Arxiv
31 mart 2021, 12:07 | DİASPOR
Azərbaycan diasporu Mart Soyqırımını necə təbliğ edir? - Diaspor liderləri ilə SORĞU

31 mart Azərbaycanlıların Soyqırımı günüdür. Bu il soyqırımının 103-cü ildönümünü qeyd edirik.

1918-ci ilin martında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğın qurbanlarının xatirəsi anılır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.

 

Avropa ölkələrindəki Azərbaycan diasporu bu günlə bağlı hansı işləri görür?

Azərbaycan diasporunun ayrı-ayrı ölkələrdəki rəhbərləri 31 Mart Soyqırımı günü ilə bağlı gördükləri işlər  barədə Modern.az-a danışıblar.

 
Ukraynanın Dnepr vilayətindəki ilk diaspor təşkilatının qurucusu Eldar Tağıyev:

“Son illər Krım tatarlarının faciələrini qeyd edən zaman həmin tədbirlərdə onlara verilən imkanlardan biz də istifadə edirdik. Çeçənlərin və Şimali Qafqazın digər xalqlarının deportasiyası həmişə dövlət səviyyəsində Ukraynada qeyd olunurdu. Biz hər zaman həmin məclislərdə başımıza gətirilən müsibətlər barədə danışırdıq. Sırf  bu günə aid elmi konfranslarımız da olub. Biz 20 yanvar və Xocalıdan sonra 3-cü dəfə mart ayında belə bir kütləvi tədbir keçirməmişik. Pandemiya bitəndən sonra bu tədbirin formatını dəyişəcəyik. Bunu ancaq elmi konfrans, elmi məqalələr formatında, elmi məcmuələrdə təqdim etməyə çalışacağıq”.

 
Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndirici Maisə Ağamirzəyeva bu il pandemiya ilə əlaqədar olaraq yürüş keçirib toplaşa bilmədiklərini qeyd edib:

“Pandemiya təhlükəsi burada get-gedə artır, vəziyyət heç də ürəkaçan deyil. Bizim Koordinasiya Şurasımızın üzvü, “Odlar Yurdu” Niderland-Azərbaycan Cəmiyyətinin sədri Firəngiz Bağırova mart ayında Novruz bayramı və 31 marta aid markalar sifariş edib. Həmin markaları yaxın dost-tanışlara, hollandlara göndərdiyi məktublarda istifadə edib. Burada məktublaşma çox olur və hər şey məktubla bildirilir. Bu səbəbdən də markalardan daha çox istifadə olunur. Marka çox gözəl ideyadır. Bu il başqa tədbir olmayıb. Amma bundan öncə biz yürüşlərlə, həmin yürüşlərdə paylanılan məlumat xarakterli vərəqələrlə insanları məlumatlandırmağa çalışmışıq”.

 

İsveçrədəki Azərbaycanlıların Koordinasiya Şurasının rəhbəri Qasım Nəsirov isə hər zamankı kimi kimi tədbirlər keçirəcəklərini bildirib:


“Mart soyqırımını, başımıza gətirilən müsibətləri insanlara çatdırmaq üçün İsveçrədə məlumatlandırma və bilgiləndirmə tədbirləri keçirməyə çalışacağıq. Qəzetlərdə, digər  media orqanlarında müsahibə dərc etdirməklə soyqırımı ilə bağlı bilgiləri təqdim edəcəyik”.


Nəzrin Vahid

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv