Modern.az

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları da yumşaqdır - ŞƏRH

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları da yumşaqdır - ŞƏRH

Analitika

16 Aprel 2021, 08:57

Hazırda dünyanın diqqəti ABŞ-Rusiya münasibətlərindəki gərginliyə yönəlib. Vaşinqton bir müddət öncə Rusiyanın Ukrayna ilə sərhəddə gərginliyi artırmasına cavab olaraq Qara dənizə iki hərbi gəmisini göndərəcəyini açıqlamışdı. Rusiya buna cavab olaraq Qara dənizdə hərbi gəmilərinin sayını artırdı. Bundan sonda ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə zəng edərək üçüncü ölkələrin birində görüşməyi təklif etdi. Eyni gündə ABŞ-ın iki hərbi gəmisi Qaradənizə boğazlardan daxil olmaq üçün Türkiyəyə müraciətini geri çəkdi və gözləmə mövqeyinə keçdi.
Kreml hazırki dövrdə prezidentlərin görüşünə ehtiyac olmadığını açıqladıqdan sonra ABŞ dünən Rusiyaya qarşı növbəti sanksiyalarını bəyan etdi. Qəbul olunan qərara əsasən, 10 Rusiya diplomatı ABŞ-dan qovulur. Bundan əlavə, ABŞ seçkilərinə müdaxilə etdiyi üçün 32 Rusiya vətəndaşı və təşkilatınaqarşı da sanksiya tətbiq olunur. ABŞ-ın yeni sanksiyaları Rusiya iqtisadiyyatı üçün əhəmiyyətli sahəyə - dövlət borclarına yönələcək.

Modern.az xəbər verir ki, siyasi icmalçı Şahin Cəfərlinin sözlərinə görə, dünən elan edilən qərarların içində ən sərt olanı Rusiyanın suveren borcuna qarşı məhdudiyyətdir.

“Amma bu sahədə mümkün olan ən yumşaq variant seçilib. İyunun 14-dən sonra ilkin bazarda Rusiya Maliyyə Nazirliyi, Mərkəzi Bankı və Milli Rifah Fondu tərəfindən buraxılan dövlət istiqrazlarının satın alınması, eləcə də bu qurumlara borc verilməsi qadağan edilir. Yəni sanksiya bütün federal qiymətli kağızlara (OFZ) yox, yalnız qeyd olunan tarixdən sonra buraxılacaq yenilərinə şamil ediləcək”.


Ekspert deyir ki, sərt variant bu olardı ki, sanksiya bütün kağızlara (köhnə, yeni) aid edilsin və bunları ikinci (təkrar) bazardan əldə etmək də qadağan olunsun.

“Başqa bir ehtimal Rusiyanı SWIFT-dən təcrid etmək variantı idi. Bu addımlara getmədilər, sadəcə, əlavə ediblər ki, ehtiyac olarsa, bu sahədə sanksiyaları genişləndirəcəklər.

Yəni Qərbdə hələ də ümid var ki, Putin siyasətinə korrektələr edə bilər. Məhz bu səbəbdən əlyeri qoyurlar və bütün körpüləri yandırmırlar. Həmçinin, əllərindəki bütün barıtı tükətmək istəmirlər. Ümid edirəm ki, heç olmasa, Putini Ukraynaya hücum etmək dəliliyindən vaz keçirə biliblər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı