Arxiv
15 Aprel 2021, 16:43 | ÖLKƏ
Minsk qrupu niyə ləğv olunmur?

ATƏT-ın Minsk qrupunun yaradılmasından 29 il ötür. Bu başabəla qurum 1992-ci ilin martın 24-də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli üçün təsis edilib.

Lakin bu illər ərzində Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermədi.

Azərbaycan işğalda olan torpaqlarını Minsk qrupunun fəaliyyəti xaricində düşməndən azad etdi.

Belə olan halda bu qurumun fəaliyyətinə nə ehtiyac var?


Aprelin 13-də də Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda suallara cavab verərkən bildirib ki, Minsk qrupunun tərkibi və daxili münasibətlər həmişə onların prioriteti olub: 

"Əvvəla, biz həmsədrlərin - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransanın mövqeyinin nədən ibarət olduğunu bilməliyik. Onlar Minsk qrupunun gələcək fəaliyyətini necə görürlər? Çünki bu quruma həmsədrlik edən onlardır. Bu da bizim mövqeyimizdir. Münaqişə öz həllini tapdıqdan sonra münaqişənin həllinə kömək etməli olan qrupun fəaliyyətinə yer varmı? Bilmirəm".


Politoloq Qabil Hüseynli Modern.az-a Minsk qrupunun yarandığı andan ermənilərə tərəf mövqe tutduğunu söyləyib:

“Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın İkinci Qarabağ müharibəsi zamanı necə bir həyasızlıq göstərdiyinin şahidi olduq. Rusiyanın  təcavüzkarlığı da bu gün müzakirə edilir. Ordusunu “sülhməramlı” adı altında Qarabağda yerləşdirdi. Amerika məsələlərdən bir qədər uzaq idi. Lakin bütövlükdə Amerika da 30 il ərzində ortaya sağlam bir mövqe qoymadı.
Yəni Minsk qrupu problemin beynəlxalq hüquq normalarına və beynəlxalq münasibətin tələblərinə uyğun həll edilməsinə səy göstərmədi”.


Politoloqun sözlərinə görə, Minsk qrupu 30 il müddətində problemi sadələşdirmək, həll səviyyəsinə qaldırmaq əvəzinə, onu daha da mürəkkəbləşdirdi:


“Çünki onlar açıq şəkildə ermənipərəst mövqe tuturdular. Hazırda Azərbaycan tərəfi onların xidmətini və bu qrupun yenidən dirçəlməsini, sülh yaratmaq səlahiyyəti daşımasını istəmir. 

Minsk qrupunun ləğv olunmamasına səbəb isə təmsilçiləri olan dövlətlərin və  ATƏT-in özündə olan müəyyən qüvvələrin onları qorumasıdır”.


Nəzrin Vahid

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv