Modern.az

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media

3 Fevral 2010, 11:07

Modern.az-ın maraqla qarşılanan “Media əhvalatları» rubrikasında budəfəki qonaqlar həmkarlarımız Leyla Əliyeva, Rizvan Qənbərli, Elçin Rüstəmli və

İsmayıl İsmayılovdur

. Leyla Əliyeva, “Azadlıq” qəzetinin müxbiri

“Pənah mal dalınca gedib”

- “Baki Xəbər” qəzetində işləyirdim. Pənah Hüseyndən bir məsələyə münasibət öyrənməli idim. Ev nömrəsini unutduğumdan işdəki həmkarlarımdan soruşmalı oldum. Elşad Məmmədli mənə bir nömrə verdi. Həmin nömrəyə zəng edib Pənah Hüseyni soruşdum. Cavab verdilər ki, “Pənah 1-2 saata gələcək”. Deyilən vaxtda bir də zəng etdim, yenə eyni cavabı aldım. Lakin xəttin o başındakı adam bu dəfə onu da əlavə etdi ki, “Pənah mal dalınca gedib”. Təəcübləndim, soruşdum ki, “axı bura haradır?”. Cavab verdilər ki, “Elit” ticarət mərkəzi. Sən demə “Elit”də Pənah adlı işçi varmış, mən də onu soruşurammış... Siçovullar “parti verirmiş”

- “Yeni Müsavat” qəzeti Müsavat Partiyasının qərargahında yerləşdiyi vaxt mən orada işləyirdim. Yeni redaksiyaya köçməyə hazırlaşırdıq. Həmin vaxtlar redaksiyamıza siçovulllar hücum etmişdi. Bir səhər gəldik ki, telefonlar işləmir. Məlum oldu ki,  siçovullar xətləri yeyib. Növbəti gün isə stollarımızın üstü altına çevrilmişdi. O zaman baş redaktor Rauf Arifoğlunun köməkçisi Zuzu işə hamıdan tez  gelirdi. O, redaksiyaya daxil olanda səs eşidib. Ancaq ciddiyyə almayıb. Bir qədər keçdikdən sonra Zuzu kompüter otağında səs-küyün çoxaldığını eşidib. Tez-tələsik baş redaktorun müavini Azər Ayxana zəng vurub ki, bəs redaksiyaya oğru girib, kompüterləri aparır. Azər bəy də tələsik redaksiyaya gəlib. Qapını açanda məlum olub ki, səs-küy salan siçovullar imiş. Azər Ayxan da həmişə zarafatla deyirdi: “Siçovullar parti verirdilər. Gəldik mane olduq”. 

 

Rizvan Qənbərli, müstəqil jurnalist  

““Milliyyət”də uğursuzluğum”

- 2001-ci ildə Türkiyədə media ilə bağlı kursda oxuyurdum. Müqaviləyə görə həmin kursu müvəffəqiyyətlə bitirdikdən sonra Türkiyə qəzetlərindən birinə işə düzəlməli idim. Məzun olduğum zaman “Milliyyət” qəzetində işləməyə göndərildim. Redaksiyada mənim xarici xəbərlər şöbəsində müxbir kimi fəaliyyət göstərməyimə razılıq verildi. Protokol imzalandı, hətta maaşımın məbləği də hesablandı. Martın 12-də işə başlamalı idim. Çox böyük ümidlərim vardı. Ancaq fevralın 19-da Türkiyənin siyasi həyatında ciddi bir hadisə oldu. Milli Təhlükəsizlik Şurasının iclasında baş nazirin müavini hansısa mübahisədən dolayı Türkiyənin Konstitusiya kitabını Prezidentin üstünə fırlatdı. Bu hadisə Türkiyədə krizə səbəb oldu. İqtisadiyyat çökdü, müəssisələr bağlandı, işsizlik artdı. Həmçinin “Milliyyət” qəzetində kifayət qədər insan işdən çıxarıldı. Ona görə məni də işə qəbul olunduğum ərəfədə işə başlamamış ixtisara saldılar. Bu, mənim taleyimdə uğursuz, ancaq maraqlı bir hadisə kimi qaldı.

Padşah üzə bilmir

- Bir gün padşah vəziri ilə bərabər oturub xeyli baş sındırırlar ki, nə etsinlər ki, jurnalistlər onlardan yaxşı yazsınlar. Padşah deyir: - Biz bu qədər uğurlu işlər görürük. Ancaq jurnalistlər bizi sevmir ki, sevmir.

Vəzir cavab verir: - Padşah sağ olsun, elə bir şey etmək lazımdır ki, onu heç kim bacarmasın.

Padşah soruşur: - Mənim ağıllı vəzirimin təklifi nədir?

Vəzir: - Çayın üstündən yeriyərək bu taydan , o taya keçməlisiz.

Səhəri gün padşah göstəriş verir ki, bütün jurnalsitlər toplaşsın. Saray əhli ilə birgə padşah çay kənarına gəlir. Bütün jurnalsitlərin gəldiyini dəqiqləşdirdikdən sonra padşah verdiyi vədə əməl etməyə başlayır. Həqiqətən padşah çayın üstündən yeriyərək qarşı tərəfə keçir. Padşahla vəzir arxayın olur ki, sabah qəzetlər padşahın igidliyindən yazacaq. Ancaq bu dəfə də padşahın gözlədiyi olmur. Sabahkı qəzetlərin manşeti belə olur: “Padşah üzə bilmir”.

 

Elçin Rüstəmli, “Bizim yol” qəzetinin redaktoru      

 

«Seçki Məcəlləmiz demokratikdir» - 2005-ci il parlament seçkiləri ərəfəsi idi. Parlamentdə Seçki Məcəlləsinin qızğın müzakirəsi keçirilirdi. Həmişəki kimi jurnalsitlər də parlamentdə toplaşmışdı. Deputatlar müzakirələrdən sonra fasiləyə çıxdılar. Elə bu zaman Deputat Əhəd Abıyev də foyedə göründü. O, əlindəki Seçki Məcəlləsinin layihəsini yumurulayıb zibil qabına atdı. Səhəri gün isə «Azərbaycan» qəzetində Əhəd Abıyevin «Seçki Məcəlləmiz demokratikdir» başlıqlı irihəcmli məqaləsi çap olundu.

  

Səfir ağlamağına peşiman oldu

- Türkiyənin Azərbaycandakı sabiq səfiri Hüseyn Avni Qarslıoğlunun gəlişi münasibəti ilə jurnalistlərə ziyafət verilirdi. Ölkənin əksər media rəhbərləri orada idi. Hüseyn bəy jurnalistlərə İranda konsul olduğu vaxt xatirələrini danışırdı. Səfir Araz çayının sahilində dayanaraq Azərbaycanın nə zaman müstəqil olacığını düşündüyünü söyləyib ağladı. Səfirin bu jesti bəzi jurnalistlər tərəfindən çox pis qarşılandı. Hətta bəziləri güldü də. Adını çəkmək istəmədiyim tanınmış baş redaktorların biri isə «kişini niyə ağladırsınız əəə…?” deyə replika atdı. İnandırım sizi ki, cənab səfir ağladığına çox peşiman oldu. İsmayıl İsmayılov, “Media forum” saytının redaktoru

“Bayram günündə hamı işdə olsun”

- Ötən il iyunun 25-də gərgin iş günü idi. Mətbəxdə nahar eləyəndə Hikmət Sabiroğlu ilə bir plan qurduq. İyunun 26-nı - Silahlı Qüvvələr Gününü, yəni rəsmi dövlət bayramını və “Media forum”un bir qayda olaraq istirahət etdiyi şənbəni - iyunun 27-ni yalandan iş günü elan edirik.

Baş redaktor Azər Qaraçənli xarici şəfərdə olduğundan mən onun müavini Hikmət Sabiroğlunun adından daxili poçta iyunun 26-sı və 27-nin “Media forum”da iş günləri elan olunduğunu yazdım. Mətbəxdə qurulmuş plandan digər işçilərdən yalnız bir nəfərin xəbəri vardı - Aynur İmanova da işin içindəydi, ondan xahiş etdik ki, səsini çıxarmasın.

Rəsmi dövlət bayramının, üstəlik, şənbənin iş günü elan olunduğunu eşidən uşaqlar qəzəblə üstümə cumdular. Mən soyuqqanlılıqla xəbəri təsdiqlədim:

- “Sabah və birigün işləyirik?” sualı olan Hikmət Sabiroğluna müraciət etsin.

Adətən zarafatcıl, mülayim görünən Hikmət isə sualları çox ciddi ifadə ilə qarşıladı: - Hamı bir nəfər kimi işdə olmalıdır. Parlamentin QHT-lərlə bağlı qanuna etmək istədiyi düzəlişlərlə bağlı təcili materiallar lazımdır. Nə bayram, nə şənbə? Saat 10-da işdə görüşürük. Yalnız İran xəbərlərinin aparıcısı Atilla Maralanlı işə saat 12-də gələ bilər.

Yadımdadır, İmdad Əlizadə iyunun 26-da toya gedəcəyini söylədi. Hikmət dərhal qayıtdı ki:

- Toy axşam saat 6-dadır. İşə gələrsən.

Redaksiyada məyusluq və gərginlik axşama qədər davam etdi. Ancaq sonda hamı bunun bir oyun olduğunu anladı. Bəzilərinə Aynur işarə veribmiş, həm də rəhbərlik evə gedən işçilərin heç birinə “sabah işə gəl” xəbərdarlığı etmədi...

Səhəri gün evdə oturub çay içirdim. Zəng gəldi. Atilla Maralanlı çox həyəcanlı səslə deyir:

- Bu gün iş var, ya yox?

- Yox.

- Mən gəlmişəm işə, burda “axran”dan başqa heç kəs yoxdur.

- Atilla, hamı bunun zarafat olduğunu bildi axı...  

Durub işə gəlibmiş. Atilla narazılığını bildirmək üçün hətta Hikmətə də zəng edir. Atilla həmin gün çoxdan planlaşdırdığı vacib bir işini buraxıbmış. Üstəlik kor-peşman evə qayıdarkən ofisimiz yerləşən binanın lifti xarab olur, 10 dəqiqə də belə dilxor olur...

 

“Oğlunuzla görüşə bildinizmi?”

- Bu hadisə isə 2009-cu il noyabrın 25-də olub. “Media forum” saytının baş redaktor müavini Hikmət Sabiroğluna jurnalist Qızılgül Abdinovadan telefon zəngi gəlir. Şəhər nömrəsini dəqiqləşdirən jurnalist zəng edəcəyini bildirir. Baş redaktor Azər Qaraçənli xəstə olduğundan bütün işin ağırlığı Hikmət Sabiroğlunun üstündədir, o siqaret belə çəkməyə macal tapmır. Yandırmağa hazırlaşdığı siqareti eləcə tutub Qızılgülün zəngini gözləyir. Qızılgül də heç cür şəhər nömrəsinə zəng vura bilmir. Səbri tükənən Hikmət mobil telefonla Qızılgülü yığır. Jurnalist xanım belə sual verir:

- Oğlunuzla görüşə bildinizmi?

Sən demə, Qızılgül Hikmət Sabiroğlunu Hikmət Hacızadə ilə səhv salıb, ondan Hacızadənin həbsdə yatan oğlu Adnan Hacızadənin əhvalını soruşmaq istəyirmiş...  

 

Hazırladı Günay Musayeva

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir