Arxiv
8 Aprel 2021, 10:10 | ALLAH RƏHMƏT ELƏSİN
Tarzən Oqtay Quliyev vəfat edib

Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının professoru, sənətşünaslıq namizədi, tarzən-pedaqoq, muğam bilicisi, əməkdar incəsənət xadimi, prezident təqaüdçüsü Oqtay Quliyev vəfat edib.

Modern.az xəbər verir ki, o, 83 yaşında dünyasını dəyişib.

O.Quliyev 1938-ci ildə Ağdamda anadan olub. A.Zeynallı adına Musiqi məktəbində təhsil alıb. 1957-ci ildə bu texnikumu fərqlənmə diplomu ilə bitirən O.Quliyev Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunub, tar ixtisası üzrə Səid Rüstəmovun, dirijorluq üzrə isə Süleyman Ələsgərovun sinfində təhsilini davam etdirib. Konservatoriyanı bitirdikdən sonra o, bir müddət xalq çalğı alətləri orkestrində və musiqi məktəbində çalışıb, 1969-cu ildə təhsil aldığı konservatoriyaya xalq çalğı alətləri kafedrasına müəllim vəzifəsinə dəvət olunub. Burada müəllimlik fəaliyyəti ilə bərabər geniş elmi-tədqiqat işi də aparıb.

1978-ci ildə sənətşünaslıq namizədi elmi dərəcəsinə layiq görülüb. 

1994-cü ilədək  konservatoriyada kafedra müdiri işləyib. 1994-2004-cü illərdə Türkiyənin Qara Dəniz Texniki Universitetinin dəvəti ilə orada çalışıb, musiqi müəllimləri hazırlayan fakültənin professoru olub.  

Türkiyədən qayıtdıqdan sonra Oqtay Quliyev 2004-2010-cu illərdə  Azərbaycan Milli Konservatoriyasında tədris işləri üzrə prorektor, 2010-cu ildən isə xalq çalğı alətləri kafedrasının professoru vəzifəsində işləyib.

2007-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adı alıb.



Allah rəhmət eləsin...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv