Modern.az

“Azərbaycan mənə həyatım boyunca unudulmayan hisslər yaşatdı” - Bakını tərk edən SƏFİR

“Azərbaycan mənə həyatım boyunca unudulmayan hisslər yaşatdı” - Bakını tərk edən SƏFİR

Ölkə

16 Aprel 2021, 08:29

Erkan Özoral: “Dünyada eyni dildə danışan, eyni mədəniyyəti paylaşan çox ölkə var, amma Türkiyə və Azərbaycana bənzəri yoxdur”

 
“Prezident cənab İlham Əliyev tərəfindən “Dostluq” ordeninə layiq görülməyim mənim üçün böyük şərəfdir. Azərbaycandakı vəzifə müddətim artıq başa çatıb. Burada olduğum müddətdə Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin daha da inkişaf etməsi üçün əlimdən gələn hər şeyi etməyə çalışdım”.

 

Bunu Modern.az-a açıqlamasında Türkiyənin Azərbaycanı tərk edən səfiri Erkan Özoral bildirib.


E.Özoral dörd illik vəzifə müddəti ərzində çox mühüm hadisələrin şahidi olduğunu və bunların həyata keçməsinə öz töhfəsini verməyə çalışdığını dilə gətirib:


“Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılması, Azərbaycanın təbii qazının TANAP və TAP vasitəsilə əvvəlcə Türkiyəyə, sonra Avropa qitəsinə ixrac edilməyə başlaması, Türkiyədəki ən böyük xarici investisiyalardan biri olan STAR neftayırma zavodunun fəaliyyətə başlaması bunlardan yalnız ilk xatırladıqlarımdır. 1 mart 2021-ci ildə Türkiyə və Azərbaycan arasında Preferensial Ticarət sisteminə keçilmişdir. Ancaq ticarət-iqtisadi əlaqələrimizdə hazırkı səviyyə ilə də kifayətlənmək  fikrində deyilik. Bunun daha yüksək səviyyələrə çatması üçün həm Türkiyədə, həm də Azərbaycanda böyük istək var.

 

Azərbaycanda vəzifəmi icra etdiyim dörd il ərzində Azərbaycan Demokratik Respublikasının və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü kimi son dərəcə mühüm tarixi hadisələrin də şahidi olduq. 2018-ci il Türkiyə və Azərbaycan arasındakı əlaqələrdə bir çox mühüm hadisənin 100-cü ildönümünə təsadüf etdi. Türk əsgərləri 2018-ci ildə Bakıda azərbaycanlı qardaşları ilə əvvəlcə Azərbaycan Ordusunun, sonra da Qafqaz İslam Ordusunun 100-cü ildönümündə iki dəfə birlikdə təntənəli mərasimlər keçirdi. Bu mərasimlərdən ikincisini iki Prezidentimiz birlikdə izlədilər. Bu, bizim qardaşlıq əlaqələrimizdə nail olduğumuz yüksək səviyyəni bütün dünyaya nümayiş etdirmiş oldu”. 

 

Səfir Türkiyə və Azərbaycan arasındakı əlaqələrin dünya miqyasında xüsusi yerə malik olduğunu vurğulayıb:


“Dünyada eyni dildə danışan, eyni mədəniyyəti paylaşan çox sayda  ölkə var. Lakin bizim aramızdakı birliyin bənzəri başqa heç bir ölkələr arasında  yoxdur. Artıq 1 aprel 2021-ci ildən etibarən vətəndaşlarımız Türkiyə və Azərbaycana səyahət etmək üçün pasporta da ehtiyac duymur. Bir neçə il bundan əvvəl səyahətlər üçün viza tələb olunduğu halda, artıq vətəndaşlarımız Türkiyə və Azərbaycan ərazisinə öz ölkələrində səyahət edirlərmiş kimi yalnız şəxsiyyət vəsiqəsi ilə daxil ola bilirlər.

 

2020-ci il bütün dünyada ölkələrin qapılarının xaricə bağlandığı və koronavirus pandemiyasına qarşı mübarizənin aparıldığı, kədər hissilə xatırlanan il kimi tarixdə qalacaq. Türkiyə ilə Azərbaycan  pandemiyaya qarşı mübarizə məsələsində də başqa ölkələr üçün nümunə hesab edilə biləcək əməkdaşlıq nümayiş etdirdilər və bir-biri ilə həmrəylik mühitində fəaliyyət göstərdilər”.

 

E.Özoral deyib ki, 2020-ci il bizim üçün bütün dünyadan fərqli olaraq qürur və sevinc ili kimi tarixə yazılıb:


“İlk gündən etibarən Türkiyə olaraq Dağlıq Qarabağ probleminin bizim üçün də ürək yarası olduğunu və ədalətin bərqərar edilib ürəyimizdəki bu yaranın sağalması üçün məsələnin Azərbaycanın istədiyi kimi və tezliklə həll edilməsinin vacibliyini bildirdik. Ölkələrimiz arasındakı münasibətləri xarakterizə edən “İki dövlət, bir millət” və “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” şüarları istiqamətində də Azərbaycana əlimizdən gələn hər cür kömək etməyə səy göstərdik. Türkiyə Azərbaycana, Dağlıq Qarabağ probleminin birdəfəlik həlli məqsədilə Ermənistanın təcavüzkarlığına qarşı başlamağa məcbur olduğu 44 gün davam edən Vətən Müharibəsində də mümkün olan dəstəyi və hər cür yardımı göstərdi.

Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyədən bütün rəsmi şəxslər müharibənin ilk saatlarından başlayaraq Azərbaycanın yanında olduğumuzu və bütün imkanlarımızla Azərbaycanı dəstəkləyəcəyimizi bildirdik. Müharibənin davam etdiyi müddət ərzində Türkiyənin hər tərəfi Azərbaycan bayraqları ilə bəzənmiş, vətəndaşlarımız yaralılara, şəhid ailələrinə kömək etmək üçün kampaniyalar təşkil etmişdilər.

Prezident, Ali Baş komandan İlham Əliyevin  rəhbərliyi altında Azərbaycanın əldə etdiyi bu böyük zəfəri biz də öz zəfərimiz kimi bayram etdik və sevincini ürəyimizdə hiss etdik. Prezidentlərimizin dekabr ayının 10-da Bakıda keçirilən Zəfər Paradında yenə də yan-yana, çiyin-çiyinə addımlayan əsgərlərimizi birlikdə  salamlamaları da bu anlayışın nəticəsi və Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin çatdığı zirvənin təzahürü oldu.

Bütün bu prosesi Bakıda Türkiyə Respublikasının səfiri kimi yaşamaq mənim üçün xüsusi şərəf və qürur mənbəyidir. Şübhəsiz ki, bizdən sonrakı nəsillərə Azərbaycan tarixinin və Türkiyə-Azərbaycan münasibətlərinin bu Qızıl səhifələri haqqında danışa biləcəyim xatirələrimin olması  mənim üçün bəlkə də dünyaya gəlməyimin mənası qədər böyük əhəmiyyət kəsb edir. 

Öz vətənim hesab etdiyim Azərbaycan apardığı bu böyük mübarizə və bu mübarizə nəticəsində qazandığı möhtəşəm zəfərlə mənə həyatım boyunca bənzəri olmayan sevinc, xoşbəxtlik və qürur yaşatdı. Eyni zamanda, müharibədə şəhid olan bütün əsgər və mülki vətəndaşlar olan bacı-qardaşlarımıza görə duyduğumuz kədər və qəzəb də sözlə ifadə edilə bilməzdi. Fürsətdən istifadə edərək istər müharibə meydanlarında, istərsə də şəhərlərə edilən xain hücumlarda həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı və uzun ömür diləyirəm.        

Biz, Türkiyə və Azərbaycan olaraq bir-birimizə qardaşlıq telləri ilə bağlı olmuş,  yüzillərlə davam edən böyük imtahanlardan uğurla keçib qardaşlığımızı daha da möhkəmləndirməyi bilən, bir-birinə çətin günlərdə dəstək olmuş, sevincimizi də, kədərimizi də birlikdə yaşayan iki dövlət, bir millətik. Bizim qardaşlığımız Azərbaycanın ulu öndərinin  dediyi kimi “əbədidir,  dönülməzdir””.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı