Modern.az

Azad Mirzəcanzadənin TƏVAZÖKARLIĞI

Azad Mirzəcanzadənin TƏVAZÖKARLIĞI

Mədəni̇yyət

11 Aprel 2021, 23:02

1994-cü il. Ankarada işləməyimin iki ili hələ tamam olmamışdı. Martın sonunda Bakıdan zəng gəldi, Telman Salavatov idi – o dövrdə texnika elmləri namizədi, Neft və Kimya institutunun baş elmi işçisi, akademik Azad Mirzəcanzadənin tələbəsi, onun sadiq köməkçisi, asistenti, mənim isə aspirantura illərindən dostlaşdığım gözəl insan. “Azad müəllimlə aprelin ortasında Ankaraya gəlirik” dedi…

Aprelin ortasında Azad Mirzəcanzadə, Kərim Kərimov, Əkrəm Şəkinski kimi nəhəng isimlər böyük bir nümayəndə heyəti ilə 10-cu Petrol Konqresində iştirak etmək üçün Ankaraya gəldilər. Hava limanına gedib əziz müəllimimi, elmi rəhbərimi qarşıladım. Müdafiə etməyimlə elmlər namizədi almağımdan, elmi buraxıb jurnalistikanın dalınca getməyimdən cəmi 5 il keçmişdi…

Azad müəllim onlara ayrılmış maşına deyil, xidməti maşınıma mindi, öndə, mənim yanımda oturdu. Maşın sürməyi sevmirəm, amma ömrümdə maşın sürməkdən belə zövq almamışdım. İstəyirdim ki, xoş olsun ona, istəyirdim ki, özünü yaxşı hiss etsin, güvəndə olduğunu bilsin. Həm istəyirdim ki, elmi araşdırmaları buraxıb, əlimə mikrofon aldığıma görə məni çox da qınamasın. Bütün tələbələri kimi mən də onun ağlına, dünya görüşünə, məntiqinə heyrandım.

Esenboğadan çıxıb avtobana girəndə dünya şöhrətli alimin ilk sözləri “Operatorunuza deyin (Azad müəllim böyük-kiçik, hər kəslə “Siz”lə danışırdı) məni çəkməsin, intervyunu da Kərim[1] versin” oldu. Hiltonda qalacaqdılar, otelin önündə maşından enəndə özünəməxsus təbəssümü ilə “Nəbi[2] minib bu maşına?” soruşdu. “Xeyir, atam hələ gəlməyib Ankaraya” dedim. Üzündəki təbəssüm qaçdı, ayaq saxlayıb üzünü turşutdu və “Bir az işləyin, qayıdın kafedraya” dedi. İlk dəfə etiraf edəcəm – Azad müəllimi dinləmədiyim üçün çoooox peşmanam…

Müəllimimin istədiyi kimi etdim – operatorum Humay Vəliyev Azad müəllimi demək olar ki, çəkmədi, müsahibə də almadım ondan. İndi bu gün keçmişə dönüb baxanda çox peşmançılıq çəkirəm, Azad müəllim haqda o qədər az video-material var ki – gərək mütləq onu yola gətirib müsahibə alaydım. Sözümü dinləyərdi bəlkə də. Məni çox istəyirdi, aspiranturaya məni özü çağırmışdı. Azad müəllim Azərbaycan Dövlət universitetində atama dərs demiş, sonra da onun elmi rəhbəri olmuşdu. Sonlar ikisi eyni institutda işlədilər, həftədə ən azı 4-5 dəfə görüşür, söhbətləşir, seminarlarda iştirak edirdilər. Qibtə ediləcək qədər “Müəllim-Tələbə” münasibətləri var idi.

Toylara və yas məclislərinə getməyən Azad müəlim atam vəfat edəndə başsağlığı verməyə gəldi. Məclisdə ən kənarda, qapıya yaxın yerdə oturub məni yanına çağırdı. Bir qədər oturub qalxdı, onu yola salmağa çıxanda yavaş səslə nəsə təskinlik verdi. Özümü saxlaya bilmədim, hönkürərək ona sarıldım. Azad müəllimin belə sarsıldığını görməmişdim…

Petrol Kongresi bitdikdən sonra Azad Mirzəcanzadə Türkiyənin ən nüfuzlu universitetlərindən olan ÖDTÜ-də (Orta Doğu Teknik Üniversitesi) professor-müəllim heyətinə bir seminar verdi. Orda da çox çəkiliş etməyə icazə vermədi. Telman[3] müəllim olmasaydı 10 saniyəlik o kadrları da çəkməyə qoymayacaqdı…

Bir müddət əvvəl arxivimi dijitala çevirərkən ilk işim Azad Mirzəcanzadənin olduğu materialı tapıb, mühafizə etmək oldu. Təəssüf ki, Hilton otelinin lobisində Azad müəllimin məni Əkrəm[4] müəllimə təqdim etməsi və fəxrlə “Mənim tələbəmdir” dediyi kadrları tapa bilmədim…

Və bu axşam o gözəl günlərdən qalan bir materialı – 27 il əvvəl efirə getmiş reportajı Youtube kanalıma yükləyib, paylaşmaqdan böyük mənəvi həzz alıram…

***

[1] - Tanınmış geofizik, geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü. Kərim Kərimov həm də tanınmış rəssam, karikatura ustasıdır.

[2] - Atam elmlər doktoru, “Nəzəri Mexanika” kafedrasının müdiri, professor Nəbi Yaqubov

[3]- Hazırda Neft Akademiyasının kafedra müdiri, professor, AMEA-nın müxbir üzvü Telman (Tulparxan) Salavatov.

[4]- Tanınmış dövlət xadimi və mühəndis, Dövlət Geologiya Komitəsinin sədri, məşhur geofizik Əkrəm Şəkinski (1929-1998).


İbrahinm Nəbioğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir