Modern.az

Türkiyənin Ukraynanı dəstəkləməsi Ərdoğan-Putin münasibətlərini pozacaq? - ŞƏRH

Türkiyənin Ukraynanı dəstəkləməsi Ərdoğan-Putin münasibətlərini pozacaq? - ŞƏRH

Analitika

11 Aprel 2021, 11:10

Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə işgüzar səfəri yekunlaşdı.

Səfər zamanı İstanbulda Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının prezidentlər səviyyəsində keçirilən toplantısının yekunlarına dair imzalanan Bəyannamədə önəmli müddəalar var.

Əvvəla, Türkiyə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə birmənalı dəstəyini bir daha ifadə edir. Tərəflər Ukraynanın ərazi bütövlüyünün bərpası – Krım Muxtar Respublikasının və Sevastopol şəhərinin, eləcə də Donetsk və Luqansk vilayətləri ərazilərinin deokkupasiyasına yönəlmiş addımların koordinasiyasına davam etməyi qərara alıblar. Mətbuat konfransında prezident Ərdoğan bir daha bəyan etdi ki, Türkiyə Krımın qanunsuz ilhaqını tanımama siyasətinə sadiqdir.


Modern.az xəbər verir ki, siyasi şərhçi Şahin Cəfərlinin sözlərinə görə, Türkiyənin bu mövqeyi məlum idi, amma yenilik kimi qiymətləndirə biləcəymiz məqam budur ki, Türkiyə Zelenskinin Krım Platforması təşəbbüsünə rəsmən dəstək verib.

“Bəyannamənin 6-cı bəndində deyilir: “Krımın Rusiya Federasiyası tərəfindən qanunsuz ilhaqı məsələsinin həlli üçün yeni format kimi Krım Platformasının yaradılması dəstəklənsin”.

Bu təşəbbüs bir növ Ukrayna ətrafında beynəlxalq koalisiyanın formalaşdırılması və Krım probleminin daimi olaraq beynəlxalq siyasətin gündəmində saxlanılmasına yönəlmiş ideyadır. Moskva buna aqressiv reaksiya verərək bildirib ki, ölkələrin və təşkilatların həmin təşəbbüsdə iştirakını Rusiyanın ərazi bütövlüyünə qəsd kimi qiymətləndirəcək.

Bəyannamədə Türkiyənin Ukraynaya NATO-ya üzvlük üçün Fəaliyyət Planı (MAP) təqdim olunmasına və Ukrayna ordusunun NATO-ya uyğunlaşdırılmasına dəstək verməsi də diqqətəlayiq məqamlardandır. Məlumdur ki, hələ 2008-ci il Buxarest zirvə toplantısında Ukrayna və Gürcüstanın gələcəkdə NATO-ya qəbul olunacağına dair siyasi qərar verilib. Lakin hər iki ölkəyə üzvlük yolunda son mərhələ olan Fəaliyyət Planının təqdim olunması Almaniya və Fransanın müqaviməti üzündən hələ də reallaşmır. Bu iki dövlət, xüsusən Almaniya indi də öz mövqeyində israrlıdır”.


Ş.Cəfərli deyir ki, digər vacib qərar Türkiyə və Ukraynanın müdafiə və xarici işlər nazirlərindən ibarət 2+2 formatının yaradılmasıdır. Bu format əlaqələrə dinamizm qazandıracaq.

Bəs bu məsələlərə Rusiyanın reaksiyası necə olacaq?


“Putin olduqca praqmatik siyasətçidir və beynəlxalq münasibətlərdə qarşılıqlı mənfəət prinsipini əsas götürür. O, Ankaranın Ukraynanın ərazi bütövlüyü və Krım məsələsi ilə bağlı mövqeyini bilir və bunu problemə çevirmir. Lakin Türkiyənin Krım Platformasına qoşulması və avqustun 23-də Kiyevdə keçiriləcək ilk toplantıya yüksək səviyyədə qatılma sözü verməsi Moskvanın narazılığına səbəb ola bilər. Rusiyanı narahat edən digər məsələ isə son günlər Türkiyədə Montrö Konvensiyası ətrafında baş verən hadisələrdir. Putin dünən bununla əlaqədar Ərdoğana zəng edib və boğazların mövcud rejimini qoruyub saxlamağın “regional stabillik və təhlükəsizlik” baxımından əhəmiyyətini vurğulayıb. Hiss olunur ki, Rusiya “Kanal İstanbul” layihəsindən narahatdır.

Prezident Ərdoğan da Putin kimi praqmatik liderdir və dövlətlərin maraqlarının əksər istiqamətlər üzrə toqquşmasına baxmayaraq, Rusiya ilə münasibətlərə böyük önəm verir, Ukraynanı Moskva ilə problem yaratmayacaq səviyyədə dəstəkləməyə diqqət edir. Məsələn, o, Rusiyanın son günlər Ukrayna sərhədlərinə böyük hərbi qüvvə cəmləşdirməsini qınamadı, ümumiyyətlə, bu mövzuya heç toxunmadı, sadəcə, gərginliyin artmasından narahatlığını ifadə edərək ümumi sözlərlə kifayətləndi,-siyasi şərhçi əlavə edib.


Politoloq Elxan Şahinoğlu da Ankaranın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə dair Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vladimir Zelenski ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransındçı çıxışına diqqət çəkib.
 
“Birincisi, Ərdoğan dedi ki, Ukraynanın şərqindəki vəziyyət diplomatik əsaslarla həll olunmalıdır: “Narahatıq doğuracaq hadisələrin inkişafına son qoyulmasını diləyirik”.
İkincisi, Türkiyə Cumhurbaşqanı dedi ki, Qara dəniz sülh dənizi olaraq qalmalıdır: “Qara dənizdə sülh və rifahın bərpası hədəfimizdir. Ortaq coğrafiyamızda nəyin bahasına olursa-olsun, gərginliyin artmasını arzu etmirik”.
Üçüncüsü, Ərdoğan Rusiya ilə Ukrayna arasında yaranan münaqişənin Minsk anlaşmaları əsasında dialoq yolu ilə həll olacağına ümid etdiyini vurğuladı: “Son zamanlar regionda gərginliyin artması arzuolunan deyil. Mövcud böhranın Ukraynanın ərazi bütövlüyünün və beynəlxalq hüququn tələbləri çərçivəsində sülh şəraitində və diplomatik yollarla həll olunmasının vacibliyinə inanırıq”.


Beləliklə, Türkiyə Cumhurbaşqanı Ukrayna-Rusiya müharibəsinin qəti əleyhinədir. Çünki mümkün müharibə Türkiyəyə xarici və təhlükəsizlik siyasətində problemlər yarada bilər. Digər tərəfdən Türkiyə Ukraynanın şərqindəki gərginliyin Qaradəniz hövzəsinə inikasının da qəti əleyhinədir. Çünki Ukrayna ilə Rusiya arasında müharibə başlasa bu yalnız Donbasdakı ərazi ilə məhdudlaşmayacaq, hər iki ölkənin Qaradənizə çıxışı var, qarşıdurma dənizdə də davam edəcək. Bu isə Türkiyənin maraqlarına ziddir”.


E.Şahinoğlunun fikrincə, Ukrayna ilə Azərbaycanın Türkiyə üçün fərqi də göz qabağındadır.


“Türkiyə Azərbaycanın işğal altındakı torpaqların müharibə yolu ilə azad edilməsi üçün ölkəmizə hərtərəfli dəstək verdi və Ankara bunu doğru strategiya kimi əsaslandırdı. Ankara Ukrayna nümunəsində isə ərazi məsələsinin yalnız danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır. Halbuki, Ankarada da anlayırlar ki, Donbass məsələsini danışıqlar yolu ilə həll etmək çətinləşib, Krımdan isə danışmağa dəyməz”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı