Arxiv
19 Aprel 2021, 10:35 | REPORTAJ
Bir şəklin tarixçəsi: qalstuklu şeyx və məşhur səfir…

Diplomatik etiketlərdən danışanda deyirlər ki, diplomat hər bir ekstremal vəziyyətdə maksimum təmkinli olmalı, öz hisslərini vaxtında cilovlamağı bacarmalı, düzgün qərar qəbul etməlidir.

Modern.az-ın “Bir şəklin tarixçəsi” rubrikasında haqqında bəhs etdiyi Vəhdət Sultanzadə də məhz o cür diplomatlardandır.

Təcrübəli diplomat Vəhdət Sultanzadə 28 ildən artıq müddət ərzində Əfqanıstan, İran, Türkiyə və Türkmənistanda atteşedən tutmuş fövqəladə və səlahiyyətli səfirə kimi müxtəlif vəzifələrdə çalışıb, Yaxın və Orta Şərqin diplomatiya, tarix, mədəniyyət və ədəbiyyatından bəhs edən yüzlərlə məqalənin və onlarla kitabın müəllifidir.

“Bir şəklin tarixçəsi” rubrikasında yayımladığımız bu fotonu da Vəhdət müəllim vasitəsilə təqdim edirik.

Şəkildə əsas diqətçəkən məqam isə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin qalstuklu olmasıdır, bunu da yəqin ki, indiyə kimi çoxları görməyib.

Biz şeyxi adətən din xadimlərinin geyimində - əba və çalma papaqla görürük.

Yəni Allahşükür Paşazadə rəsmi qəbullarda, görüşlərdə çalmalı, əbalı geyimdə olur. Adi günlərdə isə dindarların vahid geyim formasından istifadə edir.

Şəkillə bağlı qısa xatirəsini saytımızla bölüşən Vəhdət müəllim bildirib ki, bu görüş 1970-ci illərdə baş verib.

“Onda Allahşükür Paşazadə hələ şeyx deyildi, mən də səfir… Biz çox uzaq illərin dostlarıyıq.. Lap gənc yaşlarımızdan yaxın olmuşuq. Şəkli də Allahşükür Paşazadə tələbə olarkən çəkdirmişik”.

İndi Vəhdət Sultanzadənin 85, Allahşükür Paşazadənin 72 yaşı var.


Qeyd edək ki, Vəhdət Sultanzadənin diplomatik fəaliyyəti 70-ci illərdən başlayır. Azərbaycan Dövlət Universitetini Şərqşünas-İranşünas ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdikdən sonra Vəhdət Sultanzadə Əfqanıstanda tərcüməçi kimi diplomatik karyerasına başlayıb (1962-1966). Sonra XX əsrin 70-ci illərində SSRİ-nin İrandakı səfirliyində işinə davam edib.

Sovet dövründəki diplomatik karyerasını Türkiyədə davam etdirib, burada Vəhdət Sultanzadə 6 il konsul qismində əvvəlcə SSRİ-nin, daha sonra İstanbulda Azərbaycan və Rusiya Federasiyasının maraqlarını təmsil edib (1988-1994).

Dünya praktikasında ilk dəfə olaraq, ölkələrin rəhbərlərinin razılığına əsasən Vəhdət Sultanzadə iki il ərzində eyni zamanda iki ölkəni təmsil edib.

Vəhdət Sultanzadə sonralar Azərbaycan Xarici İşlər Nazirliyinin İslam Konfransı Təşkilatının İdarəsinin rəhbəri təyin edilib. Bununla da ona çətin diplomatik istiqamətlərdən birini - 53 müsəlman ölkəsi ilə əlaqələrə nəzarət etmək etibar olunur. 1994-cü ilin dekabrında ölkəmiz üçün vacib sənədlərin yüksək səviyyədə qəbul edilməsinə yol açan İslam Konfransı Təşkilatının sammitinə Mərakeşə səfəri zamanı Azərbaycan Prezidenti Heydər Əliyevi təşkilatçı qismində müşayiət edib. "Ermənistan və Azərbaycan arasındakı qarşıdurma haqqında" ilk qətnaməyə ilk dəfə olaraq "Ermənistan silahlı birləşmələri" ifadələri Ermənistanın birmənalı şəkildə təcavüzkar ölkə olduğunu göstərən terminlərə dəyişdirilib. Qətnamədə Ermənistanın Şuşa və Laçın da daxil olmaqla, işğal olunmuş Azərbaycan ərazilərindən qoşunlarını geri çəkməsi tələbi yer almışdı.

Vəhdət Sultanzadənin peşəkarlığı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. 2010-cu ildə Türkmənistanda fövqəladə və səlahiyyətli səfir, 5 il sonra isə eyni vaxtda Əfqanıstanda səfir təyin edilib. 10 ildən çox Türkmənistanda çalışdıqdan sonra diplomatik xidmətini tamamlayıb.


A.Paşazadə 1968-70-ci illərdə Buxarada “Mir Ərəb” mədrəsəsində, 1971-75-ci illərdə İmam əl-Buxari adına Daşkənd İslam Universitetinin İlahiyyat fakültəsində dini təhsilə yiyələnib.

1975-ci ildə Qafqaz Müsəlmanları İdarəsində məsul katib, 1978-ci ildən “Təzəpir” məscidinin axundu, İdarənin sədr müavini vəzifələrində çalışıb. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsinə seçilib və şeyxülislam rütbəsi alıb.
1989-cu ildə SSRİ Ali Sovetinin xalq deputatı seçilib. 1990-1995-ci illərdə Azərbaycan Respubliksı Ali Sovetinin deputatı olub.

Qafqaz müsəlmanlarının 2003-cü ildə keçirilmiş XI qürultayında A. Paşazadə ömürlük Şeyxülislam seçilib.
1992-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi alıb.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?