Modern.az

Pakistanın Azərbaycandakı səfiri: “Müharibə zamanı dualarımız Azərbaycanla idi” - MÜSAHİBƏ

Pakistanın Azərbaycandakı səfiri: “Müharibə zamanı dualarımız Azərbaycanla idi” - MÜSAHİBƏ

19 Mart 2021, 11:38

Bilal Hayi: “Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Pakistan müsəlmanlarını vəbadan xilas etmək üçün böyük həcmdə vaksin göndərib”

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayi Modern.az saytına müsahibə verib.


- Cənab səfir, sizi ölkəmizdə görməkdən məmnunuq. Öncə soruşmaq istərdik: hazırda Azərbaycan-Pakistan münasibətlərini necə qiymətləndirmək olar?


- Öncə Pakistan-Azərbaycan münasibətlərinin statusu haqqında danışmaq istərdim. İki dövlət arasındakı isti münsibətlərdən, yaxın əlaqələrdən qürur duyuruq. Təbii ki bu münasibətlərdən danışanda mütləq qeyd edəcəyimiz məqamlar var. Əsas məqam odur ki, Azərbaycan müstəqilliyini hələ elan etməzdən öncə iki dövlət arasında münasibətlər başlamışdı.
1991-ci ildə Pakistan Azərbaycanın müstəqiliyini tanıyan ilk ölkələrdən biri olub. Ermənistan Azərbaycanın torpaqlarını işğal edən zaman Pakistan BMT Təhlükəsizlik Şurasının üzvü idi. Azərbaycan haqqında BMT-də qətnamə qəbul olunanda Pakistan üzv ölkə olaraq öz tövsiyələrini verib.
Ona görə də Pakistan-Azərbaycan münasibətləri tarixi əlaqələr üzərində qurulub. Hər zaman da iki ölkənin qardaş və dost yaxınlığı, gözəl əlaqələrindən fəxr hissi keçirmişik. Bu əlaqələr yüksək yaxınlıq və münasibətlər üzərində qurulub.


- 2020-ci ilin iyununda Azərbaycana səfir təyin olunmusunuz. Bildiyiniz kimi, 2020-ci il Azərbaycan dövləti və xalqı üçün tarixi il kimi yaddaşlara həkk olunub. Çünki Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə sona çatıb. Müharibə zamanı Pakistanın Azərbaycana dəstəyi barədə nə deyə bilərsiniz?

- Doğru qeyd etdiniz. Mən səfir kimi fəaliyyətimə 2020-nin iyununda başladım. Sentyabrda isə İkinci Qarabağ müharibəsi başladı. Dualarımız Azərbaycanla idi. Həmin vaxtlar çox həssas məqam idi. Ölkədə müharibə gedirdi. Çox şükürlər olsun ki, Azərbaycan müharibədə qələbə qazandı. Möhtəşəm qələbə münasibətilə bir daha Azərbaycan xalqını və dövlətini təbrik edirəm. Bayaq da qeyd etdiyim kimi, Pakistan hər zaman Azərbaycanın yanında olub. Eyni zamanda, İkinci Qarabağ müharibəsində də Azərbaycanın yanında oldu. İnşallah, gələcəkdə də Azərbaycanın yanında olacağıq. Ümid edirəm ki, münsibətlərimiz bundan sonra da inkişaf edib güclənəcək.


-
İki ölkə arasındakı münasibətlərin kökləri barədə müxtəlif fikirlər səsləndirilir. Bir səfir olaraq  bu barədə siz nə deyə bilərsiniz?

- Bizim münasibətlərimiz faktiki olaraq çox-çox illərə gedib çıxır. O illərə ki Azərbaycan SSRİ-nin tərkibində idi, yəni müstəqil dövlət deyildi. Məndə olan məlumata görə, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin XX əsrin əvvəllərində Pakistana çox böyük dəstəyi olub. Həmin vaxtlarda vəba xəstəliyi geniş ayılıbmış. Hacı Zeynalabdin Tağıyev də müsəlmanları vəba xəstəliyindən xilas etmək üçün Pakistana böyük həcmdə vaksin göndərib. Bunu bir xeyriyyəçi kimi edib. Onu da deyim ki, onun köməyinin nəticəsi çox yaxşı olub. Həmin ərazi Hindistanın subkontinental ərazisi olsa da, orada çoxlu müsəlman yaşayırdı. İndi isə həmin ərazi Pakistana məxsusdur.


Maraqlıdır, Azərbaycan haqqında daha hansı bilgilərə sahibsiniz?

- Bakının tarixi olan İçərişəhər və karvansaray haqqında çox eşitmişəm. Hətta İçərişəhərdə “Moltani” adlı məkan fəaliyyət göstərir. “Moltani” Pakistanın qədim şəhərlərindən biridir. İddialara görə, qədim karvanlar istirahət üçün Moltaniyə gələrmişlər. Ona görə də “Moltani” karvansarayı tikilib. Bu bir daha onu göstərir ki, iki ölkə arasında tarixi bağlar mövcuddur. Bu körpülərin möhkəm və davamlı olması üçün müvafiq işlər həyata keçirməliyik. Bu həm də ikitərəfli və strateji əlaqələrin qurulmasına dəstək olacaq.


- Cənab səfir, İkinci Qarabağ müharibəsi zamanı ölkəmizin hər yerində Türkiyə, Azərbaycan, Pakistan bayraqları yanaşı dalğalanırdı. Təbii ki, bu jestin kökündə sevgi dayanır. Bizim üçün maraqlıdır, Türkiyə-Azərbaycan-Pakistan münasibətləri dünyada yeni düzən yarada bilərmi?


 - Üçtərəfli əməkdaşlığı yeni dünya düzəni kimi xarakterizə etmək istəməzdim. Sadəcə onu deyə bilərəm ki, 3 qardaş ölkə olan Türkiyə  Azərbaycan və Pakistan əməkdaşlığı əhəmiyyətli dərəcədə davam edir.  Bu ilin yanvar ayında üçtərəfli görüşü İslamabad şəhərində keçirdik. Pakistan xarici işlər naziri  Türkiyə və Azərbaycan xarici işlər nazirlərini İslamabadda qonaq qəbul edərək, bir sıra məsələləri müzakirə etdilər. Təbii ki, qarşıya qoyulan hədəflər iqtisadi, siyasi müdafiə, sosial xarakterli idi.  Eyni zamanda, dünyanın bu gün mübarizə apardığı COVID-19 pandemiyası da əsas müzakirə mövzusu idi. Çünki pandemiya ilə bağlı yeni çağırışlar və onların həll edilməsi çox əhəmiyyətlidir. Həmçinin, iqlim dəyişikliyi və islamafobiya da XİN başçıları tərəfindən müzakirə edilib. Bir çox sahələr üzərində müzakirələr aparılır və onlar üzərində işləyirik. Hesab edirəm ki, bu əməkdaşlıq gələcək aylarda və illərdə daha da möhkəmlənəcək.


- Mart ayı Pakistan dövləti və xalqı üçün əlamətdar ay kimi xarakterizə olunur. Belə ki, martın 23-cü milli bayramınızdır. Bu münasibətlə sizi təbrik edirik.

- Çox sağ olun. Təşəkkür edirəm. 1940-cı ilin 23 martında Pakistanın qurucu atası tərəfindən Birləşmiş Hindistan ərazisində müsəlman dövlətinin yaradılması ilə bağlı qətnamə qəbul olunub. Bu qətnamə Pakistanın yaradılmasından 7 il öncə qəbul olunub. Bu gün Pakistan inkişaf etmiş və uzaqgörən dövlətlərdən sayılır.


- Bu gün Pakistan dövləti  investisiya və sərmayə baxımından da çox əlverişli hesab edilir. Bu barədə Azərbaycan iş adamlarına  nə tövsiyə edərdiniz?

- Biz Azərbaycan şirkətlərini Pakistana sərmayə yatırtmağa dəvət edirik. Çünki Pakistan əməkdaşlıq etdiyi şirkətlərə əlverişli şərait təklif edir. Ümid edirik ki, belə bir şərait gələcəkdə də davam edəcək.



Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir