Arxiv
18 Aprel 2021, 18:38 | PARLAMENT
"İndiki gəncliyin hər biri özünü şəhid ruhunda hiss etməlidir"

Aprel ayının 15-dən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı 27 sentyabr - şəhidlərin Anım Günü ilə əlaqədar “Şəhid qardaşıma məktub” layihəsinə start verib.

 

Milli Məclisin deputatı Məlahət İbrahimqızı layihə haqqında Modern.az-a danışıb. O bildirib ki, layihəyə nəsimi rayonunda təhsil alan gənclər arasında start verilib, amma bu o demək deyil ki, yalnız nəsimi rayon gəncləri iştirak edə bilər. Layihədə bütün gənclərimizin iştirak etmə haqqı var:

 

"Keçən il Cənab prezident İlham Əliyev iki tarixi gün təsis etdi. 8 noyabr qələbə günü və 27 sentyabr şəhidlərin anım günü. Bu günkü gənclik, gələcək gənclik arasında işimizi elə qurmalıyıq ki, 100 ildən sonra da gənclərimiz 2020-ci il 44 günlük vətən müharibəsini, 27 sentyabrı həmin gün baş vermiş kimi xatırlasınlar.

 

Biz 44 günlük müharibənin möhtəşəmliyini, ruhunu çox yaxşı dərk edirik çünki hər birimiz müharibənin şahidi olmuşuq və çoxlarımızın ailələrindən qəhrəman oğullarımız şəhidlik zirvəsinə ucalıb. Od alovun içərisində bütün düşmənlərimizi torpaqlardan qovublar. Bu möhtəşəm zəfər tarixin qızıl səhifələrinə şəhidlərimizin qanı ilə yazıldı. Bu səbəbdən indiki gəncliyin hər biri özünü şəhid ruhunda hiss etməlidir. Bizim bütün gənclərimiz bu qəhrəmanlıq salnaməsinə imza atmaq istəyirdi. Səfərbərlik qismən olduğu üçün onların hər biri müharibədə iştirak edə bilmədi. Müharibədə iştirak etməyən gənclər şəhidlərimizin, qazilərimizin həmyaşıdları olan indiki gənclik, gələcək gənclik şəhidlərimizi və qazilərimizi unutmamalıdır.

 

Bu səbəbdən aprelin 15-də başlamış, 5 ay davam edəcək "Şəhid qardaşıma məktub" layihəsinə start verdik. Bu günə kimi minlərlə gəncimiz layihədə iştirak etmək istəyini bildirib. Müsabiqədə iştirak etmək istəyən hər bir gənc 3 A4 formatından çox olmamaq şərti ilə öz "Şəhid qardaşıma məktub" inşasını yaza bilər. Ola bilər ki, layihənin müddəti mayın 20-nə qədər uzadılsın. Sonra isə inşalar bizə təqdim olunacaq və ekspert qruplarımız tərəfindən yoxlanılacaq. Minlərlə yazıların içərisindən ən yaxşı yazılar seçiləcək, yazıları seçilməyən gənclərimiz isə pis olmamalıdırla şəhid qardaşları üçün bu layihədə iştirak etmək belə çox gözəl hissdir. Seçilən inşalar sentyabrın 27-si ərəfəsi kitab halında təqdim ediləcək və  şəhidlərin anım gününə töhfə olacaq.

 

Qeyd edək ki, layihə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı tərəfindən həyata keçirilir. Münsiflər heyətində həm birinci həm də ikinci vətən müharibəsinin iştirakçıları qazilər, şəhid ailələrinin təmsilçiləri var. Eyni zamanda rayonumuzun ictimai siyasi həyatından tanınmış insanlarda bu münsiflər heyətinin tərkibindədir".

Mehri Qurban

 

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv