Arxiv
4 Aprel 2021, 15:07 | ANALİTİKA
Putinin gizli Qarabağ planları - Moskva nəyə hazırlıq görür?..

Rusiyaya inanmaq olmaz. Burası birmənalılıdır. İki əsrdən artıq uzun bir dövrü əhatə edən tarixi erməni düşmənçiliyinə təkan verən, onu qidalandıran və yemləyənin Rusiya dövlətinin olduğu kimsəyə sirr deyil. Təpədən-dırnağa siyasətini hiyləgərlik və qəsbkarlıq üzərində quran belə dövlətdən səmimiyyət, xoş niyyət gözləmək ən sadə halda özünü aldatmaq olardı.

Rusiyanın son addımları gerçəkdən böyük şübhələr doğurur. Şimal ölkəsindən Xankəndiyə yüksək səlahiyyət sahiblərinin axını göstərir ki, prezident Putinin gizli planlarının işə salınması  üzərində ciddi hazırlıqlar aparılır. Bəlkə çox dərindən qazıyıram, ancaq regionda cərəyan edən hadisələr məndə belə təəssuratlar yaradır. Əgər sabah üçüncü müharibə başlayarsa, döyüş meydanında Emənistanı Rusiyanın yalqız buraxmaq ehtimalı sıfıra bərabər kimi görünür.

Rus hökumətini indi daha çox narahat edən məsələlərdən biri bölgədə Türkiyənin siyasi təsir imkanlarının artması ilə bağlıdır. Rəcəb Tayyib Ərdoğaın Şuşa səfəri ilə əlaqədar səsləndirdiyi açıqlamasını həzm edə bilməyən Putindən hansısa kübar dövlət başçısına uyğun mədəniyyət tərzini ummağın özü sadəlövhlük olardı.

Heç şübhəm yoxdur ki, Türkiyənin Milliyətçi Hərakat Partiyasının sədri Dövlət bağçalının Şuşada məktəb tikdirəcəyi barədə təşəbbüsünün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müsbət tarixi hadisə kimi qiymətləndirilməsi faktı da Rusiya rəhbərində dərin hiddət yaradıb. Fəqət, Ermənistan adlı oyuncaq dövlətin yıxılmaması Rusiyaya regionda siyasi maraqlarını  gerçəkləşdirmək üçün çox gərəklidir. Onun üçün erməni faşizmi bir alətdir ki, istədiyi vaxt istədiyi ölkənin, daha dəqiq ifadə etsək, Azərbaycanın üzərinə hürdürə bilsin.

Ermənistanin ipi hər zaman Rusiyanın əlində olub. Bu yerdə ciddi bir suala cavab qarşımızı  kəsir: bəs nəyə görə, 44 günlük müharibədə Rusiya strateji müttəfiqi olan Ermənistanı müdafiə etməsi, Azərbaycanın irəliləməsinə də mane olmadı? Görüntü belə idi... Savaşqabağı müddət yəqin ki, hər kəsin yaddaşındadır. Yeganə səbəb, yeganə arqument bundan ibarətdir ki, Ermənistanın yeni hökumətinin Rusiya ilə siyasi məsafə saxlaması, baş nazir Nikol Paşinyanın sürətlə Qərbə doğru istiqamət götürməsi, Rusiyanın Qərbdə özünə ən böyük düşmən hesab etdiyi Sorosla dostluq əlaqələrini nümayiş etdirən birgə fotoşəkillərinin yayılması Putini əməlli-başlı özündən çıxarmışdı.

Beləliklə, ilkin addım olaraq Ermənistan hökuməti Nikol Paşinyanın simasında Rusiyada ifşaedici təbliğatın hədəfinə gətirildi. İctimai rəyə güclü təsir imkanlarına malik olan Rusiya aparıcı KİV-nin, telekanalların Paşinyana qarşı alçaldıcı tərzdə hücumları açıq-aşkar göstərirdi ki, Emənistanın yeni hökumət rəhbərinin Moskvanın başı üzərindən Qərbə doğru meyllənməsi Kremlə möhkəm təsir edib. Digər tərəfdən Moskva Azərbaycan Ordusunun gücünə, Zəfər müharibəsində Ermənistanın tamamilə çökmüş vəziyyətə düşəcəyinə əmin olduğundan rəsmi Bakının siyasətinə seyrçi qaldı. Kreml rəhbəri bir həqiqəti açıq etiraf etməsə də, daxilən yəqin bilirdi ki, Rusiyasiz Ermənistan Azərbaycanın qarşısında bir ay duruş gətirə bilməyəcək.

Güllə səsləri dayanıb. Bəli, indi hadisələri sakit, emosiyasız təhlil etmək imkanımız var. Təxminlərim məni yanıltmadı. Rusiya üçün ədalətli əməkdaşlıq münasibətlərinin sona qədər qalıcı olduğuna inanmaq yuxarıda qeyd etdiyim kimi, özünü aldatmaq olardı.

Qarabağdakı bugünkü vəziyyət, Rusiyanın bütün diqqət və səyləri iyun ayında Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərinə hesablanıb. Kremlin gündəliyində indi iki çox mühüm məsələ durur. Onlardan birincisi, seçkilərdə hər hansı vasitə ilə olsa da, Ermənistan rəhbərliyinə öz adamını yerləşdirsin, ikincisi, prezident Putinə qarşı formalaşmış mənfi erməni rəyini aradan qaldırsın. Hər iki vəziyyətdə Azərbaycan üçün yeni təhlükə ocaqlarının əmələ gəlmə ehtimalını diqqətdən kənara saxlamaq olmaz.

Naranatlıq doğuran taleyüklü bir siyasi məsələnin perspektivi bizləri düşündürməyə bilməz. Rusiya sülhməramlı adı altında Azərbaycanda yerləşdirdiyi ordunu ümumiyyətlə, Qarabağdan çıxarmaq niyyəti varmı, yoxmu?! Başlıca və mən deyərdim ki, Zəfər qələbəmizi şərtləndirən ən əsas məsələ buna bağlıdır. Bu mənada əvvəlki fərəh və coşqunluq hiss və duyğularimda sanki bir süstlük yaranır.

Rusiya deyəsən Xankəndiyə özünün bir quberniya ofisi kimi baxır. Gündə biri gedir, biri gəlir. Rusiyanın bizim suverinliyimizə və müstəqil dövlətçilik prinsiplərimizə qarşı zidd addımları bütün çılpaqlığı ilə özünü görünməkdədir. İstər-istəməz bu da ölkə içtimaiyyətində narahat fikirlər yaradır. Rusiyanın hazırkı məkrli siyasətinə görə onun Qarabağdan ordusunu 5 il sonra nəinki çəkmək fikri var, əksinə, məlum protokol razılaşmasından kənara çıxaraq hərbi kontingentini açiq şəkildə artırırı. Rusiya Azərbaycanın qanuni ərazisi kimi beynəlxalq birlik tərəfindən tanınan Qarabağla sanki bir quberniyası kimi davranır.

Mürəkkəbi qurumayan təəssüfedici faktlar göz qabağındadır. Rusiyanın hazırda yeni Dağlıq Qarabağ qurumu yaratması istiqamətində apardığı işlər dediklərimizi təsdiq edir. Azərbaycanın izni olmadan hava sərhədlərimiz dəfələrlə pozulur və qeyri-qanuni olaraq daşınan yüklər döyüş zonasında yerləşdirilən guya sülhməramlı olan qüvvələrə çatdırılır. Bununla bağlı Azərbaycanın müvafiq dövlət orqanları tərəfindən Rusiyaya iradlar bildirilməsinə baxmayaraq, “Şimal ayısı” yenə öz işindədir. Təsəvvür edin, Rusiya müdafiə nazirinin müavini olan ordu generalının Azərbaycanın icazəsi olmadan xəbərsiz birbaşa Qarabağa uçmasına necə sakit yanaşmaq olar?! Orada açılışda iştirak etməsi azmış kimi, hələ bir çiıxış da edir. Xəlvəti görüşlər də keçirir. Çox yəqin ki, erməni faşizminin xankəndidə rus dilinin “dövlət dili” elan etməsinə xeyir-duasını da verib. Soruşan gərək, sənin axı orada nə itin azib?!

Əlbəttə, rus genaralı özbaşına Qarabağa getməyib. Onu oraya təlimatlandırıb göndərənlər var. Sabah-birigün Rusiya Dumasının deputatlarının səfəri barədə xəbərlər yayılsa, buna da təəccüblənməyək!!! Hər şey baş verə bilər.


Üçüncü Qarabağ savasına hazır olmalıyıq. Rusiya rəsmiləri hələ ki bu barədə açıq danışmırlar. Bunu Azərbaycan xalqına Kremlə yaxınlığı ilə seçilən politoloq Mironov kimilərin dili ilə çatdırırlar. Vəziyyət təəssüf ki, belədir. Rusiya birinci Pyotrun vəsiyyətlərindən geri durmaq niyyətində deyil. Bizə qalan isə budur: Azərbaycan xalqı 44 günlük Zəfər müharibəsi zamanı göstərdiyi milli həmrəylikdən daha sıx, daha möhkəm birlik nümayiş etdirməlidir. Xalqımızın  indi dövlətin, Ordunun, Ali Baş Komandanın yanında dayanmaq zərurəti hər birimizdən yüksək Vətən təəssübkeşliyi ortaya qoymağı tələb edir.


Eldar Sabiroğlu,
YAP üzvü,
ehtiyatda olan polkovnik

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv