Modern.az

Bu gün 100 tələbəyə Neft Şirkətinin təqaüdü təqdim olunub

Bu gün 100 tələbəyə Neft Şirkətinin təqaüdü təqdim olunub

Təhsil

2 Fevral 2010, 18:30

Fevralın 2-də - Gənclər günündə ARDNŞ-nin Baş ofisində Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə 2008-2009-cu tədris ilinin II semestrinin nəticələrinə görə ARDNŞ təqaüdünün təqdim olunması mərasimi keçirilib. Modern.az xəbər verir ki, mərasimdə ARDNŞ prezidenti Rövnəq Abdullayev ARDNŞ-nin həyata keçirdiyi Təqaüd Proqramı haqda ətraflı məlumat verib. Bu təqaüdün 2004-2005-ci tədris ilindən etibarən ADNA tələbələrinə verildiyini xatırladan R. Abdullayev müsabiqənin əhatə dairəsini genişləndirmək, tələbələrin fəallığını artırmaq məqsədi ilə 2008-ci ildən ARDNŞ-nin elan etdiyi ixtisaslar üzrə təhsil alan bütün ali məktəb tələbələrinin müsabiqədə iştirakı üçün şərait yaradıldığını bildirib. R. Abdullayev 2008-2009-cu tədris ilinin II semestrinin nəticələrinə görə keçirilmiş müsabiqədə iştirak etmək üçün 800-dən artıq tələbənin müraciət etdiyini, I turda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən namizədlərin məntiqi təfəkkür qabiliyyətinin test imtahanı vasitəsilə yoxlanıldığını, 181 tələbənin 2-ci turda ARDNŞ-nin Müsabiqə Komissiyası tərəfindən müsahibə olunduğunu söyləyib. Şirkət prezidenti ARDNŞ-nin perspektivli gənc neftçi mütəxəssislərin dünya təcrübəsinə yiyələnməsi məqsədi ilə gənclərin xaricdə təhsili üzrə həyata keçirdiyi Təqaüd Proqramından da bəhs etmişdir. O bildirib ki, hazırda həmin proqram çərçivəsində 44 tələbə, o cümlədən 23 bakalavr və 21 magistr ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Hollandiya, Kanada, Türkiyə, Malta, Norveçin ən nüfuzlu universitetlərində təhsil alır. Bu proqramın 24 iştirakçısı təhsilini müvəffəqiyyətlə başa çatdıraraq Vətənə qayıdıb və hazırda ARDNŞ-nin strukturlarında çalışır.

 

Sonra ARDNŞ prezidenti Rövnəq Abdullayev, Təhsil nazirinin müavini Elmar Qasımov, Texniki Universitetin rektoru Havar Məmmədov, digər ali təhsil müəssisələrinin təmsilçiləri Müsabiqə Komissiyasının qərarına əsasən, təqaüdə layiq görülmüş 100 tələbəyə, o cümlədən, Azərbaycan Dövlət Neft Akademiyasının 79, Bakı Dövlət Universitetinin 8, Qafqaz Universitetinin 6, Azərbaycan Dövlət İqtisad Universitetinin 4, Moskva Dövlət Universitetinin Bakı filialının 2 və Azərbaycan Texniki Universitetinin 1 tələbəsinə ARDNŞ-nin təqaüdlərini (plastik kartları) və xatirə hədiyyələrini təqdim ediblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!