Arxiv
4 Aprel 2021, 22:16 | ALLAH RƏHMƏT ELƏSİN
Məşhur “91-lər”dən olan Bakı Musiqi Akademiyasının dosenti VƏFAT ETDİ

Bakı Musiqi Akademiyasının "Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar" kafedrasının dosenti, elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Ariz Abduləliyev bu gün 63 yaşında vəfat edib.

Bu barədə Modern.az-a mərhumun tələbələri məlumat veriblər.

Qeyd edək ki, Ariz Abduləliyev hakim Yeni Azərbaycan partiyasının qurucularından olmuş məşhur 91 nəfərdən (“91-lər”) biridir.

Ariz Əli oğlu Abduləliyev 12 dekabr 1958-ci ildə anadan olub.

1974-1979-cu illərdə A.Zeynallı adına Bakı musiqi məktəbinin “xalq çalğ alətləri” şöbəsində təhsil alıb.

1979-1984-cü illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasinda “Azərbaycan xalq musiqisi - tar” şöbəsində ifaçı və müəllim ixtisası üzrə ali təhsil alıb.  

1986-da Azərbaycan SSR Mədəniyyət Nazirliyinin “musiqi müəllimləri üçün respublika təkmilləşdirmə və ixtisasartırma kursu”nu bitirib.

1996-2000-ci illərdə AMEA Memarlıq və İncəsənət İnstitutunda istehsalatdan ayrılmamaqla “Musiqi sənəti” ixtisası üzrə aspiranturada oxuyub.

1998-2001-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə ikinci ali təhsil alıb.

1975-ci ildən bu günə kimi pedaqoji fəaliyyətlə məşğul olub.

1975-1979 və 1985-1991-ci illərdə uşaq musiqi məktəbində müəllim işləyib. 1991-1994-cü illərdə Azərbaycan Milli Yaradıcılıq Akademiyasında “musiqi problemlərinin tədqiqi” şöbəsində elmi işçi kimi çalışıb. 

1999-cu ildən bu günə kimi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasında müəllim (1999), baş müəllim (2005), dosent (2017) vəzifəsində çalışıb.  

2005-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

A.Abduləliyev bir sıra kitabların müəllifi və həm müəllifidir.

Onun “Elm və həyat”, “Qobustan”, “Musiqi dünyası”, “Konservatoriya”, “Mədəniyyətşünaslıq”, “İncəsənət və mədəniyyət problemləri”, “Mədəni həyat”, “Poisk” elmi jurnallarında, media orqanlarında musiqi mövzularında elmi və elmi-publisist məqalələri, informasiyaları, müsahibələri dərc olunub.

A.Abduləliyev 1992-ci ilin 16 oktyabrında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən 91 nəfər ziyalıdan biri olub. Onlar vaxtilə Yeni Azərbaycan Partiyasının “qızıl fondu” elan olunmuşdular.

Allah rəhmət eləsin.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv