Modern.az

“France-Press Agentliyi” reportaj hazırlayıb: “... Ermənilər evləri yandırdılar, ağacları qırdılar, yolları dağıtdılar...”

“France-Press Agentliyi” reportaj hazırlayıb: “... Ermənilər evləri yandırdılar, ağacları qırdılar, yolları dağıtdılar...”

13 Aprel 2021, 14:38

Dünyanın aparıcı media qurumlarından olan “France-Press Agentliyi” (AFP) azərbaycanlı məcburi köçkünlərin azad olunan torpaqlara qayıdışa hazırlıqları ilə bağlı reportaj hazırlayıb.

 

AFP-nin Azərbaycan üzrə müxbiri Emil Quliyevin hazırladığı və AFP-ə istinadən dünyanın bir sıra aparıcı media orqanlarının dərc etdiyi reportajda Zəngilan, Kəlbəcər və Şuşadan olan məcburi köçkünlərin həyat tarixçələrinin nümunəsində ümumilikdə azərbaycanlı məcburi köçkünlərin Birinci Qarabağ müharibəsindən əvvəl yaşayış tərzi, doğma torpaqlarından qaçqın salınmalaırı, 30 ilə yaxın məcburi köçkün həyatı və İkinci Qarabağ müharibəsindən sonrakı planları barədə danışılır.

 

Reportajda qısa formada Qarabağ münaqişəsinin tarixçəsi və münaqişə nəticəsində 750 min azərbaycanlının məcburi köçkün düşməsi qeyd edilib.

 

Reportajın qəhrəmanlarından biri, Zəngilan rayonundan olan məcburi köçkün Rəmziyə Şərifova 1993-cü ildə rayonun ermənilər tərəfindən işğalı zamanı əsir düşməmək üçün çay vasitəsilə İran ərazisinə keçmələrindən və oradan kəndlərinin ermənilər tərəfindən yandırıldığını görməsindən danışıb.

 

Daha sonra Zəngilandan olan məcburi köçkünün bir müddət vaqonlarda yaşaması və sonradan Bakıda istifadə olunmayan inzibati binaların birinin otağında səkkiz nəfərlik ailə ilə yaşadığı təsvir edilib.

 

Zəngilanın azad edilməsi xəbərini necə qarşıladığı barədə suala cavab verən Rəmziyə Şərifova ağladığını və göz yaşlarının torpaqların azad edilməsi üçün sevinc, həlak olan hərbçilər üçün matəm göz yaşları olduğunu bildirib.

 

Rəmziyə Şərifova səbirsizliklə doğma yurduna qayıdacağı günü gözlədiyini və rayonun bərpasında iştirak etmək istəyini də bildirib.

 

Reportajın digər qəhrəmanı, Kəlbəcər işğal olunan zaman 14 yaşı olan Ramil Hüseynovdur. Məqalədə xüsusi olaraq vurğulanıb ki, 1993-cü ilə qədər Kəlbəcər rayonunda əsasən etnik azərbaycanlılar yaşayırdı. Ramil Hüseynov bütün bu illər ərzində yeganə arzu – doğma yurduna qayıtma istəyilə yaşadığını bildirib. Materialda Ramil Hüseynova istinadən qeyd edilib:

 

“Biz öz dədə-baba torpaqlarımızdan qovulduq və məcburi köçkün həyatı yaşamağa məhkum edildik”.

 

Daha sonra materialda ermənilərin Kəlbəcəri tərk edərkən həy şeyi dağıtmasının Ramil Hüseynovda qəzəb yaratdığı bildirilib: 

 

“Ermənilər bizim evlərdə yaşayırdılar və oranı tərk edərkən evləri yandırdılar, ağacları qırdılar, meşələri məhv etdilər, yolları dağıtdılar”, - Ramil Hüseynov deyib.

 

Reportaj Şuşadan olan məcburi köçkün Ramiq Məhərrəmovla bitir. Şuşanın azad edilməsinin vacib, strateji qələbə olması vurğulanıb.

 

Bildirilib ki, Azərbaycan Şuşanı mədəniyyət beşiyi elan edib.

 

Ramiq Məhərrəmov bildirib ki, bu illər ərzində Şuşa haqqında və geri dönmək haqqında düşünmədiyi gün olmayıb. O, Şuşa azad edildikdən sonra şəhərə səfər etdiyini və orada özünün və qonşularının evlərinin dağıdıldığının şahidi olduğunu deyib. Ramiq Məhərrəmov Şuşanın əzəli gözəlliyinin qaytarılacağına inandığını deyib:

 

“Geri qayıtmaq vaxt tələb edir, amma bu bizə mane olmayacaq. Biz orada çadırda da yaşamağa hazırıq”, - Ramiq Məhərrəmov deyib. 

 

Qeyd edək ki, reportaj video və foto süjetlərlə müşaiyət olunur.

 //www.france24.com/en/live-news/20210413-for-azerbaijanis-displaced-by-war-a-chance-to-finally-go-home 

 

Pərvin ARZUQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir