Modern.az

Mehdi Hüseynin “Nizami” pyesi: “Mən “Sirlər Xəzinəsi”ndə olanların yüzdə birini demişəm”

Mehdi Hüseynin “Nizami” pyesi: “Mən “Sirlər Xəzinəsi”ndə olanların yüzdə birini demişəm”

Ədəbi̇yyat

7 Aprel 2021, 10:45

Gəncə yaxınlığında bir ovlaq yeri. Yaşıl bir təpənin başında şah dayanıb uzaqlara baxır. Arxadan vəzirin gəldiyini hiss edən şah ona tərəf dönür və deyir ki, Nizamini çağırmağa gedən qasid qayıdıbmı? Vəzir Nizamidən bir xəbər yoxdur deyir. Görünür ki, o, həddindən artıq məğrurdur. Şah vəzirin sözünü təsdiq edir və Nizamini əsərlərindən tanıdığını söyləyir. Onun Qaf dağı kimi məğrur və əyilməz olduğunu bildirir. Vəzir isə deyir ki, Nizami nə qədər məğrur olsa da, hökmdarın qarşısında əyilməlidir. Şah kiminsə gəldiyini görür. Bu gələn qasiddir. O, yenə tək gəlir. Qasid şaha deyir ki, Nizami hüzurunuza gələcəkdir. Nizami gəlmək istəmirdi, ancaq Bərdənin fəlakətindən xəbər tutanda hökmdarın fərmanından boyun qaçıra bilmədi. Bəli, Nizami Bərdəyə kömək məqsədi ilə hökmdarın hüzuruna gəlmək istəyirdi. Bu zaman vəzir şaha deyir ki, Munis Gəncə şairləri ilə deyişməkdən qayıdıb. Şirvan sarayının Munis kimi şairləri var ikən, sizin könlünüz güləcəkdir. Şah isə deyir ki, amma Nizami ayrı aləmdir, onun şeirlərində ilahi bir qüdrət var. Söhbətin bu məqamında Munis Gəncə valisi ilə gəlib şaha təzim edir. Şah  Munisdən soruşur ki, Gəncə şairləri ilə deyişdinmi? Munis bütün deyişmələrdə böyük hökmdarın adını göylərə ucaltdığını söyləyir. Hətta yalan danışaraq Nizaminin onun qarşısına çıxmadığını deyir. Munis dediklərini təsdiq etmək üçün Gəncə valisinə müraciət edir. Munis deyir: “Şahı aldatmaq ən böyük cinayətdir. Mən həqiqət aşiqiyəm, mənim vicdanım ləkə götürməz. Gəncə valisi özü söyləsin”. Valı söhbətə qoşulur: “Munis doğru buyurur. Mənim Nizamidən şikayətim vardır, şahım. O, Məhsəti Gəncəvidən dərs almışdır. Özü də xırda qoşmalardan başqa, heç nə yaza bilmir".  Saray şairi Munis, Gəncə valisi əl-ələ verərək Nizamini şahın (Şirvan şahının) gözündən salmağa çalışırlar. Şah deyəndə ki, “…Nizaminin hər bir misrası almaz kimi itidir. Ürəklər daşdan da olsa, onları kəsib özünə yol açacaqdır”. Onda vali dözmür: “Hökmdar özü bilən yaxşıdır. Gələr görərsiniz. Dinsiz üsyankarları belə sevirsinizsə, Nizamini də sevəcəksiniz”. Şah validən də, saray şairi Munisdən də fərqli olaraq, Nizami barədə də ədalətli fikir söyləyir və valiyə deyir: “Sən yanılırsan, vali, mən Nizaminin qəzəllərini ürəkdən sevmişəm. Onlar doğrudan da, nadir incilərdir. Şirvan sarayı bu nadir inciləri yaradan ustada malik ola bilsə, böyük İsgəndər özü mənə qibtə edəcəkdir”. Şirvan şahı Nizami kimi böyük sənətkarı öz sarayında görmək istəyir. Əslində bu, şahın sənətkara verdiyi qiymətdir. O istəyir ki, sarayda, onun ətrafında görkəmli insanlar, şairlər olsun. Ancaq Munis kimi saray şairləri, valilər buna qısqanclıqla yanaşır. Hökmdarın ətrafında olan belə qısqanclar həmişə tarixdə öz bəd əməllərini həyata keçirmiş, şahı istedadlı, qabiliyyətli, nüfuzlu, uzaqgörən insanlardan təcrid etmişlər. Şah Munis kimi saray şairlərinin, valilərin, təlxəklərin əhatəsində tez-tez çıxılmaz vəziyyətə düşmüş, xalqın ona olan etimadını itirmişdir. Əslində hökmdarın ətrafında nə qədər ağıllı, bilikli, əqidəli, vicdanlı, ədalətli, əxlaqlı, ləyaqətli insanlar olarsa, hökmdar bir o qədər dövləti mükəmməl idarə edər, xalqın hörmət və istəyini qazanar. Yalan-palan danışıqlar, qısqanc münasibətlər, istedadlı adamları gözdən salmaq dövlətə olan inam və etimadı  azalda bilər, dövlətin diz çökməsinə səbəb ola bilər. Şah saray şairi Munis kimilərin, yalançı valilərin əhatəsində tək qaldıqda vurnuxur, əsəbiləşir və narahatçılıqla üzləşir. Mehdi Hüseynin “Nizami” pyesində olduğu kimi:

       
“Munis. Gəncə valisi haqlıdır, şahım. Mən həqiqət aşiqiyəm, mənim vicdanım ləkə götürməz. Nizaminin işlədiyi cinayəti mən sizdən gizlətmək istəmirəm.

       
Şah. Cinayət? Kimi öldürmüşdür? Vali, bu nə sözdür?

       
Vali. Adam öldürsəydi, mənə bu qədər təsir etməzdi. O, Məhsəti xanımla birləşib, böyük hökmdarı xalq içərisində rüsvay edir. Belində xəncər gəzdirən əxiləri başına toplayıb, xalqı üsyana çağırır. Mən Məhsətinin həcvlərini öz qulağımla eşitdim.

       
Şah. Bəsdir. Bu sözlərin biri doğru olsa, and içirəm gözə görünməz böyük Tanrıya, mən Nizamini də, Məhsətini də daşqalaq etdirəcəyəm. Amma siz uşaq kimi sadəsiz. (Cibindən bəyazı çıxardır) Bu qəzəllər qoşma deyildir, gövhərdir. Xalq onu belə şeirləri üçün sevir.

       
Munis. Bəlkə də biz yanılırıq, ola bilər. Sizi bu rəyə gətirən Xaqanidir. O, mənim düşmənimdir. Məni gözdən salmaq üçün Nizamini tərifləyir. Mən həmişə sizdən gizlədirdim. Amma daha dözə bilmirəm. Hər şeyi açıb deyəcəyəm: Nizaminin “Sirlər Xəzinəsi”ni xatırlayırsınızmı? O ölkəni xarabaya döndərməkdən zövq alan zalım Ənuşirəvanın simasında sizi təsvir etmişdir.

       
Şah. Aha, bu çox qəribədir. Demək, mən bayquşların nəğməsindən həzz alıram, eləmi?

       
Munis. Mən həqiqət aşiqiyəm, şahım!”


Bəli, özünü tez-tez həqiqət aşiqi kimi təqdim edən Munis Nizami Gəncəvini gözdən salmağa, özünün sarayda yerini isti eləməyə çalışır. Hadisələrin bu istiqamətdə cərəyan etdiyi vaxt vəzir deyir ki, Bərdədən qasid gəlmişdir. Qasid kömək istəmək məqsədi ilə, əsir düşmüş bərdəlilərin vəhşi xəzərlərin pəncəsindən xilas edilməsi üçün şaha müraciət edir. Şaha onu da xatırladır ki, bir zamanlar Şirvanı düşmənlər hədələyəndə Bərdə cəngavərləri onlara kömək əlini uzatmışdır. Qasid kimi şahın yanına Bərdədən gələn Əbdək kömək almaq üçün rica yox, tələb etdiyini bildirir. O deyir: “Siz nahaq acıqlanırsınız, şahım. Xatırınızdadırmı, bərdəlilər Şirvan qalasını müdafiə edərkən, yüzlərcə qurbanlar vermişdilər. Bərdə cəngavərləri ilə bərabər Şirvan qalasını düşmənlərdən mən də bax, bu sinəmlə müdafiə etmişəm. Borclu-borcluya belə cavab verməyə haqlı deyildir”. Şah ona demişdi ki, “Kömək istəyən adam əvvəlcədən xəbər verərdi. Yaxşı, şəhər yanıb külə dönəndən sonra, mənim köməyimdən nə çıxar? ... çalışaram sizin ricanıza əməl olunsun”. Şahın bu fikirləri müqabilində Əbdək ona çəkinmədən öz sözünü demişdir. Şah isə heç kimə borclu olmadığını söyləyir. Əbdək çəkinmədən deyir: “Qoy, bütün dünya şahid olsun ki, daş ürəkli, quş beyinli hökmdarlar ana vətənin qəlbinə yara vurmaqdan həzz alırlar”. Şah təkidlə vəzirə göstəriş verir ki, Əbdəki aparın, gün batanda o, dar ağacından asılacaqdır. Şah bu fərmanında qəti olduğunu bildirir. Vəzirin “Hökmdarın əmri Allah fərmanıdır, şahım” deməsi Əbdəkə meydan verir. Əbdək deyir: “Dayanın, siz də şahid olun: mən düşmənə sinəsini qalxan tutub on yara almış bir cəngavərəm. Hökmdarınız isə, əli qanlı, həris bir cəlladdır. Qoy onun bu zülmündən sonsuz göylər də fəryada gəlsin!” Əbdəkin qollarını bağlayıb aparırlar. Munis yenə də bu vəziyyətdən istifadə edərək deyir: “Bax, Nizaminin bütün dostları belədir, şahım! Onun qəzəllərini oxuyan hər kəs mələk kimi məsum da olsa, nəhayət belə bir asi olur”. Bu vaxt qasid xəbər verir ki, Nizami qulluğunuzda hazırdır. Nizamini qasid gətirir, o, şaha təzim edir. Gecikməyinin səbəbi olduğunu bildirir. Şah ondan soruşur ki, şairin xahişi nədir? Həm də şah Gəncənin ən gözəl bağlarından birində məclis qurulmasını, süfrə asılmasını və Gəncə yaxınlığında yeddi para kəndin şairə bağışlanmasını deyir. Onu da deyir ki, şair öz qəzəlləri ilə ruhumuzu oxşasın. Nizami isə deyir ki, onun oxuyacağı qəzəllər şahı yalnız kədərləndirə bilər. Onun özünün kədəri isə səbəbsiz deyildir. Nizami kədərinin səbəbini şaha belə bəyan edir: “Ey hökmdar, gözəl Bərdəni yandırıb külə döndərdilər. Azərbaycanın dilbər guşələrindən biri də məhv olub getdi. Böyük bir ölkənin xəstə qəlbinə yenə sağalmaz bir yara vuruldu. Analar övladlarından, bacılar qardaşlarından ayrı düşdü. Odur, baxın, Bərdənin yaralı igidləri sizdən kömək istəyir. Qardaş qardaşdan kömək istəyir. Of, mənim elə bir qüvvətim olaydı ki, qılıncların xarabaya döndərdiyi vətəni qələm gücünə gülşənə çevirəydim. Hanı elə hökmdar ki, bu xarabaları görərkən, ürəyindən qopan ah səsi bütün dünyanı titrətsin?!” Munis Nizaminin bu fikirlərinə əsaslanaraq yenə də onu gözdən salmağa çalışır və şaha deyir ki, o, sizə böhtan atır. Şah Nizamiyə söyləyir ki, mən səni üsyan etməyə çağırmadım. Sən mənim nəşəmi korlayırsan. Onsuz da sarayımda nəşəmi korlayanlar azlıq etmir. Xaqaninin şeirləri, onun göz yaşları artıq məni təngə gətirmişdir. O da mənə qarşı üsyan edir. Nizami çəkinmədən şaha deyir ki, şairi Xaqani kimi qolu zəncirli bir qula çevirmək olar, zindana da atmaq olar, ancaq onun azad xəyallarını zəncirləməyə hökmdarın gücü çatmaz. Şah Nizamini öz sarayına dəvət etsə də, sarayın böyük şair Əbülülanı zindanda çürütməsini, şairlər peyğəmbəri Xaqaninin də yolunun ora olmasını Şirvan şahının üzünə deyir. Şah Əbülülanın da, Xaqaninin də üsyankar olduqlarını, Nizaminin dalğın çöhrəsini kədər buludlarının bürüdüyünü, səsindən şikayət yağdığını söyləyir. Bu zaman bir çox mətləblərə aydınlıq gətirmək üçün Mehdi Hüseyn “Nizami” pyesində obrazları öz düşüncələri ilə üz-üzə qoyur:


“Nizami.
Müqəssir mən deyiləm. Nə etmək ki, hökmdarlar bayquşu bülbüldən çox sevirlər!


Şah.
Aha, demək Munis haqlı imiş. Sən məni zalım Ənuşirəvana bənzədirsən, eləmi?


Nizami.
Mən yalnız həqiqəti yazmışam, hökmdar!


Şah.
Həqiqət, həqiqət!.. Şairlərdən başqa, bu yükü daşıyan yoxdurmu?


Nizami.
Həqiqət doğrudanmı yükdür? Lakin bu yükü yalnız ürəyi olan insanlar daşıyır.


Şah.
Vəzir, söylə ki, Nizami gəldiyi yol ilə geri qayıtsın.


Vəzir.
Şairin əlindən zəhər içmək də xoşdur, şahım. Nizami belə rəftara layiq deyildir.


Şah.
Onun özünü də, əsərlərini də oda atmaq belə azdır!


Nizami.
Ey hökmdar, mən sənin zülmündən şikayət edən məzlumların ah-naləsiyəm! Mən parçalanmış bir ölkənin şikəst ürəyindən qopub gələn bir fəryadam! Mən “Sirlər Xəzinəsi”ndə olanların yüzdə birini demişəm. Mən bir güzgüyəm ki, sənin həqiqi simanı göstərmişəm. Əgər sifətin eybəcərdirsə, onun ləkəsini təmizlə! Bəs nə üçün güzgünü sındırırsan?


Şah.
Vəzir, fərmanına əməl olunsun!


Vəzir.
Hökmdarın əmri Allah fərmanıdır, şahım”.


Beləliklə, yenə də Munisə meydan açılır. O hər dəfə səsləndirdiyi fikrini “İndi gördünmü, şahım, mən həqiqət aşiqiyəm, mənim vicdanım ləkə götürməz!” bir daha şaha ünvanlayır. Şah isə Munisin haqlı olduğunu təsdiqləyir. Vali də bir tərəfdən şahın və Munisin mövqeyinə havadar olur: “Şahım, o, Məhsətinin fikirlərini təkrar edir. Nizami onun şagirdidir, o, bütün cavanları zəhərləyib yoldan çıxardır”. Baxın, şah,  Munis, vali birdir, Nizami isə təkdir. Şahı da, Munisi də, valini də birləşdirən haqsızlıq, laqeydlik, eqoistlik, ağıllı və vətənpərvər insanların qənimi olmaqdır. Tarixin hər bir mərhələsində belə olubdur. Nizami isə şahı da, şahın sarayında olan saray şairi Munisi də, valini də haqqa, ədalətə çağırır. O, saray əhlinin ədalətli olmasını istəyir, vətənin, yurdun, xalqın qeydinə, qayğısına qalmasını istəyir. Ancaq nədənsə, saray əhli buna heç zaman hazır olmur və bunu bacarmır. Bununla da Nizami ədalətli şah, ədalətli saray axtarışında nəinki yaşadığı dövrə, gələcək illərə və əsirlərə də öz ideal fikrini ismarıc kimi ünvanlayır. Nizami onu da ismarıc edir ki, xalqı, vətəni, yurdu istəyən adamları qolu zəncirli bir qula çevirmək olmaz. Onların azad fikirlərini zəncirləməyə heç kəsin, o cümlədən hökmdarın gücü çatmaz. Həqiqəti yazanlar, həqiqəti deyənlər ürəyi daş olanların qəlbinə yol tapa bilməz. Bəşəriyyətin bütün bəlalarının kökündə də bu oppozisiyaların əbədi mövcudluğu, bu oppozisiyaların əbədi barışmazlığıdır. Haqq-ədalət tərəfində dayananların nə topu, nə də topxanası olur. Onların gücü xalqın onlara olan məhəbbətidir. Bu həqiqət də tarixən əbədi olan bir həqiqətdir. Mehdi Hüseyn bu həqiqəti “Nizami” pyesində oxucuya təqdim etməyi bacarır:


“Vali.
Doğrusu, mən xalqın qəzəbindən qorxuram, şahım! Məhsətini sevməyən çox azdır. Bütün Gəncə onun başına and içir. Ona yaxın durmaq olarmı? Beli xəncərli igidlər məni tikə-tikə doğrarlar.


Şah.
Gəncədə özündən başqa, tərəfdarın yoxdurmu, Vali?


Vali
(tərəddüd içində). Hökmdarın əmri Allah fərmanıdır, şahım!


Şah.
İndi mənim fərmanımı dinlə, Vali! Məhsəti burada, bax, mənim ayağımın altında daşqalaq edilsin! Bu Nizaminin sinəsinə dağ çəkər. O, mənim təklifimdən boyun qaçırdı. Mən ondan intiqam alaram. Durma, get! Mən bu üsyankarlar yuvasına od vuracağam. Qoy Gəncədə şair səsi yox, bayquş naləsi ucalsın!”


Şah öz rahatlığı, nəşəsi, eyş-işrəti üçün yurdu, xalqı və onların problemlərini düşünmür. Nizami isə problemlər içərisində, daha doğrusu, xalqın, yurdun problemləri içərisində sarayda yaşamaq istəmir. Onun şair vicdanı, xalqa və yurda bağlılığı buna yol vermir. Şah və saray əhli isə bu hislərin hər birindən çox-çox uzaqdırlar.

       
Mehdi Hüseyn “Nizami”pyesində yaratdığı Nizami obrazı ilə bu fikri “Mən “Sirlər xəzinəsi”ndə olanların yüzdə birini demişəm” elə-belə demir. Bunun səbəbləri aşağıdakılardır.


  1. a) Şirvan şahı hökmdar kimi Nizamini sarayda görmək istəyir. Onun arxasıyca qasid göndərir. Şah Nizaminin ilahi şeirlərinin qüdrətindən nəşələnməyə, sarayının və özünün adını göylərə ucaltmağa çalışır. Ancaq bunu Nizami istəmir. Nizami ilə yanaşı, saray şaıri Munis və Gəncə valisi də bu işə qol qoymağa mane olurlar;

  2. b) Nizami şahdan Bərdəyə kömək istəyir. Bərdədən əsir aparılan bərdəliləri vəhşi xəzərlərin əlindən almağı xahiş edir. Ona bağışlanan yeddi para kəndi qəbul etmir. Ona görə ki, bunların hamısı şəxsi qazancdır. Ancaq Nizami xalqın və yurdun qazancını istəyir, bu yolda mübarizə aparır;

  3. c) Şirvan şahını yalnız özü, saray əhli və sarayının nüfuzu maraqlandırır. Ona görə də o, Gəncədə də, Bərdədə də bayquş səsinin, bayquş naləsininucalmasına narahat olmur. Hətta Gəncədəki Məhsəti və Nizami kimi üsyankar şairlərin yuvasına od vurmağa fərman verir.



    Buludxan Xəlilov,
    filologiya elmləri doktoru, professor
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi