Modern.az

Mehdi Hüseynin “Nizami” pyesi: Xəzərlər Afaqı kəniz edirlər

Mehdi Hüseynin “Nizami” pyesi: Xəzərlər Afaqı kəniz edirlər

Ədəbi̇yyat

2 Aprel 2021, 09:22

Mehdi Hüseyn Bərdə şəhərindəki böyük bir həyəti təsvir edir. Bu həyətdən uca saraylar və memar Əbdəkin evi görünür. Hava yeni-yeni işıqlanır. Əyri-üyrü küçə ilə Bərdə cəngavəri Toğrul və Çingiz gəlir. Çingiz deyir ki, Toğrul, bizdən başqa Bərdə şəhərində bir başıpapaqlı qalmamışdır. Vəhşi xəzərlərin birini də sağ buraxmayacağıq. Xəzərlər şəhərə doluşur. Toğrulun bacısı Dəstəgül Afaqa deyir: “Bax görürsənmi? Xəzərlər şəhərə doluşdu. Bərdənin qanlı günləri başlandı. Of... Adamın tükləri ürpəşir. Niyə insanlar vəhşi heyvan kimi bir-birini yeyir. Bu qırğınlar nə üçündür, Afaq?!” Afaqın cavabı mətləbi açır. O deyir: “Bir qarış torpaq üçün. Tökülən qanlar, ölən insanlar, göz yaşları-hər şey, hər şey bu qara torpaq üçündür”.  Oxlar göydən quzğun kimi tökülür. Dəstəgül Afaqa deyir ki, gəl, gedək yaralıların yarasını bağlayaq. Bu zaman yaralı Əbdəki gətirib çardağın altında yerə uzadırlar. Məlum olur ki, onu Toğrul qılıncla arxadan vurubdur. Dəstəgül buna inanmaq istəmir. Ancaq bu acı həqiqəti inkar etmək olmur. Toğrul Afaqa elçi göndərmişdi ki, onun elçilərini Əbdək geri qaytarmışdı. Ona görə geri qaytarmışdı ki, düşmənə qarşı vuruşmaq lazım idi. Əbdək demişdi: “Qılıncla sevgi tutmaz, Toğrul! Sən cəngavərsən, get! qılıncınla düşmənə zərbə endir!” Toğrul bunu unutmamış, Əbədkdən qisas almaq istəyində olmuşdur. O da məlum olur ki, Dəstəgülün qardaşı Toğrul da ölmüşdür. Bu  vaxt xəzərlər həyətə doluşur və müxtəlif tərəflərə dağılışırlar. Bir Xəzər Bərdə gözəli Afaqın üstünə gəlir. Afaqın gözü qılınca sataşır və tez onu götürür. Xəzər Afaqa deyir ki, o incə barmaqlara qılınc yaraşmayır, at yerə o qılıncı, təslim ol. Səni zəngin saraylara qənimət aparacağam. Dəstəgül Afaqı köməyə çağırır. Xəzər isə onların hər ikisinə deyir ki, bu gündən Bərdə gözəlləri bizim ixtiyarımızdadır. Afaq Xəzəri qılıncla vurur. Xəzər dizi üstə qapanır. Bu anda baş verənlər Mehdi Hüseyn tərəfindən belə qələmə alınır:

        “Xəzər. Köməyə gəlin! Köməyə gəlin! (Afaq ona yaxınlaşır) Amandır, məni öldürmə, yalvarıram, keç günahımdan.

        Afaq. Ye bu torpaqdan doyunca!

        Xəzər. Mən bu torpağı necə yeyim?

        Afaq. Elə isə öləcəksən!

        Xəzər. Yalvarıram, sənə Əzrail olmaq yaraşmayır, sən mələksən!

        Afaq. Ye bu torpaqdan, deyirəm sənə.

        Xəzər. Sizlərdə adət belədirmi?

      Afaq. Bəs bu qədər vuruşmaq, günahsız insan qanı tökmək, bu gözəl sarayları yandırıb külə döndərmək nə üçündür? Qoy səni göndərənlər bilsinlər ki, adətimiz belədir. Düşməni məğlub edəndə, biz ona doyunca torpaq yedizdiririk. (Vurub öldürür. Yüyürüb Dəstəgül tərəfə getmək istərkən, bir dəstə xəzər onu əhatə edir. Afaq yenə də vuruşur, amma qılınc əlindən yerə düşür)

    Bir Xəzər. “Aparın, bu mələk saraylara layiq bir hədiyyədir”.

Afaq qardaşı Əbdəki köməyə çağırır. Ancaq sürünə-sürünə irəliləsə də, bacısı Afaqa kömək edə bilmir. Xəzərlər Afaqı da, Dəstəgülü də sürüyüb aparırlar.

Xəzərlərin Afaqı kəniz etməsi Mehdi Hüseynin yazıçı mövqeyinin bəzi mətləbləri açmasına işarədir.

  1. a) Bərdə cəngavəri Toğrul Afaqı sevir, ancaq vətəni sevə bilmir. O, vətəni, yəni Bərdəni qorumaq əvəzinə, Afaqın qardaşı Əbdəkə arxadan qılınc çalır. Axı vətənin dar günündə, yəni Bərdənin dar günündə birinci vətəni, yəni Bərdəni qorumaq lazımdır. Vətən, yəni Bərdə qorunarsa, təbii ki, Afaq da qorunar. Ancaq Toğrulun elçiləri Əbdək tərəfindən geri qaytarıldığı üçün o, Əbdəkdən Bərdənin dar günündə qisas alır. Əslində bu, Bərdəyə xəyanətdir;

  2. b) Toğrul Afaqı sevir, ancaq anlamır ki, Bərdəni qorumamaqla, daha doğrusu, qorumağı bacarmamaqla, Əbdəkə arxadan qılınc vurmaqla nəticədə Afaqı xəzərlərə kəniz edir;

  3. c) Afaq mələk simalı bir xanım olduğu qədər, həm də cəsarətli, qorxmaz və “Düşməni məğlub edəndə, biz ona doyunca torpaq yedizdiririk” deyən, bunun bir adət olduğunu bir Xəzərə görk edən Bərdə gözəlidir.



Buludxan Xəlilov,

filologiya elmləri doktoru, professor

Twitter
Sizə yeni tvit var
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...