Modern.az

Ermənistandakı “İsgəndər-E” kompleksləri “M” ilə əvəzlənibmiş - Moskva beynəlxalq öhdəlikləri pozub

Ermənistandakı “İsgəndər-E” kompleksləri “M” ilə əvəzlənibmiş - Moskva beynəlxalq öhdəlikləri pozub

Analitika

5 Aprel 2021, 16:42

Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində “İsgəndər-M” operativ-taktiki kompleksinin 2 raketinin qalıqlarının  tapılması son günlərin ən çox müzakirə edilən mövzularından biridir.  

 

Modern.az xatırladır ki, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) raketlərin qalıqlarının Şuşada bir-birindən 780 metr ara ilə iki ərazidə tapdığını bəyan edib. ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov aşkar etdikləri iki raket gövdəsi və bir raket mühərriki barədə məlumat verib.


“Hələ ki iki raketin atıldığını deyə bilmirik, çünki bir mühərrik aşkar etmişik. Tapdığımız qalıqların üzərindəki kodlar isə onların "İsgəndər" raketi olduğunu təsdiq edir. Açıq internet resurslarında da yoxlamaqla bu kodun (9M723) həmin raketlərin M versiyası olması təsdiqlənir. Araşdırmaların nəticələri aidiyyatı üzrə təhvil verilib," - İdris İsmayılov deyib.

 

Azərbycan tərəfinin açıqlaması bomba effekti doğurdu və məsələyə Ermənistanın baş naziri Nikol Paşinyanın “İsgəndər” raketləri ilə bağlı məlum etirafına fərqli prizmadan yanaşmağa sövq etdi.


“"İsgəndər” raketləri Qarabağda tətbiq olunmayıb və bu təsdiqlənib” – deyə Kreml Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun dili ilə özünü müdafiə etsə də, açıqlama ciddi inandırıcı arqumentə malik deyil.


Çünki hələ 2020-ci ilin noyabrında Ermənistan ordusunun keçmiş Baş Qərargah rəisi Movses Akopyan, ardınca isə eks-prezident Serj Sarkisyan “İsgəndər” raketinin döyüşlərin son günlərində Şuşa şəhəri istiqamətində tətbiq olunduğunu söyləyib.

ANAMA-nın raketlərin iri hissələrini tapması onların tətbiq olunandan sonra partlamaması ilə bağlı fikirləri gücləndirirdi. Bu isə Paşinyanın “İsgəndər" raketləri atıldı, amma partlamadı, yaxud 10% partladı” – sözlərində müəyyən doğruluq payının olmasından xəbər verir.

Əgər raketin atılması xəbəri doğrudursa, onda “İsgəndər” raketinin hansı modifikasiyasından istifadə olunması və atışın hansı ərazidən həyata keçirilməsi ilə bağlı suallar ortaya çıxır.

 

Sirr deyil ki, “İsgəndər” raketləri 2016-cı ildə Rusiyadan Ermənistana verilib. Həmin ilin sentyabrında Yerevanda müstəqilliyin 25 illiyi münasibətilə keçirilən paradda “İsgəndər-E” raketləri nümayiş olunmuşdu. Hədəfi 280 kilometr məsafəyə qədər uzaqlıqda məhv edilən operativ-taktiki raketlər Yerevanın arsenalında ən təhlükəli silah sayılırdı. Rusiya həmin raketləri ilk olaraq məhz Ermənistana təqdim etmişdi. Lakin “İsgəndər-E” məhz xaricə satış üçün nəzərdə tutulan raketlər idisə, hədəfi 500 kilometr məsafədə məhv etməyə qadir “İsgəndər-M” raketlərinin xaricə satışı qadağan olunmuşdu.
 

“İsgəndər-M” raketlərinin Qarabağda tapılması Rusiyanın beynəlxalq öhdəlikləri pozması anlamına da gəlir. Belə ki, 1987-ci ildə ABŞ və Sovet İttifaqı arasında yaxın və orta mənzilli raketlərin ləğv olunmasına dair müqavilə imzalanıb. Həmin müqavilə raketlərin uçuş məsafəsini 500 kilometrdən çox keçməməsinə aid idi. Amma 2000-ci illərin sonlarından başlayaraq, Moskva “İsgəndər” raketlərini modernləşdirməyə başladı. Vaşinqton Moskvanı müqavilənin şərtlərini pozmaqda və “İsgəndər-M” kompleksi üçün hazırladığı 9M729 raketlərinə görə ittiham edirdi.


ABŞ Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Andrea Tompson 9M279 raketərinin həmin müqavilənin şərtlərini pozduğunu və uçuş məsafəsinin 500 kilometrdən çox olduğunu demişdi.

 

Moskva ilk dəfə 2017-ci il sentyabrın 17-də Kapustin Yar poliqonunda həmin raketlərin sınağını həyata keçirib. Şuşada tapılan 9M723 raketləri məhz həmin raket sinfinə aiddir.

 

Maraqlıdır ki, hələ 2017-ci ilin sentyabrında Ermənistanın hərbi xəbərlər üzərində ixtisaslaşan “Razm.info” saytı ölkədəki “İsgəndər-E” operativ-taktiki raket kompleksinin “İsgəndər-M” ilə dəyişə biləcəyindən yazırdı.


Xüsusən qeyd olunmalıdır ki, münaqişə tərəflərinə hədəfi vurma məsafəsi 300 kilometrdən çox olan raketlərin ixracı qadağandır. Bütün ölkələr bunu beynəlxalq öhdəlik kimi qəbul edib.

 

Beləliklə, Rusiyanın beynəlxalq razılaşmaları pozaraq, Ermənistana hədəfi vurma radiusu 500 kilometri ötən operativ-taktiki “İsgəndər” raketlərini satması faktı öz təsdiqini tapmış olur. Amma raketlərin tətbiqi uğursuzluqla nəticələndiyi üçün 44 günlük müharibənin gedişatına heç bir əsaslı təsir göstərə bilməyib.

İstənilən halda, Rusiyanın “İsgəndər-M” raketlərini Ermənistan satması faktı təsdiq olunarsa, Moskvanı və Yerevanı da beynəlxalq sanksiyalar gözləyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü