Modern.az

"Atası oğlum şəhid olanda üzə çıxıb pul tələb etdi" 

Aktual

18 Aprel 2021, 15:58

Vətən müharibəsində şəhid olan 2000-ci il təvəllüdlü Həmidov İzzətin anası Vəfa İsmayılova üzləşdiyi durumdan narahatdır.

 

Modern.az xəbər verir ki, bu barədə şəhid anası “Qafqazinfo“ya danışıb.

Üç oğul anası bildirib ki, keçmiş həyat yoldaşı Rövşən Həmidovla 4 il əvvəl boşanıb. Ötən 4 il ərzində Rövşən Həmidov övladları ilə heç vaxt maraqlanmayıb. Ata yalnız 12 yaşlı övladı Nurlana aliment ödəyib, o da məhkəmənin, icraçıların tələbi ilə. Hazırda isə ana azyaşlı övladına görə heç bir aliment ödənişi almadığını bildirib. Vəfa İsmayılova qeyd edib ki, R.Həmidovun indi də ona aliment borcu var.

 

Vəfa İsmayılovanın sözlərinə görə, R.Həmidov yalnız oğlu İzzət şəhid olanda gün üzə çıxıb:

 

"Oğlum şəhid olanda mən özümdə deyildim. Atası oğlum şəhid olanda üzə çıxıb pul tələb etdi. Sən demə, həmin vaxt gedib şəhid ailələrinə verilən birdəfəlik ödəməni istəyib. Nəticədə 11 min manatın yarısını alıb. Bundan başqa, isə dövlət tərəfindən şəhid ailəsinə aylıq 500 manat ödəniş olunur. Atası həmin məbləğin də yarısını alıb. Məni ən çox narahat edən məsələ budur ki, atası heç vaxt İzzətlə maraqlanmayıb, ötən 4 il ərzində bir dəfə də onu görməyib.

 

Heç oğlunun harada xidmət etdiyi barədə məlumatı da olmayıb. Əgər yalan danışıramsa, heç olmasa, İzzətlə, o da olmasa, hazırda hərbi xidmətdə olan ortancıl oğlum Elvinlə şəkilini göstərsin. Yalan danışıramsa, digər oğullarımı danışırdıra bilərlər. Mən də bilim ki, bu, bir valideyn olaraq öz atalıq borcunu yerinə yetirib. Əslində, şəhid oğlumun ruhuna hörmət əlaməti olaraq mən bu məsələnin işıqlandırılmasını istəmirdim. Sadəcə, övladlarımla maraqlanmadığı üçün, indi hazıra nazir olması məni bir şəhid anası kimi çox sarsıdır.

Onu da qeyd edim ki, mənim sözügedən məbləğlə bağlı hər hansı bir iddiam yoxdur. Dövlət tərəfindən verilən ödəməni də oğlumun adının əbədiləşdirilməsi üçün xərcləyəcəm. Özüm özümü dolandırıram, şəxsi biznesim var. Bacardığım qədər digər şəhid, qazi ailələrinə də dəstək oluram. Sadəcə, yaxşı olardı ki, həmin məbləğ Rövşən Həmidovdan alınaraq, başqa bir bir şəhid, qazi ailəsinə və ya imkansız birinə verilərdi ki, heç olmasa, onlar da oğlumun ruhuna dua oxuyardı. Sağlığında övladı ilə maraqlanmayan Rövşən Həmidovun İzzətin şəhid olmasından sonra, müəyyən imtiyazlardan istifadə etməsini oğlumun ruhuna hörmətsizlik kimi qəbul edirəm. Çox xahiş edirəm ki, aidiyyəti qurumlar bu həssas məsələni nəzərə alsınlar".

 

Qeyd edək ki, əslən Qubadlıdan olan şəhid İzzət Həmidov ölümündən sonra Prezidentin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi