Arxiv
18 Aprel 2021, 10:20 | ÖLKƏ
Xarici İşlər Nazirliyi BƏYANAT YAYDI

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb.

 

Xarici İşlər Nazirliyindən Modern.az-a daxil olan məlumata görə, bəyantda aşağıdakılar deyilir:

 

"Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.

 

Bu gün ilə əlaqədar olaraq Azərbaycan, azad edilmiş ərazilərdəki mədəni irsinin Ermənistan tərəfindən məhv edilməsi ilə bağlı ciddi narahatlığını bir daha diqqətə çatdırır.

 

Ərazilərimizin işğalı dövründə demək olar ki, bütün tarixi, mədəni və dini abidələr tamamilə məhv edilmişdir. Bu günə qədər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi azad edilmiş ərazilərdə 400-dən çox abidənin dağıdıldığını müəyyən edib. Bu ərazilərdəki abidələrin ümumi sayı 3000-ə qədərdir.

 

Azərbaycana məxsus mədəni və dini mülkiyyət talan edilmiş, təhqir edilmiş, dəyişdirilmiş və qanunsuz olaraq Ermənistana daşınıb. Azad edilmiş ərazilərdə 100.000-dən çox mədəniyyət nümunəsinin olduğu 22 muzey və muzey filialı məhv edilib.

 

Kəlbəcər rayonunda yerləşən XIII əsrə aid Xudavəng monastırının mədəniyyət nümunələri və qədim əlyazmalar, habelə Ağdam rayonunun Şahbulaq qalası yaxınlığında qanunsuz arxeoloji qazıntılar zamanı tapılan qiymətli mədəniyyət nümunələri Ermənistana qanunsuz olaraq daşınmışdır. Bununla yanaşı, Xocavənd rayonunun Azıx kəndindəki Azıx mağarasında qanunsuz qazıntılar aparılıb.

 

Bütün bu hərəkətlər, beynəlxalq humanitar hüququn, o cümlədən YUNESKO-nun 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolu, eləcə də 1970-ci il Konvensiyası kimi tənzimləmə sənədlərinin kobud şəkildə pozulmasıdır.

 

Təəssüflər olsun ki, mədəni irsimizin qəsdən məhv edilməsi, mənimsənilməsi, dəyişdirilməsi və mədəni sərvətlərimizin qanunsuz olaraq ölkə ərazisindən çıxarılması da daxil olmaqla, müharibə cinayətlərini araşdırmaq üçün müvafiq beynəlxalq təşkilatlara etdiyimiz müraciətlər 30 illik işğal boyunca nəzərə alınmayıb. Hazırda bu baxımdan göstərilən marağı alqışlayırıq.

 

Azərbaycan Respublikası ərazisində yerləşən mədəni irs, mənşəyindən, dünyəvi və dini xarakter daşımasındsn asılı olmayaraq, Azərbaycanın dəyər verdiyi və qoruduğu Azərbaycan xalqının mədəni müxtəlifliyini əks etdirir.

 

Azərbaycan mədəni irsinə vurulmuş misli görünməmiş zərərin müstəqil bir missiya tərəfindən tam qiymətləndirilməsini təmin etmək Azərbaycan Hökuməti üçün prioritet məsələdir və Azərbaycan bu baxımdan YUNESKO ilə sıx əməkdaşlıq edir.

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv