Modern.az

İTBAŞI (22-ci bölüm)

İTBAŞI (22-ci bölüm)

Ədəbi̇yyat

4 Aprel 2021, 11:08

Mahir Qabiloğlunun romanı 

("İTBAŞI"nın 1-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 2-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 3-cü bölümünün LİNKİ) 

("İTBAŞI"nın 4-cü bölümünün LİNKİ) 

 ("İTBAŞI"nın 5-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 6-cı bölümünün LİNKİ)

("İTBAŞI"nın 7-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 8-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 9-cu bölümünün LİNKİ)

("İTBAŞI"nın 10-cu bölümünün LİNKİ)

("İTBAŞI"nın 11-ci bölümünün LİNKİ) 
("İTBAŞI"nın 12-ci bölümünün LİNKİ)

 ("İTBAŞI"nın 13-cü bölümünün LİNKİ)

("İTBAŞI"nın 14-cü bölümünün LİNKİ) 

 ("İTBAŞI"nın 15-ci bölümünün LİNKİ) 

("İTBAŞI"nın 16-cı bölümünün LİNKİ) 

("İTBAŞI"nın 17-ci bölümünün LİNKİ)
("İTBAŞI"nın 18-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 19-cu bölümünün LİNKİ)
("İTBAŞI"nın 20-ci bölümünün LİNKİ)
("İTBAŞI"nın 21-ci bölümünün LİNKİ)

Yolaverənlər şahlığı. Dürəng Şah taxtında oturub. Hətəm hüzurundadır.

– Nə var, nə yox, Hətəm?

– Yaxşılıqdır, şahım. Çox şad oldum sizi görəndə. Necə olsa özümüzküsüz. Ətimizi yesəz də, sümüyümüzü çölə atmazsız.

– Düz deyirsən. Amma siz başlasanız ətimi yeməyə, sümüklərim madərşahlığın paytaxtında şaqqıldayıb səs çıxaracaq. Necə ki, Qüdrət elə oldu. Belə görürəm ki, sarayda səndən savayı kimsə yoxdur. Niyə?

– Xəzinədə bir şey var ki, hələ adam da saxlayaq?

– Neçə ildir gələn gəliri bəs hara yığmısız? Mən sizdən bac-xərac, vergi toplamamışam.

Hətəm başını aşağı salır.

– Hamısını gətirib xəzinədarı olduğun xəzinəyə yatırırsan. Qandın?

– Bəli, şahım.

– Hərəmxanada kim var?

– Bir hərəm var bildiyimə görə. Qüdrət onu hamıdan gizlədirdi. Üzünü görməmişəm. Bir də Madərşah Karinenin qardaşları saraydadır.

– Bəs anası?

– Anası dəli olub. Qəhqəhə qalasında saxlayırlar.

– Görəsən nədən dəli olub?

– Girib Qüdrətin otağına. Ordan çıxandan sonra havalanıb. Bütün günü qışqırırdı ki, “Karine bizi yandıracaq”. Qüdrət də məcbur olub onu göndərdi Qəhqəhə qalasına.

– Yaxşı. Sən get köhnə-təzə əyanların varidatını hesabla yaz. Öz xəzinəni də dediyim kimi gətir qat sarayın xəzinəsinə. Bunun müqabilində sənə toxunmayacağam. Yenə də baş vəzirliyində, xəzinədarlığında qalacaqsan. O ki, qaldı pula... su gələn arxa bir də gələr. Əgər razı deyilsənsə? – deyə Dürəng Şah əlini qılıncının qəbzəsinə apardı.

– Razıyam, razıyam, şahım. Hər şey siz dediyiniz kimi də olacaq.

– Mən isə gedim hərəmxanaya baş çəkim. Oranı da canlandırmağım lazımdır. Yoxsa saraya oxşamır. Elə bil qəbiristanlıqdır.

Dürəng Şah otağından çıxdı. Hərəmxanaya gəldi. Qapıda iki mühafiz dayanmışdı. Həmən qapıları açdılar. Dürəng Şah içəri girdi.

– Bu nə cürət? Sən nə ixtiyarla icazəsiz içəri girirsən? Diz çök! Qarşındakı madərşahdır, – deyə fəvvarənin kənarında oturan bir qız ona çımxırdı. Dürəngin ayaqları sustaldı. Qeyri-iradi diz çökdü.

– Madərşahım, üzr istəyirəm. Burda olduğunuzu bilmirdim. Mühafizlər də xəbər verməyiblər mənə.

– Sən kimsən?

– Mən Dürəng Şaham.

– Bəs Qüdrət Şah hanı?

Bu sualı eşidəndə Dürəng Şah sanki ayıldı. İndi anladı ki, qarşısındakı madərşah deyil. Ayağa durdu. Yaxına gəlib qıza bir də diqqətlə baxdı.

– İnsan da insana necə oxşayarmış, ilahi? Qız, sənin adın nədir?

– Qarşındakı Madərşah Karinedir, – deyə qız amiranə şəkildə dilləndi.

– Əsl adını soruşuram.

– Qüdrət Şah mənə deyib ki, sənin adın Madərşah Karinedir.

– Qüdrət Şah öldü. İndi sənin şahın mənəm – Dürəng Şah. Amma yaman qorxuzdun məni. Bundan sonra mən içəri girəndə ayağa durub baş əyməlisən.

– Nə? – deyə Karinenin oxşarı qeyzlə ayağa qalxdı, – Madərşaha deyirsən baş əy? İndi sənin boynunu vurduraram, kəllən həmişəlik yerdə dığırlanar. Rədd ol gözümün qabağından! – deyə Karinenin oxşarı işarət barmağıyla qapını göstərdi. Dürəng Şah duruxdu. Başqa heç nə demədi. Hərəmxanadan çıxıb baş mühafizə əmr etdi:

– Hərəmxananın qapısına dörd mühafiz qoy. Açarlarını isə mənə ver.

– Başüstə, şahım.

Dürəng Şah yenidən otağına qayıtdı. Taxtına oturdu: mən nələri bilməmişəm, ilahi? Qüdrətin belə işləri də varmış? Bu qız canlı silahdır. Karineni aradan götür, bunu isə qoy yerinə və sonra da hökmranlığını sür. Görəsən Qüdrət bu vaxtacan niyə belə etməyib? İndi mənə çatır ki, zindandakı kabusları necə qaçırıblar? Bəs onda bu oxşarı ora kim salıb? Kabus? Hansı yolla? Deməli, gizli qapı var madərşahın otağında? Bu qız orda olubsa, deməli, gizli qapının yerini bilir? Belə çıxır ki, indi oturduğum otağın da gizli qapısı var? Axtarıb tapmalıyam o qapını. Yoxsa məni də Karinenin gününə salarlar. Birdən tapa bilməsəm? Tapmasam otağımı dəyişərəm. Mənası yoxdur. Mənim qalamın bütün cikini-bikini Aslan hamıdan, məndən də yaxşı bilir. İstənilən yolla girə bilər bura. Başqa inanmıram bilən olsun. Aslanla isə qarşıdurmam olmayıb. Amma adı gələndə madərşahın rəngi qaçırdı. Özünü ələ alsa da, həyəcanını hiss edirdim. Deməli, nəsə varmış. İndi nə edim? Nə edəcəksən? Qüdrət kimi adamı məhv etdi madərşah. Kabus kimi adamı tələyə saldı Karine. Sən onların düşən dırnağı da ola bilməzsən. Apar təhvil ver oxşarını madərşaha. Üstəlik də xal qazan. Özünə inamı bir az da artır. Saxlayıb nə edəcəksən ki? Sən madərşah devirənsən? Yox. Yaxşısı budur saxlayım. Madərşahın qəzəbinə tuş gələndə, vəziyyətim pis olanda üzə çıxararam. Deyərəm ki, Qüdrətin işidir. Yox. Onda da deyəcək ki, niyə bu vaxta qədər gizlətmisən? Nə məqsədin vardı? Hələ bəxtim gətirdi ki, Qüdrətin xəzinəsini gizlətdiyimə görə cəzalandırmadı. Ona görə də xəzinəni aparıb təhvil verəndə, oxşarı da göstərərəm Karineyə. Bax bu olar düz iş. Dünyada isə düzlükdən böyük biclik yoxdur.

 

* * *

 

Madərşahın otağı. Karine taxtında oturub. Baş vəzir Biniyamin lələ otağa girir.

– Qızım, Dürəng gətirdiyi xəzinəni təhvil aldım.

– Qızım? Bu nə müraciətdir madərşaha? Həddini bil, qoca! Deyəsən başın bədəninə ağırlıq edir ha?

– Karine, qızım, nə olub sənə? Əgər mən də başqaları kimi sənə müraciət edəcəyəmsə, bu gündən yanında yoxam. Xudahafiz, – deyib lələ otaqdan çıxmaq istəyəndə Karinenin gülə-gülə taxtın arxasından boylandığını görür.

– Lələ, sən də tanımadın? Mən də görəndə heyrətimdən dondum. Sən, mən tanımadıqsa, bu yazıq mühafizlər necə tanımalıydılar ki, onu. Mən isə hamısını edam etdirdim.

– Bu kimdir, qızım?

– Qüdrət saxlayırmış sarayda. Kabus da bundan istifadə edib zindandakı adamlarını qaçırdıb. İndi başa düşdüm ki, niyə Qüdrətin nazıyla çox oynamadın. Mənim hökmüm olmadan onu qətlə yetirdin. Qüdrətlə Kabus birləşib məni aradan götürmək, sonra da bunu yerimə oturtmaq istəyirlərmiş. Ona görə də gəlib şirin dilinə basırdı. Mən də onu baş vəzir etmək istəyirdim. Sənin təklifinlə əlbəttə ki... Səhvi etdin, vaxtında da düzəltdin. Bəs bu qızı neyləyək, lələ? Yəqin gizli qapının da yerini bilir.

– Qızım, Qüdrət belə etmək istəsəydi çoxdan etmişdi. O, paytaxta gələndə artıq Kabusla qətlinə fərman vermişdilər. Özü şahənşah olacaqdı. Bunu isə nəzarətdə saxlasaq təhlükəli deyil. Gizlədək. Nə vaxtsa lazım olar. Çox narahatsansa gizli qapını ləğv edək getsin.

– Yox. Qoy qalsın. İnanmıram başqa kimsə tanısın oranı. Özümə də lazım ola bilər. Həm də ki, gör nə qədər gizlinləri açır.

– Düzünü sən bilirsən, qızım.

– Lələ, amma bu qız ağıldan kəmə oxşayır. Ya da Qüdrət bunun beynini tamam yuyub. Heç öz adını da bilmir. Hardan gəldiyini də... Amma yaxşı nitqi var. Mən bunun kimi amiranə danışmağı bacarmıram. Özüm də az qala inanmışdım bunun Madərşah Karine olmasına. Bunun başına örpək sal, apar. Yaxşı yerdə gizlət. Mən isə Dürənglə bəzi şeyləri danışım.

Baş vəzir Biniyamin lələ gedir. Dürəng Şah gəlir.

– Halal olsun sənə, Dürəng. Sənin üzə çıxardığın bu xəzinə, gətirdiyin iyirmi araba qızıldan qiymətlidir. İndi əmin oldunmu ki, şeytana xidmət etmisən?

– Madərşahım, ona görə hər gün sizə Qüdrətdən xəbər çatdırırdım. Əmin idim ki, nəsə qarışdırır. Amma nəticədə adımı xəbərçi qoydular, – deyə Dürəng qımışır.

– Yaxşı, adam kinli olmaz. Yadından çıxart dediklərimi. Amma ehtiyatı əldən vermə. Qüdrət, Kabus yoxdur. Amma yeniləri meydana çıxa bilər. Anam və qardaşlarımdan nə xəbər?

– Ananız havalanıb. Qəhqəhə qalasındadır.

– Niyə?

– Sizin oxşarınızın bildirdiyinə görə bir qadına göstərib Qüdrət onu. O da özündən gedib, sonra qışqıraraq otaqdan çıxıb. Çox ehtimal ki, ananız elə bilib sizsiniz. Onu yandırmağa gəlibsiniz. Qalaya köçürülənə qədər də bütün günü qışqırırmış ki, “Karine məni yandıracaq”. Qardaşlarınız isə gəlmək istəmədilər.

– Eybi yox. Qalsınlar sənin yanında. Artıq Qüdrətin girovu deyillər. Özünə yaratdığın şəraiti onlara da yarat. Axı şahzadə sayılırlar.

– Başüstə, madərşahım.

– Bu günlər ərzində elədiklərinə görə sənə böyük ənam düşür. Amma bu gün verməyəcəyəm. Bir az gözləməli olacaqsan.

– Böyük şərəf verirsiniz mənə, madərşahım. İkiqat xoş xəbər oldu mənimçün.

– İkinci şad xəbər hansıdır ki?

– İndicə xəbər verdilər ki, Nilufər Şahbanu hamilədir.

– Gözün aydın olsun, Dürəng. Amma yadından çıxartma ki, beş şahlıq beşi də sənə əmanətdir.

– Qiymətinizə görə sağ olun, madərşahım.

– Dediyimi yaddan çıxarma. Saraya Kaminatdan bir ailə gəlməlidir və Qüdrəti soruşmalıdır. Tacirin ailəsi olduğunu deməlidir. Həmən – sorğu-sual etmədən gətirirsən bura.

– Başüstə, madərşahım.

– Gedə bilərsən.

Dürəng gedir. Baş vəzir Biniyamin lələ gəlir.

– Gizlətdim əmin yerdə.

– Lələ, Elbrus imperatoruyla bağlı bir şey öyrənə bildin?

– İmperatorun iyirmi beş yaşı var. Subaydır. Bütün kişilər kimi atı, silahı çox sevir. O cümlədən gözəl qadınları da... Üç aydan sonra da ad günüdür. Bu tarix hər il bütün Elbrus elində təntənəylə qeyd olunur.

– Çox gözəl. Lələ, sən şahzadələrimdən ən gözəlini, ən ağıllısını seç. Yaxşı bir rəssam tap, qoy onun böyük, bədənnüma rəsmini yaratsın. At və silah məsələlərində isə sənin zövqünə çatan olmaz. Özün bilirsən nə etmək lazımdır. Qiymətli daş-qaşlarla bəzədilmiş kəmər və qılınc hazırlatdır. Ad günündən bir az qabaq mənim adımdan gedəcəksən Elbrus elinə və təqdim edəcəksən imperatora. Madərşahlıqda olan qiymətli kitablardan da tap.

– Dediklərin hamısı həyata keçəcək, qızım. Bəlkə özün gedəsən?

– Yox, lələ. Özüm getsəm elə bilər ki, qorxub gəlmişəm. Yaltaqlanmaq kimi başa düşülər. Həm də vurula bilər mənə. Məşuqəsinə çevirər. İtaət etməkdən başqa əlacım qalmaz. Mənimsə məqsədim başqadır. Düşündüklərim alınsa alındı, alınmasa özüm gedərəm gələn dəfə. Amma məncə alınacaq.

– Allah bütün arzularını həyata keçirsin, qızım. Bəs şahzadələrlə özün nə vaxt görüşəcəksən?

– Əvvəlcə, seçdiyin ən yaxşı yeddi şahzadəni təqdim elə mənə.

– Qızım, amma onlarla görüşəndə qeyzlənmə.

– Niyə qeyzlənməliyəm ki?

– Çünki onlara bir şeyi öyrətməmişəm.

– Nəyi?

– Baş əyməyi, təzim etməyi.

– Düz də eləmisən. Qılınc oynatmağı, at çapmağı bilirlərmi?

– Səni necə öyrətmişdimsə, onları da elə. Bunları ərə vermək çox çətin olacaq.

– Düz eləmisən. Gələcəyin şahbanularını, madərşahını məhz elə tərbiyə etmək lazım idi.

 

* * *

 

Üç gün keçib. Madərşahın otağı. Yeddi qız Karinenin qarşısında düzlənib. Baş vəzir Biniyamin lələ və təbib Məkrubə də burdadırlar. Madərşah üzündə yaşmaq sıranın önündən keçir. Hər bir qızın qabağında dayanaraq diqqətlə onları süzür.

– Rəsmi çəkilən hansıdır, lələ?

– Budur, – deyə baş vəzir əliylə sırada birinci dayananı göstərir.

– Adı nədir?

– Aleksandra.

– Deməli, Aleksandra, – deyə madərşah gözlərini onun gözlərinə zilləyir, – “İnsanların qoruyucusu” deməkdir. Gözəl addır. Amma bir var ad, bir də var o ada layiq olmaq. Sən artıq bunun bir addımlığındasan. Əminəm ki, mənim sınaqlarımdan üzüağ çıxıb layiq də olacaqsan.

– Əmin olun, madərşahım.

– Bəs sənin adın nədir, şahzadəm? – deyə madərşah sırada dayanan ikinci qızdan soruşdu.

– Regina.

– Mənası nədir adının?

– “Hökmdardır” mənası, madərşahım.

– Bəs sənin adın? – deyə Karine üçüncü qızın qənşərində dayandı.

– Anisia – “uğur”dur mənası.

– Gözəl, gözəl, – deyib madərşah dördüncü qıza yaxınlaşdı. Adını soruşdu.

– Adım Milanadır, madərşahım. Mənası “yaraşıqlı” deməkdir.

– Bəs sənin adın nədir?

– Anfia, – deyə beşinci şahzadə cavab verdi.

– Anfia? Qəribə adın var.

– “Çiçəklənmə”dir mənası, madərşahım.

– Sənin adın isə...

– Suzannadır, – deyə sırada duran növbəti şahzadə dilləndi. “İnadkar”dır adımın mənası.

– Lap gözəl. Bəs sənin adın nədir, şahzadəm?

– Leonila, – deyə sırada sonuncu dayanan qız cavab verdi, – “Aslan” deməkdir.

– İnsanları hifz edən, uğur gətirən, hökmdarlığa iddialı, yaraşıqlı, çiçək kimi təravətli, inadkar və aslan. Gözəl adınız var. Əsl şahzadəyə yaraşan adlardır. Amma bir var ad, bir də var ona layiq olmaq. Lələ yüz şahzadənin içindən sizi seçdi. Madərşahlığın möhkəmlənməsi, inkişafı uğrunda mücadiləyə ilk olaraq siz qatılırsınız. Hər şey sizdən asılıdır. Siz mənim gələcəyimsiniz. Sizin üçün ayrı heç nə önəmli olmamalıdır. Yalnız madərşahlığı və onun gələcəyini düşünməlisiniz. Bunun üçün hər şeyi öyrədiblər sizə. Vaxt məni sıxdığından sizi tez üzə çıxaracağam. Dərsləriniz isə davam edəcək. Siz seçilmiş sayılırsınız. Bu gündən sizin üçün bir dənə qanun var. O da mənim sözümdür. Mən deyəcəyəm, siz həyata keçirəcəksiniz. Bunu necə edəcəyiniz isə sizin fərasətinizdən asılıdır. Mənə təkcə lələ dərs vermişdi. Sizi isə məşhur alimlər, təbiblər öyrədiblər. Hər şeyi öyrədiblər. Dünya elmlərindən tutmuş, saray qanunlarına qədər. Baş kəsməkdən, at çapmaqdan tutmuş, adam zəhərləməyə qədər. Bütün bu biliklərinizi yalnız madərşahlığın rifahı üçün sərf edəcəksiniz. Madərşahlıq çiçəklənəcək, genişlənəcək və mənim şahzadələrim bütün dünyaya sahiblik edəcəklər. Bu sahiblik onların nəslindən nəsillərə ötürüləcək. Bu zirvədə isə mənim adım olacaq. İndi isə sizi ilk səyahətinizə göndərirəm. İstəyirəm ki, şahlıqlarımızla tanış olasınız. Təbəələrimizdir onlar. Hamısı mənə tabedir. Lələ, şahzadələrimi müşayiət elə. Hamısına gözəl libas seç, bellərinə də qılınc bağla. Kəcavəylə yox, atın belində çıxın səyahətə. Şahlıqlara da əvvəlcədən xəbər elə. Birigün səhər yola çıxın. Birinci Karzat şahlığından başlayın.

– Bütün dediklərin həyata keçəcək, qızım.

Hamı otaqdan çıxır. Madərşahla Məkrubə ikisi qalır.

– Məkrubə, ən çox hansı mənə oxşayır?

– Hamısı, madərşahım.

– Yoxlayarıq, baxarıq. Şahlıqlara elə-belə göndərmirəm onları.

– Düzünü siz bilirsiniz, madərşahım.

Məkrubə gedir. Karine tək qalır: eh, Göyverən, Göyverən. Tez-tez Həqqi Şahın sənə dediklərini təkrar edirdin: “Atam Həqqi Şah bilirsənmi nə deyirdi hərəmxanalar haqqında? Deyirdi ki, “çoxları hərəmxananı qəhbəxana kimi qəbul edir. Amma əslində hərəmxana məmləkətin gözəl, bakirə, ağıllı qızlarının bir yerə cəm olunması və qorunması deməkdir. Hərəmxana dövlətin gələcəyidir. Hərəmxana digər dövlətlərlə əlaqələrin möhkəmlənməsidir. Hərəmxanalar müharibələrə son qoyublar. Hərəmxanalar müharibələr başladıblar. Hərəmxanalar öz dövlətlərinə, xalqlarına sülh gətiriblər. Şahın hərəmxanasına pis gözlə baxanın gözləri çıxarılıb, axtalanıblar. Bircə, hərəmxananın dövlət işlərinə baş soxması olmaya da... Bax, məhz buna görə dağıtmışam hərəmxananı. Qadın saraya bədbəxtçilik gətirər”. Həqqi Şah müdrik şah olub. Sağ olsun ki, onun bu sözlərini Göyverən Şah mənə də dedi. Son üç cümləsi Göyverən şahənşahlığının timsalında təsdiqini tapdısa, deməli, o biri sözləri də... Səbr elə, Karine, səbr elə. Hər şey yaxşı olacaq.

 

* * *

 

Üç gün keçib. Axşamdır. Madərşah taxtında oturub. Bu zaman baş mühafiz içəri girir.

– Madərşahım, indicə çapar gəldi. Şahzadələrin və baş vəzirin səfəri yarımçıq qoyub geri qayıtdığını xəbər verdi.

– Niyə? Nə hadisə baş verib?

– Başqa bir söz demədi. Artıq yaxınlaşırlar paytaxta.

Madərşah tez eyvana çıxdı. Uzaqdan qara bir zolağın paytaxta doğru uzandığını gördü, – Görəsən nə oldu ki, belə tez qayıtdılar? – deyə düşündü. Nəhayət karvan saraya çatdı.

– Lələ, nə baş verib? Niyə tez qayıtdınız?

– Qızım, faciə baş verdi. Mən də ara qarışmamış şahzadələri tez Karzat şahlığından uzaqlaşdırdım.

– Nə baş verib? Ürəyimi çəkmə! Danış!

– Karzat şahlığına çatanda gördük ki, hamı gül-çiçəklə pişvazımıza çıxıb. Nilufər Şahbanu da bizi qala qapısında gözləyir. Atdan düşdük. Ona yaxınlaşdıq. O, yüngülcə təzim edərək şahzadələri salamladı. Şahzadə Aleksandra isə ona dedi ki, sən təbəə şahsan. Bizim qarşımızda diz çökməlisən. Nilufər Şahbanu hökmdar olduğunu, yalnız madərşahın qarşısında diz çökdüyünü bildirdi. Elə bunu demişdi ki, Aleksandra qılıncını sıyırıb onun ürəyinə soxdu. Ara qarışdı. Camaat yalın əllə üstümüzə cumdu.

– Bəs o biri şahzadələr nə etdi?

– Tez qılınclarını sıyırıb Aleksandranı üzük qaşı kimi dairəyə aldılar. Heç mənim əmrimi gözləmədilər də... Yaxına gələni qılıncdan keçirə-keçirə atların yanına çatdıq.

– Bəs mühafizlər hardaydı?

– Mən nə bilim ki, belə olacaq? Bir az aralıda saxlamışdım onları. İndi söz sənindir, qızım. Nə cəza verəcəksənsə, özün ver. Mən bu qızın hərəkətindən heç nə anlamadım. Onlara içinə saman doldurulmuş çuvalları deşməyi, içi saman başları kəsməyi öyrətmişdim. Ömründə adam öldürməyən gözəl-göyçək qızlar silahsız adamların qanına susamışdılar elə bil. Saraya çatan kimi qılınclarını aldım əllərindən.

– Gözəl, çox gözəl.

– Burda gözəl nə var ki, qızım?

– Lələ, bundan sonra Aleksandra və o biri altı şahzadə vaxtının çoxunu mənim yanımda keçirəcək.

– Düzünü sən bilirsən, qızım. Özün bilən məsləhətdir.

– Onları çağır bura.

Baş vəzir gedir və şahzadələrlə qayıdır. Onlar içəri girib sıraya düzlənirlər. Heç biri təzim etmir. Başlarını dik tutub gözlərini bir nöqtəyə zilləyirlər.

– Deməli, Nilufər Şahbanunu qətlə yetiribsiniz. Adamlarını öldürmüsünüz. Bunun izahı varmı? Danışın! Eşidirəm!

– Öldürmüşəm, düz də eləmişəm! – deyə Aleksandra amiranə şəkildə dilləndi.

– Onu mən bilərəm düz etmisən, ya yox? Sən izah ver ki, niyə etdin bunu?

– Şahbanu sizi təhqir etdi camaatın yanında. Mən də yerini göstərdim ona.

– Təhqir etdi? Təhqir edib nə dedi ki?

– Bizim qarşımızda diz çökmədi. Dedi ki, mən yalnız madərşahın qabağında diz çökürəm.

– Bunu düz deyib. Mənə izah elə. Axı sən madərşah deyilsən. Niyə sənin qarşında diz çökməliydi?

– Çünki mən də madərşaham.

– Madərşahsan?

– Bəli. Siz Madərşah Karinesiniz, mən isə Aleksandra Madərşah. Sizin bizim hamımıza verdiyiniz soyaddır. Bu soyadın qarşısında hamı diz çökməlidir – təbəə şahlar isə lap birinci.

– Lələ!

– Bəli, qızım.

– Qaytar bunların qılınclarını. Bundan sonra sarayda da qılıncla gəzməlidir şahzadələrim.

– Yaxşı, qızım.

– İndi isə gedin özünüzü səliqəyə salın. Paltarınız bütün qan ləkəsidir. Dincəlin, sonra danışarıq.

Lələylə şahzadələr otaqdan çıxırlar. Madərşah taxtına oturur: Nilufər Şahbanu artıq yoxdur. O isə Dürəngin övrəti sayılırdı. Özü də hamiləydi. Görəsən, Dürəng necə qarşılayacaq bu xəbəri? Şahzadələr ilk sınaqdan yaxşı çıxdılar. Nə edəcəklərinə özləri qərar verdilər. Özü də düzgün qərar verdilər. Birdən Dürəngin üzü çönsə necə olacaq? Ənamını indidən verib ağzını bağlayım? Bəlkə ağzı heç açılmayıb? Niyə? Çünki müsəlmandır. Arvadlarının da sayı nə qədər. Onlar qadına alınıb-satılan əşya kimi baxırlar. Amma Nilufər Dürəngdən hamiləydi. Məhz buna görə son olay ona pis təsir etməzmi? İnanmıram. Yaxşı bilir ki, əmr məndən gəlməyib. Şahzadələrimin işidir bu. Yox. Axı onları cəzalandırmadım. Bu da o deməkdir ki, şahzadələrimin qanunsuz hərəkətinə haqq qazandırıram. Yaxşısı budur çağırım Dürəngi saraya. Bir əhvalına baxım. Şübhələnsəm həmən göndərim qətlgaha. Bir şey hiss etməsəm ənamını verim. Bəs Karzat şahlığının xalqını necə sakitləşdirim? Karine, yəni belə çətin işdir bu? Belə halda yalnız bir yol var. Qoşunu salıb qırdır. Əsas Dürəngin münasibətini öyrənməkdir. Başsağlığı vermək adıyla saraya çağıraram onu. Necə olmasa arvadı ölüb, üstəlik gələcək uşağı da...

 

* * *

 

Ertəsi gün. Boynuna ağ mələfə salmış Dürəng Şah madərşahın otağına daxil olur. Taxtın qənşərinə gəlib diz çökür. Boynunu büküb dinmir.

– Dürəng, bu nədir? Boynuna niyə ağ mələfə salmısan?

– Bağışlayın məni, madərşahım. Günahım böyükdür. Ona görə kəfənimi boynuma salıb gəlmişəm hüzurunuza. Bağışlasanız böyüklük edərsiniz. Onu da öncədən deyim ki, şahzadələrə qarşı hörmətsizlik edən digərlərini də qılıncdan keçirtdim. Arvadım Nilufər Şahbanunun meyitini isə tikələyib itlərə atdırdım.

– Mən isə səni başsağlığı vermək üçün çağırmışdım.

– Madərşahın şahzadələrinə bu cür hörmətsizlik edənə görə başsağlığı? Əsla, madərşahım. Əksinə, məni – onun zorən ərini də qətlə yetirmək lazımdır.

– Zorən? Anlamadım.

– Qüdrət məcburən evləndirmişdi məni. Şahzadələr canımı qurtardı ondan.

– Belə de... Camaat necə, sakitləşdimi?

– Madərşahım, bildiyinizə görə orda köklü adam azdır. Ordan-burdan gəlmələrdir əksəriyyəti. Şahzadələrə hücum edən isə şahbanunun öz ətrafına yığdığı qohumları, yerliləri olub. Onların da çoxunu şahzadələr qılıncdan keçiriblər. Yerdə qalan tör-töküntünü də ora qoyduğum baş vəzir həmən əl-ayaqlarını bağlayıb yığıb meydana və mənə xəbər göndərib. Mən də gəlib hamının gözünün önündə edam etdirdim.

– Əhsən! İnanırdım ki, belə də edəcəksən. Daha mənim əmrimi gözləməyəcəksən. Amma yenə təəssüf edirəm. Necə olsa rəiyyətim sayılırlar.

– Madərşahım, nə “təəssüf?” Birdən onların əlində heç silah yox, yaba, bel olsaydı, şahzadələri, baş vəziri öldürsəydilər nə hala düşəcəkdiniz? Öldürmək hələ yaxşıdır, linç eləsəydilər necə olacaqdı? Mən bunu fikirləşib ölüm hökmünü verdim. Üstəlik də sevindim ki, yaxşı qurtarmışam. Axı oralara cavabdeh məni qoymusunuz. Nə baş versə günahkar mən sayılıram. Ona görə də boynuma kəfən salıb hüzurunuza gəldim. Sizdən də, şahzadələrdən də, baş vəzirdən də aman diləmək üçün.

– Əhsən, min əhsən! Əsl hökmdar şəxsi hislərini kənara qoymalıdır. Məmləkətini, onun maraqlarını qorumalıdır. Lazım gəlsə uşağını, ailəsini də qurban verməlidir. Mən bunu etmişəm, bu gün də edərəm. Şahlarım, baş vəzirlərim, əyanlarım da mənə oxşamalıdırlar. Necə ki, sən oxşadın. Üzrxahlığını qəbul edirəm. Sənə söz verdiyim ənamı isə elə indi verəcəyəm, – madərşah əlini əlinə şappıldadır. Qapı açılır. Otağa şahzadələrdən biri girir. Dürəngin rəngi qızarır, dodaqları titrəyir. Qızın gözəlliyi qarşısında özünü güclə ələ alır, – Şahzadəm, gözəlim Reginadır. Regina, xoşun gəlirmi bu oğlandan? Sizi ər-arvad elan etmək istəyirəm, – Regina Madərşah Dürəngi saymazyana süzür.

– Madərşahım bəyənirsə, mən nə karəyəm ki?

– Səndən elə bu cavabı da gözləyirdim. Dürəng, sən necə? Bəyəndinmi?

– Qul kimi bu gözəlliyin qarşısında hər gün səcdə etməyə hazıram.

– Elə isə xeyir-dua verirəm izdivacınıza. Dürəng, bu gündən artıq kürəkənim sayılırsan. Onu göz bəbəyin kimi qoru. Yolaverənlər şahlığında kəbin kəsdirib, üç gün, üç gecə toy çaldırarsınız. Hamı bu izdivacdan xəbər tutmalıdır.

– Başüstə, madərşahım. Amma...

– Nə “amma?”

– Mən müsəlmanam, Regina isə xaçpərəst. Burda nigaha girməyimiz yaxşıdır.

– Ona qalsa burda da qadağandır müsəlmanla nigaha girmək. Gərək... Sən isə onda...

Madərşah bir an susdu. Dürəngin üzünə baxdı.

– Razıyam, madərşahım. Xaçpərəstliyi qəbul edəcəyəm.

– Bəs ad, soyad?

– Buna da razıyam.

– Mikola adı necədir?

– Əla addır, madərşahım.

– Yox. Dəyişmə adını. Qoy hələlik heç kim bilməsin bu barədə. Onsuz da adın müsəlman adına oxşamır. Heç soyadını da bilmirəm. Əvvəllər Göyverən idi.

– Madərşahım, “Madərşah”dan gözəl soyad ola bilərmi?

– Yaxşı. Soyadını dəyişməyinə razıyam. Bunu da həll etdik. Dürəng, sənə ikinci tapşırığım. Burdan şahzadəmlə yolüstü gedərsən Karzat şahlığına. Meydanda baş vəziri şah elan edərsən. Başqa şahları da toyuna dəvət et.

– Başüstə, madərşahım. Bəs siz gəlməyəcəksiniz?

– Mən artıq xeyir-duamı verdim.

Dürənglə Regina otaqdan çıxırlar. Karine yalqız qalır: eh, Kabus, Kabus. Cəmi iki dəfə söhbətləşdik səninlə. Bütün hər şey alt-üst oldu. Nə etməyi düşünürdüm, amma indi nə edirəm? Özüm də daxil şahlara, şahlıq qanunlarına, taxt-taca meydan oxuyuram. Vəliəhd məsələsini kökündən ləğv edirəm. Varisliyin ləğvi miras məsələsini aradan qaldırır. Şahların, əyanların, varlıların ailəsinə yaşadığı mülkdən və kiçik qır-qızıldan başqa heç nə qalmır. Onu da vaxtında yaxşı yerdə gizlədə bilsələr. Çoxu öz puluna tikdiyini, yaratdığını isə elə ölməmiş qeyb edir. Onlar ölür, ya devrilir, yerinə daha layiqlisi, daha ağıllısı gəlir. Bu ağıllını isə madərşah yetişdirməlidir vaxtında, ya da şahlıqlara göndərəcəyim şahzadələrin özləri. Xəzinə isə yerində qalır. Heç bir madərşah, heç bir şah özünü xəzinənin sahibi saya bilmir. Toxuna da bilmir. Yalnız zəruri xərclərə və kənar təhlükələri sovuşdurmaq üçün istifadə oluna bilər bu xəzinə. Necə ki, Elbrus imperatorluğundan gələcək təhlükəni mən aradan qaldırmaq üçün indidən qızıl tədarükümü görürəm. Çünki kabuslar yoxdur daha. Kabus da özüməm, şah da... Ailəm də yoxdur, uşağım da... Şahlara da, bir vaxtlar Kabusa da gələn pullar indi eyni yerə – mənim yox, madərşahlığın xəzinəsinə axır. Məmləkət o vaxt inkişaf edir ki, hər şeyi özününkü bilirsən, onu ucalara qaldırmaq üçün can yandırırsan, amma əslində heç nə sənin deyil. Özünün də taleyi İtbaşının bircə sözündən asılıydı – şahənşah oldun. Amma adımı dəyişdim. Madərşah qoydum. Şahənşahlıqlar, imperatorluqlar dünyada bir, ya iki dənə olur. Adı dəyişməsəydim, qonşuluğumdakı Elbrus imperatorluğu çoxdan yemişdi məni. Çünki sələfimə icazə vermişdilər bunu – hər şeyi bir ələ yığmaq üçün. Bəlkə də başqa məqsəd vardı. Amma hər şeyi korladı. Hər şeyi sağalmaz mərəzə – özünün Göyverənlik təriqətinə yönəltdi. Kişiləri kişilikdən, qadınları qadınlıqdan çıxartdı. Ona görə də mənə imkan verməyəcəkdilər özümə gəlim. Necə ki, çabalaya-çabalaya qalmışdım. Heç nə edə bilmirdim. Ümidim yalnız şahzadələrə idi. Kabusu, onun himayədarı Qüdrəti aradan götürməsəydim şahzadələr də heç nəyə yaramayacaqdılar. Amma indi görürəm ki, İtbaşılar da tək deyil. Çoxdurlar. Toplaşdıqları yer isə Elbrus elindədir. İmperator himayə edir onları. Bəs xalq necə – bəyənəcəkmi bu əldəqayırma şahları? Ay Karine, axı xalq üçün nə fərqi? Onsuz da ondan çıxan çıxır. Necə yaşamışdısa, elə də yaşayır. Xalq üçün nə fərqi onu kim əzir, kim şallaqlayır? Kabus, yoxsa fərraş? Xalqa lazımdır ki, bir tikə çörəyini qazanıb rahat yesin. Bu rahatlığı isə onlara vermişəm. İş-güc yerləri açmışam. Getsinlər işləsinlər ailələrini dolandırsınlar. Mənim işim isə tam başqadır. İki şahlığı kökündən qoparıb ayırdım, qaldı o biri üç təbəə. Dürəng isə artıq kəmənddədir. Başa düşmür ki, şah, əyan qızları heç vaxt ərə getməzlər. Onlar evlənərlər. Tələsmə, Karine. Hamısı kəməndə düşəcək. Artıq düz yola çıxmısan. Yolun açıq olsun.

 

* * *

 

Dörd gün keçir. Səhərdir. Baş vəzir Biniyamin lələ madərşahın otağına girir.

– Qızım, Məstur Şah gəlib oğluyla. Qəbul etməyinizi istəyir.

– Niyə gəlib?

– Dedi ki, xeyirliyədir. Madərşahın özünə deməliyəm.

– Yaxşı. Qoy gəlsin.

Qoca Məstur Şah oğlunun qolundan tutub səndələyə-səndələyə otağa girir. Gəlib ikisi də taxtın qənşərində dayanırlar. Təzim edirlər.

– Xeyirdirmi, Məstur Şah?

– Bəli, madərşahım. Gəlmişəm sizdən izn alam.

– Buyur.

– Artıq qocalmışam, madərşahım. İstəyirəm ki, oğlumu evləndirim.

– Allah xeyir versin, Məstur Şah. Kiminlə qohum olursan?

– Madərşahım, elə bunu sizinlə məsləhətləşməyə gəlmişəm. Dürəng Şahla Regina Madərşahın toyuna getmişdim. Dürəng Şahdan xahiş etdim ki, madərşahın ağzını ara. Dedi ki, cürətim çatmaz. Mən ona heç nə deyə bilmərəm. Sən ağsaqqal adamsan. Özün de.

– Ürəyimi çəkmə, Məstur Şah! Keç mətləbə! – deyə Madərşah Karine çımxırdı.

– Madərşahım, üzr istəyirəm. Arzu edirəm ki, şahzadələrinizdən birini mənim oğluma verəsiniz.

– Kimdir sənin oğlun?

– Vəliəhddir.

– Mən vəliəhdə qız vermərəm. Sən de hansı hünərin sahibidir?

– Madərşahım, elə həmişə yanımda olub. Mən necə sakit, başıaşağı adamamsa, o da elə mənə oxşayıb.

– Görürəm. Hər ikinizin də qulağında sırğa yeri var.

– Yox, madərşahım. Başqa cür düşünməyin. Sadəcə, özümüzü qorumaq üçün bu addımı atmışdıq. Gedib Şahənşah Göyverəndən iki dənə sırğa istədim. O da qızılını verdi.

– Niyə? Axı qızıl sırğanı yalnız saray əyanları taxa bilərdi.

– Bir söz soruşdu məndən Şahənşah Göyverən. Mən də cavab verdim. Xoşuna gəldi və gümüş yox, qızıl sırğa bağışladı.

– Nə soruşdu ki?

– Soruşdu ki, məni məğlub etmək mümkündürmü?

– Bəs sən nə cavab verdin?

– Dedim ki, yox.

– Qoca, bunu ona yaltaqlanmaq üçün gündə yüz adam deyirdi. Belə cavaba görə inanmıram ki, qızıl sırğa verə.

– Uzun söhbət idi, madərşahım. Sonu isə biədəb.

– Danış!

– Dedim ki, Şahәnşah Göyverәn, hakimiyyәti qorumaq üçün üç әsas mәsәlә var: birincisi pul, ikincisi pul, üçüncüsü pul. Bu, daxildәn qorunmadır. Kimsә narazı olanda, üsyana qalxanda atırsan pulu xalqın ağzına, sakitlәşir. Sizin dә xәzinәniz aşıb-daşır. Dedim ki, nә qәdәr şahzadә Göyverәnlәr ordunuz var, inanmıram kimsә sizә qalib gәlә. Göyverən ibadətgahı da gücünüzə güc qatır. Sizin şöhrətinizi dünyaya yayır.

– Vəssalam?

– Sonda iki məsləhət verdim şahənşaha. O da çıxarıb qızıl sırğaları verdi. Birini mənə, birini də oğlum üçün.

– Maraqlıdır. Hansı məsləhətlər idi?

– Dedim ki, belə davam etsə taxtda əbədi oturacaqsınız. Sizә zaval yoxdur. Mәn әlli ildir şaham. Sizin on ilә elәdiyinizin mәn onda birini әlli ilә edә bilmәdim. Elәcә, kölә şah olaraq qaldım. Hәmişә özümә kәnarda arxa axtardım ki, didib-parçalamasınlar mәni. Nə Hәqqi, nə də Alqan Şahda belә idarәçilik olmuşdu. Bilmirәm kimdir mәslәhәt verәniniz, amma çox ağıllı, tәdbirli, hiylәgәr, hәm dә cox qorxulu, tәhlükәli adamdır. Özünüzü qorumaq istәsәniz, yalnız ondan qoruyun. Sizi yıxsa-yıxsa, o yıxacaq.

– Bəs ikinci məsləhət?

– O, biədəb məsləhətdir, madərşahım.

– De!

– Dedim ki, mәmlәkәtdә tam bәrabәrlik yaratmağınız mәslәhәtdir. Paytaxtda gәzәndә qulağıma bәzi pis sözlәr dәydi. Amma kasıbın xәstәsi, varlının qәhbәsi bilinmәz deyiblər. Hamı bәrabәr olmalıdır ki, o sözü bir dә dillәrinә gәtirmәsinlәr. Kim istәsә mәnim kimi könüllü, kim dә istәmәsә....

– Göyverən də misalı dəyişdirdi. “Kasıbın xəstəsi, Şahənşah Göyverənin göyvərənliyi bilinməz” deyərək, başladı ona həqarət edənləri göyverən etməyə. Belə çıxır ki, şahənşahın sonunu sən gətirmisən bu bircə cümləylə?

– Düzünü siz bilirsiniz, madərşahım. Amma məncə Şahənşah Göyverənin devrilməsi qərarını elə onun arxasında duran, öyrədəni vermişdi. Bu idi axırını gətirən.

– Bəs mənə nə məsləhət verərdin dünyagörmüş adam kimi?

– Əstəğfürullah. Mən nə karəyəm ki, sizə məsləhət verim? Sadəcə kiçik narahatlığımı sizə çatdırmaq istərdim.

– De!

– Madərşahım, məmləkətdə yeni İtbaşı peyda olub.

– Kimdir ki? Tanıyıram?

– Bəli, madərşahım. Baş mühafiz Aslan yeni İtbaşıdır. Özü də ki, çoxdan İtbaşıymış, indi üzə çıxır. Şahənşah Göyverənin devrildiyi, sizin taxta çıxan günün səhəri İtbaşı olub. Barəngah ona ötürüb hər şeyi.

– Barəngah kimdir?

– İtbaşının əsl adı. Barəngah Həqqi Şahın qardaşı olub. Alqan Şahın vəliəhdiymiş vaxtikən. Göyverənin də əmisi düşür. Yenidən qayıdıbmış ki, Göyverəndən sonra taxta çıxsın. Şahənşah olaraq hamımızı idarə etsin. Sonda fikrindən daşınıb. Sizi taxt-taca layiq bilib. Aslan deyirdi ki, bundan dörd-beş gün sonra qətlə yetiriblər onu. Başını da kəsib aparıblar. İndi Aslan da həmin adamı axtarır. Deyir ki, tapmışam.

 Karine dinmədi. Bir az fikrə getdi.

– Anladım səni, Məstur Şah. Başqa sözün yoxdursa gedə bilərsən.

– Madərşahım, üzr istəyirəm, dediyim izdivaca münasibətinizi bilmək istərdim.

– Fikirləşərəm. Amma oğlun özünü göstərməlidir. Artıq qocalmısan. Taxt-tacı ötür ona. Nə qədər sağsan yanında ol, məsləhətlərini ver. Görək nə bacarır bu cavan? Sonra baxarıq. Əlbəttə ki, əgər istəyirsənsə. Mən hökm etmirəm.

– Madərşahım, sizin nəinki hökmünüz, adi sözünüz də mənimçün qanundur. Günü sabah taxt-tacı oğluma ötürərəm. Əlbəttə ki, sizin xeyir-duanızla.

– Madərşahlığımız üçün xeyirli olsun.

– Ömrünüz uzun olsun, madərşahım.

Məstur Şah gedir. Lələ içəri girir.

– Niyə gəlmişdi bu qoca? Əgər sirr deyilsə.

– Sirr olsaydı oğluyla girməzdi içəri. Şahzadələrimdən birinə elçi düşmüşdü. Dürəngə baxıb ürəklənib. Bu qoca təhlükə hiss edən kimi özünə zireh axtarır. O vaxt Göyverəndən sırğa dilənibmiş. İndi isə bu yola əl atır.

– Elçi gəlib? Axı mən bilən qədər oğlu anadangəlmə xəstədir. Nəsə çatmır onda.

– Mən də hiss etdim. Bu qədər otaqda oldular. Elə hey gözünü zilləmişdi mənə.

– Bəs sən nə cavab verdin?

– Dedim ki, taxt-tacı ötür oğluna. Görək nə bacarır? Nə hünər sahibidir? Mən də fikirləşib cavab verərəm. O da razılaşdı.

– Anladım səni, qızım. Deməli, Məstur şahlığını da sildin həmişəlik. Qaldı ikisi.

– Onsuz da baş vəzir idarə edir oranı. Məstur Şahın quruca adı var. İstəyirdi ki, oğlunun gələcəyini təmin etsin. Ad övladının olsun, şahzadəm idarə etsin. Alınmadı. Amma ürəyimə qorxu toxumu səpib getdi.

– Nə dedi?

– Dedi ki, yeni İtbaşının – Aslanın peyda olmasından narahatdır. Bu, dolayısı yolla mənə xəbərdarlıq idi. Yəni ki, ehtiyatlı ol.

– Aslan yalnız mənim meyitimin üstündən keçib sənə nəsə edə bilər. Onu da bacarsa.

– Lələ, mən ölümdən qorxmuram. Başladığım işlərin yarımçıq qalacağı qorxudur məni.

– Qorxma, qızım. Sən artıq tək deyilsən. Mən varam, şahzadələrin var.

– İmperatorun da ad gününə az qalır.

– Hər şey vədəsində hazır olacaq. Narahat olma, qızım.

– Lap müsəlmanlar kimi danışdın, lələ.

– Yaxşı. Düzəldərəm səhvimi. Narahat olma yox, rahat ol, qızım.

Lələ gedir. Karine tək qalır: deməli, İtbaşının əsl adı Barəngahmış. Göyverən bu adı oğluma qoyanda fikirləşirdim ki, hardan tapıb bu əndrabadi adı? Demə, ögey əmisinin adıymış. Nə o, taxta çıxdı, nə də oğlum. Şübhələrimə son qoyuldu. Şahənşahlıq elə-belə yaradılmırmış. Bu, əvvəldən düşünülmüş, razılaşdırılmış bir şeymiş. Şahənşah da İtbaşı Barəngah olmalıymış. Həm itbaşılıq eləməliymiş, həm də hökmdarlıq. Ona görə mənə əl dəymirlərmiş bu vaxtacan. Bəs onda yeni İtbaşı niyə indi üzə çıxdı? Niyə mənim yanıma yox, Məstur Şahın yanına gedib? Belə çıxır ki, Qüdrətin həqiqətən də olanlardan xəbəri yox imiş? Lələgiryanların ayağa qaldırılması, yandırılan cəsədlərin gorbagor edilib paytaxta göndərilməsi, baş fərraş Qəşşaşın və başqa qisasçıların hazırlanıb Kaminat qalasına salınması Aslanın işiymiş? Bu işləri gizli görüb və heç nə alınmayıb. Qərar verib ki, üzə çıxsın? Niyə məhz indi? Niyə məhz şahzadələrim meydana atılandan dərhal sonra? Niyə məhz iki şahlığı kökündən qoparandan sonra? Təhlükə hiss edibmi? Axı İtbaşı da damarlarında göy qan axmayan, kökü olmayan Göyverəni əvvəlcə şah, sonra isə şahənşah etmişdi. Belə çıxır ki, o müvəqqətiymiş? Bütün qanlı işləri Göyverənə gördürüb, sonda yerinə İtbaşı özü gələcəkmiş? Buna görə? Bəs İtbaşı şahənşah olmağa niyə razılıq verib? Axı İtbaşılar bütün şahlardan yüksəkdə daynırlar. Yaxud, müsəlmanı necə İtbaşı seçiblər? İndi isə vəziyyət tam başqadır. Mən özümə vəliəhdi küçədən seçmişəm. İki şahlığı da öz günümə saldım. Bir şahlıq da yoldadır. Budurmu İtbaşı Aslanı üzə çıxmağa məcbur edən? Budurmu təhlükə? Axı İtbaşılar təhlükə görəndə hərəkətə keçərlər. Görəsən mənim nə qədər vaxtım qalıb? Nəzərdə tutduğum əsas işi həyata keçirə biləcəyəmmi? Bəlkə Kabusla Qüdrəti öldürməyimdir buna səbəb? Həyatın yazılmayan qanunlarını pozmuşam. Dərin dövlətin görünən şahını və onun himayədarını öldürmüşəm. Yaxşı, tutaq ki, Aslan qalib gəldi. Kimi nəzərdə tutur yerimə? İtbaşı Barəngah vəliəhd olmuşdu. Göyverənin də əmisi sayılırdı. Onun şahənşah olmağı qanunauyğun idi. Olmaq istəmədi. Amma əvəzinə sınaqdan çıxmış başqa birisini, himayə etdiyi vəliəhdi – məni qoydu. Tacı başıma qoyan kimi qanunu mən pozdum. Qüdrəti şah etdim. Yaxşı, axı babalarım da baş vəzir kimi taxt-taca yiyələniblər. Baş vəzirliyə isə mehtərlikdən gəliblər. Belə çıxır ki, mən də şahlığa layiq deyiləm? Damarlarımda göy qan axmadığı üçün bu cür oyunlar çıxarıram? Şahlara yox, baş vəzirlərə layiq hərəkət edirəm? Bu dəfə lələ çəkindirdi məni səhv yoldan. Yoxsa ki, Kabusu, Qüdrəti baş vəzir qoymaq istəyirdim. Məsləhətinin xeyrini də gördüm. Bəs növbəti addımlardan çəkinməsəm nə baş verə bilər? Doğrudan da kök ayrı şeydir. Şahlıq insanın qanında olsun gərək. Yaxşı, özüm bir yana. Hardasa əyan nəslindənəm. Bəs bu yüz şahzadə hardandır? Hələ ehtimal ki, içərisində başkəsən Kabusun qızı da var. Mən isə onu tanımıram. Birdən bilmədən onu vəliəhd seçsəm nə olar? Hələ yeddisi Karzat şahlığına getməklə aləmi qatdılar bir-birinə. Yüzü birlikdə olsaydı, orda bir adamı da sağ qoymazdılar. Heç onlara dərs verən lələni də veclərinə almayıblar. Eh, Karine, Karine. Qartal olmaq istəyirdin, amma gör nəyə çevrildin. Qızıl hərisi olan siçovulları, ilanları üzə çıxarmaq istəyirdin. Amma indi ilana, lap balaca siçana çevrilmək istəyirsən ki, torpağı eşib-eşib barı yerini tapasan o gizli dünyanın. Yerin altındakı o görünməyən dünyanı fəth etmək istəyirsən. Yeni arzuna çatacaqsanmı? Axı torpağın üstündə nə qədər çaqqal, tülkü, canavar, dovşan, qurbağa, daha nələr, daha nələr var. Onlar imkan verərlərmi ki, yerə enəsən? Məstur Şah da məhz o məxluqlardandır. Təhlükə hiss edən kimi yeni zireh axtarır. Ona görə də bu yaşınacan sağ-salamat qalıb. Yaxşı olar, Karine. Düzdü, Allaha inanmırsan. Amma tale deyilən bir söz var. Yaxşısı budur yeddi şahzadənlə məşğul ol. O ki, qaldı qanuni vəliəhd məsələsinə...

– Mühafiz, çaparı çağır bura.

 

* * *

 

Yolaverənlər dövləti. Regina Madərşah Dürəng Şahın otağına girir.

– Bu nədir, Dürəng Madərşah? Sən nə cürətlə taxtda oturmusan? Deyəsən Nilufər Şahbanunun müsibəti dərs olmadı sənə. Yadında saxla ki, birinci mənim fikrimi soruşdular bu izdivacla bağlı. Madərşahımın istəyinə qarşı gedə bilməyib razılıq verdim. Mən sənə yox, sən mənə ərə gəlmisən. Mənim dinimi qəbul etmisən, mənim soyadımı götürmüsən. İndi burda kimdir böyük? Sən, yoxsa mən?

– Əlbəttə ki, siz, Regina Madərşah, – deyə Dürəng Şah tez ayağa durur. Yerini arvadına verir, – Regina Madərşah, izninizlə sizdən bir söz soruşa bilərəm?

– Soruş!

– Artıq neçənci gecədir ki...

– Dürəng, həddini bil! – deyə Regina qışqıraraq onun sözünü kəsir, – Mən nə vaxt istəsəm, onda da baş verəcək! Bu məndən asılıdır!

– Üzr istəyirəm, Regina Madərşah, – deyə Dürəng qızarıb başını aşağı salır.

Bu zaman qapı döyülür. Çapar içəri girir.

– Madərşah Karinedən Dürəng Şaha məktub var.

Şah məktubu açıb, oxuyur. Əhvalı dəyişir. Sonra əliylə çapara “get” işarəsi verir. Bir az hərəkətsiz qalır. Sonra yeyin addımlarla otaqdan çıxır. Regina Madərşah otaqda yalqız qalır. Eyvana çıxır. Paytaxtı seyr edir. Darıxır. Bir az keçir qapı döyülür. Mühafiz içəri girir.

– Regina Madərşah, bir qadın gəlib. Deyir tacirin ailəsiyəm. Qüdrət Şahı soruşur. Dürəng Şah demişdi ki, Qüdrət Şahı soruşan adam olsa həmən mənə xəbər verərsiniz. Amma şahım təcili harasa getdi. Dedi ki, gec gələcəyəm. Nə sözünüz olsa Regina Madərşaha deyərsiniz.

– Çağır gəlsin. Yəqin ki, şikayəti var, ya da pula ehtiyacı. Onsuz da darıxıram. Dinləyim, kömək edim.

– Başüstə, Regina Madərşah.

Mühafiz gedir. Az sonra qara yaşmaqlı, qara örpəkli yaşlı qadınla qayıdır. O, taxtın qənşərində durub təzim edir. Sonra yaşmağını çıxarır. Başını qaldırır.

– Ana? Ana, bu sənsən? – deyib Regina Madərşah taxtından durub qadını qucaqlayır...

 

* * *

 

Ortada süfrə açılıb. Regina Madərşah anasıyla nahar edir.

– Ana, mən başıma gələnləri danışdım. İndi sən danış. Atam necədir? Buralarda neyləyirsən?

– Axır ki, ürəyim rahat oldu. Gör neçə ildir ki, səni görmürdüm. Bacından da arxayın oldum ki, sağ-salamatdır. Qüdrət Şahı tapmağı atan demişdi mənə. Demişdi ki, uzun müddət evə gəlməsəm, Yolaverənlər dövlətində Qüdrət Şahın yanına gedərsən. O sizi himayə edəcək. Bunu hələ siz evdə olanda demişdi. Mən də o deyən kimi elədim. Gördüm yoxdu, gəldim bura. Bəlkə o xəbər bilə atandan.

– Görəsən hardadı?

– Qonşunun arvadı gəldi ki, bəs “paytaxtda bir kabusu tutub öldürüblər. Cəsədini də meydanda asıblar ki, o biri kabuslara dərs olsun. Eynən ərin Tacirə oxşayır”. İnanmadım. Tacirlik hara, kabus hara? Atanı da yaxşı tanıyırsan. Ürəyi ipək kimi adamdır. Heç toyuq başı da kəsməyib ömründə. Bütün günü də yollardaydı ki, nəsə alsın-satsın, ailəsini dolandırsın. Heç evdə tapılmırdı. Xülasə, gəldim paytaxta ki, şübhələrdən xilas olum. Amma cəsədi yığışdırmışdılar. Qayıtdım geri kəndə. Bir az da gözlədim gəlmədi. Sonra onun dediyinə əməl edib gəldim bura. Görəsən Qüdrət Şah gec gələr?

– Ana, buranın şahı mənim ərim Dürəng Şahdır. Amma əslində söz sahibi mənəm. Adım da Regina Madərşah çağrılır.

– Onda ərini çağır.

– Neynirsən Dürəngi? Nə sözün var mənə de, yerinə yetirim.

– Atanı soruşmaq istəyirdim ondan. Yəqin nəsə bilər.

– Mühafiz! – deyə Regina qışqırdı. Qapılar açıldı, – Mühafiz, Qüdrət Şah hardadır indi?

– Regina Madərşah, Qüdrət Şah bir müddət əvvəl madərşahlığın paytaxtına getdi. Ertəsi gün şayiələr yayıldı ki, madərşahımız edam edib onu. Kabusu himayə edirmiş. İndiyəcən nə ölüsündən xəbər var, nə də dirisindən.

– Yaxşı, get! – deyə Regina Madərşah qışqırdı.

– Qızım, bu necə danışmaqdır? Sənə belə tərbiyə vermişik? Adam da insanlarla bu cür kobud rəftar edər? – deyə ana qızına acıqlandı.

– Ana, fikir vermə. Bura saraydır. Burda belə də danışmalısan. Yoxsa özün hörmətsiz olarsan.

– Deməli, Qüdrət Şahı edam ediblər. Kabusu da... Dilim-ağzım qurusun. Birdən qonşu arvadın dediyi düz olar ha... Onda neylərəm? Evim yıxılar.

– Ay ana, mən ölmüşəm? Qızın şahzadədir, həm də şahbanudur. Madərşah soyadını daşıyan yüz nəfərdən biridir. Bundan sonra heç bir əziyyət çəkməyəcəksən. Sən şahbanu, şahzadə anasısan artıq.

– Bircə, bacını da görsəydim. Qucaqlayıb, telini sığallasaydım.

– Tezliklə bu da olacaq. Paytaxta birlikdə gedərik. Yəqin ki, madərşahım etiraz etməz görüşməyinizə.

 

* * *

 

Madərşahlığın paytaxtı. Dürəng Şah hökmdarın hüzurundadır. Əlində iki dənə torba var.

– Aç ağzını, içindəkini çıxart göstər! – deyə madərşah əmr edir.

– Başüstə, madərşahım, – deyib Dürəng Şah torbaların ağzını açır. İçindəki kəllələrin saçından yapışıb yuxarı qaldırır.

Karine taxtından durub yaxına gəlir. Diqqətlə qanı qurumuş başlara baxır.

– Apar bunları cəsədləriylə bərabər kimsəsizlər qəbiristanlığında basdır. Gedə bilərsən!

– Madərşahım, izn versəydiniz. Regina Madərşah məni aşağıla...

– Çıx otaqdan, Dürəng! Başqa vaxt deyərsən. Tək qalmaq istəyirəm.

Dürəng gedir. Karine eyvana çıxır. Dəmir barmaqlıqlar arxasından paytaxta tamaşa etməyə başlayır: nə vaxta qədər belə olacaq? Nə qədər edirəmsə həyat axarına düşmür. İndi də qardaşlarımı qətlə yetirdim. Yerimə vəliəhd yoxdur artıq. Bircə anam sağdır ki, o da Qəhqəhə qalasındadır. Ölənəcən də orda qalacaq. Belə çıxır ki, təhlükə sovuşdu? Yox. Aslan üzə çıxıbsa, Məsturun gözünə görünübsə, ondan xəbərdarlığını göndəribsə, deməli, vəziyyət ciddidir. Deməli, hansısa hərəkətim acıqlarına gəlib ki, İtbaşı hərəkətə keçib. Axı niyə beynini yorursan, Karine? Olan olub, keçən keçib. Qardaşlarını da öldürdün. Düz etdin öldürdün, ya səhv – bunu zaman göstərər. Sənin vəliəhdin yoxdur artıq. Sonsuz sayılırsan. Görək kimi qoymaq istəyəcəklər yerinə?

 

* * *

 

Yolaverənlər şahlığı. Dürəng Şah saraya girir. Baş mühafiz ona yaxınlaşır.

– Hər şey qaydasındadırmı?

– Bəli, şahım. Dediyiniz qadın gəlmişdi siz burda olmayanda. Regina Madərşahın yanına apardıq.

– Nə? Sizə kim demişdi ki, onun yanına aparasınız?

– Gedəndə özünüz dediniz ki, gec gələcəyəm. Nə sözünüz olsa Regina Madərşaha deyərsiniz.

– Aman Allah, siz nə etmisiniz? Hazırlayın atları. Mən geriyə – madərşahlığa qayıdıram. Bir dənə də əlavə at qadın üçün hazırla. Hardadı indi o?

– Regina Madərşahın yataq otağındadır.

– Yataq otağında?

    Dürəng qaçaraq pilləri qalxır. Otağın qapısını açanda Reginanın, başını bir qadının dizinə qoyub yatdığını görür. Amma buna məhəl qoymur.

– Qadın, sən kimsən?

– Tacirin övrəti, – deyə qadın yazıq-yazıq cavab verir.

– Hazırlaş. Yola çıxırıq. Madərşah demişdi ki, siz gələn kimi sorğu-sualsız onun yanına aparım.

Səsə Regina Madərşah ayılır.

– Nə olub, Dürəng? Bu nə saymamazlıqdır? Sənə kim icazə verib ki, mənim yataq otağıma giribsən?

– Madərşahımın əmridir. Tacirin ailəsi gələn kimi sorğu-sualsız hüzuruna aparmalıyam. Sən isə onu qəbul etmisən. Hələ başını dizinə qoyub yatıbsan da... sanki doğma adamındır.

– Anamdır. Başımı dizinə qoyub yatmışam, belə əcəb eləmişəm. Səndən icazə almalıydım?

– Anandır?

– Hə!

– Bəs soruşdum deyir ki, tacirin övrətiyəm.

– Tacir mənim atamdır. Həm adı Tacirdir, həm də tacirliklə məşğul olur. Anama deyib ki, uzun müddət evə gəlməsəm Qüdrət Şahın yanına gedərsən. O da gəlib. Təsadüfdən mən də burda...

– Regina Madərşah, sənin bir dənə anan var. O da Madərşah Karinedir. Bu qadını yadından çıxart. Onu madərşahın hüzuruna aparmalıyam. Özü də ki, indi.

– Getmək istəyirsənsə, sabah gedərik birlikdə. Bacımı da görmək istəyir anam. Görüşər, sonra da geri qayıdarıq.

– Sənin hələ şahzadə bacın da var?

– Hə.

– Oğul, sənə qurban olum. Əvvəlcə mənim bir sualıma cavab ver. Deyirlər, Qüdrət Şahı madərşah edam edib. Yanında da Kabus adlı birisi olub. Onun ölüsünü meydanda asanda, qonşu arvad gəldi ki, Tacirə oxşayır. Getdim baxmağa, artıq yığışdırmışdılar ölüsünü. Həmin vaxtdan da ərim evə gəlmədi. Sən şahsan. Onun dirisindən, ya ölüsündən xəbər öyrənə bilərsənmi? Çünki o cür sakit, mülayim insan heç vaxt kabus ola bilməzdi.

Dürəngin əl-ayağı sustaldı. Çömbəlib belini divara söykədi. Bilmirdi nə etsin. Qarşısındakılardan biri Kabusun arvadı, o biri isə Kabusun qızıydı.

– Yaxşı. Sabah birlikdə gedərik madərşahın hüzuruna. Hazırlaşın.

Bunu deyib Dürəng Şah öz otağına gəldi. Taxtında əyləşdi. Bilmirdi nə etsin: Regina Madərşaha yaman vurulmuşam. Ömrümdə ilk dəfədir ki, bu cür sevirəm. Yaxına qoymadıqca məhəbbətim bir az da alovlanır. İndi sabah ikisini də ora aparsam madərşah sorğu-sualsız bunları da, o biri bacısını da öldürəcək. Necə edim? Aparmayım? Gizlədim sarayda? Yox. Üstü açılsa madərşah nəslimi kəsər. Bunlar Kabusun ailəsidir. Yox. Qorxuram madərşahdan. Bu günəcən elədiklərimin hamısı heçə gedər. Şahzadəni çox sevirəm. Amma özümü ondan da çox sevirəm. Təslim edəcəyəm ikisini də...

Dürəng Şah özlüyündə qəti qərar verib, bir az yüngülləşdi. Amma yenə də içində narahatlıq vardı. Qardaşlarının kəsilmiş başlarını göstərərkən madərşahın soyuqqanlı baxışları Dürəngin xəyalından çıxmırdı. Artıq qorxmağa başlamışdı madərşahdan. Çünki ani bir xəta, onu da kəlləsindən edə, Qüdrətin taleyini o da istənilən an yaşaya bilərdi. Bu xəyallar beynində Dürəng Şah bir təhər yuxuya getdi.

Gecənin bir yarısı Dürəng Şah hövllü yuxudan oyanır.

– Kim var otaqda? – deyə tez şamı yandırır. Yatağının başında əli qılınclı kiminsə dayandığını görür, – Kimsən? – deyə qışqırır.

– Qorxdun, Dürəng Şah? Gör necə əsir e... Sən şahsan e... Şah da qorxar? Yox. Səhv etdim. Axı sən əldəqayırma şahsan. Göyverən kimi, Qüdrət kimi. Taleyin də onlar kimi olacaq.

– Baş mühafiz Aslan?

– Hə. Başqa kim gizli qapıdan sənin otağına girə bilər ki? Artıq bu gündən sənin kabusuna çevriləcəyəm. Yatanda mənim nəfəsimi, gəzəndə hənirimi duyacaqsan. Günahlarını isə yalnız qanınla yuya bilərsən. O da ki, yavaş-yavaş, əzabla.

– Nə günahım var ki?

– Qüdrətin, Kabusun, Karinenin qardaşlarının qanı sənin üstündədir.

– Qüdrətlə Kabusun ölümünün mənə dəxli yoxdur. Qardaşları da madərşahın əmriylə öldürmüşəm. Axı qardaşların qətlinin sənə nə dəxli?

– Onlar vəliəhd idilər. Sən Kaminat şahlığını vəliəhdsiz qoydun. Kabusa gəldikdə isə... Onun adamlarını zindana salıb mən işgəncə verirdim? Kabusun başına min qızıl mükafatı mən qoymuşdum? Sən payladığın qızılları camaatdan yığdığı üçün qızmışdın Kabusa. Kaminat şahlığına gələndə casuslar, xəfiyyələr məni kimin əmriylə izləyirdilər? Mənim Kaminat qalasına qul döyüşçü kimi saldığım qisasçıları bəs kim nişan verdi madərşaha? Beş şahlıqda pul qoymamısan. Hamısını qılıncının gücünə üzə çıxarıb daşıyırsan madərşaha. O cümlədən Göyverən valiliyindəki xəzinəni də... Bəs Qüdrəti madərşahın yanında şeytanlayan kim idi? Hamını aradan götürdün və oldun şah. Bu taxt-tacda Həqqi, Alqan kimi şahlar əyləşib. İndi isə sən – ikiüzlü, riyakar, hər addımda bir rəngə düşən tula. Sən nəinki onların, heç kökü olmayan Şahənşah Göyverənin də düşən dırnağı ola bilməzsən. Səni öldürməsəm çətin ki, bu məmləkət rahat nəfəs ala. Sən madərşahın beş şahlıq üzrə sağ əlisən. Gərək bu əl kəsilsin.

Bunu deyib Aslan Dürəngin sinəsinə çökdü. Köynəyinin yaxasını cırdı. Bu dəm gözünə nəsə sataşdı.

– Bu nədir, Dürəng? Xaç asmısan? Day denən dünya dağılır da... Deməli, Karine müsəlmanları xristiana çevirməyə başlayıb? Xub, xub. Əvvəl şahlıq ənənələrini yox edir, sonra da hamının boynundan xaç asacaq. Sənin kimi tulalara da xristian şahzadələrini sırıyıb qanı özündən olan küçüklər doğuzduracaq. Başqaları da sizlərə baxıb nümunə götürəcək. Əvvəllər sırğa növbəsinə dayanmışdınız, indi isə... Karine Göyverəndən də pis imiş ki? O, insanların bədəninə nüfuz edirdi, bu isə mənəviyyatlarına, beyinlərinə, damarlarında axan qanına.

– Yanılırsan, Aslan. Mən həqiqətən də Regina Madərşahı sevirəm. İlk baxışdan vuruldum ona. Bu sevginin xatirinə hətta dinimi də dəyişdim ki, kilsədə kəbin kəsə bilsinlər.

– Elə adını da dəyişəydilər də...

– Razıydım. Amma madərşah qoymadı. Soyadını mənə verdi. Artıq Dürəng Madərşaham.

– Dürəng Göyverən çönüb olub Dürəng Madərşah. Əvvəl kişi qəhbəsiydin, indi isə... Əvvəllər şahlar hərəmxanaya qatdıqlarının – digər din mənsublarının dinlərini, adlarını, dillərini dəyişirdilər. İndi isə əksinə. Tfu sənin zatına, Dürəng. Day denən evlənməmisən də... ərə getmiş arvadsan. Əlimi murdar qanına batırmaq istəmirəm. Səni eyvandan aşağı atacağam. Daşlara, qayaların şiş ucuna çırpılıb əzablar içində ölməlisən sən.

– Razıyam. Amma səndən bir ricam var.

– Xahiş yeri deyil, Dürəng! Ölməlisən! – deyib Dürəngin yaxasından tutub ayağa qaldırdı. Eyvana sürüməyə başladı.

– Aslan, hətta edama layiq görülmüş adamın da son arzusunu yerinə yetirirlər.

– Yaxşı, de son arzunu. Tez elə.

– Madərşah demişdi ki, “yanına bir qadın gələcək. Qüdrət Şahı soruşacaq. Deyəcək ki, tacirin ailəsiyəm. O qadını tutub sorğu-sual etmədən gətirirsən saraya”. Həmin qadın dünən gəlib çıxıb. İstəyirəm onu və arvadım Regina Madərşahı təhlükəsiz yerdə gizlədəsən. Məni öldürəndən sonra onları himayə edəsən.

– Aydın danış. Niyə gizlətməliyəm? Kimdir ki, o qadın? Qadını başa düşdüm. Bəs şahzadəni niyə gizlətməliyəm? Onun Madərşah Karine kimi arxası var.

– O qadın Kabusun arvadıdır, Regina isə şahzadələrin sırasına alınmış iki qızından biri. Amma onlar Kabusun əslində kim olduğunu bilmirlər. Üstəlik Regina da təkid edir ki, sabah saraya gedək. Anamı bacımla görüşdürmək istəyirəm. Yaman darıxıb. Aparmasam, madərşah nə vaxtsa xəbər tutub, dərimə saman təpəcək. Aparsam, artıq həyat sönür mənimçün. Çünki bu yaşımda əsl sevgimi tapmışam. Ona görə də öldür məni. Amma son arzumu yerinə yetir.

– Belə de.

Aslan qılıncını qınına salır. Dürəng Şahın taxtına oturur: mən də camaatı lələgiryan adıyla Karinenin üstünə qaldırırdım. Yanmış cəsədləri gorbagor edib paytaxta daşıtdırırdım ki, narazılıq yaradam. Şahpələngi, atadan yetim qalan mühafiz uşaqlarını bir yerə yığıb aylarla hazırlaşdırırdım ki, gedin qisasınızı alın. Onlar da özlərini biruzə verib qətlə yetirildilər. Amma indi madərşaha bir köynək yaxın qisasçılar özləri öz ayaqlarıyla gəlib qabağımda dayanıblar. Düzdü, əvvəl elədiklərim İtbaşının qisasını almaq üçün idi. Amma indi vəziyyət tam başqadır.

– Öldürməyəcəyəm səni, Dürəng. Amma mən deyəni edəcəksən. Kabusun arvadıyla qızını da hazırlamağımız lazım. Həqiqəti bilməlidirlər. Sonra isə... Daha onu deməyə dəyməz. Ağıllı adamsan. Bütün madərşahlıq sənin olacaq. Düzdür, əvvəlcə Reginanı taxta çıxartmalıyıq. Sən də vəliəhd olursan əri kimi. Sonrası özündən asılıdır.

– Razıyam. Nə desən hazıram, Aslan! – deyə Dürəng diz çökür.

– Aslan yox, İtbaşı.

– İtbaşı? Nə qəribə addır?

– İtbaşılar kimin gözünə görsənirsə, xeyir-dua verirsə, o kəslər də şah olurlar. Karine də, Qüdrət də o xoşbəxt kəslərdən idi. Nə edək ki, madərşah onu bu mənsəbə çatdıran keçmiş İtbaşıya, mənim ağsaqqalıma xəyanət etdi, öldürtdürdü. Buna görə də ona aman yoxdur. Ölümünə hökm verilib. Geci-tezi var. Dediyimə razılaşsaydın da, razılaşmasaydın da...

– Razıyam, Aslan. Hər şeyə razıyam. Nə desən edəcəyəm.

– Elə isə çağır qadınları bura.

 

 

ARDI VAR

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir