdən çox pul verərik gələrlər.

– Siz müsəlmanlar hər şeyi pulla ölçürsünüz. Alimlər arı kimidirlər. Arı pətəyə gələr deyib atalar. Onların pətəyi kitabdır. Qiymətli, qədim kitablar.

– Nə böyük mətahdır axı bu alimlər?

– Alim yeni silah deməkdir. Alim fitnə-fəsad deməkdir. Şah Allah, alimlər isə onun cildi dəyişmiş şeytanlarıdır. Alimlər dünyanın sonunun yaxınlaşmasını tezləşdirən zəka sahibləridir. Xəstəlikləri də onlar icad edirlər. Dərmanını isə ondan əvvəl tapırlar. Yeni silah icad edirlər ki, daha çox insan ölsün. Hansını deyim? Birdirmi, ikidirmi? Bunu da bir-iki imperatorluq gözəl bilir. Başqaları bilmək istəyəndə qarşısını alırlar ki, birdən güclənər. Alimləri gətirim saraya, tifaqımı dağıtsın Elbrus imperatoru? Hər hökmdara bir şey icazə verilir. Bu icazə məndə yoxdur. Hansı alimi aparmasa, onsuz da qaçacaq üstümüzə. Qüdrət onları qızışdıracaq ki, bəs madərşah mane oldu işimizə. Bax onda bir əncam çəkərik. Qüdrət anlamırdı ki, o alimlər onun mədrəsəsində hansı ixtiralar edə bilərdilər və bu kəşflər onun gücünə güc qatardı. O yalnız siyasi tərəfini düşünüb. Elə onu da səhv düşünüb. Guya ki, bu yolla müttəfiq tapıb özünü məndən qoruyacaqdı. Gücünə güc qatacaqdı. Məni üstələyəcəkdi.

– Madərşahım, amma bir tərəfdən də Qüdrəti məndən yuxarı sayırsınız. Ağıllı deyilsə, bəs niyə baş vəzir qoymaq istəyirsiniz onu?

– Qüdrət əsl baş vəzirdir. Yalnız buna yarıyır. O şahlıq dərsi keçməyib. Mənim lütfümün sayəsində adı şah çağrılır. Amma şah deyil. Nəslən vəzir olublar. İndi isə əsl şah olmaq istəyir. Qurbanın, Qaflanın aqibətini unudub yəqin. Başa düşmür ki, baş vəzirlər özlərini yalnız şah olmaq sövdasına düşəndə yandırırlar. Mən isə uşaqlığımdan Biniyamin lələdən şahlıq dərsi keçmişəm. Bunları o öyrədib mənə. Sənə də ucundan-qulağından dedim.

– “İmperator” dediz, madərşahım. Axı Göyverən də şahənşah idi. Elbrus dilində desək imperator. Bəs ona niyə toxunmadılar?

– Göyverən nə yaşadı ki, nə də gün görsün? Yaratdı şahənşahlığı və öldürüldü. Əvvəl-axır Elbrus imperatorluğu hücum edib məhv edəcəkdi onu. Gözləyirdi ki, xəzinəsi artsın.

– Bəs siz? Axı siz də şahənşahsınız. Sadəcə adı başqadır. Qızılınız da ki, Göyverənkindən çox.

– Xristian olmağım qoruyur madərşahlığı. Ona görə də hər cümləmin əvvəli “din qardaşım” ifadəsiydi. Xristian xristiana hücum etmək istəməz. Amma Qüdrət müsəlmandır. Bu ona aid deyil. Ona görə də diqqəti özümə çəkib Yolaverənlər şahlığını qorudum. Axı ora da mənimdir. Nə olsun ki, əhalisi müsəlmandır. Şükür, xəta sovuşdu. Kitabla canımızı qurtardıq. Özü də ki, qamçı dəymədən. Gözəl kəlamdır: “Yaxşı at özünə qamçı vurdurmaz”. Həm Qüdrəti susdurdum, həm də dost-müttəfiq qazandım. Onlar kitabı qızıldan üstün tuturlar. Amma yenə də narahatam. Bir müddətdən sonra alimkimilər yenə təşrif buyura bilərlər. Amma bir-iki il gecikdirdim bu hücumu. Gərək indidən cavab tapım növbəti həmləyə. Bunları sənə deməməliydim. Əsl hökmdar hislərini bölüşməz. Ona görə dedim ki, Qüdrətə xəbər çatdıraraq, alimləri, kitabları gizlətdirib, öz aləmində “ağıllı” hərəkət etməyəsən. Bu hamımızın sonu ola bilər. Qüdrət qarşısını alsa, biləcəyəm ki, xəbəri ona kim çatdırıb. Bu qılıncımla başını kəsəcəyəm. Boynunu vurmayacağam. Qurbanlıq qoyun kimi kəsəcəyəm. Nəsə şübhəliyəm səndən. Çünki o vaxt lələni də paytaxtdan izləyib Yolaverənlər qalasına girən kimi tutmuşdular – mən onu Qüdrəti öldürməyə göndərəndə. Onda səndən şübhələnmişdim. Qüdrətin daha həyatda olmadığını yalnız sənə demişdim. Lələ otağımdan çıxanda səninlə üz-üzə gəlmişdi. Sübutum yox idi. Ehtimal etmişdim. Amma bu dəfə otaqda ikimizdən başqa heç kim yox idi. Söhbəti ikimiz bilirik. Bunu son xəbərdarlıq kimi qəbul elə! Get Divanda ol! Üç gün ordan bayıra çıxma!

Dürəng otaqdan çıxır. Karine xəyala dalır: vaxt da yaman gec gedir. Hələ ki, bir iş görə bilməmişəm. Azı bir-iki il lazımdır ki, qızlar tam püxtələşsinlər. Alimlərdən də kimsə gəlsə – əminəm ki, gələcəklər – qalaya göndərərəm. Qızlara dərs keçərlər. Sonrasına oranı verərəm onlara. Nə icad etsələr xeyrimə olacaq. Gücümə güc qatarlar.

 

 

ARDI VAR

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi