Modern.az

İTBAŞI (20-ci bölüm)

İTBAŞI (20-ci bölüm)

22 Mart 2021, 10:35

Mahir Qabiloğlunun romanı 

("İTBAŞI"nın 1-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 2-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 3-cü bölümünün LİNKİ) 

("İTBAŞI"nın 4-cü bölümünün LİNKİ) 

 ("İTBAŞI"nın 5-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 6-cı bölümünün LİNKİ)

("İTBAŞI"nın 7-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 8-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 9-cu bölümünün LİNKİ)

("İTBAŞI"nın 10-cu bölümünün LİNKİ)

("İTBAŞI"nın 11-ci bölümünün LİNKİ) 
("İTBAŞI"nın 12-ci bölümünün LİNKİ)

 ("İTBAŞI"nın 13-cü bölümünün LİNKİ)

("İTBAŞI"nın 14-cü bölümünün LİNKİ) 

 ("İTBAŞI"nın 15-ci bölümünün LİNKİ) 

("İTBAŞI"nın 16-cı bölümünün LİNKİ) 

("İTBAŞI"nın 17-ci bölümünün LİNKİ)
("İTBAŞI"nın 18-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 19-cu bölümünün LİNKİ)

Üç gün keçib. Yolaverənlər şahlığı. Baş vəzir Hətəm şahın hüzurundadır.

– Ürəyini çox qısma, Qüdrət.

– Nə “Qüdrət”? Sənə min dəfə demişəm ki, mənə “şahım” de.

– Başüstə, şahım. Deyirəm ki, ürəyini qısma. Əsas binadır – qalıb. Bellərinə alıb aparmayıblar ha... Oranı karvansaray edərsən. Yaxşı da pul gələr.

– Hətəm, bütün arzularım heç oldu. Mən gözlənilən zərbələrin qarşısını almaq istəyirdim. Amma Karine daha ağıllı tərpəndi. Yaxşı oturtdu məni yerimdə. Xalı da özünə yazdırdı heç bir zəhmət çəkmədən.

– Karine kimdir axı? Allah belə məsləhət bilib.

– Heyf o boyda zəhmətimdən.

– Düz deyirsən, şahım. Nə qədər qızıl xərcləndi ora.

– Sənin də başın puldan o yana getmir. “Qızıl, qızıl”. Axı sən hardan biləsən ki, bu Qüdrət nə oyun qurmuşdu? Heyf. Amma bir tərəfdən ayıltdı məni. Deməli, ona xəbər çatdıran var mənim şahlığımdan. Pah. Guya ki, nəsə böyük bir kəşf elədim. O boyda madərşahlığın o boyda baş vəziri Yolaverənlər şahlığındandır. Mən isə casus kəşf eləyirəm özümdən. Ümumiyyətlə, bütün dünya xəyanət və xəbərçilik üstündə bərqərar olub. Həvva nənəmizin südüylə keçib bizə bu xəyanət.

– Ay Qüdrət, axı bildiyim qədər sənin nənənin adı Həvva yox, Fatma idi.

– Hətəm, sən Allah get. Onsuz da əsəbiyəm, acığımı tökməyə yer axtarıram. Birinci elə səndən başlayaram.

Hətəm başını aşağı salıb otaqdan çıxır. Qüdrət tək qalır: sındırdı məni Karine. Çətin ki, tezliklə özümə gələm. Nahaq hay-həşir saldım. “Bura qala divarı çəkdir” deyən alimin sözlərini də nahaq qəribsiliyə saldım. Həqiqətən də çətinmiş qorumaq belə bir məbədi. Ara yerdə biabır oldum xalqımın qarşısında. Pıçhapıç götürüb paytaxtı. Bu xalq ilk dəfəydi ki, belə şey görürdü. Qoşunla gəlib gözüm görə-görə, saymazyana şəkildə kitabxananı arabalara yükləyib apardılar. Sonra alimlərdən biri deyir ki, bəs onlara Karinenin “Bağışlamaq sənədi”ni göstəriblər. Yoxsa ki, kəsibmişlər qabaqlarını. Məni isə heç saymayıblar. Nəzakət xatirinə kağızı da göstərməyiblər. Alimlərimdən də bəzilərini aparıblar. İndi nə edim? Kabus gəlsəydi, dərdimi bölüşərdim. Köməkdən söhbət gedə bilməz. Elbrus ləşkərini görəndə yaman vahimələndim. Həqiqi hücuma keçsəydilər necə olardım? Göyverənin şahzadələri qələt eləyir bunların əsgərlərinin yanında. Hələ bunlar kitab dalıyca gələnlərdir. İndi gör... Yox. Bundan sonra Elbrus adını dilimə belə gətirməyəcəyəm. Eh, kitab cəhənnəmə. Ara yerdə Karineyə xal qazandırdım imperatorun yanında. Bax bunu heç vaxt bağışlamaram özümə. Qocalmısan artıq, Qüdrət. Çətin ki, bundan sonra gücün çata Karineyə. Artıq arxalı qancıqdır. Mən isə qoca qurd. “Arxalı köpək isə qurd basar” deyib aqillər. Kabus harda qaldı ye... Başına qoyulan qızılın məbləği bir ildə doqquz dəfə artıb. Bəlkə...

Bu dəm gizli qapı döyülür. Kabus içəri girir. Qüdrət Şahın üzü gülür.

– Lap vaxtında gəldin, Kabus. Narahat idim sənə görə. Fikirləşirdim ki, başına qoyulan doqquz yüz qızılın qurbanı olmusan artıq.

– Ey bizim ağsaqqalımız, mənim üzümü ailəmdən başqa heç kim tanımır. Onlar da Kabus yox, tacir kimi. Başqaları necə tanısın ki, hələ aparıb məni təhvil də versinlər? Narahat olmayın. Mən Kabusam. Özü də adıma layiq kabus. Özü də sizin kimi ağsaqqalı olan birini kim məhv edə bilər?

– Yox. Ehtiyatı əldən vermə. Gördün Karine neylədi? Mənim kimi adamı sındırdı.

– Bizim Elbrus elindəki dostlarımız da məyusdurlar. Karine xəbər tutub aranı qatıb. Yoxsa hər şey siz deyən kimi olacaqdı. Bütövlükdə kitabxana, mədrəsə və alimlər sizin adınızdan ərməğan ediləcəkdi. Əlbəttə ki, heç yana daşınmadan, İmperator kitabxanasının bir qoluna çevrilmək şərtiylə. Heyf. Yaxşı fikirləşmişdiniz. Nə edək ki, Karine çox məkrli qadındır. Siz deyirdiniz, mən inanmırdım. Amma sınmaqdan danışmayın. Mənim sizin kimi, sizin də mənim kimi dostunuz var.

– Qızlardan nə xəbər, ay Kabus?

– Artıq bir ildən çox vaxt keçib. Heç bir xəbər yoxdur, ey bizim ağsaqqalımız. Lağım atmaq istədim qalaya. Alınmadı. Gecələr qala divarlarından kənarda da qul döyüşçülər dayanır. Özü də on addımdan bir.

– Bu, lələnin dəst-xəttidir. O, mühafizə işlərini gözəl bilir.

– Məni də belə sındırdılar, ey bizim ağsaqqalımız. Ömrümdə ağlıma gəlməzdi ki, kimləri-kimləri sındıran birini, bu cür əlacsız günə salmaq mümkün olarmış. İndi başa düşdüm ki, biz kabuslara sevmək, evlənmək niyə yasaq imiş. Bu düzələr inşallah. Əsas sizsiniz. Mən nə edə bilərəm sizin üçün?

– Heç nə. Gözləmək lazımdır. Özündən muğayat ol, mənə bəsdir.

– Gecəniz xeyrə, ey bizim ağsaqqalımız. Allah sizi qorusun.

– Xeyrə qarşı.

 

* * *

 

Madərşah Karinenin bu gün kefi kökdür. Məkrubəylə vədələşdiyi gündür. Hər dəfə də vaxtı və görüşəcəkləri yeri dəyişirlər ki, kimsə əvvəlcədən tələ qura bilməsin. Karine yaman həyəcanlıdır. Bədəni titrəyir. Uçunur. Sanki ilk dəfə ər otağına girən gəlindir. Mühafizlərin müşayiətiylə qaladan çıxır. Kaminat qəsrinə doğru yol alırlar. Vədələşdikləri yerdə artıq Məkrubə onu gözləyirdi. Bir az arxada isə döyüşçü qullar dayanmışdılar. Karine ora azca qalmış atından düşdü, mühafizlərə gözləmək əmri verdi. Sonra yeyin addımlarla kolların arxasında gözdən itdi. Tez təğyiri-libas oldu. Məkrubəyə çatıb ata mindi. Bərabər qəsrə doğru yol aldılar.

– Madərşahım, bu gün sizə elə bir şey hazırlamışam ki, tayı-bərabəri yox. Niyə bu vaxtacan nəzərimdən qaçıb bilmirəm. Pələng dərisi geyindiyi üçün demirəm, əsildə pələngə bənzəyir. Təlimlərdə rəqibinin üstünə pələng kimi nərə çəkib atılır. Hələ ona qalib gələn olmayıb.

– Baxarıq, görərik. Sən mənə şahzadələrdən danış. Bir ildən artıqdır ki, burdadırlar. Nə öyrəniblər?

– Madərşahım, əvvəl-əvvəl ağlayırdılar, sızlayırdılar. Bəzilərinin isə vecinə deyildi. Ailələri pis olduğundan qurtulmuşdular köhnə həyatlarından. Axır ki, bu xüsusiyyətlərini tərgitdim onlara. İndi hamısının sifəti donub elə bil. İnsan deyillər. Təkcə gözəllikləridir nəzərəçarpan. Artıq ailələrini də unudublar. Deyirlər ki, bizim anamız madərşahdır. Üzünüzü görməsələr də...

– Elə bu?

– Qılıncoynatma və at çapma dərslərini hamısı qavraya bilmir. Daha doğrusu fiziki gücləri çatmır hələ.

– Eybi yox. Nəzərində saxla. Axırda saf-çürük edərik. Sən ən bacarıqlılarını ayır bir tərəfə. Lələ onlarla xüsusi məşğul olsun. Vəliəhd dərsləri keçsin onlara.

– Başüstə, madərşahım. Amma qəribə adamsınız. Hərəmxanada rəqiblərinizi aradan götürürdünüz, burda isə şahbanu hazırlayırsınız.

– Hamı müvəqqətidir bu dünyada. İnsan özündən sonranı da düşünməlidir. Mən balaca bir şahlığın vəliəhdi idim. Hərəmxanada rəqiblərimi aradan götürməsəydim, on bu şahlıq boyda ərazini özündə birləşdirən şahənşahlığa sahib ola bilməzdim. Bundan sonra mənim uşağım olmayacaq. Şahzadələrdən biri olacaq mənim yerimə. O isə daha yüksəklərinə nail olmalıdır. Lələnin, sənin, alimlərin bilmədikləri şeyləri isə mən ona başa salacağam. Hər şeyi fikirləşmişəm. Qalıb həyata keçirmək. Ona görə də ciddi ol, tələbkar ol bu işdə. Hər şey səninlə lələdən asılıdır. Lap təbibliyi də öyrət xüsusi seçilənlərə, zəhərləyib öldürməyi də...

– Böyük şərəf verirsiniz mənə, madərşahım. Canla-başla əmrlərinizə müntəzirəm.

Kaminat qəsrinin hamamı. Pəhləvan cüssəli oğlan isti mərmər daşın üzərində uzanıb. Karine əlindəki kisəni sabunlu suda isladıb havada yellədir. Kisə köpdükcə onu sıxaraq içindəki köpüyü oğlanın üstünə boşaldır. Sonra baş tərəfində diz üstündə oturub, onun şişmiş qol əzələlərini ovuşdurmağa başlayır. Yavaş-yavaş keçir sinəsinə... Beləcə, əllərini oğlanın bütün bədənində gəzdirir.

– Ay oğlan, adın nədir? – bu təmasdan bihal olan Karine soruşur.

– Adımı neyləyirsən? Kisəçisən – başını sal aşağı işini gör.

Bunu eşidən Karine əsəbləşib özündən çıxmaq istəyəndə yadına düşür ki, burda madərşah yox, kisəçidir.

– Niyə axı acığına gəlir? Nə dedim ki, xətrinə dəydi, ey gözəl oğlan?

– Tiqerişdir adım, yəni ki, pələng, yırtıcı, qəddar, hiddətli.

– Nə qəribə adın var? Öz adındır, ya ləqəb veriblər sənə?

– Sənə nə dəxli var axı bunun? Kisəçisən kisəçiliyini elə. Yoxsa saçından tutub sürüyərəm səni.

– Bacarmazsan, ey gözəl oğlan.

– Bacarmaram?

– Yox. Bacarsaydın çoxdan bu nəvazişlərdən qızışıb məni altına soxmuşdun. Amma ki, bir təpər görmürəm səndə. Adını da pələng qoymusan. Axı sənin haran pələngdir? Yəqin pələng dərisi geydiyinə görə belə çağırırlar səni. Dovşan olsaydı belə...

Tiqeriş Karineni sözünü axıra çatdırmağa qoymur. Ani cəldliklə onu mərmər daşın üstünə uzadıb...

 

* * *

 

Hamam. Gecə yarıdan keçib. Karine də, Tiqeriş də halsız vəziyyətdə isti mərmərin üstündə uzanıblar.

– Tiqeriş, demədin axı hardansan?

– Rum elindən.

– Bəs bizim dili hardan bilirsən?

– Qalada öyrətdilər.

– Məndən xoşun gəldi? Gözələm?

– Tutaq ki, hə.

– “Tutaq ki” niyə? Sadəcə de ki, gözələm.

– Gözəlsən. Rahat oldun? Bəs sənin adın nədir?

Karine tutuldu. Az qaldı ki, öz adını desin. Aylardır beynini qazıyan ad yadına düşdü.

– Kabusə, ey mənim igidim. Yəni ki, gizli, gözəgörünməz.

– Gözəl səslənir. Amma, heç kisəçiyə oxşamırsan.

– Bəs nəyə oxşayıram?

– Nəyə yox, kimə.

– Yaxşı, kimə?

– Ya şahzadəyə, ya da ki...

– Ya da ki...

– Fahişəyə.

– Nə? – deyə Karine qışqırdı. Yanında qılınc olsaydı çoxdan çıxarıb başını kəsmişdi Tiqerişin. Amma yadına düşdü ki, o kisəçidir. Özünü tez ələ aldı, – Niyə elə fikirləşdin ki?

– Fahişələr çox gözəl olur. Amma mənim sənə veriləcək pulum yoxdur. Dostlarımdan da sənin haqqında çox eşitdiyimə görə belə fikirləşmişdim. Amma dedikləri düz imiş. Buna əmin oldum.

– Nə deyirlər ki?

– Deyirlər ki, od-alovsan. Səni ram etmək çətindir. Amma gördün ki, mən ram etdim. Üçüncü dəfədən sonra “azadlığa çıxa bildin”.

– Tələsmə, oğlan. Hələ bitirməmişik. İndi mən pələngi ram edəcəyəm, – deyə Karine Tiqerişin üstünə çıxıb belini yerə vurdu. O, müqavimət göstərmək istəsə də Karinenin gözəlliyi və ehtirası qarşısında təslim oldu.

 

* * *

 

Qüdrət Şahın sarayı. Baş vəzir şahın hüzurundadır.

– Hətəm, iki ildən çoxdur ki, nə paytaxta çıxıram, nə də əyalətlərə. Eləcə qapılıb qalmışam sarayda. Nə var, nə yox məmləkətdə?

– Hər şey qaydasındadır, şahım.

– Ola bilməz, Hətəm. Yəni ki, xalq şad-xürrəm yaşayır?

– Hə.

– O necə olur? İnanmaram.

– Deyim, sən də inan. Yadındadırmı Həqqi Şahın vaxtında, elə Göyverənin də şahlıq dövründə “Dədəm gətirib, nənəm bişirib, mən yemişəm” deyənlər vardı. Baxırdılar varlıların cah-cəlalına, şişməmək üçün bu sözləri təkrar edirdilər.

– Yadımdadır.

– Sonra sən baş vəzir oldun, Göyverən də şahənşah. Hər addımda “Dədəm gətirməyib, nənəm bişirməyib, mən yeməmişəm” sədaları eşidilməyə başlandı.

– O da yadımdadır. Nə olsun ki?

– İndi nə birincini deyən var, nə də ikincini. İnsanlar şükür edirlər ki, nə sən, nə də madərşah camaat arasında görsənmirsiniz. Çünki hər görsənəndə camaatın güzəranı yaxşılaşmaq əvəzinə daha da pisləşirdi.

– Belə de. Deyirsən ki, xalqım xoşbəxtdir?

– Hə.

– Amma izahını tam vermirsən.

– Burda qaranlıq nə var ki? Şahını, madərşahını görməyən, tanımayan xalq xoşbəxt xalq sayılır. Deməli, hər şey qaydasındadır ki, hökmdar müdaxilə etmir. Yoxsa ki, Göyverən hər paytaxta çıxıb qayıdandan sonra bir qərar verirdi. Çanaq isə xalqın başında çatlayırdı.

– Anladım. İndi deyirsən ki, xalqım məni tanımır?

– İki ildən çoxdur ki, görmürlər. Yəqin özün də, üzün də yadlarından çıxıb.

– Əla, Hətəm, əla! Mən belə şah olmağı arzulamışdım. Heç nə etməyə-etməyə buna nail olmuşamsa – əla. Göyverən Şah demişkən: “Əla-ül-əla!”

 

* * *

 

Səhərdir. Karine taxtına yayxanıb. Gözləri xumarlanıb. Yuxusu gəlir: gözəl gecəydi. Heç belə olmamışdım əvvəllər. Tiqeriş o biri atlantlarımdan fərqlənir. Nəsə qeyri-adilik var onda. Kobudluğu daha da ehtirasımı artırır. Bir az da pünhan görsənirdi mənə. Xiffət çəkir deyəsən. Ola bilsin doğma el-obası üçün darıxır. Axı mən də qul olmuşam. Onun çəkdikləri mənə doğmadır. Qala da məhbəs kimi yerdir. Heç yana çıxmırlar. Yaxşı ki, özləri kimi xidmətçi qul qızlar var. “Hirslərini” onlara boşalda bilirlər. O da hərdən. Yoxsa lap pis olar. “Xidmətçi qul qızlar”ı da kinayəylə dedim. Guya sən özün kimsən ki, Karine? Kisəçi deyilsənmi? Bu boyda madərşaha yaraşarmı o cür hoqqalardan çıxmaq? Ehtiraslı nəvazişlərdən, dişləklərdən ağ maya kimi qızdan həbəş qızına çevrilmək? İndi də sızıldayır bu öpüşlərin yeri. Amma Tiqeriş o birilərindən fərqlənirdi. Bəlkə azad edim onu getsin? Yox. Niyə yox? Özün bu yolları keçmisən. Niyə onun əzablara düçar olmağını istəyirsən? Yox. Qoy hələ məşğul olsun mənimlə. Sonrasına baxarıq. Bəlkə vurulmusan? Yox. Ola bilməz. Madərşahlar vurulmazlar. Onlar yalnız xalqlarına ərə gedə bilərlər. Vəssalam. Bəlkə kapitanın gəmiyə buraxdığı azğın siçovul kimi sən də öz yarını tapmısan? Bəlkə də. Yox, heç vaxt. Mən siçovul deyiləm. Mən qartalam. Yeni uçuşuma hazırlaşıram. Az qalıb bu uçuşa. Artıq qanadlarımı açmışam. Qalıb pərvazlanmağım. Sevsəm, o deməkdir ki, özüm öz əllərimlə qanadlarımı qırıram. Eh, bunları niyə fikirləşirəm ki? Nə olacaqsa, o da olacaq. Yazıya pozu yoxdur. Görsəm ki, vuruluram, yatan yerdə bıçağı soxaram ürəyinə, qurtarıb gedər. Yox. Mən madərşaham. Məkrubə ölüb? Ona tapşırarsan.

Baş vəzir Dürəngin otağa girməsi Karineni xəyalından ayırır.

– Nədir, Dürəng? Vacib sözün var?

– Bəli, madərşahım. Mükafatı min qızıla qaldırdım. Bir ildən çox vaxt keçib. Dəmdəməkidən başqa gələn yoxdur. Hamıya da car çəkir ki, “madərşah yalançıdır. Deyirəm Kabusun kim olduğunu, amma qızılları vermir”. Bu min qızıl da dilləri açmasa, ümid sizin sonuncu mükafatınızadır.

– Alınar, Dürəng, alınar. Alınmasa, vədəsi çatanda özüm deyəcəyəm.

– Ömrünüz uzun olsun, madərşahım.

– Qüdrətdən nə xəbər? Çoxdandır heç nə demirsən ondan.

– Sakitçilikdir, madərşahım. Səsi çıxmır. Deyəsən barışıb taleyiylə – siz ona “Elbrus dərsi” keçəndən sonra.

– Müvəqqəti haldır. Fürsət gözləyir. İstənilən an yenidən baş qaldıra bilər. Onu boş buraxmaq olmaz. Nəzərlərin üstündə olsun.

– Başüstə, madərşahım.

– Dürəng, sən bilirsənmi ki, baş vəzirlər niyə ağıllı, tədbirli olurlar?

– Xeyr, madərşahım.

– Əlbəttə ki, bu tərifin sənə dəxli olmasa da deyim bil. Çünki baş vəzirlik mənsəbi varislik əsasında nəsildən nəslə keçmir – şahlardan fərqli olaraq. İstənilən an itirə bilərlər hər şeylərini. Hətta həyatlarını da... Həyatlarını, yığdıqları var-dövləti itirmək qorxusu isə bəzilərində şah olmaq arzusu yaradır. Qüdrət indi o arzuyla yaşayır. Amma həm də çox gözəl bilir ki, bu ondan asılı deyil. Hətta məni devirib yerimə oturarsa belə, geci-tezi var. Qətlə yetiriləcək nə vaxtsa. Necə ki, Qaflan, necə ki, Qurban... Amma elə baş vəzirlər də olur ki, taxt-tacı ələ keçirə bilirlər. Elə mənim ulu babam – Kaminat kəndindən çıxan sadə bir kəndli, saray mehtəri sonda gəlib baş vəzir, daha sonra isə şah oldu. Amma buna çatmaq üçün əsas bir şeyi qurban verdi – xalqının aliliyini. Köləyə, təbəəyə çevrildi xalqı – nə qədər yaxşı yaşasa da... Mən bu köləliyi xalqın canından çıxartmalıyam, Dürəng. Amma nə edim ki, alınmır hələ. Qızıl çoxdur, xəzinə aşıb-daşır, amma xalqı fitrətinə qaytara bilmirəm. O qədər köləliyə öyrəşiblər ki, onlara hədiyyə etdiyim qızılları da qoruya bilmirlər. Arxalarında dursam da dirçəlmirlər. Çünki inamları ölüb. Əziliblər, döyülüblər. Bircə göyverənə çevrilməyiblər. Buna şükür edirlər. Göyverən təriqəti o boyda Xristian, elə İslam dinini də məhv edərək böyrü üstə qoyub. Mənim verdiyim qanunlarla ibnəlik, Göyverən təriqəti cinayət sayılsa da, amma bu, xof şəklində bütün kişilərin içində yaşayır. Ailələr dağılır, qadınlar, uşaqlar bədbəxt olurlar. Bilirsənmi qadınlar niyə bədbəxt olurlar? Çünki kişilərdən üstün olduqlarını görürlər. Bütün bunlar olmasaydı madərşahlığın üzərində kabus dolaşa bilərdimi? Camaat haqq ödədikləri adamı min qızıl mükafat müqabilində belə, ələ vermək istəmir. Bilir ki, o Kabus fərraşlarla, vergiyığanlarla əlaqəlidir. Yəqin məndən də şübhələnirlər ki, onu himayə edirəm. Sənin özündə də şübhə var ki, onun adamlarını zindandan mən buraxdırmışam. Amma mən o hökmdarlardan deyiləm. Mən hakimi-mütləq sayıram özümü və bu yolda Kabus bir maneədir. O, məhv edilməlidir. Amma ki, mən öldürməliyəm onu. Zindandan məhkumları necə qaçırdığını öyrənəndən sonra. Onu kimin himayə etdiyini biləndən sonra. Yəqin ki, bu səninçün də maraqlı olar.

– Bəli, madərşahım.

– Elə isə tap onu.

– Axrarırıq, madərşahım. Amma ümidimi sizin sonuncu mükafatınıza bağlamışam.

– Rəiyyət necədir? Necə dolanır?

– Hər şey qaydasındadır, madərşahım. Tam sakitçilikdir. Bəlkə də Kabusun qeybə çəkilməsidir bu sakitçiliyi yaradan. Ya da ki, baş vəzir mənsəblərinə adamları düzgün seçməyinizdir buna səbəb. Bilmirəm. Bircə onu bilirəm ki, başlarını aşağı salıb işləyirlər, dolanırlar. Varlısı da vaxtında vergi ödəyir, kasıbı da... Bəziləri bu günü, xiffətini çəkdikləri Qaflanın şahlıq dövrüylə müqayisə edir.

– Bəs Yolaverənlər şahlığında vəziyyət necədir?

– Orda da elə. Qüdrət Şah ümumiyyətlə heç nəyə qarışmır. Sarayından bir addım da kənara çıxmır. Məmləkətdən xəbərləri Hətəm çatdırır.

– Deməli, belə çıxır ki, hər şeyə maneə şahlar imiş? Yaxşı ki, Qüdrətin gözünün odunu vaxtında aldım. Sən baş vəzir olandan sonra qonşu şahlıqlara da sirayət edə bilmir. Məstur Şah və şahbanular da rahatdırlar. Baş vəzirlərə də əhsən, əgər həqiqətən düzgün idarə edə bilirlərsə. Sənə də əhsən düşür.

– Ömrünüz uzun olsun, madərşahım. Amma...

– Nə “amma”?

– Yenə də ağızları yığışmır. Boş-boş danışmaqlarını tərgitməyiblər. Pis yaşayanda da danışırdılar, indi yaxşı yaşayanda da...

– Eybi yox. Qoy danışsınlar. Danışıb boşalsınlar. Hürən it tutmaz deyib atalar. Amma elə et ki, hədlərini keçməsinlər. Bilirsən də nəyi deyirəm. Çox piylənəndə də fəsadlar yaranır.

– Düz buyurursunuz, madərşahım. Nəzarətimdədir o xüsuslar. Yeganə narahat qaldığım yer Kaminat qəsridir ki, ora da...

– Dürəng, sənə demişdim axı, ora burnunu soxma! – deyə madərşah qeyzlənir, – Keyfim gül kimi açılmışdı. Hamısını heç elədin. İtil gözümün qabağından! Get Kabusu axtar!

Dürəng təzim edib otaqdan çıxır. Madərşah tək qalır: bu da elə bilir ki, qaçmaq əmrinin kimin verdiyi maraqlandırır məni. Əsla. Məni maraqlandıran odur ki, Kabus bu camaatı necə idarə edir? Hökmdarların fərraşı, mühafizi, qoşunu, əyanı, valisi, hakimi, kəndxudası, daha nəyi-nəyi var. Hamısı da bu xalqı qorxudur, döyür, əzir, pulunu, malını əlindən alır. Amma xalq yenə də qorxmur. Qarğışı qarğış dalıyca tökür. Bazar meydanlarında söyüşün biri bir quruş. Əsas müzakirə etdikləri də mənəm. Hamı bilir, açıqca da deyir oğurlayanın, yığanın adını. Bıçaq sümüyə dirənəndə isə “lələgiryan” adıyla üsyana qalxırlar. Baxırsan ki, içində səfildən, kasıbdan çox libasını dəyişmiş varlı-əyandır. Başçıları da ki, İtbaşı. Amma Kabus neçə müddətdir çalıb-talayır, gözlərinin qabağında qarın yortub bağırsaqları bayıra tökür, amma heç biri köməyə gəlmir. “Fərraş, imdad!” deyə qışqırmır. Əlinə yaba götürüb ailəsini, özünü müdafiə etmir, yabanı Kabusun başına çırpmır. Bu özbaşınalığı cəzalandırmaq üçün yeni İtbaşı ümumiyyətlə gözə görünmür. Nədir axı kabusluğun sirri? Onlar varlıdır, yoxsa mən? Onlar şah kimi yaşayır, yoxsa mən? Bu xalqa onlar məsuliyyət daşıyır, yoxsa mən? Dürəng də deyir ki, hər şey qaydasındadır, camaat başını aşağı salıb dolanır. Bunu Kabusun qeybə çəkilməsi, ya da baş vəzirlərin yaxşı çıxmasıyla əlaqələndirir. Deyir ki, gözünün odunu aldığıma görə sakit oturub  Qüdrət də.  Əsla. Bunun bir səbəbi var. Çünki mən vaxt uduram. Ola bilsin Qüdrət də nəyəsə arxayındır ki, sakit oturub. Xalqım isə vaxtı gələndə öz madərşahını yaxşı tanıyacaq. Madərşahdan qızıllar hədiyyə alıb, Kabusa təhvil verən, sonda isə hökmdarını söyən xalqım. Hər şey yoluna düşəcək. Sadəcə, vaxt, vaxt, vaxt lazım. Bu zaman ərzində hər şey sakitçiliklə davam etməlidir. Şahzadələr püxtələşməli, əsas isə Kabus tapılmalıdır. Kabusu üzə çıxaracağam. Sonuncu mükafatımın vədəsi yetişir deyəsən. Azca da gözləyək. Nə qədər sakit dayanıbsa qoy hələ dayansın. Baxsam ki, hərəkətə keçir, onda elan edərəm.

 

* * *

 

Üç ay keçib. Məmləkətdə sakitlikdir. Madərşah Karine ara-sıra Kaminat qəsrinə baş çəkir. Bu gizli səyahətlərdə bircə şey dəyişib. Karine yalnız Tiqerişi hamamda görmək istəyir.

– Kabusə, lap bezdim e... Bu boyda qəsrdə başqa kisəçi yoxdur?

– Tiqeriş, pis çimizdirirəm ki, səni? – deyə Karine incik görkəm alır.

– Yox. Çimdirməyin yaxşıdır. Amma sevişmək istəmirəm səninlə.

– Niyə? Çirkin qızam? Mənim kimi dünya gözəlini hardan tapacaqsan? – deyə Karine naz satır.

– Orası elədir. Amma hər dəfə səninlə keçirdiyim gecədən sonra üç gün özümə gələ bilmirəm. Məşqə də çıxmayanda lələ danlayır məni. Boş bellə necə qılınc oynadım? Artıq məğlub oluram məşqlərdə. Yox. İstəmirəm. Gəlməyəcəyəm sənin hamamına. Başqasını çimdir. Çimməyə öz qul hamamımız da yaxşıdır. Qıza qalsa ordakılar da qəşəngdir.

– Eh, Tiqeriş, Tiqeriş. Yəni sənin gözün bu qədər kordur? Görmürsən ki, vurulmuşam sənə? Bir həftəni səbirsizliklə gözləyirəm ki, hamam günü gəlsin. Qızları çimizdirəndən sonra gecə qorxa-qorxa xəlvətcə sənə qovuşum. Arzulayıram ki, nəvaxtsa məqam tapaq, bir-birimizə qoşulub qaçaq burdan. Evlənək. Uşaqlarımız olsun. Sən isə... Yaxşı, sən deyən olsun. Təbib Məkrubədən xahiş edərəm, başqasını çağırar. Sən istəmirsənsə, mən dünəndən istəmirəm. Nə qəribə də adı var e... Tiqeriş. Yox bir, siçan tutan pişik.

Tiqeriş dinmədi. Susdu. Karinenin əlindən tutub könlünü almaq istəsə də, o, əlini hirslə çəkdi. Ayağa durub paltarını geyinmək istəyirdi ki, Tiqeriş cəld tərpənişlə onu arxadan qucaqlayıb ayaqlarını yerdən üzdü. Qolları arasında çabalayan Karineni isti mərmərin üzərinə uzatdı...

Gecə yarıdan keçib. Tiqerişlə Karine arxası üstə uzanıb gözlərini hamamın qübbəsinə dikiblər.

– İncikliyin keçdimi, Kabusə?

– Yox.

– İndi deyirsən daha məni çağırmayacaqsan?

– Çağırmayacağam.

– Niyə?

– Zəhləm gedir səndən.

– Ona görə pərçim olmuşdun mənə, qopara bilmirdim?

– Tərbiyəsiz. Danışdığı sözə bax bunun. Qurtarmışam səninlə.

– Dilin deyir, Kabusə. Heç mənim kimi qəşəng oğlanı da rədd etmək olar?

Karine dinmədi. Gözlərini yumdu. Bir an əvvəl yaşadıqlarını düşündükcə, bədəni atmağa başladı, – Səni sabah lələyə söydürməsəm, – deyib Tiqerişin üstünə hoppanaraq, onu ram etdi...

Səhərə az qalır.

– Tiqeriş, bayaq qaçarıq dedim, heç nə cavab vermədin. Yəni yerin belə rahatdır? Qul olmaq sənə xoşdur? Amma gözlərinə baxanda belə deməzsən – qəm-qüssə yağır.

– Mən qul deyiləm. Lələ deyir ki, biz Madərşah Karinenin əsgərləri sayılırıq. İndi özün fikirləş – qula da bu cür şərait yaradarlar? Quluqsa, onda qamçı başımızın üstündən əskik olmamalıydı. Burda isə bircə şey tələb edirlər bizdən – təlim. Nə səhərdən-axşamacan işlərdirlər, nə də ki, döyürlər. Bütün günü də təbib nəzarətindəyik. Çox şirin təbibimiz var. Adamı çox diqqətlə yoxlayır.

– Əvəzində başqa şey ummur ki? – deyə Karine qımışdı.

– Yox.

– Bəs başqalarıyla?

– Mən özümə cavabdehəm.

– Lələ də yəqin imam övladıdır.

– Yox, Kabusə. Lələ kişi xeylağıdır. Bəsdir gic-gic suallar verdin. Oranın sirrini sənə açmaram heç vaxt. Mən əsgərəm. Mən madərşahın əsgəriyəm.

– Nə madərşah, madərşah salmısan e... Heç üzünü görmüsən onun? Qarşısında dayanıb and içmisən? Bir dəfə də gəlib baş çəkməyib bizə. Qaladan heç yana buraxmırlar. Elə bil zindandayıq. Nə vaxtacan belə davam edəcək? Yaxşı, bizim gücümüz yoxdur, zənən xeylağıyıq. Bəs bu silahlı qullar ayağa qalxsa necə olacaq? – deyə Karine gözlərini Tiqerişin gözlərinə zillədi.

– Səni bazardan almayıblar yəqin. Qula da oxşamırsan, adi adama da... Ola bilsin ki, sarayın adamısan, ya da kiminsə casusu. Bu yolla məndən söz çəkmək istəyirsən? – deyib Tiqeriş Karinenin boğazından yapışıb boğmağa başladı. Madərşahın rəngi qaralırdı. Köməyə çağırmaq istəsə də səsi çıxmırdı. Bir az da belə davam etsəydi öləcəkdi. Amma birdən Tiqerişin əlləri boşaldı. Karineni buraxdı. O, döşəməyə sərələnib xırıldamağa başladı. Tiqeriş paltarını geyinib, Karineyə tərəf hirslə baxdı, – Fahişə! Casus fahişə! – deyib hamamdan çıxdı. Karine bir müddət hərəkətsiz qaldı. Sonra özünü toparlayıb ayağa durdu. Güzgüyə baxdı. Tiqerişin barmaqlarının izi boğazında aydın görsənirdi. Tez paltarını geyinib boynuna ləçək bağladı. Bir azdan təbib Məkrubə gəlib çıxdı.

– Necəydi, madərşahım? Razı qaldınmı? – deyə gülə-gülə soruşdu.

– Hə, yaxşıydı, – deyə Karine üzünə təbəssüm verdi, – Gözün üstündə olsun. Tiqeriş mənimdir.

– Madərşahım, ehtiyatlı ol. Birdən vurulub eləyərsən ha...

– Vurulsaydım köçüb burda qalardım. Bir də yeddi gündən sonra yadıma düşəcək. İndi isə gedək. Hava işıqlanır.

 

* * *

 

Madərşahlığın paytaxtı. Karine fikirli halda taxtında oturub: məni öldürmək istəyirdi Tiqeriş. Amma öldürmədi. Bir az da boğazımı gec buraxsaydı o dünyalıq olmuşdum. İndi belə çıxır ki, hamama qul gətirəndə əl-ayaqlarını qandallamalıyam? Yoxsa yanımda qəmə gəzdirməliyəm? Onda bunun nəyi məhəbbət oldu? Yox, əsas məsələ bu deyil. Tiqeriş məndən niyə şübhələnməliydi ki? Düzdü, onu yoxlamaq istəyirdim. Sınaqdan yaxşı çıxsaydı saraya gətirəcəkdim ki, qapıda mühafiz qoyum. Lazım olanda... Sınaqdan yaxşı da çıxmışdı. Qalanın onlara aid hissəsinin daxili sirrini vermədi. Amma madərşahdan söz salanda, mahiyyətcə çox yüngülcə əleyhinə danışanda həyəcanlandı. Mənə “fahişə” yox, “casus fahişə” deməyi isə ürəyimə şübhə toxumu səpdi. Deməli, casuslardan qorxur. Qaladan qovulmağından qorxur. Yeri yaxşı olduğuna görəmi? Məncə yox. Madərşahın əleyhinə danışan kimi qıcıqlandı. Bəlkə həqiqətən çox istəyir madərşahı? Üzünü görməsə də onlara olan bu cür münasibəti yüksək qiymətləndirir. Yox. Nəsə şübhəli qaldım. Məncə başqa məqsədi var bunun. Niyə beynimi yoruram ki? Qətlə yetirim, hər şey bitsin. Tələsmə, Karine, tələsmə. Üç aydır görüşdüyün, yatdığın adam birdən-birə sənə qarşı bu cür hərəkət edirsə, hətta öldürmək istəyirsə, deməli, burda nəsə var. Bu üç ayı çox gərginlik keçirib. O yalandır ki, gücdən düşürəm, ya filan... O, ilk gündən sənə casus kimi baxıb. O, qul deyil. Sarayın qanunlarını bilir. Onlar hasarın o tayında, qızlar isə bu tayındadır. Onları bu tərəfə buraxmırlarsa, deməli, burda yalnız seçilmişlər işləyə bilər. “Madərşahın əsgəriyəm” deməsi isə gəlişi gözəl sözdür. Çoxları guya mənə olan sədaqətini izhar etmək üçün bu sözü tutuquşu kimi təkrar edir. Tiqeriş də yəqin hansısa sirrini, gizli məqsədini malalamaq istəyir. Axı hansı sirrinin faş olacağından qorxur? Yaxud da məni niyə boğub öldürmədi? Cəzalanmağındanmı qorxdu? Axı mahiyyəti götürsək Tiqeriş qul, kisəçi Kabusə isə qulluqçudur. Nə cəza alacaqdı ki, qulu öldürdüyünə görə? Uzağı bir ay zindan. Qul öldürməyə görə qulu edam etməzlər. Yox. Deməli, başqa məqsədi var. O, qul deyil. Mən bu yolu keçmişəm Göyverən Şahın sarayında. Quldarlara bilə-bilə əsir düşmüşdüm ki, hərəmxanaya soxulum. Təcili qətlə yetirilməlidir Tiqeriş. Dayan, Karine. Tələsmə. Bəlkə Tiqeriş tək deyil? Dürəng də dəfələrlə məni xəbərdar etmişdi ki, qalaya qul adıyla casus girə bilər. Məkrubə isə yalnız xarici görünüşə və sağlamlığa nəzər yetirir. Tələsmə. Gələn həftə hər şeyi yerindəcə aydınlaşdırarsan. Bir də sınağa çəkərsən onu. Yaxşı olsa keçirərsən saraya. Təki ehtimallarım səhv olaydı. Deyəsən vurulmuşam ona.

 

* * *

 

Qüdrət Şahın otağı. Baş vəzir Hətəm hüzurundadır.

– Şahım, həyat lap darıxdırıcıdır. Bəlkə saraya əyan götürək?

– Niyə götürək? Onlarsız da insanlar bir-birini idarə edir. İndi deyirsən qırx saray əyanı təyin edək, onlar da ətraflarına on-on beş tanış-bilişini yığıb başlasınlar camaatın qanını sormağa? Lazım deyil. İkimiz bəsik. Heç fərraşlar, mühafizlər, qazilər, hakimlər də heç nə etmirlər. Əmin-amanlıqdır. Heç Karinenin də yadına düşmürük. Özün demirdin ki, əvvəllər necə yaşayırdıqsa, elə də olsun? Yadından çıxıb dediyin sözlər?

– Yadımdadır. Əvvəllər belə olmayıb axı. Əvvəllər paytaxta çıxanda hamı bilirdi ki, saray əyanı gəlir. Hamı kənara çəkilib yol verirdi. İndi isə az qalırlar tapdalayıb üstümdən keçsinlər. Mən belə deməmişdim. Bəlkə hərəmxananı bərpa edək?

– Tutaq ki, etdik. Hərəmxanadan sənə nə? Bir də ki, qoca kişisən. Hay-hayın gedib, vay-vayın qalıb.

– Gözəllikdən zövq almaq üçün gözlərim görür hələ ki...

– Karineyə baxıb zövq aldıq. Ömrümüzün sonuna qədər bəsimizdir. Uzaq elə hərəmxananı.

– Bəs bu sakitlik nə vaxtacan davam edəcək? Xəzinəyə qızıl axmır. Pul saymağı yadırğamışam. Darıxıram.

– “Xəzinəyə qızıl axmır”. Elə danışdın ki, lap yazığım gəldi sənə. Aylığını almırsan ki? Bəlkə məbləğindən narazısan?

– Yox. Şükür. Hər şey qaydasındadır.

– Onda nədir qarnının ağrısı?

– Sadəcə öyrəşmişəm ki, kənardan nəsə bir daş-başım olsun. İstəyirəm ki, xəzinə ağzınacan dolu olsun. Çatdırmayım saymağı. Tərəziylə çəkim. Lap Göyverən Şahın vaxtında olduğu kimi.

– Olmaz, Hətəm. Təhlükəlidir. Adım şah çağrılsa da qanunla buralar Karinenin mirası sayılır. Qanuni varis odur. Sabah başımı qoyub ölsəm xəzinə ona qalacaq. Belə heç olmasa qohum-əqrabaya çatar. Sən də bacardığın qədər kömək elə ətrafına. Nə qəqər çox adama pul versən, o qədər savab qazanarsan. Göyverənin xəzinəsini mən başıboş doldurdum, sonu nə oldu? Özün canlı şahidsən ki...

– Düz deyirsən, şahım.

– Qüdrət de mənə. Şah Göyverən Şah idi. Hətəm, görürəm ki, darıxırsan. Gəl sənə bir şey tapşırım məşğul ol.

– Sən əmr elə.

– Aslanı tap.

– Başüstə. Yəni bu elə çətin işdir ki?

– Bilmirəm. Asandırsa lap yaxşı. Tap onu. Denən ki, Qüdrət səni axtarır.

 

* * *

 

Kaminat qalasının zindanı. Tiqeriş qandallanıb. Əl qandalları tavana, ayaq qandalları isə döşəməyə pərçimlənib. Məkrubənin onun yeməyinə qatdığı bihuşdarının təsiri hələ tam keçməyib. Bir azdan Tiqeriş ayılmağa başlayır. Qarşısında Kabusəni görür.

– Tiqeriş, deməli, sən məni öldürmək istəyirdin. Niyə?

– Çünki sən casussan və indi görürəm ki, yanılmamışam.

– Tutaq ki, yanılmamısan. Bəs onda niyə öldürmədin?

– Qorxdum ki, qovarlar məni qaladan.

– Qovarlar, yoxsa qətlə yetirərlər?

– Həmin an qovulmaq gəldi ağlıma.

– Qovulmağın nəyi pisdir ki? Azad insan olacaqdın. Qul həyatına əlvida deyəcəkdin. Buna görə heç qorxarlarmı?

– Qula azadlıq verməzlər heç vaxt. Aparıb bazarda quldarlardan birinə satacaqdılar dəyər-dəyməzinə. Bu bir. İkincisi isə madərşahı görməmiş istəmədim ki, nə qovulum, nə də ölüm. Arzumdur bu.

– Yəni belə çox istəyirsən madərşahı?

– Bəli.

– Tutaq ki, gördün. Sonra?

Tiqeriş susdu.

– Səndən soruşuram. Tutaq ki, gördün. Sonra? – deyə Karine qırmancı Tiqerişin kürəyinə çəkdi. O dinmədi, – Sonra? – deyə Karine dübarə qışqırıb yenidən qırmancını havada yellədi, – Deməli, susursan. Nə deyirəm ki, sus. Amma mən gözləməyi xoşlamıram. İstədiyim cavabı isə alacağam – nəyin bahasına olursa olsun.

– Sonrasını mən madərşahı görəndə biləcəksən.

– Yaxşı, sualı dəyişim. Sən kimsən?

– Mən döyüşçü qulam. Adım da Tiqerişdir.

– Yox. Mən də adam tanıyanam. Sən qul deyilsən. Sən casussan. Çünki casusu ancaq casus tanıya bilərdi, – deyə Karine Tiqerişin qənşərində dayanıb, gözlərini onun gözlərinə dikdi.

Bu zaman təbib Məkrubə zindana girdi. Üstü örtüklü şeyi madərşahın qabağında yerə qoyub, – Dediyiniz hazırdır, madərşahım, – deyərək təzim etdi. Karine gözünü ağartsa da artıq gec idi. Bunu Tiqeriş də eşitmişdi.

– Madərşah? – deyə Tiqerişin sifəti dəyişdi. Gözlərinə qan çökdü. Çabalayıb qandalları qırmaq istəsə də alınmadı. Karine yenidən ona yaxınlaşıb qənşərində dayandı.

– Hə. Madərşah Karineyəm mən. Nə sözün vardı mənə? Deyə bilərsən.

Tiqeriş var gücünü toplayıb Karineyə kəllə atdı. Amma madərşah bu zərbədən yayındı. Bunun alınmadığını görən Tiqeriş Karineyə tərəf tüpürdü.

– Deməli, bu idi sənin arzun? Hələ qandallısan belə edirsən. Əl-ayağın açıq olsaydı nələr edərdin? Deməli, şübhələrim əbəs deyilmiş. Sən casus yox, qatilmişsən. Qətlinə fərman verildi artıq. Amma maraqlıdır mənimçün. Tiqeriş, niyə madərşahı öldürmək istəyirsən? Bu cür coşmağından anladım ki, mənə qarşı nifrətin sonsuzdur. Axı nə etmişəm sənə? Onsuz da öləcəksən, danış!

– Ölməkdən qorxmuram. Amma mən bu cür arzulamamışdım. Gözləyirdim ki, qalaya gələsən. Sıramız önündən keçəsən. Bax onda səni yalın əllə parçalamaq idi arzum. Heyf. Amma səni tanıyıb üzünə tüpürməyim də bəs etdi. Amma narahat olma. Artıq meyitsən. Geci-tezi var.

– Hə? Deməli, sən tək deyilsən? Kimdir görəsən dostların? Tanıyıram? Bəs qalaya girmək üçün sizə kim kömək edib? Kim sizə yol göstərib? Ağsaqqalın kimdir? – deyib, Karine üzünü Məkrubəyə çevirdi, – Neçə nəfərdi bunlar?

– Üç yüz nəfər, madərşahım.

– Bəs görəsən o üç yüz nəfərdən neçəsi bunun dostudur? – deyə Karine zindanda var-gəl etməyə başladı, – Yəqin dostlarını satmazsan. Ağsaqqalının adını da deməyəcəksən.

– Ölmək xoşdur mənə. Gəbərəcəyiniz günü isə göydən seyr edəcəyəm. Didim-didim didəcəklər sizi. Tabuta qoymağa tikəniz də tapılmayacaq, Madərşah Karine.

– Bu sonra olacaq. Səni isə ölümdən bir an ayırır, Tiqeriş. Heç olmasa nifrətinin səbəbini de.

– Mən fərraş Qəşşaşın oğlu, fərraş Canpoladın isə bacısı oğluyam. Adım da Şahpələngdir. Bu adın başqa dildə qarşılığını götürmüşdüm ki, əcnəbi təsiri bağışlayam. Başqa heç nə deməyəcəyəm. Cəhənnəmdə görüşərik, Madərşah Karine.

– Belə de, belə de. Məkrubə, yaxın gəl. Yadındadırmı Canpoladı necə öldürdük? Əvvəlcə bihuşdarı verdik. Sonra isə soyundurduq. Əl-qolunu bağladıq. Özünə gələndən sonra isə sən tutdun, mən kəsdim. Kəsilən kişiliyinə baxa-baxa, bağıra-bağıra, qanı axa-axa gəbərdi. Sonra isə Qəşşaşı o günə qoydular, – deyib Karine qəhqəhə çəkdi, – Yaxşı qurtarmısan, Məkrubə. Vaxtında səni tanısaydı artıq o dünyadaydın. Bəlkə bunu da atasının, dayısının gününə salaq? Üç ay mənə çox cismani əzab verib. Yox. Bu çox yüngül cəza olar onun üçün. Amma dostlarını üzə çıxarmaq lazımdır. İndi mən nə edim? Əgər ağıllı hökmdaramsa gərək önləyim gələn təhlükəni. Bəs onda üç yüz nəfərin içində bunun dostlarını necə tanıyım? Səninləyəm, Tiqeriş?

Tiqeriş dinmədi. Karine bir də sual verdi. Tiqeriş yenə dinmədi.

– Danışmırsan? Düz edirsən. Adam dostlarını ələ verməz. Mərd oğlansan. Amma özün də bilmədən onları ələ verdin – hamısı qaladadır. Nə yolla olursa-olsun üzə çıxaracağam. Amma ki, səni bura göndərənin adını deyəcəksən. Yoxsa ki, vay halına. İki ölümdən birini seçmək zorundasan. Ya ad çəkəcəksən, boynun vurulacaq. Ya da.., – madərşah Məkrubənin gətirdiyi şeyin örtüyünü götürdü. Şüşə qabın içindəki siçovulu görüb Tiqerişin rəngi ağardı, – Nə oldu, Tiqeriş? Nə oldu, pələnglərin şahı Şahpələng? Heç əcdadın pişik qədər də olmadın. Qorxdun? Qorxma. Çox da uzun sürməyəcək yaşadığın ağrılar, – deyə madərşah şüşə qabı götürüb yuxarı qaldırdı, – Görürsən siçovulu? Acıb. Yaman acıb. Allah bilir neçə gündür tələdədir. Yemək istəyir. Bezib sizin zibilliyə atdığınız artıqları yeməkdən. Təzə, qanlı ət dadmaq istəyir. Yox. İnanmıram yemək yadına düşə indi. O, qabdan azad olmaq istəyir. İndi bu şüşə qabın qapağını açacağam. Açan kimi də ağzını yapışdıracağam qarnına. Görəsən, siçovul azadlığa çıxmaq üçün nə edəcək? Düz təxmin etdin, Tiqeriş. Bu siçovul əvvəlcə dərini didəcək. Sonra keçəcək ətinə. Ətini yeyəndən sonra girəcək qarnının içinə, bağırsaqlarını gəmirib, didib çatacaq belinə. Ordan da deşik açıb çıxacaq azadlığa. Sonra isə bu yazıq heyvanla səni baş-başa buraxıb gedəcəyik. Siçovuldan nigaran deyilik. Maşallah sənin kimi ruzusu var – acından ölməyəcək. Ola bilsin dostlarını da qonaq edər ki, ət qalıb xarab olmasın. Sən də mərd insan kimi dostlarını satmadan, ağsaqqalının adını demədən yollanacaqsan o dünyaya və göydən siçovulun yediyi gözlərinlə baxacaqsan mənim öldürülməyimə. İndi özün seç. Ya səni öyrədənin, bura göndərənin adını deyirsən və madərşah qılıncıyla rahat ölümə layiq görülürsən. Ya da... Məkrubə, cır bunun köynəyini, – deyə madərşah qışqırdı.

Təbib tez əmri yerinə yetirdi. Karine şüşə qabın qapağını açıb ağzını Tiqerişin qarnına yapışdırdı. O, bağıraraq çırpınmağa başladı. Siçovul isə tərpənmirdi.

– Sakit dur! Yazıq heyvanı qorxudursan. Ətli-qanlı, dişlərinin iti olmağına baxma. Balacadır. Qorxma, yavrum, qorxma. O sənə heç nə edə bilməz. Əlləri də bağlıdır, ayaqları da... Başla yavaş-yavaş. O, tam sənindir. Başla, yavrum, başla.

Karine gözlərini qırpmırdı. Siçovulun nə vaxt hərəkətə keçəcəyini səbirsizliklə gözləyirdi. Handan-hana siçovul qabın dibindən tərpəndi. Yavaş-yavaş Tiqerişin qarnına doğru gedib diş atdı. O, qışqırıb huşunu itirdi. Karine əl saxladı. Tez qabın ağzını bağladı. Təbib Məkrubə Tiqerişə nəsə iylətdi. O həmən özünə gəldi.

– Danışacaqsan? Bir daha soruşuram. Kimdir səni bura göndərən? – deyə Karine yenidən şüşə qabın qapağını açdı. Ağzını Tiqerişin qarnına yaxınlaşdıranda, o yenidən huşunu itirdi.

 

* * *

 

Kaminat qəsri. Hamam. Madərşah Karine qəmgin halda oturub. Bu dəm təbib Məkrubə içəri girir.

– Özünə gəldimi Tiqeriş? Gəldisə davam edək.

– Madərşahım, baxırsan div kimi oğlandır. Amma siçovuldan necə qorxdusa ürəyi dayandı.

– Filin siçandan qorxduğunu bilirdim, amma pələngin siçovuldan qorxduğunu yox. Məkrubə, yadına gəlirmi bunu nə vaxt almağın, hardan almağın? Daha kimlər vardı onunla?

– Xeyr, madərşahım. Gör nə qədər keçib? Hər qul satandan seçib-seçib ən yaxşılarını alırdım.

Madərşah susur. Fikrə gedir: nə ağsaqqalının, nə də dostlarının adını öyrənə bildim. Yəqin onlar da atadan, dayıdan, əmidən yetim qoyduqlarımdır. Lələ düz deyirmiş. Qisasın qabağında heç bir zireh – fərraş, mühafiz, qoşun dayana bilməz. Tiqerişi bura göndərən kimdirsə, bunu gözəl başa düşür. İndi də üstümə canlı silahlar göndərir. Axı kim göndərir? Qüdrətdən başqa kim olacaq ki? Gör nə qədər fitnə-fəsad törətdi, alınmadı. İndi də öldürmək istəyir. O vaxt Qəşşaşdan canını qurtarmaq üçün məndən kömək istədi. İndi isə yetimçəsini küyləyib üstümə göndərib ki, bəs “atanı Karine öldürüb. O sənin qan düşmənindir”. Üstəlik onun kimi digər yetimləri də cəlb edib. Bu şahlar yetimləri niyə bada verməyi xoşlayırlar ki? Dalıyca gələni olmayacaq – ona görə? Bəlkə heç kim göndərməyib? Özləri gəliblər qisas almağa. İndi nə edim? Bəlkə keçim qalanın qullar yaşayan tərəfinə? Lələni də əvvəlcədən xəbərdar edim ki, hazır olsun. Mənə hücum etsələr qabağını alsın. Yox. Bu təhlükəlidir. Onların neçə nəfər olduğunu bilmirəm. Bəlkə yüzdən çoxdurlar? Neçə vaxtdır bir yerdə yaşadıqları dostları da qahmar çıxa bilər. Qulların üsyanı lələgiryanların hərəkatından xatalı olur. Onda nə edim? Məncə başqa əlacım yoxdur, nə qədər çətin olsa da. Qurunun oduna yaş da yanar deyib aqillər. Casus axtarışına vaxtım yoxdur. Yoxsa özümü yandıraram.

– Məkrubə, Allah bütün qullara rəhmət eləsin. Başa düşdün?

– Bəli, madərşahım.

– Meyitlərini düzürsən həyətdə. Hamısını bir-bir sayacağam. Sonra aparıb ümumi məzarlıqda basdırarsınız. Məni gözləyən mühafizlərin köməyindən istifadə edə bilərsən.

– Dediyiniz kimi də olacaq, madərşahım.

– Yenə də qalada qalacaqsınız. İçəri heç kim girməyəcək. Qala qapısının açarları səndə və lələdə olacaq. Saray mühafizləri sizi qala divarlarından kənarda qoruyacaqlar. Paytaxt yaxındır. Növbə ilə dəyişərlər.

– Əmr sizinkidir, madərşahım.

– Bütün gücünü qızlara sərf elə bundan sonra. İndi isə get. Səhər yeməyinin vaxtıdır. Hamısını topla süfrə başına. Zəhərin hamısına çatar yəqin. Lələni isə göndər bura.

Məkrubə təzim edib gedir. Madərşah yenidən tək qalır: tutaq ki, bunların hamısını zəhərləyib öldürdüm. Bəs bu xəbər onları göndərənə necə çatacaq? Gərək Dürəngi çağırım. Yolaverənlər paytaxtı balaca yerdir. Hamı bir-birini tanıyır. Yəqin Dürəng də tanıyar çoxunu. Bura göndərilənlər də yəqin Aslanın mühafizlərinin uşaqlarıdır. Bəlkə öldürməyim heç kimi? Dürəng gəlib kənardan baxsın, tanıdıqlarını çıxdaş edək. Yox. Dürəngin tanımadığı da ola bilər. Yaxşısı budur ölülərinə baxsın. Birinci elə Tiqerişi göstərəcəyəm ona. Görüm tanıyacaq?

 

* * *

 

Qüdrət Şahın otağı. Baş vəzir Hətəm hüzurundadır.

– İyirmi yeddi meyitdir deməli.

– Bəli, şahım. Hamısını bir-bir ailələrinə təhvil veriblər.

– Yenə də aləm qarışacaq bir-birinə. Bu mənə işarədir. Yəni ki, “Qüdrət, göndərdiyin adamları tapdıq da, öldürdük də... İndi növbə sənindir”. Amma bunların heç birindən xəbərim yoxdur mənim. Kimin elədiyini də bilmirəm.

– Bunu çətin sübut edəsən.

– Şübhələnməyə haqqı çatır. Karine yaxşı bilir mənim gücümü. Bu cür hərəkət etmək ancaq məndən çıxar. Amma mənlik deyil.

– Bəs onda kim edib, Qüdrət?

– Vergiyığanların meyitlərini arabalara doldurub madərşahlığın paytaxtına kim göndərmişdi? Lələgiryanları madərşaha qarşı kim qaldırmışdı? Elbrus eliylə əlaqə yaratmağımı Karineyə kim çatdırmışdı? Bax həmin adam yenə də peyda olub. Sakitçilik sərf etmir ona. Bəs görəsən bunlar nə qələt ediblər ki, qətlə yetiriliblər?

– Bilmirəm, Qüdrət.

– Bəs sən nəyi bilirsən, Hətəm? Sən yalnız xəzinədar deyilsən, həm də baş vəzirsən axı. Öyrən orda nə baş verdiyini.

– Başüstə, Qüdrət.

 

* * *

 

Madərşahlığın paytaxtı. Karine taxtında oturub. Yaman narahatdır.

– Dürəng, səncə bu kimin işi ola bilər?

– Dəsti-xətt Qüdrət Şahındır. Kitabxanayla alimlərin acığını çıxır sizdən.

– Qullar kitabxana məsələsindən çox qabaq ora salınıblar.

– Düzünü siz bilirsiniz, madərşahım.

– Çox oynayıram Qüdrətin nazıyla. Dinmədikcə həddini aşır. Amma budəfəki hərəkətinin adı madərşahın həyatına sui-qəsddir. Nə ölçü götürək onun haqqında?

– Madərşahım, icazə verin araşdırım. Ehtimal təsdiqlənsə ölçü götürərik.

– Ona elə bir dərs verim ki... Mənim də hövsələmin sonu var. Balonun içindəki siçovulu gördün də...

– Bəli, madərşahım.

– Yoxsa ki, barmaq qoparırsan, qulaq kəsirsən. Üst-başın qana bulaşır. Adın qaniçən çağrılır. Cəllad, mühafiz şahidlik edir. Heç kim də danışmır. Sən necə də qansız adammışsan, Dürəng? Yox, düz demədim. Qansız deyilsən, qaniçənsən. Amma balaca bir siçovul o boyda pəhləvanı həmişəlik tirtap elədi.

– Madərşahım, qatilləri necə üzə çıxartdınız? Bəlkə mənə də öyrədəsiniz?

– Mən fəndlərimi heç kimə açıqlamaram. Bu sirdir. Sən Kaminat qalasının təhlükəsizliyini təmin et. Bu gündən sən cavabdehsən o tərəflərə. Əlbəttə ki, qalanın çölündən.

– Başüstə, madərşahım. Bir xüsusu da çatdırmaq istərdim.

– De!

– Min qızıl da heç kimin dilini açmadı. Nə edək? Kabus indi qeybə çəkilib. Amma istənilən vaxt peyda ola bilər. Qisasçı qatillər məsələsi də bu yandan çıxdı. İyirmi yeddi casusu üzə çıxarıb aradan götürdünüz. Bəs bilmədiyimiz nə qədər gizli düşmən var? Bunların sonda birləşib üstümüzə gəlməyinə imkan vermək olmaz.

– Tələsmə, Dürəng. Vədəsi çatanda deyəcəyəm. Sənin adamların ayıq-sayıq olsunlar. Əks addım olaraq sən də xəfiyyələrin, casusların sayını artır. Xəzinədəki pul nə üçündür?

– Başüstə, madərşahım. Əlbəttə, son söz sizinkidir. Amma Kabusun sakit durması heç açmır məni. Düşünürəm ki, altdan-altdan yenə iş görür.

– “İş görür”, yəni nə edir? Taxt-tacıma təhlükə yaradırmı? Məni öldürmək istəyirmi? Xalqı əleyhimə qaldırırmı?

– Xeyr. Məncə altdan-altdan pul yığır yenə. Varlanır.

– Eh, mən də dedim nə olub. Sən pul yığmırsan? Saray əyanları, valilər, saraydan aylıq alan ən xırda bir zat pul yığmır? Yığır. Buna göz yumuram, göz yumuruq. Bəs Kabusa gələndə niyə dilin çıxdı? Qoy yığsın. Özünü tutanda, xəzinəsini də müsadirə edərik.

– Düzünü siz bilirsiniz, madərşahım.

Dürəng gedir. Madərşah tək qalır: Dürəng nə deyirsə, qəribsiliyə salıram. Sonra isə düz olduğu üzə çıxır. Vaxtında deyirdi ki, Kaminat qalasına qul adıyla casus girə bilər. Qulaqardına vururdum. Bəs nəticədə nə oldu? Tiqerişə vurulmasaydım, qapımda mühafiz qoyub hər gün sevişmək eşqinə düşməsəydim, onu zindanda sınağa çəkəndə Məkrubə çaşıb mənə “madərşahım” deyə müraciət etməsəydi, yaxud da Tiqeriş buna qarşılıq verməyərək hislərini cilovlasaydı, kükrəməyib özünü sakit aparsaydı, çətin ki, onun qisasçı qatil olduğunu üzə çıxaracaqdım. Bunun nə ilə qurtaracağını isə... Demə, üç aydır gələcək qatilimlə yatağa giribmişəm. Dürəng isə məni çoxdan xəbərdar etmişdi. İndi də xəbərdarlıqlar edir. Amma qəbul etmirəm. Nə olsun ki, müsəlmandır? Nə olsun ki, Yolaverənlər şahlığındandır? Buna görə hər sözünü qəribsiliyə salmalıyam? Niyə son mükafatımı elan etmirəm? Axı Kabus daha çox mənə lazımdır, nəinki Dürəngə. Baş vəzir sadəcə öz madərşahının ona olan şübhəsini yox etmək istəyir. Mənim isə məqsədim başqadır. Yox, hər şey köhnə qaydasında qalsın. Bu cür sakitçilik mənim xeyrimə işləyir. Bu minvalla bir-iki il keçsə, istədiyimə nail olacağam. Bir də ki, kənardakı düşmənlər o qədər də qorxulu deyil. Atam Kaminatı düşmən yıxdı ki? Yox – özünün baş vəziri. Şahənşah Göyverəni düşmən yıxdı ki? Yox. Bəs kim yıxdı? Düz qulağının dibində olan baş mühafiz Aslan, baş vəzir Qüdrət, bir də yatağına girib ondan vəliəhd doğan mən. Özü də cındırından cin hürkən birinin – İtbaşının sözüylə. Tiqeriş də artıq yatağıma girmişdi. Əgər Məkrubə çaşmasaydı və o, qırmancın əzablarına, siçovulun dərisinə bir-iki diş atmasına dözərək sınaqdan üzüağ çıxsaydı, mən artıq o dünyadaydım. Əgər qorxudan ürəyi partlasaydı, o biri yetim-qisasçılar axırıma çıxacaqdılar. Amma ehtiyatı əldən verməməliyəm. Hardan bilim ki, sarayda tiqerişkimilər yoxdur? Kənardakılar da öz yerində. Birdən sabah kimsə baş qaldırdı? Madərşahlıq dövrümdə yalnız düşmən qazanmışam. Bəs dostlarım nə qədərdir? Ətini yeyən, sümüyünü çölə atmayan qohum-əqrabamdan isə özümü özüm məhrum etmişəm. Bu Tiqeriş məsələsindən sonra qardaşlarımı da öldürməyə hazıram. Çünki onların atalarını diri-diri yandırmışam. Onları saraydakı rahat həyatlarından taleyin keşməkeşinə buraxmışam. Onlar da gedib sığınıblar Qüdrətə. Qüdrət də məni tiqerişə-migerişə öldürtdürüb böyük qardaşımı taxta otuzdurmaq istəyir. Guya ki, başa düşmürəm? Heyf, Tiqerişin qorxudan ürəyi partladı öldü. Yoxsa ona hər şeyin düzünü deyəcəkdim. Atasının, dayısının qətlinin Qüdrət tərəfindən mənə tapşırıldığını söyləyəcəkdim. Onu Qüdrətin üstünə qaldırıb əsas rəqibimi aradan götürəcəkdim. Amma ki, yox. Dəxli yoxdur. Sifariş verən də qatil sayılır, həyata keçirən də... Qüdrəti öldürüb yenidən dalımca qayıdacaqdı. Həm də ki, o, tək deyildi. Axı dostları üçün Qüdrət yox, məhz mən qan düşməni sayılıram. İki il bircə tez keçsəydi. Mənim şahzadələrimin ən pisi belə yüz oğula dəyəcək. Mən bəlkə də olmayacağam bu dünyada. Amma onlar Madərşah soyadıyla bütün dünyaya hökmranlıq edəcəklər. Qadın zərif, ya zəif məxluq deyil. Qadın güc olduğu üçün kişilər həmişə onlardan qorxublar, onları boğublar, onları öldürüblər. Müsəlman ölkələrində qadın bir quldur. Qız doğan, oğlan doğa bilməyən arvadı evdən qovurlar, döyüb öldürürlər. Hələ qızları doğulanda beşikdəcə boğduran şahları demirəm. Yox. Axı Göyverən Şah da müsəlman idi. Qadınlara verdiyi qiymətin təzahürüdür ki, bu gün mən bu boyda məmləkətin madərşahıyam. Yox, Karine. Malı mala qatma. Göyverən qadınları göyə qaldırmadı. O, kişiləri alçaltdığı üçün qadınlar üzə çıxdı. Bunu da ona görə etdi ki, özü nə kişi kimi kişiydi, nə də qadın kimi qadın. Amma mən qadınam, qadınları da yüksək qiymətləndirirəm –  kişiləri alçaltmamaq şərtiylə. Yenə səhv danışdım. Madərşahlığının bu qısa zaman kəsiyində nə qədər kişi zəhərləyib, nə qədər kişini diri-diri yandırıb öldürmüsən? Bəs bunun adını nə qoyaq? Özü də ki, bu, işin bir tərəfidir. Şahzadələrinlə çox da qürrələnmə əvvəlcədən. Tarixi varaqla, ibrət götür – Göyverən də belə deyirdi. Şahzadə Göyverənləriylə fəxr edirdi. Dünya hökmranlığı fikrinə düşmüşdü. Yox, unutmaram keçmişi. İbrət dərslərim çoxdur. Məsələn: cəza üçün ağzı bağlı şüşə qaba salınmış bircə ac siçovul bəs edər. Göyverəndən qalmış gülünc şalbanlara, damğalara, Göyverən körpüsünə, qır tiyanlarına ehtiyac yoxdur. Əvvəlki kimi heç kimi yandırmayacağam da... Camaat arasında bu qədim Çin cəzasının təfərrüatları yayılsa hamıya bəs edər. Bir-ikisinin qapısına qarnından belinəcən siçovul dəməyi açılmış, bağırsaqları yeyilmiş meyit gəlsə, böyük dərsdir. Amma keçən dəfə, tələsdiyimdən bu ayini dolğun yerinə yetirə bilmədim. Əslində siçovulu tutub şüşə qaba salırsan. Sonra bir-iki gün gözləyirsən. Siçovul acır. Əvvəl azadlığa çıxmaq idisə arzusu, buna vəhşi bir aclıq hissi də əlavə olunur. Bunlar ikisi birləşəndə güclü bir canlı silah meydana gəlir. Şahənşah Göyverəni də məhz buna oxşar silah yıxdı. Azad olmaq, göyverənlikdən qorunmaq istəyən, üstəlik də ac olan xalq ayağa qalxdı. Qabağını almaq isə heç cür mümkün olmadı. Bu insan-siçovullar lələgiryanlar adlanır.

 

* * *

 

Gecə yarıdır. Qüdrət Şahın otağı. Kabus hüzurundadır.

– Vəziyyət gərgindir, Kabus. Şahpələngin və onun dostlarının meyitlərinin gətirilib evlərinə verilməsi o deməkdir ki, növbə mənimdir.

– İmkan vermərəm buna, ey bizim ağsaqqalımız. Bircə əmr elə, yerinə yetirim. Karineyə oxşardan istifadə etmək məqamıdır.

– Sadəcə, mənimçün o maraqlıdır ki, aranı qatan kimdir? Bir də ki, bu iyirmi yeddi gəncin madərşahlıqda nə işi vardı?

– Bir ehtimal var, ey bizim ağsaqqalımız.

– Nə ehtimal?

– Sizə ərz etmişdim ki, mənim qızlarım Kaminat qəsrində saxlanılır. Ona görə də gecəm-gündüzüm yoxdur. Çox vaxtımı o həndəvərdə keçirirəm ki, bəlkə nəsə görə bildim, xəbər tutdum, ya səslərini eşitdim. Amma yaxına gedə bilmirdim. Hər addımdan bir qul döyüşçü dayanırdı. Həm mazğallarda, həm də qala divarlarının bayırında. Uzaqdan müşahidə edirdim. O gün qalanı sarayın mühafizləri mühasirəyə aldılar. Oradan bir az aralıda – kənd qəbiristanlığında böyük çala qazdılar. Sonra arabalarla meyit daşıyıb ora tulladılar. Üstünü torpaqladılar. Onlar gedəndən sonra qazıyıb baxdım. Qul döyüşçülərin meyitləri idi. İndi qalanı madərşahın mühafizləri qoruyur. Amma ki, bayırdan. İçəri birini də buraxmırlar. Hərdən Dürəng də gəlib nəzarət edir.

– Belə de, belə de... İndi aydın oldu. Bu bədbəxtlər demə qul adıyla qalaya giriblərmiş. Özlərini biruzə veriblər. Madərşah da qorxub, hamısını öldürüb ki, birdən içərilərində qatillərdən kimsə qalar. Əhsən, Karine. Evinə başqa adla girib səni öldürmək istəyən iyirmi yeddi qisasçını əvvəlcədən üzə çıxarmağı bacarıbsansa, sənə min əhsən. Amma bir əmma qalır.

– Hansı əmma, ey bizim ağsaqqalımız?

– Onları kim öyrədib və kim qalaya sala bilib? Özbaşına mümkün deyil bu. Ara yerdə məni də salıb zibilə. Əşşi, nə olacaq, olacaq. Bunu o göydəki gözəgörünməz təyin edir. Sən Karinedən danış.

– Demək olar ki, heç nə etmir. Heç kimi incitmir. Camaat da bir-birini dolandırır.

– Bəs siz?

– Camaatla işimiz yoxdur. Varlılar isə vaxtlı-vaxtında haqqımızı ödəyirlər. Bütün adamlarım ayaq üstədir. Hamısı da qulaqlarını at kimi şəkləyiblər. Mənim başıma qoyulan min qızıla isə hələ ki, yiyə duran tapılmayıb. Tapılmayacaq da... Çünki heç kim məni üzdən tanımır.

– Ehtiyatlı ol! Yadından çıxartma ki, ehtiyat igidin yaraşığıdır. Adamların da ayıq-sayıq olsunlar. Səndən bir söz soruşum. Niyə hər dəfə özümçün təhlükə olduğunu deyəndə, sən Karineni aradan götürmək üçün məndən icazə alırsan? Amma o qədər adam öldürürsünüz, hətta ailəlikcə qətlə yetirirsiniz, heç onlara görə icazə almırsan.

– Biz yalnız xəbərçiləri, satqınları öldürürük. Buna öldürmək yox, daha çox divan tutmaq deyilir. Bu divan tutmaq isə digərlərinə bir növ dərsdir. Şahlar işimizə qarışanda, həyatın yazılmamış qanunlarını pozanda, adamlarımızı zindana saldıranda, bizə arxa duranı təhdid edəndə qəzəbimizə tuş gəlirlər. Amma öldürmürük. Əl-ayaqlarını bağlayıb onların yerinə keçmək istəyənlərə təslim edirik. Özünüz də şahidi oldunuz ki, Kaminat Şahı Qaflana necə təslim etmişdik. Adamlarımızı zindandan buraxmasaydı Karineni də elə edəcəkdik. Siz isə oxşarını bizə verib məsələni həll etdiniz. Karinenin qətlə yetirilməsi də yalnız sizin əmrinizlə ola bilər. Çünki o sahənin düzünü siz bilirsiniz. Bizlər siz siyasilərin işlərinə qarışmazlar. Biz özümüz-özlüyümüzdə ayrıca şahlığıq. Qarışsaq yazılmış qanunları və bilməyərəkdən zəmanəmizin mizan-tərəzisini pozmuş olarıq.

– Aydındır. Amma yenə də ehtiyatlı ol.

– Başüstə, ey bizim ağsaqqalımız. İzn versəydiniz gedərdim.

– Get. Yolun açıq olsun.

 

* * *

 

Madərşahlıq. Baş vəzir Dürəng təlaş içində Karinenin otağına daxil olur.

– Nə olub, Dürəng? Nə baş verib?

– Madərşahım, əmrinizə görə Kaminat qalasını nəzarətə götürmüşəm. Mütəmadi yoxlamağa gedirəm. Bu gün qalaya atılan lağım aşkar etdim. Daha doğrusu, qaladan bir qaravaş həyətdə gəzərkən ayağı boşa gedib və çalaya yıxılıb. Məni çağırdılar. Yoxlayıb gördüm ki, lağım atıblar. Azca qalıbmış ki, üzə çıxsınlar. Təsadüfən həmin qaravaş ordan keçəndə torpaq ayağının altından qaçıb. Həmin yeri qazdırdım və gedib qala divarlarından o yana çıxdım. Mühafizlər də ara-sıra kiminsə kölgə kimi oralarda gəzdiyini görürlər. İndi məsləhət sizindir. Nə edim?

Karine fikrə getdi. Sonra üzünü Dürəngə tutdu:

– Lələylə məsləhətləşib qalanın içində və onun dediyi yerlərdə mühafizlər qoy. İnandığın, sınaqdan çıxardığın adamlar olsun. Amma bir nəfər də içəri və iç həyət hissəsinə burnunu soxmasın. Bildin?

– Bəli, madərşahım. Hökmdar, bəlkə sonuncu mükafatı da elan edək? Min qızıl da kömək eləmədi.

– Nə deyirəm ki... Fərmanımı hər yana yaysınlar: “Kim Kabusu diri təhvil versə, madərşah onun istənilən arzusunu yerinə yetirəcək. Arzu edərsə baş vəzir mənsəbinə də yüksəldəcək”.

Bunu eşitcək Dürəngin rəngi qaraldı.

– Narahat olma. Bu, sadəcə Kabusu üzə çıxarmaq üçündür. Sənin kimi baş vəziri heç uzaqlaşdıraram?

– Hər şeyin düzünü siz bilirsiniz, madərşahım. Həmən car çəkəcəyəm hər yerə, – deyib Dürəng otaqdan çıxır.

Karine yenə tək qalır. Fikrə gedir: kimdir axı Kaminat qalasına belə can atan? Qüdrət? Bəlkə Aslan? Kabus da ola bilər. Yox, inanmıram. Amma Aslan və Qüdrət üçün maraqlı ola bilər içəridə nə qaynatdığım.

 

* * *

 

Gecədir. Madərşah Karine yatıb. Birdən yuxudan ayılır. Üzü qara niqablı şəxsin bir əliylə onun ağzını bağladığını, o biri əlindəki qılıncı isə boğazına dirədiyini görür. Çırpınsa da sinəsinə çökənin dizlərinin məngənəsindən çıxa bilmir. Beləcə, müqavimət göstərərək heydən düşür. Naməlum şəxs əlindəki qılıncı yavaş-yavaş madərşahın boğazından çəkir. İşarət barmağını şaquli vəziyyətdə dodağına aparır. Yəni ki, səs salma. Sonra ayağa durub kənara çəkilir. Qorxudan rəngi ağaran, titrəyən Karine dirçəlib yatağının kənarında əyləşir.

– Sən kimsən? Bu nə cürət? Bura necə girmisən? Bilmirsən ki, bu hərəkətinə görə kəllən gedər?

– Madərşahım, qılıncın tiyəsi mənim yox, sizin boğazınızda idi.

– Necə girmisən bura? Kimsən sən?

– Madərşahın bütün əmrləri qeyd-şərtsiz yerinə yetirilməlidir. Mən də bir kaminatlı kimi onun hər bir əmrinə baş əydiyim üçün həmən gəldim.

– Mən səni çağırtdırmamışam. Səni ümumiyyətlə tanımıram. Əgər mənim əmrimlə gəlmisənsə, bəs əlindəki qılınc nədir? Sən daha çox məni öldürmək istəyənə oxşayırsan.

– İndi deyirsiniz ki, yanılmışam? Çıxım-gedim?

– Rədd ol burdan. Madərşahın yataq otağına girmək cinayətlərin cinayətidir.

– Yaxşı, gedirəm. Bu əmrinizə də baş əyirəm. Onda baş vəzirinizə deyin ki, sizin fərmanınızı oxutdurmağı dayandırsın. Çünki Kabus özü-öz ayağıyla hüzurunuza gəlmişdi. Siz də onu qovduz. Elə belə də deyin Dürəngə.

– Kabus?

– Bəli. Kabus. Carçılar bütün günü car çəkirlər. Axı kimin cəsarəti çatar ki, məni sizə nişan versin? Mən də məcbur olub gəldim ki, sizi intizarda qoymayım. Buyurun, madərşahım. Nə sözünüz varsa eşidirəm. Kabus hüzurunuzdadır.

Madərşah Karine ayağa durub şalını çiyninə saldı. Keçib taxtında oturdu.

– Necə girdin otağıma? Birinci bunu de.

– Gizli qapıdan.

– Axı oranı hörüblər.

– Təbib Məkrubənin qul döyüşçülərə hördürdüyü divara bir təpik vurdum uçdu.

– Dayan-dayan, başa düşmədim. Bəs bu gizli qapını sən hardan tanıyırsan? Bu qapı barədə məndən və atamdan başqa heç kəs bilmirdi. Heç Qaflanın da xəbəri yox idi.

– Biz kabuslar hər şeyi bilirik. Amma əvvəlcə verdiyiniz sözü tutun. Sonra suallarınıza cavab verim. Amma məni tutdurmağa çalışmayın. Bu mümkün deyil.

– Lap qoy sən deyən olsun. Tutmadım da, öldürtmədim də səni. Bəs mən hardan əmin ola bilərəm ki, sən məhz mənim axtardığım Kabussan.

– Birincisi, verdiyiniz sözü tutun. Sonra danışaq.

– Baş vəzirmi olmaq istəyirsən?

– Xeyr.

– Onda istənilən arzunun həyata keçirilməsini istəyirsən.

– Bəli.

– De arzunu.

– Mən Kaminat qalasına girmək istəyirəm.

– Deməli, lağım atan səniymişsən? Son ümidin boşa çıxdığına görə üzə çıxmısan? Amma maraqlıdır. Niyə ora girmək istəyirsən?

– Madərşahım, mənim arzum Kaminat qalasına girməkdir.

– Olmaz. Mən oranı hətta öz gözümdən də qoruyuram. Özüm də ordakıları görməmişəm. Bakirəliyi pozular ora adam girsə. Xüsusən də kişi xeylağı.

– Madərşah söz verdisə etməlidir. Əməl etməsə bütün məmləkətdə biabır olar.

– Sən hələ burdan sağ çıx, sonra məni biabır et.

– Kiminlə qorxuzursunuz məni, madərşahım? Mühafizlərlə? Buyurun çağırın, – deyə Kabus qapıya yaxınlaşıb taybatay açdı. Mühafizlər huşsuz halda yerə sərələnmişdilər. Kabus yenidən qapını örtüb, cəftələdi. Madərşahın qənşərinə gəldi, – Lap yüz mühafiz gəlsin. Qapını sındırana qədər gizli qapıdan qaçaram. Siz də yəqin oranın yerini onlara bildirmək istəməzsiniz. İndi nə deyirsiniz, madərşahım? Əməl edəcəksinizmi sözünüzə, yoxsa gedim?

– Niyə axı ora girmək istəyirsən?

– Madərşahım, əməl edirsinizmi verdiyiniz sözə, yoxsa gedim?

Karine dinmədi. Bir az fikrə getdi.

– Mən dediyim sözün yiyəsiyəm. Bəs necə gedəcəksən ora?

– Sizinlə, madərşahım. Gizli qapıda atlar bizi gözləyir. Sonra qayıdarıq bura və məni niyə axtardığınızı deyərsiniz. Amma hələlik qılıncınızı qaytarmayacağam. Qalaya girəndə isə lələni narahat etməyək.

– Deməli, lələdən qorxursan?

– Xeyr. Sadəcə mərd adamdır. Mərd adamın ölümünə bais olmaq istəməzdim.

– Çox arxayın danışırsan. Birdən lələ yox, on mühafiz gəldi üstünə? Onda nə edəcəksən? Axı qala qapısından girəcəyik.

– Məni o qədər də uşaq bilməyin, madərşahım. Əvvəlcədən hər şeyi nəzərə almışam. Mən Kabusam. Özü də ki, adıma layiq Kabus.

Madərşah Karineylə Kabus gizli qapıya çıxıb atlanırlar. Qalaya çatanda Kabus dediyi yerdə atdan düşürlər. Kolluq bir yerdə o, əlindəki torbanı madərşaha verib başına keçirməsini rica edir. Karine onun dediyini edir. Kabus əlindən tutub lağıma girir. Bir az getdikdən sonra nərdivanla yuxarı qalxırlar. Kabus oyuğun üstünü bağlayandan sonra torbanı madərşahın başından çıxarır.

– Madərşahım, artıq qalanın içindəyik. Mühafizlərin tapdığı elə-belə lağım idi. Özüm biruzə verdim ki, qalanın mühafizəsini içəridən də möhkəmlətsinlər. Yoxsa istənilən adam gəlib girə bilərdi.

– Bunun sənə nə dəxli?

– Bircə bunu deyə bilməyəcəyəm sizə, madərşahım. Diqqətlə qulaq asın. İndi qapıya yaxınlaşacağıq. Dörd mühafiz var orda. Qapı da içəridən bağlanıb. Onlara əmr edib uzaqlaşdırırsınız. Sonra qapını döyürsünüz. Deşikdən baxıb açacaqlar qapını. Təbib Məkrubəyə əmr...

– Sən onu hardan tanıyırsan?

– Madərşahım, dedim axı... mən Kabusam. Təbib Məkrubəyə əmr edəcəksiniz ki, qızlar qarşınızda düzlənsinlər. Vəssalam. Sonra isə mən sizi yenidən sağ-salamat qaytaracağam saraya. Yaddan çıxartmayın ki, mən və qınından sıyrılmış qılıncım həmişə sizinlə yanaşı olacağıq – qara örtüyümün altından görünməsə də...

 

* * *

 

Kaminat qəsrinin kənarı. Kabusla Madərşah Karine qalaya hansı yolla girmişdilərsə, eləcə də ordan çıxıb paytaxta doğru yol alırlar. Gizli qapının  həndəvərinə çatırlar. Hava yavaş-yavaş işıqlaşır. Kabus torbanı Karinenin başından çıxarır.

– Mən sözümü tutdum, Kabus. İndi növbə sənindir.

– Mən də sözümü tutdum, madərşahım.

– Anlamadım? – deyə madərşahın sifəti çönür, – Sözünü nə vaxt tutdun ki? Mən indi-indi başlamaq istəyirəm suallara.

– Madərşahım, hər yerə car çəkmişdilər ki, “kim Kabusu diri təhvil versə, madərşah onun istənilən arzusunu yerinə yetirəcək. Arzu edərsə baş vəzir mənsəbinə də yüksəldəcək”. Düz deyirəm?

– Hə.

– Mən özüm-özümü təhvil verdim sizə. Sizin əmriniz yerinə yetirildi. Siz də buna görə verdiyiniz vədi yerinə yetirdiniz. Necə deyərlər, həm siz deyən oldu, həm də mən deyən. Artıq heç birimizin öhdəliyi yoxdur. Gəlin sizi saraya ötürüm, özüm də çıxım gedim. Yoxsa Dürəng günün günorta çağı çıraqla axtarır məni.

– Ay hiyləgər, – deyə madərşah işarət barmağını yelləyərək gülümsədi, – deyək ki, qalib gəldin mənə. Məqsədim səni zindana atmaq olsa da, öldürmək deyildi. Bir çox mətləbi anlamağım lazım.

– Hər şeyi öyrənəndən sonra isə açıb buraxacaqdınız məni. Düz deyirəmmi?

– Onda dostluq təklif edirəm sənə. Çox da yaş fərqimiz olmaz. Söhbətimiz tutar.

– Madərşahım, üzr istəyirəm. Siz də yaman hiyləgərsiniz ha... Qısa madərşahlıq dövrünüzdə o qədər adamı diri-diri yandırmısınız. İndi deyirsiniz ki, sizin dostluq təklifinizə inanım?

– Yaxşı, gəl ikinci sözümü də tutum. İndi burdan gedək birbaş paytaxt meydanına. Rəiyyətin gözü önündə car çəkim ki, sən mənim baş vəzirimsən.

– Mənim öz dövlətim var. Mən bu gizli dövlətin şahıyam. Şah olan bəndə də baş vəzirliyə enərmi?

– Nə dostluğumu qəbul edirsən, nə də baş vəzirlik mənsəbini. Yəqin ki, məşğul olduğun işləri də sirr kimi qoruyarsan. Burdan sülhlə ayrılsaq da Dürəng, onun casusları, xəfiyyələri daim sənin izində olacaqlar. Rahat həyat sürə bilməyəcəksən. Onları durdura bilən yeganə qüvvə mənəm. Suallar, şübhələr isə məni boğur. Rahat yaşamağa qoymur. Daha dəqiq desəm, taxt-tacıma təhlükə yaradır. İstəmirəm ki, səni həbs etsinlər və işgəncənin gücüylə, əsli-məcazi mənalarda sözü kəlbətinlə çəkim səndən. Gəl bir şeyə razılaşaq. Mən sənin təqibini dayandırıram. Əvvəlki həyatına qayıdırsan. Hərçənd ki, bilmirəm əvvəlki həyatın nədən ibarət idi. Amma hər gün gecəyarı gizli qapının yanında görüşək. Buranın məxfi məkan olduğunu sən də gözəl bilirsən. Mən də istəmərəm ki, üçüncü, dördüncü şəxs tanısın. Yəni əmin ol ki, tək gələcəyəm. Buna necə, razısanmı?

– Mən sizə sirr verməyəcəyəm, madərşahım.

– Mənə sirr lazım deyil. Mən sual verəcəyəm. Mənə dərs keçməyini istəyirəm.

– Siz madərşah məndən öyrənmək istəyirsiniz?

– Demədin ki, şahsan? Mən də şaham. Qanuni şahın qanundankənar şahdan nəsə öyrənməsi əskiklikdirmi?

– Nədir ki, sizi maraqlandıran?

– Bu qədər başına qızıl qoydum. Rəiyyət səni niyə ələ vermədi? Səni tanıya-tanıya niyə dedilər ki, tanımırıq? Bu qədər zülm edirsən, olanlarını əlindən alırsan, niyə heç kim səni söymür? Heç qarğış da eləmirlər? Üstəlik razılıq edənlər də var kasıbların arasında. Bu cür məsələlər maraqlandırır məni.

– Mənim başçılıq etdiyim dövlətin qanunlarıyla tanış olmaq istəyirsiniz deməli.

– Hə.

– Onda bir şərtim var.

– De.

– Həftədə bir dəfə görüşəcəyik – elə bu ağaclıqda. Həm də gizli qapıya yaxındır. Tələ qursanız həmən biləcəyəm. Kaminat qalasına bugünkü kimi səfər edib, sonra söhbətləşəcəyik. Təqibi isə qeyri-rəsmi dayandırın. Amma başıma qoyulan mükafatı car çəksinlər.

    – Niyə?

– Belə lazımdır.

– Birdən ələ verdilər səni?

– Heç kim məni tanımır. Mən kabusam.

– Bilmirəm Kaminat qalasında nə itirmisən? Amma mən razı. Bəs bu gün? İlk sualıma cavab verməyəcəksən? – deyə madərşah Kabusa naz satdı.

– Buyurun, madərşahım.

– O üç nəfəri zindandan sən qaçırmışdın?

– Bəli.

– Mühafizlər deyirdi ki, bizə madərşah öz otağında əmr etdi. Bu düzdürmü?

– Bəli.

– Bəs yerimə otuzdurduğun qadın kim idi?

– Mən özüm idim.

– Sən? – deyə madərşah şaqqanaq çəkib güldü, – Sən balaca boy, cinə oxşayan biri, mənim kimi sərvboylu dünya gözəlinə necə oxşaya bilərsən ki?

– Madərşahım, atalar deyib ki, gözəllik ondur, doqquzu dondur. İstənilən qadın sizin libasınızı geyinsə gözəl görsənər. Madərşahın geyimi, örpəkli tacı mənə də çox yaraşdı. Yaşmaq da öz yerində. Gözlərimə sürmə çəkdim, səsimi də naziltdim. Taxtın üstünə balış qoyub üstündə oturdum ki, boyumun balacalığı bilinməsin. Şamların da çoxunu söndürdüm ki, otaq alaqaranlıq olsun.

– Onda belə çıxır ki, səndən başqa gizli qapının yerini bilən daha üç nəfər var?

– Vergi vəzirini öldürdüm, o biri iki nəfəri də...Yəqin xəbəriniz var.

– Öldürürdünsə, onda qaçırmağına nə lüzum vardı?

– Vergi vəziri gizli sövdələşməni açıqlaya bilərdi yenidən ələ keçsəydi. O birilərin isə üzü-gözü məlum idi. Əvvəl-axır ələ keçəcəkdilər. Həm də gizli qapının yerini bilmişdilər. Onların öldüyünü ailəsi bilmir. Hər ay da azuqələri artıqlamasıyla çatır.

– Niyə demirsən ki, ailəsinə?

– Açıqlasam, o biri kabuslar da qorxar. Fikirləşərlər ki, onlar üçün də var bu gündən. Sabah əmrlərimi canla-başla yerinə yetirməzlər. Demişəm ki, gizli, əmin yerdədirlər dostlarınız. Bizim gizli dövlətdə əsasən xəbərçiləri, xəyanət edənləri sorğu-sualsız öldürərlər. Bizim gizli dövlətdə yalnız bir cəza növü var – o da ki, ölüm. Bizlərin yeri-yurdu, xəzinəsi torpağın altında yerləşir. Çox dərindəyik, çox dərində. Ona görə bəzən adımızı dərin dövlət də çağırırlar.

– Axı sən, dostların həmişə üzdədir. Bəzən zindana da düşürsünüz.

– Dərin dövlətin görünməyən qatları çoxdur. Biz üzdə olanıyıq. Mən əvvəl sizin şahlığın şahı sayılırdım. İndisə bütün madərşahlıq mənimdir.

– Bəs niyə indi, onda yox?

– Müsəlman şahlıqlara lotular baxırdı. Baş vəzir Qüdrət isə hamısının kökünü kəsmişdi. Demişdi ki, məmləkətdə bir lotu var, o da Göyverən Şahdır. Onun da aqibətini gördüz də... Siz madərşah olandan, Qüdrət kölgəyə çəkiləndən sonra bütün madərşahlığı götürdük. Lotuların qayıtmasına imkan vermədik. Əlbəttə ki, sizin sayənizdə.

– Mənim sayəmdə?

– Bəli. Bəs özünüz deməmişdiniz ki, biz artıq əzilən yox, əzən xalqığ?

– Mən bunu sizinçün deməmişdim.

– Anlamadım. Biz sizin rəiyyət sayılmırıq ki? – deyə Kabus güldü.

– Sözümüz yarımçıq qaldı bayaq. Necə qıyırsan dostlarına, ay Kabus?

– Dövlətin ayaqda qalması üçün bəzən özünkülərdən də qurban verməlisən. Elə hal yarana bilər ki, özün də qurban getməlisən. Bir şeyi də söyləyim. Ki, mənimlə təhdid dilində danışmayasınız. Geyimimin üç nöqtəsində, yaxalıqlarımın ucunda zəhər gizlətmişəm. Ələ keçmək təhlükəsi olanda özümü öldürmək üçün. Ona görə də beyninizi boş yerə yormayın ki, Kabusu necə ələ keçirib zindana salım. Ya da özümə işlədim. Bu, mümkün deyil. Yerimə isə digər Kabus gələcək. Onunla əlaqə yaratmaq isə sizin üçün çox çətin olacaq. Çünki qisasım alınacaq.

– Hətta məni də məhv edə bilərsiniz?

– Qisas alırıq almağına. Amma biz hökmdarları öldürmürük. Bu, siyasətə və qanuni dövlətin işinə qarışmaq kimi qiymətləndirilir. Biz siyasətə qarışmarıq heç vaxt. Bu, gizli dövlətin dərin qatının işidir. Yalnız ayağımızı basdalayanda dirəniş göstəririk. O da razılıq alandan sonra. Amma heç vaxt öldürmürük. Hər işə görə də böyüklərin yanına qaçmırıq. Özümüz çıxış yolu axtarırıq. Bu bizə icazə verilib.

– Bəs qisasınız necə olur?

– Madərşahım, ilk dəfəyçün yaman çox sual verdiniz. Bir söz də deyim, ayrılaq. Atanız Kaminat Şahı baş vəzir Qaflan yox, mən devirmişdim. O cümlədən...

– Nə? – deyə Karine Kabusun sözünü kəsdi. Dodaqları əsdi. Ayaqları sustaldı. Yıxılmamaq üçün ağacdan yapışdı.

– Mənim adamlarımı zindana salıb qətllərinə fərman verdiyi üçün devirdim Kaminat Şahı. Əl-ayağını bağlayıb təhvil verdim baş vəzirə. Zindandakı adamlarımı da əsas qapıdan nümayişkaranə qaçırtdım. Gücümü Qaflan da gördü. Onsuz da mənimlə əlbir idi. Kaminat Şah şübhələnmişdi ondan. Göyverən Şahın yanına qaçıb müharibə oyunu qurduğundan da xəbərdar idi. An söhbəti oldu. Yoxsa edam edəcəkdi onu. Atanızın yerinə isə siz keçməliydiniz. Amma yoxa çıxdınız. Fürsət bilib Qaflan keçib oturdu taxtda. O da müvəqqətiydi. Çünki özbaşınalıq etmişdi. Sizi də devirəcəkdim mənim adamlarımı zindana saldığınıza görə.

– Bəs atamın yenidən taxta çıxmağına niyə imkan verdin?

– Bu qədər, madərşahım. Artıq işıqlaşır. Bir həftə sonra gecəyarı burda görüşənədək, – deyib Kabus atına mindi və gözdən itdi. Madərşahdan xeyli aralandıqdan sonra dayandı. Atdan düşüb diz çökdü. Əllərini göyə qaldırıb, dəli bir hönkürtüylə, – Şükür sənə, İlahi. Aylardır çəkdiyim nigarançılığa son qoyuldu. Az qala tanımayacaqdım. Dünya gözəli olublar qızlarım. Geyimləri gözəl, duruşları gözəl. Bütün qızlar gözəl idi. Amma mənim qızlarım onların hamısından fərqlənirdi. Şükür Allaha, görüb sakitləşdim. Qüdrət Şah düz deyirmiş. Onlara burda evdəkindən də yaxşı baxırlar, – deyib yenidən atına mindi. Meşəlikdə gözdən itdi.

 

ARDI VAR

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?