Arxiv
6 Aprel 2021, 09:44 | REPORTAJ
Atəşkəsdən 2 saat əvvəl şəhid olan KOMANDİR - IV HİSSƏ - VİDEO

Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün

 yazının əvvəli burada

2020-ci il oktyabrın 9-da Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri Moskvada görüş keçirdilər, görüşün nəticəsində tərəflər arasında atəşkəs barədə razılığa gəlindi. Razılığa əsasən, Azərbaycan və Ermənistan tərəfi arasında 10 oktyabr saat 12:00 radələrindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və kriteriyalarına uyğun olaraq hərbi əsirlərin və saxlanılan şəxslərin dəyişdirilməsi və cəsədlərin mübadiləsi nəzərdə tutuldu. Atəşkəsə təqribən 2 saat qalmış polkovnik-leytenant Əfqan Abdurahmanov şəhid oldu.

Döyüş zabiti, qələbə arzusu ilə yaşayan, həmyerlisi Polad Həşimovun intiqamını alacağına söz verən Əfqan Abdurəhmanov qəhrəmancasına həlak oldu. Vətən sevdalı, ölümün gözünə dik baxan, döyüş meydanında qəhrəmanlıqlar göstərən igid zabitin Kəlbəcərin, Şuşanın, Laçının azad edilməsində iştirak etmək arzusunu döyüş dostları həyata keçirməli oldu.

 

“İmkanın varsa, Tapqaraqoyunluya gəl!” 

 

Əfqan Abdurəhmanovun şəhid olması xəbərini onun dostu, hərbi polisdə xidmət edən Azər Allahverdiyevə bildirirlər. O isə acı xəbəri Əfqan Abdurəhmanovun qohumlarına ürək ağrısı ilə çatdırmaq məcbutiyyətində qaldı.

Azər Allahverdiyev deyir:

- Əfqanla 1997-ci ilin avqustun 12-dən hərbi xidmətə (hərbi məktəbdə) birlikdə başlamışıq. O, mənim ilk manqa komandirim olub. Sonuncu görüşümüz isə 2020-ci sentyabrın 23-də Naftalan şəhərinə oldu. Xidmətlə bağlı ezamiyyətdə idim. Axşamüstü, saat 8-də ona zəng etdim, Naftalanda görüşməklə bağlı razılaşdıq. Görüşdük, 1-2 saat ərzində keçmiş günləri xatırladıq, çay içdik çörək yedik.  İndi o gün üçün çox heyfsilənirəm: daha çox vaxt keçirə  bilmədik, işlə bağlı tez ayrılmalı olduq.

Sentyabrın 27-də döyüş əməliyyatları başladı, həmin gün Əfqana zəng etsəm də, danışa bilmədik. İki gün sonra, yenidən zəng etdim, çox qısa danışığımız oldu.

- Bəzi yüksəklikləri düşməndən azad etmişik, - dedi.

 Danışığından, səsindən hiss etdim ki, çox yorğundur. Bir-birimizə:

- Özündən muğayat ol, qardaş! - dedik.

Mənə  dediyi sözlər bu gün də qulaqlarımda səslənir:

– Nə olsa, ikimizdən birinə olsun!

Zarafata saldım.

- Bizə heç bir şey olmaz, inşallah! Yaxşı olacaq, qələbədən sonra görüşərik, özünü qoru, qardaş!

Sonuncu danışığımız belə oldu.

Oktyabrın 9-da onunla vatsapla əlaqə qurmağa çalışdım, amma bütün cəhdlərimə baxmayaraq cavab gəlmədi, narahat oldum.

Əfqanın Şəhid olduğu xəbərini isə Cəbrayılda, döyüş bölgəsində eşitdim. Olduğum yerdə telefon zəngləri qəbul etmirdi. Elə bir yer oldu ki, telefona baxanda çoxsaylı zənglərin gəldiyini gördüm. Ən çox zəng isə Əfqanın döyüşdə iştirak etdiyi yerdən gəlmişdi. Narahat oldum, tez ən çox zəngin gəldiyi nömrəni yığdım.

- Nə məsələdir?

Bir kəlmə dedilər:

– İmkanın varsa, Tapqaraqoyunluya gəl!

Artıq sual vermədim, özümü itirdim. Bir neçə dəqiqədən sonra yenidən zəng etdim.

– Yaralıdır, yoxsa şəhid olub?

Dedilər:

- Şəhid olub.

Bu xəbəri eşitmək mənim üçün çox ağır idi.

 

“Biz qalib millətik” 

 

Söhbətə qoşulan şəhid zabitin həyat oldaşı Rəqinə xanım deyir: “Əfqanla bir neçə saat əvvəl danışmışdım.

- Hər şey normaldır, narahat olma” - demişdi.

Telefon zəng çalanda ev işləri ilə məşğul idim, amma az da olsa həyəcan vardı, məndə. Son vaxtlar telefon səsi eşidəndə diksinirdim, qorxurdum. Bu dəfə də eyni hissi keçirdim, özümü toparlayıb dəstəyi götürdüm. Telefon xəttinin o biri başında qohumlardan biri idi, əvvəlcə hal-əhvalımı, sonra Əfqanı soruşdu:

– Əfqandan nə xəbər var, heç danışırsan?

Səhər danışdığımı bildirdim.

– Salamları var, şükür sağ - salamatlıqdır, Ağdərə istiqamətində yüksəklikləri azad edirlər.

Hiss etdim ki, xəttin o biri tərəfində danışan şəxs çox narahatdır, nəsə demək istəyir, amma deyə bilmir. Sonra dedi ki, Azər zəng edib.

Əfqanın uşaqlıq dostunun - Azərin adı çəkəndə, mən hər şeyi başa düşdüm. O an nə çəkdiklərimi bir Allah bilir. Gözlərim qaraldı. Özümü toxtamağa çalışdım – alınmadı - göz yaşlarım da təsəlli olmadı, kədər çökmüş ürəyimə. Əfqan kimi dayağımı itirdim…

Mənim üçün təsəllidir ki, onu hami sevirdi. Xidmət etdiyi rayonların sakinləri xəstəxananın qarşısına toplaşmışdı, göz yaşı axıdır, həlak olduğuna inanmırdılar. Bu gün də ondan danışırlar, onun adını anırlar. Adı dillərindən düşmür.

Əfqan dövlətinə, torpağına bayrağına sevdalı zabit idi.  Bu gün onun kimi şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin sayəsində alnımız açıqdır, başımızı dik tuta bilirik. Artıq biz məğlub, qüruru ləkələnmiş bir millət deyilik, qalib millətik”.

 


“Ondan mənə yalnız xoş xatirələr, qəhrəmanlıq hekayələri qalıb”
 


Əfqanın anası Nərgiz Camaləddin qızı:

- Mənim oğlum vətənini sevən zabit idi. Döyüşlərdə həmişə öndə olub, əsgərlərini qələbəyə ruhlandırıb. Oktyabrın 10-da, səhər saat 8-də mənə zəng etdi. Bir gün əvvəl, cümə günü qarışıq yuxular görmüşdüm, çox darıxırdım. Gecə yuxuda gördüm ki, böyük bir göldür, gölün üstündə əsgərlərimiz üzüstə durublar. Əfqan isə ayaqüstədir  Çağırdım:

– Əfqan,  Əfqan maman qurban, gölə girmə, dərindir!

– Mama, əsgərlərimin hamısı ordadır, burada dura bilmərəm, -dedi.

Üzünü çevirdi, mənə baxmadan çıxıb getdi. 

Yuxu məni narahat edirdi, həyəcanlı idim. Telefonuma zəng gələndə sevindim, zəng edən Əfqan idi. 

– Salam ay mama, necəsən?

– Əleykəssalam, a bala nə yaxşı zəng edibsən?

– Zəng etdim ki, görüm nə var-nə yox, pulun-paran varmı.

–Hər şeyimiz var, bir  sən yoxsan, Ay oğul, mamanı-papanı fikirləşmə, ancaq balalarını fikirləş. Özünü qoru, ailənə lazımsan!

Oğlumla danışandan sonra bir rahatlıq tapdım, yüngülləşdim. Nə biləydim... Ah! Nə biləydim ki, iki-üç saatdan sonra oğlumdan mənə qara xəbər verəcəklər.

Bu ağır dərddir. Bir güllə dəydi ürəyimə, gözlərim qaraldı. Can bala, maman sənə qurban olsun! Sinəmə çal-çarpaz dağ çəkildi, bu dərd ürəyimdə şırnaq açdı, unutmaqmı olar səni, mənim igid oğlum, qəhrəman oğlum, ciyaparəm!

 Bu gün də oğlumun, ciyarparəmin həlak olduğuna inanmıram. Mənə elə gəlir ki, qapı açılacaq, Əfqan otağa girib boynumu qucaqlayacaq və deyəcək:

– Mama necəsən, nəyə ehtiyacın var?

Qapı isə dəfələrlə açılıb-örtülüb, otağa çox sayda adamlar girib-çıxıb, amma onların arasında Əfqan olmayıb, ciyərparam olmayıb. Ondan mənə yalnız xoş xatirələr, haqqında söylənilən qəhrəmanlıq hekayələri qalıb.

Səndən sonra ölmədim

Ölmədim, yaşayıram.

Sənsizliyi qəlbimdə

Yük kimi daşıyıram.

 

“Zəfər paradını qürurla izlədim”

 

Qızı Hilalə deyir:

- Yaxşı ki, onun kimi  atanın qızıyam. Atamla fəxr edir, qürur duyuram. Əvvəllər bilirdim ki, vaxtının çox hissəsini hərbi hissədə, əsgərləri ilə keçirsə də, bir gün məzuniyyətə və ya icazə alıb gələcək, görəcəyəm. Artıq bilirəm ki, bir də görməyəcəm, səsini eşitməyəcəm. Bunu hiss etmək, başa düşmək mənim üçün çox ağırdı, çətindir.

Yalnız yuxuda atamı görürəm, səsini eşidirəm, gülməyini görürəm.

Özü deyirdi ki, ölüm varsa, şərəfli olacaq, şərəflə də şəhid oldu.


Hilalənin atası ilə bağlı xatirəsi 

"... Atam məni hazırlığa aparırdı. Polad Həşimovun nəşini Qəbələyə gətirirdilər. Mən dedim ki, getmirəm hazırlığa, səninlə birgə gözləyirəm. Rayonun girişində iki saatdan çox gözlədik. Atam çox kefsiz, sakit idi. Polad Həşimovun nəşi çatana yaxın maşından düşdüm. Atam dedi ki, yanımızdan keçəndə hərbi salam verərsən. Atam hər dəfə yoldan keçəndə, Polad Həşimovun şəklini görüb hərbi salam verirdi.

Atamın nəşi də Qəbələyə, Əmirvana gətiriləndə yolboyu düzülən insanlar hərbi salam verirdi. Bu məni qürurlandırdı. Kədər və qürur! Bunu onu yaşayanlar, bütün qəlbi, ruhu ilə hiss edənlər bilər.

Zəfər paradını qürurla izlədim. Bilirdim ki, o da bu qələbədə böyük pay sahibi olub. Paradı izlədikcə elə bilirdim ki, düşmənin vurulmuş tanklarının hamısını atam sıradan çıxarıb. Yaşayanda da qürur duyurdum, indi də qürur duyuram”.


Əfqan Abdurahmanobun qohumu Kamal Nəsrullayev:

“Əfqanın şəhid olduğu barədə xəbər mənim üçün gözlənilməz oldu, çünki bir neçə gün əvvəl danışmışdım. Atası Ağasəf Əlibəy oğlu Abdurahmanov və anası Nərgiz Camaləddin qızını Əmirvana mən aparmalı oldum. Valideynləri Əfqanın şəhid olduğundan xəbərsiz idi. Onlara yalan danışmalı oldum  və bildirdim ki, Ağasəf kişinin anası Əmirvanda rəhmətə gedib, hazırlaşın kəndə gedirik.

Ağasəf kimi xəstəhal idi, yaddaşı tez-tez itirdi. “Şamaxinka”ya çatanda maşını saxlatdı, düşüb şəhərə qayıtmaq istədi. Güc-bəla ilə onu Əmirvana getməyə razı  saldıq.

Ağasəf kişi Əmirvandakı ata evinin həyətinə toplaşmış insanları görəndə həyəcanlandı, oğlunun həlak olduğunu hiss etdi, maşından düşən kimi dizüstə çökdü”. 



Onu tanıyanlar xoş xatirələrlə yad edirlər
 

Xəzər Osman: “Komandirim olub. O vaxt hələ baş leytenant idi. İgid, mərd və əsl hərbçi idi. Əsgərləri arasında böyük hörməti vardı, onların hər birinə xarakterinə uyğun yanaşar, məsləhətlərini verər, lazım gələndə köməklik də göstərərdi.

Onun şəhadətini eşidib çox kədərləndim. Yerin cənnətlik olsun komandir. Bu vətəni göz bəbəyimiz kimi qorumalıyıq. Gör necə oğullar baş qoyub bu torpaqlara .


Zamin Mustafayev: “Mən Əfqanla bir yerdə xidmət etmişəm. savadlı, güclü kadr idi. Məkanı cənnət olsun”.

Tofiq Şahmuradov: “Əfqan Abdurahmanov şəhid olanda orada idim, yaralıları çıxarmağa getmiş. Əfqangil 951 saylı yüksəkliyi almaq üçün döyüşə girmişdilər. Onları sol tərəfdən tank vurmuşdu. Partlayış dalğasından şəhid olmuşdu”.

 

***

Əfqan Abdurəhmanov son nəfəsində həm dostu, həm də həmyerlisi olan Polad Həsimovun yaninda dəfn olmasini vəsiyyət etmisdi. Hətta onun II Fəxri Xiyabanda dəfn olunması üçün yer də hazırlanmışdı, lakin görünür yaxın qohumlarından kiminsə xahişi ilə Əmirvan kəndində dəfn olundu.


Onun şəhadətə yuksəlməsindən bir ay sonra vətənimizə qələbə gəldi. Ordumuz döyüşlərdə Zəfər qazandı, Əfqanın intiqamı alındı, arzuları reallaşdı. Qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli sərəncamına əsasən Əfqan Abdurəhmanova ölümündən sonra  “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi, “Vətən uğrunda” və  “Suqovuşanın azad olunması”   medalları ilə də təltif edildi.

 

 

Pünhan Əfəndiyev

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv