Modern.az

Ağasif kişinin SİYASİ YUXULARI

Ağasif kişinin SİYASİ YUXULARI

Ədəbi̇yyat

31 Mart 2021, 09:45

Firuz Mustafa

(“Qısa hekayələr” silsiləsindən) 

  
Ağasif kişi mökəm Stalinpərəst idi.  Ölümündən illər keçən “ellər atasını” tərifləməkdən yorulmur, tez-tez onun həyat və fəaliyyətindən iqtibaslar gətirir, toyda mollanın, yasda tamadanın sözünü kəsir, rəhbərə olan məhəbbətini gizlətmirdi. Sözünün əvvəli o “kişi” ilə başlayır, elə sözünün axırı da o “kişi” ilə qurtarırdı. Qonum-qonşular öz aralarında Ağasif kişiyə, necə deyərlər, müvafiq vəziyyətə uyğun olan ad da tapmışdılar: “Ağasif  Vissarianoviç”.

  
Stalin dövründə repressiyaya düçar olmuş ailələrin bəzi üzvləri  hələ sağ-salamat idi və onların çoxu o “kişi”nin adını eşidəndə ən yaxşı halda üz-gözlərini turşudurdular. Hətta, “ellər atasını” söyənlərə də rast gəlmək olurdu.

  
Arvadı hərdən zarafatla ona deyirdi ki, a kişi, əgər Stalin bilsəydi ki, onu bu qədər sevirsən, vaxtında sənə bir vəzifə-zad verərdi. Adətən Ağasif kişi arvadının bu atmacasına məmnun bir  halda gülümsəməklə cavab verərdi.

  
Soruşa bilərdilər ki, Ağasif kişini Stalində cəlb edən hansı keyfiyyətlər idi? Bu barədə ən dəqiq məlumatı məhz Ağasif kişinin dilindən eşitmək olardı: “İnsanlıq, insanpərvərlik”. Vəssalam.

 
 Son vaxtlar Stalin bir neçə dəfə onun yuxusuna da gəlmişdi. Ağasif kişi İosif Vissarianoviçi yuxuda müxtəlif vəziyyətlərdə, müxtəlif  yerlərdə görürdü. Ən maraqlısı və bəkə də ən maraqsızı bu idi ki, Ağasif kişi ilk vaxtlar öz  idealını yuxuda görsə də, o “kişi” sanki Ağasif kişinin mövcudluğunu hiss etmir, ona heç gözünün ucu ilə də baxmırdı. 

Axır ki, günlərin bir günü Stalin yoldaş Ağasif kişini şəxsən özü  “gördü”.  Hə də, yuxuda.

  
“Ellər atası” uca, hündür bir tribunanın arxasında dayanıb alovlu çıxış edirdi. Yalandan deyirlərmişlər ki, Stalinin boyu qısa olub. Xeyr, o “kişi” sən demə nəhəng, ucaboy, əzəmətli bir adam imiş. Çıxış başa çatandan sonra İosif Vissarianoviç əlinin işarəsi ilə Ağasif kişini yanına dəvət etdi. Onlar çoxdanın tanışı kimi əl tutub görüşdülər. Düzdür, həmin anlarda Ağasif kişinin ürəyindən keçdi ki, rəhbərlə qucaqlaşıb öpüşsün, onun lopa bığının təmasını öz üzündə hiss etsin, amma nə edəsən ki, tanışlıq anları yalnız əlvermə ritualı ilə başa çatdı.

 
 Stalin onun əlini buraxmadı. Sən demə, o da yalan imiş ki, rəhbərin sol əli şikəstdir. Çünki “ellər atası” sağ əli ilə Ağasif kişinin əlindən bərk-bərk yapışsa da, sol əli ilə fasiləsiz olaraq bığını eşirdi. Sonra Stalin dedi ki, gedək Kremlə. Demə, Kreml lap yaxında, rəhbərin burnunun, daha doğrusu, şeşə  bığının ucunda imiş.

 
 Stalin tribunadan düşüb Kremlə sarı addımlamağa başladı. Onlar elə əl-ələ gedirdilər. Sevincdən Ağasif kişinin ürəyi köksünə sığmırdı. O, min faiz əmin idi ki, tezliklə hansısa yüksək vəzifəyə təyin olunması barədə əmr veriləcək. Bir vaxt dünyaya qələbə müjdəsini radiodan elan edən İosif Vissarianoviç çox güman ki, bu günkü çox mühüm xəbəri də radio ilə elan edəcəkdi.

  
Maraqlı burası idi ki, Kremlin həyəti betonla yox, şpallarla döşənmişdi. Bir azdan Ağasif kişi ayağının altındakı şpalların tərpəndiyini, titrədiyini hiss etdi. Allah bilir, bəlkə də Stalinin ayağının dəydiyi hər yerin lərzəyə gəlməsi adi bir şey idi.

  
Onlar Kremlə çathaçatda Ağasif kişinin ayağı sürüşüb çpalların arasında qaldı. O ayağını yerdın üzmək üçün dartındı. Sanki kimsə onun ayağından bərk-bərk yapışıb buraxmaq istəmirdi. Stalin yoldaş bunu duyub Ağasif kişinin əlini özünə tərəf dartdı. Sanki titrəyən yer, daha doğrusu tərpənən çpallar onların hər ikisini dərinliyə çəkib aparırdı.

  
Ağasif kişi əyilib yerə baxanda dəhşətə gəldi. Sən demə, Kremlin həyətinə döşənmiş “şpallar” heç də adi şpallar deyilmiş, bu, yan-yana düzülmüş adamlar imiş. Hə də, adamları şpal kimi yan-yana düzmüşdülər. Bu “şpal-adamların” bir çoxu meyit olsa da, aralarında yaralılar da varmiş ki, həmin o yaralılar da Ağasif kişi ilə yanaşı İosif Vissarianoviçin də ayağından yapışıblarmış.

  
Ağasif kişi qışıqırıb əlini Stalinin əlindən xilas etmək istədi. Deyəsən, “ellər atasının” onun əlini buraxmaq fikri yox idi. Yerə döşənmiş  “şpallar” get-gedə sanki çiyin-miyinə verib vahiməli şəkildə “dalğalanmağa” başladılar. İlahi, sən demə bu  “şpal-adamlar” qıpqırmızı qan gölündə üzürmüşlər...

 
 -Bismillah, bismillah...

 
 Ağasif kişi qan-tər içində gözünü açdı. Kimsə bərk-bərk onun əlindən yapışmışdı. Yox, bu, Stali deyildi, onun arvadı idi.  Arvad ərinin əlini buraxıb onun alnında puçurlanmış təri silərək dodaqaltı pıçıldadı:

 
 - Bismillah, bismillah... Allah, bizim bu kişiyə özün kömək ol.

  
Ta ondan sonra İosif Vissarianoviç heç vaxt Ağasif kişinin yuxusuna gəlmədi.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir