Arxiv
29 Aprel 2021, 16:13 | DİASPOR
Çeboksarı şəhərində Nizami Gəncəvinin abidəsi ziyarət edilib

Rusiyada fəaliyyət göstərən Çuvaş Respublikası Xalqlarının Dostluq Assambleyası və Çuvaş Azərbaycanlıları Liqasının təşəbbüsü ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Çeboksarı şəhərinin cənub qəsəbəsindəki abidəsi önündə tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə çıxış edənlər bu il bütün dünyada, o cümlədən Azərbaycanda qüdrətli söz ustadının anadan olmasının 880 illik yubileyi münasibətilə silsilə tədbirlərin keçirildiyini bildiriblər. Nizami Gəncəvinin Azərbaycanın qədim Gəncə şəhərində yaşadığı, fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən "Xəmsə"sini Gəncədə yazdığı, yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyət kəsb etdiyi, böyük ədəbi məktəbin bünövrəsini qoyduğu nəzərə çatdırılıb.

 

Tədbir abidənin önünə çiçəklərin düzülməsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, Nizami Gəncəvinin Çeboksarı şəhərinin cənub qəsəbəsindəki heykəlinin açılış mərasimi 2004-cü il fevralın 24-də keçirilib. Abidənin müəllifi, Azərbaycanın xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovdur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv