Modern.az

Azərbaycan Qarabağı azad etməklə türk dünyasına yeni yol açdı - MÜSAHİBƏ

Azərbaycan Qarabağı azad etməklə türk dünyasına yeni yol açdı - MÜSAHİBƏ

Parlament

19 Aprel 2021, 12:07

Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev Modern.az saytına müsahibə verib.

 

Eldar müəllim, bu yaxınlarda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısı keçirildi. Onlayn formatda təşkil edilən bu görüşdə çox ciddi məsələlər müzakirə olundu. Bunu necə qiymətləndirirsiniz?

 

- Bu görüş  31 mart Azərbaycanlıların Soyqırımı Gününə təsadüf etdi. Onlayn toplantıda cənab Prezident İlham Əliyev çox maraqlı nitqlə çıxış etdi. Ümumiyyətlə hesab edirəm ki, bu qurumun yaradılmasında  Azərbaycan və Türkiyənin çox böyük rolu var və bu, toplantıda da vurğulandı. Son zamanlar bu istiqamətdə ciddi addımlar atılır ki, bunu da bəzi Qərb ölkələri həzm edə bilmir.

 

Bu toplantıda İlham Əliyevin yüksək səviyyədə çıxışı  Türkdilli dövlətlərin marağına səbəb oldu. İlham Əliyevin 44 günlük Vətən Müharibəsi haqqında çıxışı bir daha Azərbaycanın nəyə qadir olduğunu göstərdi. Qardaş ölkə Türkiyənin böyük dəstəyinin olduğunu cənab Prezident tədbir iştirakçılarına da çatdırdı.

 

Uzun illər idi ki, xalqımız torpaqlarımızın işğaldan azad olunmasını böyük səbirsizliklə gözləyirdi. Və bu tarixi qələbəni bizə yaşadan cənab Ali Baş Komandan İlham Əliyev oldu.

 

Zəfər qələbəmiz İlham Əliyevin ulu öndərə verdiyi sözün bariz göstəricisidir. Cənab Prezident ulu öndərin məzarını ziyarət edərkən də ona verdiyi sözü tutduğu üçün keçirdiyi qürur hissi gözlərindən oxunurdu. Sanki Ulu öndərə  Vətən Müharibəsinin hesabatını verdi.

 

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə Rusiya sülhməramlılarının olması xalqımızı narahat etsə də, bilirik ki, bu müvəqqəti xarakter daşıyır.  Bu gün o torpaqlarda erməni vandalizminin qalıqları təmizlənir. Minalanmış əraziləri təmizləmək heç də asan deyil. O torpaqlar minalardan təmizləndikdən sonra, sosial həyat yaxşılaşdırmaq üçün lazımi şərat qurulduqdan sonra insanlarımız gedib öz doğma yurdlarında rahat yaşaya biləcəklər.

 

Cənab prezident  çıxışında da xalqımızın 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusuna necə arxalandığını, torpaqlarımızın geri qaytarılacağına necə ümidlə gözlədiklərini vurğuladı. Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın da müharibə başlayandan bitənə qədər Azərbaycanın yanında olduğunu söylədi. Yeri gəlmişkən, Türkiyə Prezidenti həmin toplantıda hamını Şuşaya dəvət etdi. O, qeyd etdi ki, hər kəs gəlib gerçəkliyi görsün, bölgəyə investisiya qoysun. Bu addımı da alqışlayırıq. 

 

Vətən müharibəsi dövründə bir çox Türkdilli dövlətlərin dəstəyi danılmazdır. Bu qələbəmiz həm də türkdilli dövlətləri yeni dövrə qədəm qoydurdu.

 

İlk növbədə biz qədim İpək yolunu bərpa edirik. İkinci isə Türkdilli dövlətlər arasında gediş-gəlişi, əlaqələri möhkəmləndiririk. Ermənilər hələ də bizim onlar üçün etdiklərimizi başa düşmürlər. Normalda biz onları xilas etmişik. Onlar özləri belə nə istədiklərini bilmirlər.

Bakıda Hərbi Qənimətlər Parkı açıldı və orada Azərbaycan ərazilərində məhv edilən Ermənistanın hərbi texnikası nümayiş etdirildi. Amma bir çox qüvvələr bunu fərqli müstəviyə çəkmək istəyirlər. Təsəvvür edirsiniz, Ermənistan Azərbaycana hücum edir, onun ərazilərini işğal edir, Azərbaycan düşməni öz torpaqlarından geri qovur, ancaq buna ikili yanaşanlar olur.

 

Aprelin 12-də Hərbi Qənimətlər Parkının açılışı erməniləri nə qədər qıcıqlandırdığını hamımız bilirik. Axı onların Azərbaycan ərazilərində nə işi var idi ki, məhv edilsinlər. Hesab edirəm ki, bundan sonra ölkəmizə gələn turistlərə erməni vəhşiliyinin sübutu kimi bu parkı göstərəcəyik. Prezidentin köməkçisi Hikmət Hacıyev xarici diplomatların Azərbaycana səfəri zamanı ermənilərin törətdikləri vəhşilikləri əyani şəkildə göstərdi.Bu park bizim qürur yerimiz,qələbəmizin göstəricisidir.

 

- ADA universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans keçirildi. Burda Azərbaycan Prezidenti yeni çağırışlar etdi, fikirlər səsləndirildi. Buna münasibətinizi bilmək istərdik.

 

-Konfransda Cənab Prezidentin 44 günlük Vətən müharibəsi haqda çıxışı, çağırışları bir daha nəyə qadir olduğumuzu sübut etmiş oldu. Bütün təxribat xarakterli məsələlərə İlham Əliyev adekvat cavab verdi. Artıq Vətən müharibəsi bizi bütün dünyaya daha yaxından tanıdıb. Təbii ki, bu da Ali Baş Komandanımızın və Azərbaycan əsgərinin qüdrəti, gücünün göstəricisidir.

 

-Ermənistan işğaldan azad edilmiş əraziləri minalayıb və bunun xəritəsini vermir. Bunu da erməniliyin nümunəsi adlandırmaq olarmı?

 

-Bilirsiniz, Siz dünyada bir xalq göstərin ki, ev heyvanlarını güllələsin, yandırsın. Bu ancaq Ermənistana məxsus mundarlıqdı. Tarixi abidələri məhv etmək, evləri yandırmaq, ağacları kəsmək və s... Bunun bir adı var, ermənilik.

 

Amma Azərbaycanın iqtisadi baxımdan, o cümlədən bir çox sahələrdə  inkişafı tək Türk dünyasında deyil, Avropada böyük marağa səbəb olub. Azərbaycan müharibə şəraitindən yeni çıxan dövlət olsa da, iqtisadi göstəricilərimiz çox qənaətbəxşdir. Bu gün minlərlə insan müraciət edərək işğaldan azad olunmuş ərazilərə getmək istədiklərini bildirirlər. Amma o ərazilər hazırda minalardan təmizlənmə mərhələsindədir, bu işlər bitdikdən sonra biz həmin yerlərə gedə biləcəyik. Onlar minaların xəritəsini verməməklə öz vəhşiliklərini bir daha özləri təsdiqləmiş oldular. Bu, beynəlxalq konvensiyalara da, insanlığa da, hər şeyə ziddir.

 

-Eldar müəllim, bu gün Şəhid ailələri, qazilərə münasibət Sizi qane edirmi?

 

- Dövlətimiz bu istiqamətdə böyük işlər görür. Bu hər birimizin diqqət mərkəzində olan məsələdir. Bayram ərəfəsində mən Ağsaqqallar Şurasının sədri və millət vəkili olaraq, onlara bayram sovqatı paylatdım. Bu, cənab Prezidentin Şəhid ailələri və qazilərə diqqətinin təzahürüdür.

 

Qazilərimiz, şəhidlərimizlə bağlı olan məsələlər Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqətindədir. Onun göstərişi ilə şəhid ailələrinə, qazilərimizə hər cür kömək  göstərilir. Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının qayğısına qalır. O ki, qaldı həssas təbəqələrə, burada hansısa neqativlikdən söhbət gedə bilməz. Şəhid ailələri də, qazilərimiz də bilməlidirlər ki, Azərbaycan Prezidenti, Azərbaycanın Birinci Vitse-Prezidenti daim onların yanındadırlar. Buna kimsənin şübhəsi olmasın.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır