Modern.az

Hanı jurnalistlər?

Hanı jurnalistlər?

20 Aprel 2021, 15:10

Xaqani Səfəroğlu

Qəribə bir trend dəbə düşüb. "Sosial şəbəkələr var, daha jurnalistlərə ehtiyac yoxdur".

Bir anlıq təsəvvür edin ki, Azərbaycanda jurnalistlər yoxdur, KİV-lər bağlanıb. Hamı xəbəri sosial şəbəkədən alır.

Səhər sosial şəbəkəyə girirsən. Rəy moderatorlarından bir neçəsi haray qaldırıb ki, bəs filan yerdə bu hadisə baş verib. Başqa biriləri həmin hadisə barədə yazır ki, o hadisə əslində olmayıb, amma olması da mümkündür. Əməkdar şərhçilər və statuskarlar da rəml atırlar ki, bu hadisə olub, ya yox...

Yaxud digər bir bloger özü üçün çox vacib saydığı bir məsələni ölkənin 1 nömrəli problemi kimi müzakirəyə çıxarır. Dünya praktikasından da məlumdur ki, bloqerlər jurnalistlər kimi bütün cəmiyyət üçün deyil, yalnız özü üçün maraqlı olan məsələdən yazır.

Amma heç kim nə baş verdiyini öyrənmək, dəqiqləşdirmək üçün Nazirliyə, icra hakimiyyətinə, məmura zəng vurmağa cürət etmir. Niyə? "Status yazmışam da...Oxusunlar, tədbir görsünlər" deyirlər.

Gün davam edir... İnsanlar ölkədə baş verənlərdən xəbər tutmaq istəyirlər. Nazirliklər məmnun halda özlərinin boz press-relizlərini sosial şəbəkəyə atırlar: "Hava gözəl olacaq, nazir hamıya salam göndərir, məmur daha bir daşın daş üstə qoyulduğunu elan edir"...

Yox, axı nəsə baş verməlidir? Bəs dünən həbs olunduğu deyilən məmur hardadır? Büdcəmizdə olan pul ölkəyə çatarmı? Maaşımız nə qədər olacaq? Nazir niyə filan rayonda hamının bildiyi problemi gözardı edib? Problemlər və onlara verilən rəsmi reaksiyalar hardadır? Niyə səsim eşidilmir?

Hanı jurnalistlər?

Jurnalistləri sosial şəbəkədən, rəy moderatorlarından və bloqerlərdən fərqləndirən məqam budur. KİV yazdığına məsuldur, tələbkardır, cəmiyyətin "indikatorudur". Sosial şəbəkələr, yeni media vasitələri isə KİV-in daha çevik işləməsi üçün bir alətdir.

Yaxşı və faydalı platforma!

Amma xəbərin avanqardı jurnalistlərdir. Sosial media səsin eşidilməsi üçün bir imkandırsa, KİV cəmiyyətin informasiya təminatının ən vacib detalıdır.

Peşəkar media ən mühüm məsələdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi