Modern.az

Qarlı hava bütün qəzetlərin nəşrini dondurdu

Qarlı hava bütün qəzetlərin nəşrini dondurdu

5 Fevral 2010, 16:30

Bakıya güclü qarın yağması fevralın 5-də paytaxtın bir çox rayonlarını işıqsız qoyub. “Bakıelektrikşəbəkə” elektrik enerjisi təchizatındakı problemləri hava elektrik xətlərinin keçdiyi ərazilərdə çoxlu qırılmaların olması ilə əlaqələndirib. Bu gün səhər saatlarından Yasamal rayonunda yerləşən “Azərbaycan” nəşriyyatında da işıqlar sönüb. Nəşriyyatda yerləşən Kütləvi İnformasiya Vasitələrinin işi iflic olub. Qar Kütləvi İnformasiya Vasitələrinin fəaliyyətinə necə təsir göstərib? Modern.az fevralın 5-də saat 15.00 radələrində bu sualla bəzi qəzet redaksiyalarına müraciət edib. “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay işçilərin işdə olduğunu deyib: “Amma neçə saatdır ki, işıqsız qalmışıq. İşıq yansa, qəzeti çıxarmağa çalışacağıq”.

“Şərq”in baş redaktoru Akif Aşırlı bildirib ki, işçilərin bir hissəsi iş başındadır: ““Azərbaycan” Nəşriyyatının elektrik enerjisi ilə təchizatında problem yaranıb. İşıq olmadığı üçün çətinliklə üzləşmişik. Saat 17:00-a kimi gözləyəcəyik. İşıq yanmasa, qəzet sabah çıxmayacaq”.

“Azərbaycan” qəzetinin şöbə müdiri İxtiyar Hüseynli bildirib ki, havanın soyuması onların işinə təsir etməyib: “Baxmayaraq ki, biz də 4 saatdı işıqsız qalmışıq. Ancaq əlyazma formasında işlərimizi davam etdiririk. Bütün işçilər də işə gəlib. Bu günkü hava bəzi çətinliklər yaratsa da, “Azaərbaycan” qəzeti hökmən başqa yerdə də olsa çıxacaq”.

“Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru Nadir Azəri redaksiya heyətinin iş başında olduğunu deyib: “Dünən gecə işıq problemimiz yaranmışdı. Ancaq bu gün heç bir çətinlik yoxdur. Qəzet həmişəki kimi normal iş rejimindədir. Sabahkı sayımız nəşr olunacaq”.

“Bizim yol” qəzetindən də bildirdilər ki, işıq problemi var, qəzet sabah çıxmayacaq.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov bildirib ki, qəzet nəşrini təxirə salıb: “İşçilərimizin bəzisi gələ bilməyib. Həm də “Azərbaycan” Nəşriyyatında işıqlar sönüb. Biz qəzeti başqa yerdə çıxara bilərdik, ancaq sabah havanın necə olacağı bəlli deyil. Bir məsələ də var ki, bizdə olan məlumata görə, qəzetlərin bölgələrdə yayımı dayandırılacaq. Ona görə də qərara aldıq ki, sabahkı sayımız çıxmasın”.

“Yeni Müsavat”ın əməkdaşı Elşad Paşasoy bildirib ki, hazırda redaksiya gərgin vəziyyətdədir: “İşıqlar sönüb, mühərrik də qoşduq işləmədi. Ona görə bu dəqiqə çətin vəziyyətdəyik. Vəziyyəti nəzərə alan rəhbərlik qəzetin sabahkı buraxılışını təxirə salmalı olub”.

“525”-ci qəzetin redaktoru Yusif  Rzayev də redaksiyada işıq probleminin olduğunu deyib: “Hazırda işıqlarımız sönüb, generator vasitəsilə texniki problemi bir təhər aradan qaldırmışıq. İşçilərin uzaqda qalanları işə gələ bilməsə də, kollektivin əsas hissəsi yerindədir. Qəzet sabahkı nömrəsini çıxarmağı planlaşdırır”.

“Ayna-Zerkla” qəzetinin baş redaktoru Elçin Şıxli bildirib ki, qəzetin sabahki sayı çıxmayacaq: “Qarlı hava olduğu üçün əməkdaşlarımız işə gələ bilməyib. Redaksiyada da bəzi texniki problemlər yaranıb”.

“Səs” qəzetindən isə bildiriblər ki, qəzetin iş rejimi normaldır: “Heç bir problemimiz yoxdur. İşçilərin də hamısı yerindədir. Qəzet bu gün çıxacaq”.

“Üç nöqtə” qəzetinin redaktoru Şahin Əliyev bildirib ki, qəzetin sabahkı buraxılışı təxirə salınıb: “İşıq olmadığı üçün qəzet də çıxmayacaq”. ”Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli onların da redaksiyalarında işıq probleminin olduğunu vurğulayıb: “Çıxıb-çıxmayacağımız məlum deyil”. Modern.az saytının da redaksiyasında işıqlar sönüb. Yalnız günün ikinci yarısında generator vasitəsilə texniki problemi müvəqqəti olaraq həll edə bildik. Lent.az saytının və APA-nın da redaksiyalarında işıq problemi olduğundan onlar gün ərzində normal fəaliyyət göstərə bilməyiblər. ”Media forum” saytının da fəaliyyətində problemlər yaranıb. Günay MUSAYEVA

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu