Modern.az

Uduza-uduza hara gedirik? - İdman yazarlarından AFFA-ya SƏRT TƏNQİD

Uduza-uduza hara gedirik? - İdman yazarlarından AFFA-ya SƏRT TƏNQİD

1 Aprel 2021, 16:58

Azərbaycan futbolu uğursuzluq zolağından nəinki çıxa bilmir, əksinə, daha da batır..  “Dünya Çempionatı-2022”nin Avropa zonasında yarışan milli komandamız italyan baş məşqçi Canni de Byazinin rəhbərliyi altında uduza-uduza gedir: qrupda 2 oyun - 2 məğlubiyyət.

Milli komandamızın Portuqaliya (0:1) və Serbiyaya (1:2) ardıcıl məğlubiyyəti futbol ictimaiyyətini qəzəbləndirib. Sosial şəbəkələrdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) ünvanına sərt tənqidlər yazılır.

Tənqidçilər sırasında tanınmış idman yazarlarını da görmək olar.

Azərbaycan futbolu bu cür oyunla hara gedir?

Modern.az-ın əməkdaşı bu sualla idman yazarlarına müraciət edib.

Matç.az idman portalının redaktoru İxtiyar Əsgərov mövzu barədə danışarkən digər sahələrə baxanda futbola min şükür etdiyini deyib:

“Milli komandanın DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində son iki oyunda Portuqaliya və Serbiyaya 0:1 və 1:2 hesablı məğlubiyyətlərini nəzərdə tutursunuzsa, düzdü, hamı daha yaxşısını gözləyirdi, daha yaxşı nəticəyə ümid edirdi. Təəssüf ki, alınmadı. Amma tarix, statistika var. Avropa çempionu olan Portuqaliya əvvəllər millimizin qapısına 7, Serbiya 6 qol vurub. Yığmamızın heyətindəki futbolçuların demək olar ki, hamısı yerli çempionatda oynayır. Portuqaliya və Serbiyada isə tam fərqli durumdu, böyük əksəriyyəti Avropanın tanınmış klublarında forma geyinir. Yəni futbolçuların səviyyə fərqi öz sözünü deyir. Elə Serbiya ilə oyundan sonra yığmamızın kapitanı Maksim Medvedev də bu amili qabardıb. “Rəqiblər çox sürətli oynayır, biz isə yoruluruq”. Fiziki cəhətdən çatdıra bilmirlər.

Ümumiyyətlə, digər sahələrə, təhsil və səhiyyənin vəziyyətinə baxanda, futbola min şükür edirəm. Sadə bir misal: idman naziri müalicə üçün ABŞ-a, məmur övladları daha yaxşı təhsil almaq üçün xaricə üz tuturlar. Futbolumuza gəlincə, ortada reallıq var - artıq neçə illərdi Azərbaycan, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində oynayır”.


ATV-nin
İdman Departamentinin redaktoru, aparıcı İlkin Xəlilov sonuncu oyunun nəticələri ilə bağlı AFFA-nı çox sərt tənqid edib:


“Başın batsın, AFFA!!! Müharibədə tar-mar etdiyimiz, iqtisadiyyatına meydan oxuduğumuz Ermənistanın gör, necə yığma komandası var: 3 oyun, 3 qələbə və Almaniyanın qrupunda lider! Məncə, utanmaq hissi sizə yaddır...

Millətlər Liqasında bizimlə eyni divizionda oynayan Şimali Makedoniya səfərdə Almaniyanı məğlub edir, gürcülər Xviçanı Avropa nəhənginə satmağa hazırlaşır, Malta səfərdə Slovakiyadan, Latviya Türkiyədən xal alır, bizim komanda isə əvvəlkindən də rəzil gündədir.

Gözünüzdən gəlsin, illik 25 milyon büdcə, bir gün bunun hesabını verəcəksən, Elxan Məmmədov, onda səni nə trolların, nə də sənin havana oynayan "media" xilas edəcək... Az qalıb”.


Qol.az
saytının baş redaktoru Aydın Bağırov isə yaxın 5 ildə futbol sahəsində irəli gedəcəyimizin mümkünsüz olduğunu qeyd edib:


“Futbol sahəsində problemlər çoxdur. Bu problemlərdən danışmaq üçün saatlarla vaxt lazımdır. Uşaq futbolundan, çempionatın səviyyəsindən başlamış məşqçilərə qədər ciddi problemlər var. Yaxın illər ərzində bu gedişat yaxşı heç nə vəd etmir.

Uşaq futboluna mütləq ciddi nəzarət olmalıdır, bölgələrdə futbola maraq yaratmaq üçün tədbirlər görülməli, Premiyer Lig-də bölgə komandalarımız təmsil olunmalıdır ki, futbol ölkəmizdə inkişaf etsin.

Ümumiyyətlə, əcnəbi futbolçulardan, milli komandaya xarici məşqçilərin gətirilməsindən imtina edilməli, daha çox yerli məşqçilərlə əməkdaşlıq olunmalıdır. Bəlkə bu tədbirlərdən sonra futbol ölkəmizdə nəticə baxımdan düzələr. Amma, bu gedişatla ən azı yaxın 5 ildə ümidverici heç nə görmürəm”.  


Fidan İlqarqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir