Modern.az

Sülhməramlılar Kəlbəcərə humanitar yük daşıdı - FOTO

Sülhməramlılar Kəlbəcərə humanitar yük daşıdı - FOTO

Qarabağ

7 Aprel 2021, 23:58

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasındakı Rusiya sülhməramlı kontingentinin aprelin 7-nə olan fəaliyyəti barədə məlumatında bildirilib.

 

"İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Atəşkəs bütün təmas xəttində müşahidə olunur" - açıqlamada deyilir.

 

Məlumata görə, bu gün rus sülhməramlıları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin altı karvanını müşayiət edib:

"Dördü şimal və cənub istiqamətində Laçın dəhlizindən, biri Şuşa - Qırmızı Bazar - Qacar marşrutu boyunca və biri əks istiqamətdə".

 

Rusiya MN-dən bildirilib ki, Azərbaycan tərəfinin xahişi ilə Xankəndi - Suqovuşan - Vəng - Kəlbəcər marşrutu üzrə növbəti humanitar yük partiyasının çatdırılması təmin edilib:

 

"Rusiya sülhməramlı kontingenti 2020-ci ilin noyabrında Azərbaycanın nəzarətinə keçən ərazilər arasında malların tranzitini təmin etməyə davam edir.

Enerji təchizatı və su təchizatı sistemlərinin bərpası, sosial obyektlərin və yaşayış binalarının bərpası üçün 15 KamAZ hərbi maşını və müşayiətedici nəqliyyat vasitələrindən ibarət Humanitar Reaksiya Mərkəzinin on ikinci Rusiya karvanı Madagiz - Kəlbəcər marşrutu ilə irəliləyərək 145 ton yükün, o cümlədən enerji təchizatı sistemlərinin bərpası üçün tikinti materialları və avadanlıqlarının, qida vasitələrinin Kəlbəcərə çatdırılmasını təmin etdi. 

Ümumilikdə, Rusiya sülhməramlılarının köməyi ilə on iki avtomobil karvanı 2100 tondan çox yük daşıyıb".

 

Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin nümayəndələri Rusiya Humanitar Missiyası ilə birlikdə humanitar aksiya çərçivəsində Xankəndi sakinlərinə zəruri əşyalar, tibbi dəstlər, qida vasitələri təhvil veriblər:

 

"Rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edirlər.

Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizləmə qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər. Gün ərzində 5 bina yoxlanılıb, 10 hektar ərazi, 3 km yol təmizlənib. Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 1922 hektar ərazi, 590 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1667 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 25 min 415 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib".

 

Açıqlamada qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

 

Turan ASLAN

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi