Modern.az

Bizim əsgər: “Müharibə bizə ölümün üzərinə necə getməyi öyrətdi” - VİDEO

Bizim əsgər: “Müharibə bizə ölümün üzərinə necə getməyi öyrətdi” - VİDEO

Reportaj

30 Mart 2021, 08:36

Modern.az saytında “Bizim əsgər” rubrikası davam edir. Budəfəki müsahibimiz Vətən müharibəsinin iştirakçısı Mirvahid Ağadır. Qeyd edək ki, Mirvahid cəbhədə olduğu zaman biz əsgərimizin əmisi oğlu, jurnalist həmkarımız Mirmehdi Ağaoğlu ilə onun barəsində söhbətləşmişdik.


- Mirvahid bəy, sizi oxucularımız əvvəlki müsahibəmizdən bir az tanıyırlar. İndi də öz dilinizdən tanıyaq..


- Mən Ağa Mirvahid Mirmahmud oğluyam. 1993-cü ildə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində dünyaya gəlmişəm. BDU-nun Mexanika-riyaziyyat fakültəsinin tələbəsiyəm. Proqramlaşdırma, şahmat, ədəbiyyat və küçə idmanını sevirəm.


- Müharibəyə qatılmağınız necə baş verdi?..


- Bir gün olardı ki müharibə başlamışdı və televiziyada döyüş xəbərləri verilirdi. Düzünü desəm, aavaşın bu qədər ciddi, genişmiqyaslı olacağına inanmırdım. Yəni “Aprel döyüşləri” kimi sonlanacağını düşünürdüm. Həmin günün səhəri mənə Neftçala rayonu “hərbi komissarlığı”ndan zəng gəldi və beləliklə döyüşlərə çağırıldım. Vaxt itirmədən elə həmin gün “komissarlığa” yollandım.


- Vətən müharibəsi yadınızda nə ilə qaldı?


- Bu müharibə bizim xalqımızı birləşdirdi. Xalqımızı həmrəyliyini görəndə bütün çətinliklər, sıxıntılar, yorğunluq keçib gedirdi. O hissi sözlərlə ifadə etməyə mənim gücüm çatmır.



- Döyüş yolunuz haqqında nə deyə bilərsiniz?


- Başqaları çətinlikləri necə hiss edib bilmirəm, mən demək olar ki, heç nə hiss etmirdim. Nə çətinlik, nə qorxu, nə yorğunluq... Mövzu Vətən olanda insan hər şeyi unudur. İnsan hissizləşib qalır. Bəzən sanki, kinoya baxırmış kimi öz həyatına, ətrafda olanlara baxırsan. Müharibə insanı mümkün olan bütün variantlarla narahat edir; yara, ağır əmək, yuxusuzluq, aclıq, ayrılıq, natəmizlik. İndi o yüksəkliklərə dayanıb-dincəlmədən çıxa bilmərəm, amma müharibə zamanı ağır sursat yeşikləri ilə iki-üç dəfə çıxıb-düşürdüm. Bir müddət sonra insan düşdüyü şəraitə öyrəşir və ölümlə "zarafat etməyə" başlayır.


- Bildiyimə görə, Laçında da olmusunuz. Oranı təsvir edə bilərsiniz?


- Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərdə iştirakçı olmuşam. Laçının isə müdafiəsində iştirak etmişəm.Cəbrayıldan Laçına doğru getdikcə, təpələr dağlarla əvəz olunmağa başlayır. Orada Xocavənddəki kimi sıx məskunlaşma yoxdur. Ancaq hərbçi evləri, təsərrüfatları var. Su və qaz xətti olmadığına görə bulaq suyu və odun sobasından istifadə olunurdu. Hər tərəfdə sahibsiz donuzlar, atlar, inəklər gözə dəyirdi.


- Müharibədə olanda ən çox nədən narahat idiniz?


- Döyüşlər vaxtı  tanımadığım Nigar adlı bir qız mənim e-mailimə uzun-uzadı məktublar yazırdı. İnternet əlaqəsi olmadığından dostum bütün mətni adi SMS ilə mənə göndərirdi. Romanlarda, filmlərdə olduğu kimi hiss edirdim özümü. Müharibədə soyuq, natəmizlik, yorğunluq, həyəcan, yuxusuzluq insanı "insanlıqdan çıxardığı", hissiz varlığa çevirdiyi zaman işin içinə qadın amili girir və sənə özünü yenilməz, əsl qəhrəman kimi hiss etdirir. Bu məktubların müəllifini heç zaman tanımayacağam deyə narahatlığım var idi.



- Bəs necə oldu, evə döndükdən sonra o məktubların müəllifini görə bildiniz?


- Bəli, geri döndükdən sonra bir dəfə o xanımla görüşdüm. Sadəcə, dost olduq.


- Müharibə sizə nəyi öyrətdi və nəyi unutdurdu?


- Düzdü, həqiqi hərbi xidmətdə olub silahdan atəş açmışam, qumbara atmışdım. Üç ay dağda-dərədə təlimlər keçmişdim. Amma müharibənin öyrətdiyini heç bir təlim öyrədə bilməz. Bütün canlı orqanizmlər həyatda qalma mübarizəsi apardıqlarına görə instinktiv olaraq ölümdən qorxurlar. Müharibə isə ölümün üzərinə getməyi, qorxularını səssizə almağı öyrədir.


- Hazırda Vətənimizin keşiyində olan əsgərlərimiz üçün “Əsgər salamı”nızı eşidək.


- Salam vermək sülh və əmin-amanlıq, salamatlıq arzu etməkdir. Bütün xidmətini davam etdirən yoldaşlara sülh və əmin-amanlıq arzu edirəm. İnşallah, sağ-salamat əzizlərinin, ailələrinin yanına geri dönərlər. Özünüzdən muğayat olun, çünki siz də bu Vətənin ayrılmaz hissəsisiniz.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!