Modern.az

Nəvələrimin nəvələrinə ikinci müraciətim

Nəvələrimin nəvələrinə ikinci müraciətim

Mədəni̇yyət

2 Aprel 2021, 14:33

Rafiq  HƏSƏNOV,
veteran  jurnalist   

Və  yaxud “Kosmik dövlət”in  övladlarına


Mənim əzizlərimin əzizləri - nəvələrimin nəvələri, sizlərə bəyan edəcəklərimi  oradan başlayım ki, doğma Vətənimiz Azərbaycan 70 il Sovet Sosialist Respublikaları İttifaqı adlandırılan SSRİ  ölkəsinin  tərkibində olub. Bizim məmləkətlə yanaşı daha 14 respublika da  “müttəfiq” adı ilə həmin  nəhəng dövlətə  daxildi. Bu quraşdırma dövlət ərazicə çox böyük, ucsuz-bucaqsızdı. Həm də xeyli “atgetməz”  qaydalara, naqisliklərə sahibdi. O  vədələr  SSRİ sərhədindən kənara çıxmaq,  xarici  ölkələrə  gediş-gəliş daxili vətəndaşlara  qadağandı. Üstəlik Astara, Culfa, köhnə Biləsuvar, daha bir neçə yurd yerlərimizi  tikanlı məftillərlə hörülmüş sərhəd  dirəkləri parçalayıb ikiyə bölürdü. Həmin məkanlarda   çoxlu   ailə, qohum-qardaş, məhəllə bir-birindən  ayrı düşmüşdü. Belə qarabəxtlilərin - yarısı  İran ərazisində, başqa yarısı SSRİ  tərəfdə qalmışdı. Onlar öz doğmaları, “can-ciyər”ləri ilə ünsiyyətdə olmağa,  görüşməyə  həsrətdi. Çünki sərhəd—tikanlı məftillə hörülmüş hasar toxunulmaz, keçilməzdi.  Eldə deyildiyi kimi həmin  tikanlı “divar”dan  quş uçsaydı qanaddan, dovşan qaçsaydı ayaqdan olardı.

       
Bir  nümunə bildirim. Cəlilabad  rayonunda  mədəniyyət işçisi Nəzəralı  Nəzərov yerli təşkilatlardan savayı Azərbaycanın əlaqədar qurumlarından tutmuş Sovet rəhbərliyinə qədər saysız-hesabsız müraciətlər etmişdi.  Məqsədi müəyyən müddətə  İran tərəfə  keçmək,   o taydakı doğmaları, əzizləri ilə  görmək idi.  Uzun bürokratik  yazışmalardan,  get-gəldən sonra   N.Nəzərova  İrana getməyə viza verildi. Lakin  ona Cəlilabadın  sərhəddə yerləşən Germi kəndindən  o taydakı  Böyük Germiyə uzanan bir neçə dəqiqəlik  məsafəni   adlamaq qadağandı.  Odur  ki, Nəzəralı Germidən Germiyə çatmaq niyyəti ilə  rayon mərkəzinə,  sonra  Bakıya yollanmış, oradan Moskvaya, davamı olaraq  Tehrana təyyarə ilə səfər etmişdi. Yalnız bundan sonra o tayda daha yüz kilometrlərlə yol qət edib geriyə  Germiyə  qayıdıb, qohum-qardaşa qovuşa bilmişdi.

       
Sovetlər zamanında rəsmi Moskvadan müttəfiq respublikalara  ögey-doğma  münasibətlər  mövcuddu.  Azərbaycanlılara  Kremldə, digər mühüm rəhbərlikdə,  xarici səfirliklrdə, mərkəzi  redaksiyalarda nadir hallarda vəzifə etibar  edilirdi. Ədalətsizlik səbəbindən  gənclərimiz müsabiqələrdə öz layqli mövqələrinə   yol tapa bilmirdi. Respublikamız bağımsızlıq əldə edəndan sonra  bizimkilər də  xarici ölkələrə sərbəst ayaq açmaq imkanları qazandılar. Öz istedadlarını aşkara çıxara bildilər.  İndi    soydaşlarımız Ümumdünya qurumlarından,   ayrı-ayrı ölkələrin yüksək idarəetmə strukturlarından, seçkili  beynəlxalq təşkilatlardan,  Dövlət idarələrindən boy verirlər. Bir vədələr dünya paytaxtı sayılan   London şəhərinin meri vəzifəsi uğrunda mübarizə aparan  namizəddən biri məhz azərbaycanlı Kamran Balayevdir. Digər soydaşımız Elgün Səfərov Beynəlxalq Millətlər Təşkilatı—BMT-də  Komitə vitse sədri seçilmişdir. 

      
Belə örnək nümunələrdən sonra hələ də  bizim bəzilərimiz  elə fikirdədir ki, cəmiyyətdə inkişaf etmək, yaxşı vəzifəyə yiyələnmək üçün  gərək adamın köməyi,  sözü keçən qohumu, yerlisi, kalan pulu olmalıdır.  Belələrini heç cür inandırmaq olmur ki,  sadalananlardan  daha vacib amil insanın istedadı,  biliyi, təçkilatçılıq bacarığıdır. Həmçinin qətiyyətli iradə, özünə inam, çalışqanlıq, səy, savad  daha önəmlidir. “Gərək adamın adamı olsun!”- deyib, yaxa cıranlar, “Pul hər şeyi həll edir”- hökmünü   başları üzərində al bayraq kimi dalğalandıranlar yığışsınlar. Birləşib, cəmlənsinlər.  Ölçüyyə gəlməyən varidatlari ilə  toparlansınlar, imkanlarını  səfərbər eləsinlər..! Görək lazımi biliyi, istedadı olmayan   kimsəni   pulla, rüşvət vasitəsiylə, qohumbazlıqla  Fransa prezidentinin Elvin Abbasbəyli sayaq tərcüməçisi eləyə bilərlərmi? Pul, “dayı” kara gələcəkmi?! Yox. Mümkün deyil. Onların sadaladığı vasitələr heç də həmişə, hər yerdə baş aparmır. Əsasən  vecsizdir!  Hazırda Fransada yaşayıb, peşəkar tərcüməçilik fəaliyyətilə məşğul olan, 7 dil bilən həmvətənlimiz, Neftçaladan pərvazlanmış Elvin Abbasbəyli bu yöndən hər kəsə bariz nümunədir. O, köməksiz, rüşvətsiz, adam-nəfərsiz, yalnız öz bacarığı,  parlaq istedadı  ilə olduqca məsul  səlahiyyətə yiyələnib. Hər kəsin ayaq basa bilmədiyi tarixi  Yelisey  sarayının qapılarından içəriyə  sərbəst daxil olur.  Elvin Fransa prezidenti və hökumətinin akreditasiyalı tərcüməçisi, Sinxron Tərcüməçilərin Beynəlxalq Assosiasiyasının  üzvü kimi üzərinə düşən  məsuliyyətli işin öhdəsindən ləyaqətlə gəlir.

Şahmat idmançısı  rəqiblə qarşılaşmada ona rüşvət, adam-nəfər kömək edirmi? Əsla, qətiyyən yox! Yalnız idmançının özünün fərdi isdedadı, düşüncəsi, ustalığı  dada çatır.  Başqa amil yoxdur, ola da bilməz.  Bu, heç cür mümkün deyil!  Dünya birinciliyi uğrunda, deynəlxalq turnirdə  milyonlala insanın nəzarəti altında  keçirilən  əyani yarışda şahmat ustası  təkbətək vuruşda yalnız öz zəkasına, düşüncə qabiliyyətinə, idrakına  güvənir.  Bizim Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və digər şahmat ustlarımız sayaq. Bu zəka sahibləri  ayrı-ayrı turnirlərdə çempion da olur, yüksək yerlərə  də yiyələnirlər. “Dayı”sız, qohumluq, yerliçilik  vasitəsinə ehtiyac duymadan.  Kara gələn yalnız fərdi ustalıq, istedad, mübarizə məharətidir.

       
Övladlarım, nəvələrimin törəmələri,  sizlərdən bir çoxu   ilə həmyaşıd,  bəzilərinizdən kiçik və ya böyük olan 14 yaşlı Xədicə İbrahimova ABŞ-ın Merilend ştatının “Crofton” məktəbinin şagirdidir. Həmyerlimiz  təhsildə xüsusi  müvəffəqiyyətlərinə görə Birləşmiş Ştatlar Prezidenti Donald Trampın imzası ilə “Outstanding Academic Excellence”  mükafatına layiq görülüb. Belə müvəffəqiyyət riyaziyyat və inglis dili proqramı üzrə təhsil alan  xüsusi istedadlı  uşaqlara  çox az hallarda nəsib olur. Xədicə balamız  bəlkə də birincilərdəndir!  Ürəkaçan, fərəhli xəbərdir, elə deyilmi? Axı belə şərəfə hər kəs nail ola bilmir. O da ola yad ölkədə, xüsusən ABŞ kimi bir məmləkətdə.  Sizlərə də sidqi-dillə   belə uğurlar diləyirəm, balalar.

    
Əgər bizim diyarda belə və ya buna bənzər qürurverici hadisə baş versəydi, bəzi şəkkaklar ağız-ağıza verib durumu  cürbəcür hallandıracaqdılar:  “O qızın adamı var”, “məktubu  pulla təşkil etdirib”, ya da  qohumu mühüm vəzifədə  çalışır, onun sayəsində  bu mükafata yiyələnib və sairə və ilaxır,-deyəcəkdilər. Öz qara niyyətli fantaziyaları ilə dil-dil ötəcəkdilər.   Mən isə deyirəm: Afərin, mənim qərib Xədicə balam! Canın daim sağlam, uğurların tükənməz olsun!

   
ABŞ-da yaşayan digər körpə soydaşımız Nurlan Abbaszadə növbəti uğuru ilə ailəsini, həmçinin  hər birimizi  sevindirib.  Vaşinqtonda fəaliyyət göstərən “Martha Lake Elementary School” tərəfindən "Ayın şagirdi" seçilib. Bu münasibətlə məktəb rəhbərliyi tərəfindən azyaşlıya balamıza xüsusi sertifikat təqdim olunub. Bu, istedadın nümunəsidir.

    
Çöhrələrinizin, boy-buxunlarınzıın necə olduğunu  görə bilməyğcəyim əziz balalar--  ağıl-istedad gərgin səy, inadla çalışmaq, daim öyrənmək, ardıcıl olmaq sayəsində qazanılır Ağıla-savada, mükəmməl biliyə yiyələnməklə insan qüdrətlənir. Ən yaxşı-tükənməz sərvətə ömürlük sahiblənir.  Dəbdəbəli imarətlər, topdağıtmaz mülkllər  daşınmaz əmlak olsa da onları qanun əsasında, ya da  haqsızlıqla,  zor gücünə,  sahibinin əlindən ala və ya müsadirə edib, talaya bilərlər. Elm-savad-bilik isə başqadır,  həmişə insanla birlikdədir. Özgəsi onu zəka sahibindən ala, zəbt edə bilməz. Ömürlük səninlədir. Harada olsa parlayacaq-elm, bilik, istedad!  Amalınız bu yöndə olsun!

     
Həyat, dövran sürətlə dəyişir. İndi kotan  deyəndə   adidən adi bir  şum aləti yada düşür.  Amma  ulu əcdadlarımız  milyon illər ibtidai tərzdə  həyat yaşadıqdan sonra kotanı  icad etmişlər.  Bu,  öz dövründə bəşəri nailiyyət,  ibtidai cəmiyyət üçün bir növ sivilizasiya  idi. Kotan əkinçiliyin  təşəkkül tapmasına təkan oldu. Mədəni həyata doğru yol açıldı.  Sonradan insan cəmiyyəti tədricən inkişaf etməyə, yeniləşməyə,   təkamüllənməyə  başladı. Əsrlər bir-birini əvəzlədikcə belə irəliləyiş durmadan  sürətləndi. Son əsrlər, yəni 19-20–ci əsrlərdə, xüsusilə indiki XXI yüzillikdə  həyatın irəliləyişi daha itidir, qaçaraqdır. Bu səbəbdən ötən  onilliklərdə nailiyyət hesab edilən yenilik bizim günlərdə köhnəlmiş,  öz ömrünü başa çatdırmış kimidir. 

     
Mənim gələcək  balalarım,   nənə-babalarınıza, yəni nəvələrimə  danışmışam Sizlərə də nəql eləyirəm; biz indiki ahıl-qoca nəsil və bizdən bir qədər əvvəlkilər XX əsrin ilk  onilliklərində mənzillərimizin  telefonlaşdırılmasının həsrətini çox çəkmişik.  O vədələrdə telefon həyata təzə-təzə ayaq açırdı,  mataxdan matax  vasitəydi. Müstəsna- nadir mənzildə tapılardı. Həm də  olduqca  primitiv qaydada fəaliyyət göstərirdi.  Ondan yararlanmaq üçün gərəkdi ki, telefon qurğusunun  qulpunu cəhrəsayaq bir neçə dəfə hərləyəydin. Bu üsulla  yanındakı kərpicsayaq batareya-akkumlyatordan müvafiq güc yığırdı. Sonra aparatın dəstəyini qaldırıb haradasa qurulmuş kommutatorun rabitəçisindən  təvəqqi eləməliydin ki, səni gərəyin olduğu digər mənziin və ya idarə-təşkilatın telefonuna calasin.   İstəyinə əməl olunsaydı telefon danışığı baş tutardı. Sonradan avtomat telefon stansiyaları quruldu və üstündə rəqəmli nömrələr  olan diskli telefon aparatları  ortaya gəldi.  Yerlərdə  nömrə sayı əvvəlkinə nisbətən cox olan avtomat telefon stansiyaları inşa olundu. Yenə də   əksəriyyətin  mənzili  telefonsuz qaldı. ATS-lərin nömrə tutumu  məhduddu. Gərəkdi ki, iş yerinə və ya mənzilinə telefon xətti çəkdirmək üçün  qeydə alınaydın, aylar-illərlə növbə  gözləyəydin.

    
 Texnologiyanın inkişafı sayəsində indi başqa vəziyyətdir. ATS-lər bir yana Mobil telefon şəbəkələri  o qədər çoxalıb ki, bir-biri ilə rəqabət aparır. Abunəçiləri özlərinə cəlb eləmək uğrunda yarışırlar. Sizin zamanədə isə daha yüksək,  bir başqa texnologiya meydana gələcək.  Telefon rabitəsindən, radio dalğaları və  televiziya kanallarından istifadə,   internet, fotoqrafiya, sosial yazışmalar  və xidmətlər bir mərkəzdə  təmərgüzləşdiriləcək.    İndiki mobit telefon   aparatları da  yenilənib  təkmilləşdirəcək.  Belə  aparatları hər zanan, hər yerdə işə salmaq, ondan asanlıqla bəhrələnmək mümkün olacaq. Çoxəməlli   olmalarına baxmayaraq belə cihazları  dəftərçə sayaq  cibdə də gəzdirəcəklər.   Nəhəng  rabitə kompleksi binaları inşa etməyə lüzum qalmayacaq.  İndiki sayaq iri-iri məktəb komplerksləri tikintisi də gərək olmayacaq. Çünki  tədris, yazı-pozu, hesablaşma, məktublaşma  onlayn qaydada həyata keçiriləcək.. 

   
Ötən yüzilliyin 90-cı illərində tramvaydan, traleybusdan məhrum edilmiş Bakımızda   ictimai nəqliyyat  dözülməz kökdəydi.  Az olan  avtobuslar da köhnəlir,  sıradan çıxırdı. Yeniləri isə gətirilmirdi.  Əlacsızlıq üzündən  yad məmləkətlərdə işlədilib xeyli köhnəlmiş avtomobillər alınırdı.  Əksəriyyəti  də əsasən yük daşımaq üçün nəzərdə tutulmuş maşınlardı. Belələrinə qeyri-standart oturacaqlar  qondurulur, 14-15 oturacaqlı avtobus qaydasına salıb, marşruta buraxırdılar. İş yerinə, mənzilinə tələsən bizlər imkansızlıq  səbəbindən  məcburən  belə nataraz  “avtobucığazlara”  25-30, bzən daha çox sayda sərnişin qismində təpinirdik.  O səbəbdən  Bakı avtobuslarında canımız çıxır, nəfəs kəsilirdi. Tədricən  vəziyyət normaya düşdü. İndi rahat, iri avtobuslar xidmətimizdədir.  Amma sizlər daha yaxşıları ilə-- geniş salonlu, hər cür rahatlığı olan, proqramlaşdırılmış, sürücüsüz avtobuslarla hərəkət edəcəksiniz. Avtobuslarla yanaşı  irili-kiçikli digər avtolar da elektik enerjisi ilə, sudan, bitki yağından, digər vasitələrdən  əldə olunmuş  yanacaqla işləyəcək. Güman etmək olar ki, başqa  nəqliyyat növü də  icad olunacaq.

     
Əziz balalar,  şəksizdir ki,  validenləriniz,  nənə-babalarınız tərəfdən  ürəkdən seviləcəksiniz. Axı ta əzəldən belə olub. Səbəbsiz deyil ki, deyirlər “bala baldan şirindir”. Amma   bizlər--dünya görmüş ahıllar şahidik ki, baba-nənələr üçün balanın balası  bəzən balanın özündən də əziz olur. “Dövlətdə dəvə, övladda nəvə” ifadəsi əbəsdən doğrulmayıb! Söz yox ki, sizləri də     baba-nənələriniz  can qədər əzizləyəcəklər.  Törəmələrimiz olduğundan bizim üçün də əzizsiniz.  Ruhumuz daim sizlərə duaçı olacaq.  Kim arzulamır ki, bizdən sonra gələnlər daha rahat və xoşbəxt yaşasın?! Bu, bizim də istəyimizdir. Əminik ki,   sizin həyatınız indikindən daha rifah, xoşbəxt olacaq.  Ondan ötrü ki, həyat təkamül qaydasında durmadan irəliləyir. Hər gələn nəsil özündən əvvəlkindən bir addım qabağa gedir.  Yaşayış da  durmadan yaxşılğa doğru irəliləyir.  O səbəbdən sizin düşüncəniz də daha aydın, təfəkkürünüz daha dərin olacaq. Uğura doğru daim irəliləyin!       

     
Çöhrələrini görməyəcəyim, boy-buxunlarının necə olduğunu  bilməyğcəyim əziz balalar,  nəvələrimin nəvələri, sizlərə, elə sonrakı nəsillərə də  ünvanladığım   bu sözləri kompüterin düymələri  ilə sətirləndirəndə Yer üzündə  kabus kimi dolaşan  koronovirus insanlara qan uddurur. Gözə görünməz,   əzrayıl  xislətli bu yaramaz,  planetin  hansı qütbində  olmasına fərq qoymadan  hər gün minlərlə bəndəni düjün-düjün qətlə yetirir. Yaranmış arzuolunmaz məşəqqətə xalqımız  fədakarlıqla mübarizə-inad göstərir. Gözlənilmədəm baş qaldıran bu fəlakətli  virusdan qurtulmaq məqsədilə tibb-elm  cəbhəsi müsəlləh əsgər kimi ayağa qaldırılmışdır. Vətəndaşlarımız ”evdə qal” üsulunda ömür sürür. Şagirdlər məktəbə, tələbələr tədris yerlərinə gedişi dayandırmışlar. İnternet vasitəsiylə virtual qaydada bilikərə yiyələnirlər.  İctimai yerlər, istehsalat sahələri fəaliyyət göstərmir. Şəhər-kənd  yolları boşalıb.  Dövlət rəhbərliyi tərəfindən irəli sürülmüş, hökumət qərarı əsasında məqsədəuyqun  üsulda həyata keçirilir, bu qaydalar.  Xalqın-camaatın həyatını, sağlamlığını qorumaq  naminə atılan təxirə salınmaz,  qabaqlayıcı tədbirlərdir bunlar. Bu yöndə mübarizə kütləviləşib, hər gün davam etməkdədir. Şübhə yoxdur ki,  səmərəli, faydalı olacaqdır. Ümidliyik ki, sizlər belə fəsadlara tuş gəlməyəcəksiniz. Nədən ki, sizin zamanədə elm, texnologiya indikindən qat-qat yüksək səviyyədə olcaq. Çox-çox müşkülə, azarlara əlac tapılacaq. İnsanlar indiki və digər  bəlalardan hifs ediləcək.

     
Bizim dövrdə başqa bir bəla  yanğınlar, ekalogiyaya qəsdlərdir.  Sənaye müəssisələrinin və  mədənlərin tullantıları  ətraf mühiti--havanı  çox sərt çirkləndirir.  Atmosferi bol  oksigenlə “təchiz edən” meşələr tez-tez  amansız alovlara məruz qalır.  Qəsdən törədilən, ya da təbiətin natarazlığı ucbatından baş qaldıran meşə  yanğınları  dəhşətli  həddə çatıb. Hətta Planetin ən azman, nəhayətsiz  ormanı —tayı-bərabəri  olmayan Amazon meşələri  də od tutub tonqal təkin  alovlanır.  Yer kürəssinin ən uzun, bol sulu   çayı  bu ərazidən hey  dolanıb, qıvrıla-qıvrıla keçir. Fəqət, buna baxmayaraq ötən il  həmin dəya-meşədə baş qaldıran  ucsuz-bucaqsız yanğını, “misli bərabəri olmyan tonqal”ı   söndürmək müşkil oldu, həftələrlə davam etdi. Qitə dövləti Avstraliyada da alovlanmış  meşələri uzun müddət sündürmək mümkün olmadı. Belə alovlanmalar ekalogiyaya, ətraf mühütə balta çalmaq kimi bir fəlakətdir. Meşələr havada bol oksigen yaradılmasının baş amillərindəndir. Əgər yer üzünün   zümrüd örtüyü lazımınca qorumasa,   gələcək nəsilləri  oksigen qıtlığı  qarşılayacaq. İnsanlar rahat nəfəs almaqdan ötrü  özləri ilə oksigen çantaları və ya balonları  daşımalı olacaqlar.              

     
Daim  yeniıiyə can atan insanlar  indiki həyatdan narazıdırlar, bir qədər də əsəbi olublar. Mövcud  tərzdə  ömür sürmək   istəmirlər. Elə bil Yer planetində yaşamaqdan bezmişlər. Qallaktikaya üz tutur,  başqa planetə köç etmək barədə fikirləşirlər.  Artıq  bunun işartıları grünür. Azərbaycanımızdan olan məşhur Aşurbəylilər nəslinin  layiqli davamçısı, istedadlı, bənzərsiz alim İqor Rauf oğlu Aşurbəyli  “Kosmik dövlət” yaradır. Bizlər hələlik bunu görməsək də Sizlər onun reallaşıb, gerçəkliyinə şahid olacaqsınız. Güman etmək olar ki,  Sizin  zamanədə  insan  təbiəti də müəyyən qədər   idarə edə biləcək. Yağışı səngitmək və ya səmada süni yağış əmələ gətirməyi bacaracaqlar.  Lazım gəldikdə  göydə yağış-dolu buludlarını  zəruri-gərəkli   məkana səmtləndirəcəklər. Daha  indiki qaydada amansız yanğınlar meşələri  cənginə ala bilməyəcək. Yayda isti  havanı tədarük edib qış fəslinə saxlamaq, eləcə də qışın soyuğunu toplayıb yayda sərinləməyə sərf etmək  məqsədilə xüsusi kameralar yaradlacaq. Çox kəşvlər, icadlar, ixtiralar olcaq.   Qədimdə  odlu silah  icad ediləndən sonra  üzbəüz cəng,   qılınc vuruşu aradan qalxdığı sayaq,  bugünkü  futbol oyunun kütləviliyini də başqa bir əyləncə  əvəzləyəcək .... 

     
Nəvələrimin doğmaları-törəmələri, söylədiklrimi  bəziləri,  indiki nəslin bir çoxu uydurma, romantika,  yaxud da fantastika saya,  qəbul edə bilər. Bu, təbiidir. Sizlər də öz tərəfinizdə bizim  çağdaş həyatımızi, yaşam tərzimizi  köhnəlik, nağılvarı, bəsitlik  qəbul edəcəksiniz. Təbi ki, bu da mümkündür.   Kim necə istəyirsə  qoy elə olsun. Mənim isə bir arzum var. İstəyirəm  Ulularınızın vaxtil bizlərə  təlqin etdiklərini  sizlərə ərmağan  qismində   çatdıram. Onları qəbul etsəniz qürurlu olaram! Bizdın əvvəlki nəslin bizlərə tövsiyyələri beləydi:  Parlaq  gələcəyə, işıqlı sabaha daim  inam bəsləyin. Özünüzə güvənin. Əməksevər, səbirli, əzmli olun. Çətinlikdən qorxmayın.  Xoşniyyət məqsədə  doğru idrakla,  ardıcıl, qətiyyətlə yüyürün.  Hər anın qədrini bilin.   Valideynə itaət,  böyüklərə ehtiram göstərin. Ərzin harasında  olsanız  müqəddəs  milli dəyərlərimizə,  əsil-nəcabətə yadlaşmayın! Unutmayın,  Vətən sizinlədir, siz də vətənlə olun!


Əminəm ki, bu deyimlərə sədaqətli olacaqsınız. O bəxtəvər çağları görəcək,  qadasız, firavan, dinc həyatda ömür sürəcək əziz balalar, ömrünüz  parlaq olsun! Azərbaycanın gələcəyi, dəyərli nəslimiz, Sizlərə qürur və  fərəhlə Cünaydın,-deyirəm!.. 

                                                                                                             
Yanvar 2021-ci il

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar