Modern.az

Dövlət büdcəsinin icrası zamanı artıq pul yaranıb

Dövlət büdcəsinin icrası zamanı artıq pul yaranıb

21 Aprel 2021, 10:55

2021-ci ilin 1-ci rübündə Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına (operativ) dair məlumat açıqlanıb.

 

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2021-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 5736,4 mln. manat, xərcləri 5523,7 mln. manat olub, 212,7 mln. manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

 

Rəsmi məlumata görə, 2021-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 5736,4 mln. manat və ya rüblük proqnoza qarşı 23,5 mln. manat, 0,4 faiz çox icra olub:

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2085,7 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 363,8 mln. manat və ya 21,1 faiz,  2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 45,8 mln. manat və ya 2,2 faiz çoxdur. Həmin vəsaitin 72,2 faizi və yaxud 1507,0 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 110,6 mln. manat və ya 7,9 faiz çoxdur.

2021-ci ilin 1-ci rübündə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 943,6 mln. manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 158,6 mln. manat və ya 20,2 faiz çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən mədaxil 115,0 mln. manat vəsait təşkil etmişdir ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,5 mln. manat və ya 5,0 faiz çoxdur.

Sair daxilolmalar üzrə dövlət büdcəsinə 78,4 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 48,4 mln. manat və ya 2,6 dəfə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 39,0 mln. manat və ya 2,0 dəfə çoxdur.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və  Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən cari ilin 1-ci rübündə mədaxil proqnozunun artıqlaması ilə icra edilməsi və dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunması hesabına Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfertdən proqnoza nisbətdə 536,3 mln. manat və ya 17,6 faiz az, yəni 2513,7 mln. manat daxilolma qeydə alınıb.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan proqnozdan az daxil olmuş vəsait nəzərə alınmadan belə cari ilin birinci rübündə 212,7 mln. manat məbləğində profisit yaranıb”.

 

Nazirliyin məlumatına görə, 2021-ci ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri 5414,8 mln. manat proqnoza qarşı 5523,7 mln. manat və ya 102 faiz icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 269,1 mln. manat və ya 5,1  faiz çoxdur:

 

“2021-ci ilin 1-ci rübündə dövlət büdcəsi xərclərinin 4020,5 mln. manatı və ya 72,8 faizi cari xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 194,9 mln. manat və ya 5,1 faiz çox), 1105,7 mln. manatı və ya 20 faizi əsaslı xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 80,0 mln. manat və ya 7,8 faiz çox), 397,5 mln. manatı və ya 7,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

İqtisadi təsnifata uyğun olaraq cari ilin 1-ci rübündə dövlət büdcəsi xərclərinin 48  faizi və ya 2651,6 mln. manat sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 131,8 mln. manat və ya 5,2 faiz çoxdur.

2021-ci ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib”.

 

 

Qeyd olunub ki, cari ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 6968,8 mln. manat təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1458,6 mln. manat və ya 26,5 faiz çoxdur:

“İcmal büdcənin xərcləri isə 5921,3 mln. manat icra olunmuşdur ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 204,4 mln. manat və ya 3,6 faiz çoxdur. İcmal büdcədə 1047,5  mln. manat büdcə artıqlığı (profisit) yaranıb”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir