Modern.az

Xocalıda parada hazırlıq görülür

Xocalıda parada hazırlıq görülür

19 Aprel 2021, 15:10

Qarabağda yerləşən Xocalı aeroportunda Rusiya hərbçilərinin 9 May Qələbə günü paradına hazırlıq məşqləri başlanıb.

Modern.az xəbər verir ki, bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.


Məlumatda deyilir ki, Dağlıq Qarabağa yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti 2-ci Dünya Müharibəsində keçmiş Sovet İttifaqının qələbəsi münasibətilə təntənəli keçidin məşqlərinə başlayıb.


Aeroportda təlimlərə 400-dək Rusiya hərbçisi cəlb olunub. Təlimlərə 15-ci motoatıcı briqadanın, humanitar reaksiya mərkəzinin şəxsi heyətlərinin, hərbi polisin, xüsusi təyinatlı tibbi bölümün, eləcə də maddi-texniki təchizat bölümlərinin cəlb olunduğu bildirilir.


Bu il mayın 9-na planlaşdırılan paradda hər biri 45 hərbçidən ibarət 10 dəstənin keçəcəyi gözlənir.


Ötən il Azərbaycan Ordusu Ermənistanla 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti geri ala bildi.

10 noyabr 2020-ci ildə imzalanmış üztərəfli bəyanatdan sonra qoşunların təmas xəttinə 2 minədək Rusiya hərbçisi yerləşdirildi.

Xankəndi şəhəri, Xocalı və Ağdərə, Xocavənd rayonunun bir hissəsi isə hələ ki Qarabağdakı erməni separatçılarının nəzarətindədir. 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi