Arxiv
29 mart 2021, 08:57 | REPORTAJ
Yaddan çıxmış sənətkarlar: Övladlarının sahib çıxmadığı, fəxri ad almayan, komaya düşən AKTRİSA...

Aktrisa Lüfiyyə Səfərovanı xatırlayırsınız? Bu ad gənc nəsilə o qədər də tanış gəlməyə bilər, amma yaşlı və orta nəsil yəqin ki, bilməmiş olmaz. Yaddan çıxaranlar “Şirbalanın ilk məhəbbəti” filmindəki Nazlını, “Hicran” komediyasındakı Çarleston obrazını yadınaa salsın.

 

Bəli, həmin obrazları məharətlə canlandıran Azərbaycan Dövlət Musiqili Komediya Teatrının mərhum aktrisasından danışırıq.

 

Modern.az saytı Vətən müharibəsilə bağlı ara verdiyi “Yaddan çıxmış sənətkarlar” layihəsinə yenidən davam edir. Budəfəki yazıda aktrisa Lütfiyyə Səfərovadan bəhs etmişik.

 

O Lütfiyyə Səfərova ki, yaşadığı müddətdə həyatın bütün çətinlikləri ilə qarşılaşıb. Müxtəlif obrazlar yaradıb, 44 il tamaşaçılara gülüş bəxş edib və sevilib, amma heç bir fəxri ad, həvəsləndirici təqaüd və digər mükafatlar almayıb.

 

Elə səhnə aktrisalar var ki, tək bir obrazla tamaşaçı düşüncəsində dərin iz buraxır. Lütfiyyə xanımın oynadığı Nazlı da belə obrazlardandır...

 

Arayış: Lütfiyyə Şamil qızı Səfərova 1941-ci il martın 11-də ziyalı ailəsində anadan olub. Əvvəlcə Asəf Zeynallı adına Musiqi məktəbinin  vokal şöbəsində, sonra isə Xarici Dillər Universitetinin ingilis dili fakültəsində təhsil alıb. Hələ Asəf Zeynallı adına Musiqi məktəbini bitirdikdən sonra bəstəkar Süleyman Ələsgərovun məsləhəti və dəvəti ilə Musiqili Komediya Teatrında işləməyə başlayıb.

Və Lütfiyyə Səfərovanın teatra olan həvəsi onun taleyini ömürlük Musiqili Komediya Teatrına bağlayıb.


Aktrisanın səhnə yaradıcılığı hələ II kursda oxuyarkən “Səndən mənə yar olmaz” musiqili komediyasında oynadığı Təranə obrazı ilə başlayıb.


Musiqili Komediya Teatrında "Məşədi İbad"da Gülnaz, "Gözün aydın"da Leyla, "Özümüz bilərik"də Lalə, "Ev bizim, sirr bizim"də Çiçək, "Sevindik qız axtarır"da Nazik, "Nənəmin şahlıq quşu"nda Nazlı, "Məmmədəli kurorta gedir"də Xurşud, "Arşın mal alan"da Asya, "Milyonçunun dilənçi oğlu"nda qonşu qız, "Olmadı elə, oldu belə"də Gülnar obrazları ilə tamaşaçıların rəğbətini qazanıb. Rəngarəng rolları ilə düz 44 il səhnəyə çıxıb.


2004-2005-ci illərdə "Volqalı canan", "92 dəqiqə gülüş", "Bankir adaxlı", "Talelər qovuşanda" tamaşalarında da rol alıb.


Koloritli, cazibədar xarici görünüşü, şux qamətli, qulağayatımlı avaza malik olması ona verilən obrazları məharətlə yerinə yetirməsinə imkan yaradıb.


Onun Gülnazı, Asyası, Nazlısı, Balaxanımı və digər rollarının əks-sədası Bakıdan xeyli uzaqlarda yerləşən bölgələrimizə də çatıb. Qastrol səfərləri ərzində Lütfiyyə Səfərovanın oyun tərzinə valeh olanlar Ş.Qurbanov adına Musiqili Komediya Teatrının tamaşalarını görmək üçün paytaxta üz tutublar.


1989-cu ildən Bakı Bələdiyyə «Tənqid-Təbliğ» teatrında işləyən aktrisa 1996-cı ildə yenidən Musiqili Komediya teatrına qayıdıb və bir-birindən məzmunlu, zəngin obrazlar yaradıb.


2008-ci ildə Lütfiyyə xanım yaşadığı travmalardan sonra ürəyinin sözünə baxmaması, şəkərli diabet xəstəliyi və hafizəsinin zəifləməsi səbəbindən tamaşaçılarla görüşlərinə xələl gəlməsin deyə, teatrdan həmişəlik aralanıb.


Lütfiyyə Səfərova haqqında xatirələri qələmə almaq üçün uzun illər onun tərəf-müqabili və yaxın dostu olmuş Əməkdar artist Novruz Qartalla (Novruz Əliyev) söhbətləşdik. 


“Öncə gözəl insan, sonra işini bilən aktrisa idi”


Müsahibimiz mərhum aktrisa barədə söhbətə “o, teatrımızın nazlı-duzlu aktrisası idi” deyərək, başladı.


Novruz Qartal deyir ki, Lütfiyyə xanım kimi insanlar dünyaya az-az gəlir:


“Lütfiyyə xanım öncə gözəl insan, daha sonra işini çox gözəl bilən aktrisa idi. Gözəlliyi, hündür boylu olması ilə səhnədə hər zaman seçilirdi. İnsanlara qarşı səbirli, təmkinli davranırdı. Heç kəsin işinə qarışmağı sevməzdi. Kollektivə çox tez uyğunlaşardı, hər kəslə mehriban davranıb, deyib-gülərdi. Onunla birgə çox çalışmışıq, bu xanımdan inciyən heç bir insan tanımamışam. 

Lütfiyyə Səfərova ona tapşırılan obrazları çox dəqiqliyi ilə oynayırdı. Onunla tərəf-müqabili olan hər kəs çox xoşbəxt idi. Həmin insanlardan da biri mənəm”. 


“Adamın gərək axırı yaxşı olsun, Lütfiyyə xanımda əksinə oldu”



Lütfiyyə Səfərovanın qırx ildən çox həmkarı, sənət dostu olmuş Novruz Qartal onun həyat və sənət yolundan danışmaqdan yorulmur.

 

“Lütfiyyə xanım ailənin tək övladı olub və atasını çox tez itirib. Mətbəədə işləyən anasına dayaq olmaq üçün bibisi Lütfiyyə xanımın qayğısını çəkib. Onu həmişə təmkinli, dedi-qodudan uzaq olan xanım-xatın bir qadın, işinə, sənətinə çox ciddi yanaşan aktrisa kimi tanımışıq.

O kimdənsə kobudluq görəndə, yersiz söz eşidəndə sakitcə təəccübünü bildirməklə kifayətlənirdi. Bir qədər gec ailə həyatı qurdu. Teatrımızın ozamanki işçilərindən biri Rasim Dadaşzadə ilə evləndilər. İki oğlu dünyaya gəldi: Samir və Azər.

Təəssüf ki, Lütfiyyə xanımın ailə səadəti uzun sürmədi. Həyat yoldaşı ilə boşandılar... Və Lütfiyyə xanım uşaqları təkbaşına böyütdü, oxutdu, evləndirdi”.


Lütfiyyə Səfərovanın əsəblərinin pozulmasının səbəbi şəxsi həyatındakı uğursuzluqlarla bağlı olub. Oğlanlarının hər ikisinin ailələrinin dağılması, sonra onların xaricə köçmələri və böyük oğlunun orda əcnəbi qadınla evlənməsi Lütfiyyə xanımın xiffətini artırırmış...

 

“Onun harasa hədiyyəsiz getməsi yadımda deyil” 


“Lütfiyyə xanım bütün ömrünü yalnız bu günün ovqatı ilə yaşayan insanlardan idi. Heç vaxt sonrakı günləri barədə fikirləşməyib. Yəni, maddi mənada deyirəm. Yadıma gəlmir ki, o, harasa hədiyyəsiz getsin. Hamının könlünü almağı çox xoşlayırdı. Həm təbiətcə belə insan idi, həm də Şəmsi Bədəlbəylinin rəhbərliyi altında işləyənlərin sonuncu nümayəndələrindən biri idi. Yaxşı ki, Şəmsi müəllimin ənənəsi bu günə qədər qalıb – bizim teatr dedi-qodunun nə olduğunu bilmir.

Bilirsiniz, teatrda idarəçilik elə qurulmalıdır ki, aktyor özünü lazımlı şəxs kimi hiss etsin. Çünki teatr həm də aktyorundur. Onun potensialı, bacarığı tam gücü ilə istifadə etməli və qiymətləndirilməlidir”.

“Hətta tövlələrdə də konsert vermişik”


“Lütfiyyə Səfərova ilə çox bölgələri gəzib, çoxlu tamaşalarda müxtəlif obrazları canlandırmışıq. Onunla çoxlu gözəl xatirələrimiz var. Kolxozda, kəndlərdə, tarlada, fermalarda, hətta tövlələrdə tamaşalar vermişik. Elə günlərimiz olub ki, yatmağa yer olmayıb, maşında yatmışıq. 

Təəssüf ki, övladları Lütfiyyə xanıma sahib çıxmadılar. Oğlunun ikisi də hazırda xaricdə yaşayır. Övladları ona demək olar ki, heç baxmadılar. Ona bibisi Şura xanım baxırdı, o da dünyasını dəyişəndən sonra Lütfiyyə xanım tək qaldı. Ona ancaq sənət dostları dayaq dururudular. O cür gözəl xanım xəstə düşdü, çox acınacaqlı vəziyyətdə dünyadan köçdü. Lütfiyyə xanımın xəstəxanadakı vəziyyəti hələ də gözümün önündə getmir”.

 

“Biz sənət adamları səhnə fədailəriyik”

 

“Düzdür, onunla çoxlu xatirələrimiz var. Amma ən yadda qalanı mənim 50 illik yubliyemin tədbiri idi. Bir yanımda Lütfiyyə xanımı, bir yanımda da Xanım Qafarovanı əyləşdirmişdim. Hər iki sənətkarın şəxsiyyətindən, xasiyyətindən, sənətə olan sevgilərindən zövq alırdım. 

Cəbhə bölgələrində, səngərlərdə konsertlər vermişik. İnan ki, başımızın üstündə güllə də keçib, amma yenə də əsgərlərimizin könlünü xoş etmək üçün bizə verilən obrazları canlandırmağa davam edirdik. 

Həyatdı da, hamımız bir-bir gedirik. Biz səhnə fədailəriyik. Həmişə yaradıcılıqla məşğul oluruq, insanlara gülüş bəxş edirik.

İnsan başına nə gələcəyindən xəbərsizdir. Allah rəhmət eləsin. Onun kimi bir insan bəlkə də bir daha dünyaya gəlməyəcək”.

Həkimlər onu xilas edə bilmədilər..


Birotaqlı evdə yaşayan L.Səfərova ömrünün sonlarına yaxın mənzil şəraitinin yaxşılaşdırılması, ona da fəxri ad verilməsi və ağır maddi durumu ilə bağlı o vaxtkı mədəniyyət naziri Əbülfəs Qarayevə müraciət etsə də, aktriyasının məktublarına baxılmayıb.

Lütfiyyə xanım ömrünün sonuna qədər ümidlə nə vaxtsa ona da fəxri ad verəcəkləri günü gözləyib. Bu adı şan-şöhrət naminə yox, əməyinə verilən qiymət üçün istəyib. Ancaq umduğu qayğı, diqqət və qiymət ona nəsib olmayıb.

Və aktrisa 2010-cu il fevralın 6-da ağır vəziyyətdə Əfəndiyev adına 2 saylı  xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 2010-cu il martın 1-də müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Aktrisa həyatdakı son gününü  komada keçirib. Onu komadan çıxarmaq mümkün olmayıb…

Ehtiyac içində dünyasını dəyişən aktrisanın dəfn mərasiminə də Mədəniyyət Nazirliyinin məsul şəxslərindən heç kim gəlməyib. Çox təəssüf ki, 68 yaşında vəfat edən Lütfiyyə Səfərovanın son günlərində ailə üzvlərindən də yanında heç kim olmayıb.

 

Lütfiyyə Səfərova Bakının uzaq qəbiristanlıqlarının birində anası ilə dəfn edilib. Anası ilə eyni qəbirə qoyulan aktrisa bu dünyada darısqal mənizldə yaşadığı kimi, axirətə də darısqal məzarla yola salınıb...

Deyilənə görə, heç onun üçün 40, il mərasimləri də təşkil olunmayıb. 

Allah rəhmət eləsin...


Fidan İlqarqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv