Arxiv
29 Aprel 2021, 13:23 | DİASPOR
Fuad Muradov Federal agentliyin rəhbərliyi ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, Moskva şəhərində MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal agentliyin (Россотрудничество) rəhbərliyi ilə görüş keçirilib.

 

Modern.az xəbər verir ki, görüş Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Hökumətlərarası Dövlət Komissiyasının 27 aprel 2021-ci tarixində keçiriləcək 19-cu iclası ilə əlaqədar Moskvaya səfər çərçivəsində baş tutub.

 

Dövlət Komitəsinin sədri Fuad Muradov rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında müfəssəl məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatların diaspor sahəsini də əhatə etdiyini vurğulayaraq görülmüş işlər və əldə edilmiş nailiyyətlər barədə danışıb. Komitənin təsis etdiyi Diaspor TV, Diaspor FM və onlayn xidmətlərin uğurla fəaliyyət göstərdiyinə diqqəti cəlb edib. 

 

Görüş zamanı diaspor sahəsində ikitərəfli əməkdaşlıq istiqamətləri, Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, soydaşlarımızın Rusiya cəmiyyətinə inteqrasiyası və onların təmsil etdiyi qurumlar arasında əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Pandemiya məhdudiyyətləri səbəbindən ölkələrarası sərhədlər bağlanarkən, Rusiya Federasiyasının Dağıstan sərhədindən 7 mindən çox azərbaycanlının Azərbaycan tərəfinə təxliyə olunduğu vurğulanıb. 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəklədiyinə görə rus icmasına minnətdarlıq ifadə edilib. Azərbaycanın əldə etdiyi parlaq Zəfərin ölkəmizdə yaşayan bütün icmalar tərəfindən böyük sevinclə qarşılandığı nəzərə çatdırılıb.  Rusiyadakı erməni diasporunun həmin dönəmdə yolverilməz davranış sərgiləməsindən, öz soydaşlarını qəbuledilməz və radikal şəkildə cəlb etməyə çalışmasından dolayı təəssüf hissi ifadə edilib. 

 

Görüşdə digər ikitərəfli məsələlər də müzakirə olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv