Arxiv
29 Aprel 2021, 12:05 | REPORTAJ
“Dedi ki, şəhid olsam, mənim adımı uşağa qoyma” - Xüsusi təyinatlı döyüşçünün XANIMI - FOTOLAR

44 günlük haqq savaşımızda qəhrəmanlıqlar göstərən, öz canını dogma torpağımıza qurban verən igid hərbiçilərimizdən biri də Zaur Ələsgərlidir.

Arayış: Zaur Mübariz oğlu Ələsgərli 1995-ci il martın 3-də Sumqayıt şəhərində dünyaya göz açıb. H.Z.Tağıyev qəsəbəsində 19 nömrəli tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2015-ci ildən hərbi sahədə olan Z.Ələsgərli xidmətini başa vurandan sonra mülki həyata qayıtmayıb. Belə ki, o, 2018-ci ildə miçman kimi Hərbi Dəniz Qüvvələrində xidmətə başlayıb.


2020-ci ilin sentyabrın 27-dən Qarabağ uğrunda başlayan əks-hücum əməliyyatlarında kəşfiyyatçı olaraq öndə gedən Zaur oktyabrın 31-də i Xocavənd rayonun Qırmızı Bazar ərazisində müqəddəs şəhidlik zirvəsinə yüksəlib.


Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Zaur Ələsgərli döyüş zamanı göstərdiyi şücaətlərə görə “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.


Modern.az
saytının əməkdaşı şəhidin ömür-gün yoldaşı Vəfa Ələsgərli ilə həmsöhbət olub.


“Onun sonuncu baxışını bir ömür unuda bilmərəm...”


- Hərbi Dəniz Qüvvələrində micman idi. Müharibə başlayandan döyüşlərə qatılıb. Lakin mən onun Gəncədə olduğunu bilirdim.


Biz Zaurla 5 il bir-birimizi sevmişik... Zaurla 3 il idi ailə həyatı qurmuşduq. Mən sanki dünyaya gözümü Zaurla açmışdım. Zaurla müharibəyə gedəndə bizim bir övladımız vardı, digərinə isə hamilə idim. O hər şeyi arxasında buraxıb vətəni üçün savaşmağı seçdi.


Sonuncu dəfə sentyabrın 25-i evə gəldi. Axşam yenidən qayıtmalı idi. Gedəndə onu yola salmaq üçün Ayxanla birlikdə qapıya çıxdıq. Heç vaxt elə etmirdi. Həmişə sadə formada sağollaşırdı. Sanki bir daha görməyəcək kimi bizimlə  sağollaşdı. Qapıdan geri çevrilib bizə çarəsiz halda baxdı. O baxışı heç vaxt unuda bilmirəm. Onun üzü, baxışı bir ömür yadımdan çıxmaz. Həmin andan sonra ona zəng vurdum. Niyə elə baxdığını soruşdum. Dedi ki, “sənə elə gəlib. Mən evdən həmişəki formada çıxmışam”. Müharibəyə getdiyini deməmişdi. Lakin onun baxışları məni həyəcanlandırdı. İçimdə istər-istəməz qorxu yarandı. Sonradan başa düşdüm ki, o hara getdiyini bilirmiş, ona görə də elə baxırdı.


“Uşaqlardan və özündən muğayət ol...”


- Onunla mütəmadi olaraq əlaqə saxlaya bilmirdik. Elə olurdu ki, günlərlə danışa bilmirdik. Eyni yerdə xidmət edən hərbçilərin həyat yoldaşlarının bir-birlərilə əlaqəsi var. Əksəriyyət Zaurun harada olduğunu bilirmiş, lakin mənə demirmişlər. Döyüşdə olduğunu məndən gizlədirdilər.
Hansımızın yoldaşı zəng edirdisə, bir-birimizə xəbər verirdik ki, “narahat olmayın hamısı yaxşıdır”.


Zaur sonuncu dəfə mənimlə oktyabrın 30-u danışdı. Əvvələr zəng edəndə adətən çox az danışırdı. Lakin həmin gün bir neçə dəfə zəng vurdu və çox danışdı. Normal, hər zamankı kimi söhbətləşdi. Mənə heç nə bildirmədi. Son sözü “uşaqlardan da özündən də muğayət ol” oldu. Həmin an nə demək istədiyini başa düşmədim. Telefonu söndürəndən sonra niyə belə dediyini düşündüm. Yenidən zəng etdim. Artıq telefonu söndürülmüşdü. Ondan sonra əlaqə kəsildi....


Zaur bir ömür boyu mənim qəlbimdə yaşayacaq. Mən nə vaxt bu dünyadan köçsəm, ondan sonra Zaur da öləcək... Mən varamsa, o da var. O mənim üçün tam başqa insan olub. Zaur mənim həm atam, həm anam, həm də bacım, həm də qardaşım idi. Bir sözlə, hər şeyim idi. Bəlkə də bu qədər sevdiyimə görə Allah onu mənim əlimdən aldı. Quranda da belə bir söz var ki, “heç bir insanı məndən çox sevmə, onsuz yaşaya bilmərəm demə. Səndən alaram, səni onsuz da yaşadaram”. Elə də oldu... Buna yaşamaq demək olmaz. Uşaqlarıma görə yaşamağa məcburam...


“Ata gələcək, mənə maşın almağa gedib...”




- Böyük oğlum Ayxan 2018-ci ildə dünyaya göz açıb. Zaur övladına hər şeyi edirdi. Həmişə deyirdi ki, “mən özüm çox çətinliklər çəkmişəm, imkan vermərəm ki, Ayxan çətinlik üzü görə”. Canı bahasına olsa da, dediyini etdi. İşdən yorğun gəlsə də, onu qəti şəkildə evdə bizə hiss etdirməzdi. Deyirdi, gülürdü, uşaqla oynayırdı. Çox mülayim və gülərüz insan idi. İndi balaca oğlum Ayaz da eynən atası kimidir. Simadan da atasına oxşayır.


Ayxan atası ilə bağlı hər şeyi xatırlayır. Çox insan deyir ki, uşaqdır, başa düşmür. Lakin uşağın dilindən ən yaxşı anlayan anasıdır. Yoldaşımın 7-si çıxana qədər Ayxan yuxuda “ata-ata” deyib ağlayırdı. Həmin ərəfədə sanki boğulurdum, evdə qala bilmirdim. Həyətə düşmüşdüm. Ayxan məni axtarırdı, gözü üstümdə idi. Evə gələn kim, məni qucalayıb, düz gözümün içinə baxdı və ”mama getmə” dedi.


Ona başa salmağa çalışıram. Deyirəm ki, “Ayxan ata yanımızdadır. Lakin biz görmürük, göylərdədir. Biz də onun yanına gedəcəyik”. Qəbullana bilmir. Belə deyəndə “Ata gələcək, mənə maşın almağa gedib” söyləyir. Bütün günü videolarına baxır, məndən “ata gələcək” sözünü gözləyir...


“Sanki əvvəlcədən şəhid olacağını hiss edirdi...”


- Müharibə başlamışdan öncə uşağa nə ad qoyacağımızı düşünürdük, İnternetdə adlara baxırdıq. Soruşdum ki, Ayaz adı necədir? Dedi ki, “gözəl, ağılabatan addır”. Hələ də qərarsız idik. Müharibəyə getdi. Oradan zəng vurmuşdu. Dedim ki, uşağın adı da yoxdur. Dedi “uşağın adı niyə yoxdur ki, onun adı Ayazdır”.


Bir dəfə dedi ki, birdən mən şəhid olsam, çaşıb mənim adımı uşağıma qoyarsınız. Ömür boyu onu etməyin. Pis olurdum, sözün həmişə kəsirdim. O sözü deməsəydi belə, mən uşağıma onun adını qoya bilməzdim. Zaur mənim üçün tamam başqa biridir. Onun adını övladıma qoyub, çağıra bilməzdim..



Ayaz yanvarın 25-i dünyaya gəldi. Həmin gün həyatımın ən çətin günü idi. Bu günə qədər özümü o qədər tənha hiss etməmişdim. Belə bir söz var ki, insan anadan, atadan yetim qalır. Onunla yanaşı, insan yoldaşdan da yetim qalarmış. Mən özüm anasız böyümüşəm. O, mənim həm anam, həm də atam idi. Həmin gün Zaurun mənim yanımda olduğunu hiss edirdim və buna əmin idim. Onu xəstəxanadan çıxanda da hiss etdim. Yanvarın 27-si xəstəxanada olanda gecə onu yuxuda gördüm. Birlikdə torpaq qazırdıq. Qaza-qaza nə qədər sözlər dedi. Sanki mənə hər şeyi başa salırdı. Səhərisi günü Ayazı xəstəxanadan çıxartdıq. Şarlar hazırlanmışdı. Qız onu möhkəm tutduğunu deyirdi. O şarların içində təkcə “Z” hərfi uçaraq ağacda qalıb. Onda bildim ki, o bizim yanımızdadır. Bunu nəyləsə bildirməyə çalışır.


“Zauru tez-tez yuxularımda görürəm...”

- O məni çox arxayın etmişdi. Deyirdi ki, Dəniz Qüvvələriyik, heç vaxt qabaqda ola bilmərik. Döyüşdə olan zaman onu yuxuda görmüşdüm. Zəng edib özünə də demişdim. Yuxumda ağ rəngli, böyük maşın aldığını və onunla geri qayıtdığını görmüşdüm. Geri qayıdacağını düşünürdüm...


Yoldaşım şəhid olandan sonra 3 gecə qəti şəkildə yuxuma gəlmədi. Çox pis vəziyyətdə idim. Hər şeydən küsmüşdüm. Bir tərəfdə oturub qalmışdım. Ümid edirdim ki, bəlkə qayıdıb gələr... Özümü onu yuxuda görməyə məcbur edirdim. 3-cü gecə idi. Güclü yağış yağırdı, yağışın səsini eşidirdim.Yuxu olmadığını düşünürəm. Qapı açıldı yoldaşımı gördüm. İşıq saçırdı, içəri gəldi. Mən divanda yatmışdım. O divanın qarşısına diz çökdü, ağlayırdı. Mən ömrü boyu onun ağlamağını görməmişəm. Ağlayır, qışqıra-qışqıra nəsə danışırdı. Nə danışdığını eşidə bilmirdim. Bir “yazıq” sözünü eşitdim. Eyni formada da çıxıb getdi. Qapını da örtdü. Oyandım gördüm ki, yağış hələ də davam edir. Ordan başa düşdüm ki, bu yuxu deyilmiş. Yuxuda insan yağışın səsini necə eşidə bilər. Kaş geri gələrdi, yanımızda - başımızın üstündə olardı.. Mənim bütün arzularım torpağın altındadır. Çünki hamısı Zaurla bağlı idi. İndi yeni xəyallar qurulacaq. Onlarda hamısı Ayxan və Ayaz ilə bağlı olacaq...


“O, böyük arzularla yaşayan insan olmayıb...”


- Çox sadə insan idi. Yoldaşım çox çətinliklər içərisində böyüyüb. Uşaq kimi insan idi. Hər şeyi özünün etməyini istəyirdi. Kimsədən kömək istəmirdi. Avqust ayında sürücülük vəsiqəi almışdı. Biz də həmin vaxt rayona gedirdik. Yolda mənə vəsiqəni göstərdi. Uşaq kimi gözünün içi parıldayırdı. Dedi ki, “bax aldığıma”... Maşını sevən insan idi. Lakin avtomobil almaq qismət olmadı. Bizim üçün hər şeyi rahat edib getdi. Həmişə ona deyirdim ki. “Zaur bizi sənsiz qoyma, bizə qızıl qabın içində qan qusdurma”.


“Müharibə bitdi...Daha heç bir ailə yarımçıq olmayacaq...”

10 noyabr 2020-ci il tarixində Qələbə xəbərini eşidəndə digər ailələrə görə çox sevindim. Müharibə bitdi, artıq heç bir ailə yarımçıq olmayacaq. Torpaqlarımız azad olundu, şəhidlərimizin qanı yerdə qalmadı. Bunlara görə çox sevindim. Daha sonra birdən ayıldım ki, Zaur yoxdur. Yenidən o vəziyyətimə qayıtdım. Mən oturub dərdimi də çəkə bilmirəm. Çünki övladlarım var. Onlara dərd yaşatmağa haqqım yoxdur.


Şəhid ailələrinə Allahdan səbr diləyirəm. Biz bir-birimizi başa düşürük. Qazi ailələri isə şanslı insandırlar ki, sevdikləri onların yanına qayıtdı. Düzdür, yaralıdırlar, elələri var ki, yataq xəstəsidir. Amma şanslıdırlar ki, ən azından uşaq “ata” çağıranda, o, uşağına cavab verə bilir..

Nəzrin Vahid

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?