Modern.az

Mehdi Hüseynin “Nizami” pyesi: “Eh...fani dünya!”

Mehdi Hüseynin “Nizami” pyesi: “Eh...fani dünya!”

Ədəbi̇yyat

12 Aprel 2021, 17:08

Gəncə şəhəri, səhər tezdəndir. Günəş yeni-yeni işıqlanır. Quşların həzin-həzin nəğmələri eşidilir. İki nəfər şəhərli bir-biri ilə söhbət edir. Onlardan birincisi deyir ki, “Eh...fani dünya!” İkinci şəhərli isə ona “Nə yaman ah çəkdin, əmican!” deyir. Birinci şəhərli ikinciyə izah edir ki, bir azdan Məhsətini bura gətirəcəklər. Məhsətini burada öldürəcəklər. İkinci şəhərli birincidən cavandır. Birincinin oğlu yerindədir. O, birinciyə deyir ki, gəlsənə gedib əxiləri çağırım. Birinci şəhərli buna razı olmur. Ona görə ki, nahaq yerə cavanları bada vermək istəmir. Bu zaman vali və mühafizəçilər də gəlirlər. Vali deyir: “O, hökmdarın da, mənim də sinəmə dağ çəkmişdir; yalnız o öləndən sonra gözümə yuxu gedəcəkdir. (Qolları bağlı Məhsətini bir neçə mühafizəçi əhatə edib gətirir) Dayanın, böyük hökmdarımız bu yeri nişan verdi. Məhsətinin qəbri burada qazılacaqdır. (Mühafizəçilər onun qollarını açırlar. Vali ona yaxınlaşır, istehza ilə) Böyük şairə, izn ver son dəqiqələrində üzünə doyunca baxım”. Məhsəti valiyə çəkil deyir. O, valiyə deyir ki, mənim üzüm bir aynadır. Sənin insan qanına bulaşmış siman bu aynada qorxulu görünəcək, özün-özündən qorxacaqsan. Məhsəti xanım həmişəki kimi yenə də qürurludur. O, valiyə deyir: “Sənin başındakı papaq deyil, ifritə qadın ləçəyidir”. Birinci şəhərli vali həzrətlərinə yaxınlaşır və deyir ki, Allahın qəzəbindən qorxun, Məhsəti xanımın ona mərhəmətindən hamı nəvaziş görüb, insafa gəl, onun günahından keç. Vali birinci şəhərlini çəkilməyə, getməyə vadar edir, yoxsa balalarının yetim qalacağını söyləyir. Bu anda Nizami, Qivami və Yusif  gəlir. Şükür edirlər ki, Məhsəti sağdır. Məhsəti onları görür və Nizamiyə deyir: “Gəl, Nizami, gəl, özün şahid ol. İlahi, çox şükür, faciəm nə qədər böyük olsa da, bu müdhiş ölüm daha məni qorxutmayır”. Nizami heç kəsdən qorxmayaraq Valiyə belə söyləyir: “Mən gözlərimə inanmaq istəmirəm. Edam üçün gətirilən bu qadın, Gəncənin fəxri Məhsəti xanım deyilmi? Vali, sən əsrimizin qaranlığı içərisində parlayan bu dan ulduzunu söndürməkmi istəyirsən?” Vali yenə də öz qarayaxmalarından əl çəkmir. Deyir ki, Məhsəti xanım hökmdarı həcv edən şeirlər yazır, cavanları azdırıb yoldan çıxarır. Ona görə də padşahın fərmanı belədir ki, o gərək burada daşqalaq edilsin. Bu məqamda Mehdi Hüseyn Nizami ilə vali arasında baş verənləri belə təsvir edir:


“Vali
(Bir müddət sükutdan sonra Nizamiyə). Bu tərəddüd nə üçündür, şair? Bax, o izdiham sənin dalınca gəlmişdir. Təkrar edirəm, yalnız bir yolun vardır: Məhsətiyə ilk daşı sən özün at! Qoy xalq sənə baxıb onun cəzasını versin... (Nizami Məhsətiyə lap yaxın gələrkən o təəccüblə Nizamiyə baxır, aralığa daha dərin bir sükut çökür)


Nizami.
İnsanların qabağı qılınc-qalxanla kəsildi. Onlar bu faciənin şahidi ola bilmədilər. Qoy bu faciəyə mavi göylər şahid olsun. Mən öz intiqamımı səndən alıram, Məhsəti xanım! (Hamı Nizaminin üzünə baxır, intizarlı sükut xeyli davam edir. Nizami həyəcanla əyilib Məhsətinin əlindən öpür)” Deməli, Nizami həm də ona görə böyük sənətkardır ki, o, qiymət verməyi bacarır. O, Məhsətinin əlindən öpməklə onun böyüklüyünü qəbul edir. Padşahın fərmanını, valinin yaramaz əməlini xalqın gözü qarşısında ifşa edir.

       
Birinci şəhərlinin “Eh...fani dünya!” söyləməsi aşağıdakı fikirləri meydana çıxarır, bir daha Məhsəti xanıma aid olan hadisə fonunda Nizaminin böyüklüyünü təsdiq edir.


  1. a) Namərdlər heç zaman mərdlərin qədrini bilmir. Onların ən böyük günahı doğru danışmağı, düz görməyi, yaxşı və xeyirxah işlə məşğul olmağı bacarmalarıdır. Nizami, mərddir, doğru danışır, düz görür, yaxşı və xeyirxah işlə məşğul olur;

  2. b) Namərdlər qorxaqdır. Onlar qorxaq olduqlarından ətrafdakılarını da qorxu altında saxlamaq istəyirlər. Hökmdarların qərəzli fərmanlarını icra edirlər. Axı qorxaqlıq onları kölə bir vəziyyətə salıbdır. Özləri kimi hamını da kölə, qul görmək istəyirlər. Nizami isə azaddır, köləliyi və qul olmağı insanlıq üçün ləkə sayır;

  3. c) Nizami üçün hər bir müdrik insan qaranlıq içərisində parlayan ulduzdur. Hər bir müdrik insan bu dünyanın zinətidir. Məhz Məhsəti kimi;


ç) Nizami “Mən öz günahımı Məhsətinin qanı ilə yuyub təmizləyəcəyəm” deyir və Məhsəti xanıma yaxınlaşaraq onun əlindən öpür. Bununla da xalq qarşısında Məhsəti xanımın böyüklüyünü nümayiş etdirir.


Buludxan Xəlilov,

filologiya elmləri doktoru, professor

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu