Modern.az

Ağalar Bayramov: “İndi qatığı öz rəngində görən şairlər çox azdır”

Ağalar Bayramov: “İndi qatığı öz rəngində görən şairlər çox azdır”

Müsahibə

4 Fevral 2010, 10:12

Tanınmış bədii qiraət ustası, əməkdar artist Ağalar Bayramov Modern.az-ın suallarına cavab verir

- Ağalar müəllim, adətən insanlar təqdimata ciddi yanaşırlar. Sizi necə təqdim edəndə xoşunuza gəlir? - Dövlətin verdiyi fəxri ad var. Ancaq mənim üçün ən önəmlisi bədii qiraətçidir. Bu adı da mənə xalq verib. Biri var qiraət, biri də var bədii qiraət. Bədii qiraətin vəzifəsi sözə can və ya əhya verməkdir. Şairlər elə bil bağbandır. Barı, meyvəni yetişdirirlər və bədii qiraətçilərin vasitəsilə bu, yaxşı mənada xalqa “satılır”. İndi yerindən duran şeiri deklamasiya edir. Elə bilir ki, iş bununla bitdi. Elə adam var ki, mən şeiri deyəndən sonra soruşur: “Bu, şeir hardadır?”. Halbuki həmin şeir onun öz evindədir. Mən onu canlandırandan sonra yadına düşür. Bax, bədii qiraət sənətinin gücü də bundadır.  - Deyirlər poeziyaya maraq azalıb. Siz necə düşünürsünüz. Əgər belədirsə, özünüzü bu sənətdə necə hiss edirsiniz? - Mən deməzdim maraq azalıb. Sadəcə olaraq şoular dumanında ola bilsin ki, poeziya bir qədər küncə qısılıb. İndi telekanallar demokratiya adı altında hər şeyi efirə buraxırlar. Yağışdan sonra çıxan göbələk kimi gündə bir müğənni peyda olur. Bu baxımdan sizlə razıyam ki, gənclər əvvəlki kimi poeziyaya maraq göstərmirlər. Bunun digər səbəbi isə sovet dövründə olduğu kimi, indi poeziya gecələrinin keçirilməməsidir. Argentina şairi Orxes çox gözəl deyib: “Poeziya simvolik həndəsənin bir növüdür. Lakin bu simvolikalar ehtirasla dolu deyilsə, eləcə boş söz oyunu var. Dövlətlər, sərhədlər yox ola bilər. Poeziya yanğısı heç zaman sönə bilməz”. Birini tərif edəndə də, tənqid edəndə də poeziyanın dili ilə edirsən. Necə ola bilər ki, ona maraq olmasın? Poeziya həmişə ön cəbədə olub və olacaq.  Səməd Vurğun deyirdi: Bizdə şeir də var, sənət də vardır, Şairə, sənətə hörmət də vardır. - Sizcə şair və şeir əvvəlki hörmətini qoruya bilibmi? - Xeyr. Baxırsan ki, haqq-ədalət və böyük məhəbbətdən yazıb. Amma elə oyundan çıxır ki, mat-məəttəl qalırsan. Bu baxımdan məni qane etmir. Müvəqqəti şöhrət qazanmaq olar. Ancaq xalq biləndə ki, onun yazdıqları ilə əməlləri arasında uçurum var onda onun şöhrəti də itib-batacaq. Hüseyin Cavid niyə partiyadan və sairədən yazmırdı? Guya o yaza bilməzdi? Onun iç dünyası qoymadı. Xoşbəxt o şairdir ki, onun boğazına qurğuşun töksələr də, haqqı desin. İndi qatığı öz rəngində görən şairlər çox azdır. Hər şey göz qarşısındadır. Hamı bilir ki, kim nə mənsəbə qulluq edir. - Füzuli isə deyirdi: “Əsas məsələ sözü zinətləndirmək deyil. Əsl söz odur ki, onu avam da başa düşsün”. Sizcə, şair və yazıçılarımız sözü öz ünvanına çatdıra bilirlərmi? - İstər qiraətçi olsun, istər şair, yazıçı olsun o, özü dediyinə özü inanmırsa, əlbəttə söz öz ünvanına çatmayacaq. Gərək özün o qədər saf olasan ki, dediklərin də dinləyicinin ürəyinə yatsın. Kalmik şairi deyib: Söylədim nə boyda sözün dəyəri? Sözü söyləyənin ürəyi boyda. Öz şairlərimizdən Musa Yaqub, Ramiz Rövşən, Bəxtiyar Vahabzadə və Xəlil Rza Ulutürkün mətləbləri hər kəsə aydındır. Məmməd Arazın yazdıqlarını colma-cocuq da, hətta ən yüksək vəzifədə çalışan məmur da başa düşür. Qorxum yox heç nədən, Qorxu  var haqdan, Qorxuram haqq bizə arxa çevirə. Xalq öz qəzəbini gizlədə xalqdan, Xalq öz qəzəbini xalqa çevirə, Biz niyə bu günə düşdük ay dədə?” Ancaq artıq onu çatdırmaq qiraətçilərdən asılıdır. Çünki indi kitab oxuyan yoxdur. - Oxucularında öz arqumentləri var. Oxucu deyir: “Mənimçün Beyləqanın Dünyamallar kəndində məktəbə getməyə ayaqqabı tapmayan Babəkin həyatı 1200 il əvvəl yaşamış sərkərdə Babəkin həyatından daha maraqlıdır”. Niyə yazarlarımız hər gün gördüklərini, rastlaşdıqlarını ədəbiyyata gətirməyə həvəs göstərmirlər? - Böyükxan Pərvizin çox gözəl bir şerini xatırladım: Xoş gəldin dünyaya oğlan uşağı, Sənə hansı adı qoyaq, çadırda? Buralar qeyrətin donan yeridir, Sənin bığ yerin də tərləməz burda. Yağılar oxlayıb qanadımızdan, Qalıb bayquşlara o çəmən, o dağ. Adımız çıxıb öz adımızdan, Bəs sənin adını necə çağıraq? Kimə söyləyəsən bu dərdi, bala? Adına yaraşan ər ad görmədim, Nənənin adı da Gülərdi bala, Üzünü bir dəfə gülən görmədim. Böyü bir ad qazan elə yayılsın, Dön o dar yurdunun pərvanəsinə, Ağla, qışqırığın çölə yayılsın, Vətən qəribsəyib oğul səsinə. Elə şeir var ki, dram əsərindən güclüdür. Yaxşı poeziya elə böyük bir dram əsərinə bərabərdir. İndi bəzi sənətçilər öz mənafeləri xətrinə altdan-altdan iş görürlər. Ancaq nə qədər əsirlərimiz, o boyda dərd, ələm var... Çıxaq azadlığa, ondan sonra Ağalar çağlasın: yenə o bağ olaydı! Mən o tribunaya bir məktəb kimi baxıram. Oradan xalqıma o şeirləri çatdırıram ki, evə nəsə aparsın. Doğrudan da  görürəm ki, insanlar zaldan dumanlı kimi gedir. Fikrət Qocanın mənim haqqımda dediyi sözə diqqət edin: “Ağaların görüşünə adi məişət qayğısı ilə gələnlər, ona qulaq asanlar evə qayıdanda dövlət, vətən qayğısı ilə qayıdırlar”. Mən dərdə, qəmə bürünməyi istəmirəm. Ancaq yaramız hələ qaysaq bağlamayıb axı... Gərək vətənin dərdlərindən yazıb, onları cavan nəslə çatdırasan. Bu qədər şoular, çal-çağır vətən dərdini gənclərə unutdurur. Küçədə bu dəqiqə cavan uşaqlardan soruşsan, işğal edilmiş rayonları ardıcıllıqla saya bilməyəcəklər. Sonra da deyirlər ermənilər millətçidirlər. Çünki uşaqlıqdan onları alışdırıblar. - Söz adamları sözün qiymətdən düşməsindən gileylənirlər. Sözü qiymətdən nə salıb? - Söz qiymətdən düşməyib. Söz deyilir. Ancaq söz təsir etmir. Rus şairi Yesenin bir şeirində deyir: Atıb abrı-həyanı, mən yaxına gələrək, Qucdum ağcaqayını, özgənin arvadı tək. İndi abır-həyasın atan insanlar üçün min dənə Məmməd Arazın kəsərli sözlərin de, təsir etməyəcək. Söz həmişə öndə olub. Xəlil Rza deyirdi: Böyükdür sözün gücü, Əgər sözdə yaşarsa, düzün düzlüyü -  Sizcə, şeir şeir olmalıdır, yoxsa şeiri oxucuya çatdıran qiraət ustası yüksək təfəkkürə malik olmalıdır? - Ola bilsin şair şeiri gözəl yazıb. Amma əqidəsi ilə başqa məzhəbə qulluq edir. Tamaşaçı biləndə ki, Ağalar həyatda başqa yol tutub, onda təbii ki, o, gözdən düşəcək. Bəzən olur ki, üzdən-gözdən düşürsən. Ona görə məcbur olub zəif şeirlərə bəzək-düzək verib köçürürəm. Ancaq yaxşı material olanda, yaxşı da ifa olur. - Deyirlər şeirdə qafiyə dövrü keçib. Sizcə müasir şeir necə yazılmalıdır? - Şeirimizdə 3 vəzn var: əruz, heca, sərbəst. Fərq etməz hansı formada yazırsan yaz. Əgər deməyə və dediyin parçada çatdıracağın fikir yoxdursa, o şeir deyil. Əsas odur ki, mətləb olsun. Sözaltı məna yoxdursa, apar qaytar. O qədər sinəsinə döyənlər görmüşəm ki... Amma hansı əməllərdən çıxdığını görəndə çox təəssüflənmişəm... - Ədəbiyyat həyatı real surətlər vasitəsilə əks etdirən söz sənətidir. Necə fikirləşirsiz Azərbaycan ədəbiyyatı Azərbaycan xalqının müasir həyatını əks etdirə bilirmi? - İndi ictimaiyyətin həyatını əks etdirən, onun yaxşısını, pisini göstərən əsərlər yoxdur. Ancaq bəzən cavan yazarların köşə yazıların oxuyuram. Deyərdim ki, o yazılar bir romana dəyər. Necə ki, Mirzə Cəlilin bir felyetonu bir romana bərabərdir. Onların çoxunda Mirzə Cəlili, Mirzə Ələkbər Sabiri görürəm. Ona görə də, baxır sənin nəyi və necə yazmağına. Yəni yazanın üslub xüsusiyyətindən çox şey asılıdır. Heç kəsin könlünə dəymədən yazmaq lazımdır. Yazını oxuyan özünü orada görə bilməlidir. Bax əsl yazı buna deyərəm. - Ağalar Bayramov ən çox hansı şairlərin yaradıcılığına müraciət edir? - Hər gün Füzuli, Nəsimi, Xaqaninin yaradıcılığına baxıram. Hafizəmə yerləşdirməsəm də, heç olmasa oxuyub həzz alıram. Mən bədii qiraət sənətində ilk addım atanda, dediyim ilk şeir Rüstəm Behrudinin “Vətən” şeiri olub. Amma sonra rəhmətlik Məmməd Araz poeziyası məni elə çulğaladı ki, bu sənətə marağım daha da artdı. Bir sözlə məni bədii qiraətçi edən, bu sənətə sövq edən onun poeziyası olub. Bütün bunlarla bərabər Aşıq Ələsgər, Rəsul Rza, Fikrət Qoca, Musa Yaqub, Nəriman Həsənzadə, Ramiz Rövşən, Zəlimxan Yaqubun da yaradıcılığına müraciət edirəm. - Müasir Azərbaycan şeirinin gənc nümayəndələrindən kimlər diqqətinizdədir? - Son illər yaradıcılığımda çox böyük, müstəsna rol oynayan Əjdər Olu demək istərdim. O, xüsusən də mənim üçün şeirlər yazır. Həmçinin Sabir Sarvan, Rüstəm Behudi və çox cavan rəhmətə gedən Böyükxan Pərvizin şeirləri hər zaman diqqətimdədir. - Gənc nəslin kitab oxumağa marağı azalıb. Daha çox dinləməyə üstünlük verirlər. Sizcə bu nə ilə əlaqədardır? - Mən sizlə tamamilə razıyam. Hətta Cənubi Azərbaycanda da mənim dediyim şeirləri telefona köçürüb dinləyirlər. İndi hamı ərincək olub. Bunun bir səbəbi internetlə əlaqədardır. Mən kompüterdən istifadə etmirəm. İnanın onu istifadə etsəm, mən heç bir şey oxumayacam. -Elə bir şair varmı ki, Ağalar nəfəsi ilə ictimaiyyətə tanınıb? - Bəli. Əjdər Ol. - Bəs elə bir şeir varmı ki, sizi qəfil oyatsalar, onu deyəsiniz? - Xəstə Qasımın bu misraları bəlkə də 40 ilə yaxındır mənim beynimdədir. Ay ağalar, bir tərlanım uçubdur. Sağ əlimdən sola alınca, Onu tutan xeyrin bəhrin görməsin, Mən yazığın naləsi var dalınca. - Bu gün Azərbaycanda barmaqla sayılacaq bədii qiraət ustaları var. Sizə elə gəlmirmi ki, bu sənətin sabahını düşünmək lazımdır... - Bu Allah vergisidir. Bu sənətin daşıyıcıları Həsən Əbluç, Mikayıl Yusubov,

Əminə Yusifqızı, İlham Əsgərov, Laləzar Mustafayeva, Nadir Hüseynov və mənəm. Ola bilər kiminsə adını unutdum. Amma rəhmətliklərlə birlikdə heç 10 nəfər deyil. Amma müğənni və aktyorları saysan qurtarmaz. Bu sənət çox çətindir. Məsuliyyət tələb edir. Bir məsələ də deyim ki, mən Suraxanı rayonunda yaşayıram.  Oradakı camaatın bəzisi elə bilir ki, dediyim şeirlərin müəllifi mənəm. Bir də görürsən kənddə məni görüb deyirlər: “Ala, şair, ala, salam necəsən?”. Buna görə mən camaatı qınamıram. Bu baxımdan çox istərdim bədii qiraət ixtisası açılsın. Xatırladım ki, bu sənət Rusiyada çox qədimdən var. İndi bu barədə danışıqlar aparırıq. Yəqin ki, nəticəsi yaxşı olar. - Tələbələriniz var? - Bəli, çoxdur. Həm televiziyada işləyən, həm də başqa sahələrdə oxuyan tələbələrim var. Mən bir şeyə sevinirəm ki, onların qəlbində poeziyaya sevgi yartmışam. Məni heç kəs öyrətməyib. Əsas odur ki, insanda səs və həvəs olsun,vəssalam.  -Tez-tez toylarda iştirak edirsiniz. Sənətkar üçün bu, birmənalı qarşılanmır. Bu yanaşma nədən irəli gəlir? - Təbii ki, mən buna həm qazanc mənbəyi, həm də sənət kimi baxıram. İndiki tamadalar bir-iki şeir əzbərləyib guya, toyu idarə edirlər. Müəllimin, professorun və digər peşə sahiblərinin avarası, savadsızı, vicdansızı, şərəfsizi olduğu kimi, yaxşısı da var. Eləcə masabəyilik sənətində də qeyri-professionallar çalışır. “Bəyimiz güldü, bülbüldü...” kimi çeynənmiş sözlər kimə lazımdır axı? Gözəl hafizən ola bilər. Amma gərək məlahətli səsin olsun. Yanağında qızıl gülün ətri var, Nəfəsində baharın ilk mehi var. Sevgili yarımın barmağında Anamın ilk behi var. İlk behimizin qüdrətini qoruyaq. Toy bir məktəbdir. Ən məşhur titullu sənətkarların ömrü-günü toylarda keçib. Əvvəllər toylarda dastan və rəvayətlər deyilərdi. Ancaq indiki toylar bəhs-bəhsə girib. Gündə çıxan qrupları da saraylara doldururlar. Aləm bir-birinə qarışır. Toya gələn də bir tikə çörək yeyib tez pulu yazdırıb gedir. Hamı bilir ki, bu iş bəladır. Amma hamı bəhsə girir. İndi gəl bu toyda söz de. Ancaq mən heç zaman toylarda ucuz söz deməmişəm. Mən Avropanı qarış-qarış gəzmişəm. Görməmişəm ki, ingilis, amerikan, italyan tərəkəməyə oynasın. Elə bil başqalaşmaq bizim canımıza yeriyib. O yerdəki sözə qiymət var, o yerdəki muğam, telli saz var, o yerdə Aşıq Zülfiyyə, Könül Xasıyeva var, orada əlbəttə ki, Ağalar var... - Məşhurlardan kimlərin toylarını idarə edibsiz? - Nəsil var ki, onların 10-15 toylarını mən idarə etmişəm. Əbülfəz Elçibəyin qızı, millət vəkilləri Qənirə Paşayevanın qardaşı, Azay Quliyevin qardaşı, Bəxtiyar Sadıqovun oğlu, İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərovun iki qızının və başqalarının.  Bir sözlə, sayı-sanbalı yoxdur. Amma mən çağırılan yerə gedirəm. Mən kiməsə deməmişəm ki, sən Allah məni toya apar. Əksinə, məndən xahiş edirlər. Hər zaman qürurumu saxlamışam. Allah mənə səs verib. Elə bununla bağlı bir əhvalat da danışmaq istərdim: “Bir dəfə müğənni Yusif Mustafayev mənə dedi: - Sabah neynirsən? - Bekaram. - Sabah Əli Bayramlıda toy var. Filan qədər də pul olacaq. Gedək ora. - Yusif, ev yiyəsi məni dəvət edib? - Yox, mən demişəm. -  Yusif, belə deyil axı. Səni orada yaxşı qarşılayacaqlar. Mən də ikinci dərəcəli adam kimi qalacam kənarda. - Onsuz da bekarsan da... - Sənin deməyindən belə çıxır ki, ərindən boşanan xanımlar hamısı pis yola gedir? Evdəyəm oturacam ailəmin yanında.  Məntiqə baxın da... Boş qalmayım deyə, mən özümü gülünc vəziyyətə salmalıyam?  - Bu gün poeziya və sənət adamlarının cəbhə bölgəsinə gec-gec getməsinə səbəb nədir? - Şükürlər olsun ki, mənim o sarıdan üzüm ağdır. Bu yaxınlarda Daxili Qoşunların bayramında türkçü bir xanım qanararın məbləğini soruşanda inanın əlim üzümdə qaldı. Fikrimcə, ən yaxşı variant odur ki, bununla bağlı bir qurum yaradılsın. Çünki ölünü öz kefinə qoysan, kəfəni cırar.  - Sonuncu sualım bir qədər ənənəvi olacaq. Sirr deyilsə bilmək istərdik. Necə dolanırsınız? - İndi ən varlıları da dindirsən gileylənəcək. Mən nəfsimi gözləyən adamam. Bu gün nəfəs alırıqsa Allaha şükür etməliyik. Ömür-gün yoldaşım dil-ədəbiyyat müəlliməsidir. Bir oğlum var. Qızımı da köçürmüşəm. Özüm isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin səhnə danışığı kafedrasında  dosentəm, məclis aparıcı kimi də, televiziya və radionun səsyazma studiyalarında da çalışıram. Deyim ki, aldığım maaş məni təmin edir. Bu yalan olar. Məni dolandıran xalqımdır. Günay MUSAYEVA

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir