Arxiv
5 Aprel 2021, 13:58 | ALLAH RƏHMƏT ELƏSİN
Xalq artisti Rəmiş vəfat etdi

Xalq artisti, tanınmış gitaraçı Rafiq Hüseynovun (Rəmiş) bu gün vəfat edib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə mətbuata məlumatı sənətkarın həyat yoldaşı Güllü Hüseynova verib.

 

Xatırladaq ki, ciyərlərində problem yaranan Rəmiş yanvarın 28-də Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi. 

Bakı Sağlamlıq Mərkəzi bir müddət öncə verdiyi açıqlamada bildirmişdi ki, Rafiq Hüseynov xəstəxanaya çox ağır halda, huşu qapalı, komatoz vəziyyətdə daxil olub. O, qaraciyər yetməzliyi və bir sıra yanaşı xəstəlikləri səbəbindən reanimasiya şöbəsində müalicə olunurdu.  

Rafiq Hüseynov 1944-cü ildə noyabrın 14-də Ağdam rayonunda anadan olub. 1962-ci ildə Ağdam şəhərinin Ü.Hacıbəyli adına Musiqi Texnikumunu bitirib. İstedadlı musiqiçi 1966-cı ildə Dövlət Televiziya və Radiosunun Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblında tarzən kimi fəaliyyətə başlayıb. O, eyni zamanda “Dan ulduzu” instrumental ansamblında gitara ifaçısı kimi çalışaraq, milli musiqimizə yeniliklər bəxş edib. R.Hüseynov SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ansamblında ilk gitara ifaçılarından biri olub.  

Sənətkar 50 ilə yaxın bir müddətdə həm Azərbaycanda, həm də xarici ölkələrdə milli musiqi mədəniyyətimizi və instrumental ifaçılıq sənətimizi yüksək səviyyədə təbliğ edib.  O, həmçinin Birinci Qarabağ müharibəsi dövründə dəfələrlə cəbhə bölgələrində hərbçilərimiz qarşısında konsert proqramları ilə çıxış edib.

Azərbaycan ifaçılıq  sənəti sahəsindəki xidmətlərinə görə  Rafiq Hüseynov 2008-ci ildə Respublikanın Əməkdar artisti, 2014-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Allah rəhmət eləsin...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv