Arxiv
7 Aprel 2021, 00:49 | QARABAĞ
Sülhməramlılar Qarabağda bunu da etdilər - FOTO

“Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin hərbi qulluqçuları Böyük Vətən Müharibəsində Qələbənin 76-cı ildönümünə həsr olunmuş "Ailə tarixi - Zəfər tarixi" adlı aksiya keçirməyə başlayıblar”.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

 

Bildirilib ki, aksiya, 1941-1945-ci illərdə faşist koalisiyasına qarşı döyüşlərdə cəbhələrdə həlak olan Qarabağın Əsgəran bölgəsinin Xanabad kəndinin yerli sakinlərindən 104 nəfərin abidəsi önündə başlayıb:

 

“Gənc nəsildə Böyük Vətən Müharibəsi mövzusuna marağı artırmaq və tarixin təhrif olunmasının qarşısını almaq üçün Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları “Cəsarət” dərslərinin keçirilməsində mütəmadi olaraq iştirak etməyə davam edəcəklər. Müəllimlərlə birlikdə sülhməramlılar mütəmadi olaraq məktəblilər və tələbələrlə görüşəcək və onlara 1941-1945-ci illər müharibəsi qəhrəmanlarından danışacaqlar.

 

"Ailə tarixi - Zəfər tarixi" aksiyasına əlavə olaraq, Rusiya sülhməramlı kontingentinin Humanitar Mübarizə Mərkəzi Mardakert (Ağdərə), Martuni (Xocavənd) və Əsgəran (Xocalı) bölgələrinin rəhbərliyi ilə əməkdaşlıq edərək Dağlıq Qarabağdan cəbhəyə gedən və Böyük Vətən müharibəsi zamanı həlak olan əsgərlərin abidələrin və heykəllərin abadlaşdırılması işinə başladı”.

 

Məlumata görə, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin hərbi heyətinin birbaşa iştirakı ilə həyata keçirilən bu aksiyalar 9 May - Qələbə Gününə qədər davam edəcək.

 

“Rusiya Federasiyası Prezidentinin, Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin birgə bəyanatında göstərilən razılaşmalara uyğun olaraq, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00: 00-dan etibarən tamamilə atəşkəs elan edilib və Dağlıq Qarabağdakı bütün hərbi əməliyyatlar dayandırılıb.

Müharibədən təsirlənən bölgələrdə Rus sülhməramlılarının köməyi ilə həyati əhəmiyyətli mühəndis kommunikasiyalarının bərpası davam edir”, - deyə Rusiya MN-dən bildirilib.

 

Qeyd edək ki, bu, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin missiyalarına aid olmayan növbəti tədbiridir.

 

Turan ASLAN

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv