Modern.az

Hüsü kişinin gördükləri, eşitdikləri və dedikləri - III yazı

Hüsü kişinin gördükləri, eşitdikləri və dedikləri - III yazı

4 May 2021, 13:20

O, kişinin ömrünün çox hissəsi Sovetlər dövrünə düşmüşdü. O dövrlə bağlı çoxlu xatirələri var idi. Həmin illərdə gördüklərini və eşitdiklərini danışmağı elə bil özünə vəzifə hesab edirdi. Çalışardı ki, bu söhbətlərin əsas dinləyiciləri yeniyetmə və gənclər olsun. Şahidi olduğu yaxşı-yaman nə var idisə danışar, hərdən bir öz şəxsi mülahizələrini də söylər, istəyərdi ki, gənclər bundan dərs götürsünlər.

 

Sovetlərin yarandığı ilk illərdə ailəsinin, xüsusilə də babasının başına gələnləri elə danışardı ki, elə bil özü də həmin vaxtların şahidi olmuşdu.

 

“Balalarım siz kitablardan çox şey oxuyub, öyrənirsiniz. Amma mənim söylədiyim faktlar heç də kitabda yazılanlardan az əhəmiyyət daşımır. Nə vaxtsa dediklərim sizə lazım olacaq”.

 

Hüsü kişi ədəbiyyatdan, tarixdən də xəbərdar olan bir insan idi. Danışdıqlarına bir az da bədiilik qatdığına görə onun söhbətləri hamımız üçün maraqlı idi.

 

Babası Mansur kişi eldə-obada çox hörmətli bir insan kimi ad-san qazanmışdı. Yaşadığı kəndin koxası olmuşdu. Bununla belə adil, insansevər, rəhimdil, canıyanan, kasıb-kusuba əl tutan bir şəxs kimi hamının hörmətini qazanmışdı. Amma bu yazıq kişinin və qohum-əqrəbasının başına nə oyunlar açılmamışdı... Sovetlər dövrünü xatırlayanda Hüsü dayı bu barədə “yana-yana” danışardı. Söhbətlərinin birində söyləyirdi ki, babamgilin qonşuluğunda kasıb bir ailə yaşayırdı. Mansur kişi onlara da xeyirxah əlini hərdən uzadırmış. Günlərin bir günü ər-arvad hər ikisi qəfildən rəhmətə gedirlər. Onların yeniyetmə bir oğul övladı yetim qalır. Mansur bəy oğlanı himayəsinə alaraq təsərrüfat işlərinin bir hissəsini ona tapşırır. Mal-heyvana baxmağı qonşu uşağına həvalə edir, öz balası kimi qayğısına qalır, bir parça çörək sahibi edir. Nəinki oğlanın təhsil almasına kömək edir, hətta onu evləndirib ailə başçısına çevirir. Amma qəza-qədər uzaqda deyilmiş. Aləm qarışır, dövran dəyişir. Sovet hökuməti qurulur. Mansur kişinin nəinki, var-dövlətini, əlindən alırlar, ailə üzvlərini, qohum-əqrəbasını olmazın zülümlərə düçar edirlər. Kimisi güllələnir, kimisi sürgün edilir, kimisi isə şər-böhtanla damğalanıb qazamata göndərilir. Kolxozun da qurulan vaxtları imiş. Amma həyat Mansur kişinin üzünə az da olsa gülməyə başlayır. O vurhavur, tuthatut dövründə ailə üzvlərinin və qohum-əqrəbasının üzləşdiyi məşəqqətli həyatdan kənarda qalır. Onun da səbəbi o idi ki, onların yaşadığı ərazidə yaradılan kolxoza həmin o qonşu oğlan sədr qoyulmuşdu. Çörək itirməyən gənc Mansur kişini qoruya bilir. 

 

Söhbətin bu yerində Hüsü kişi bir az ara verir, nəfəs dərir və üzünü ona qulaq asanlara tutub deyir:

 

-Balalarım məndən sizə tövsiyə və nəsihət: Həyatınız hələ  qarşıdadır. Hələ uzun illər yaşayıb bu həyatın soyuğunu-istisini görəcəksiniz, acısını, şirinini dadacaqsız. Qarşınıza minlərlə insan çıxacaq, yaxşısı da olacaq, pisi də. Əldən tutanı da olacaq, ayaqdan çəkəni də. Çalışın bu insanları ayırd eləyə bilin. Yaxşısını pisdən ayıra bilin. Düzdür mələk cildinə girmiş şeytanları tez tanımaq olmur. Bəzən çətinlik çəkirsən qiymət verməkdə. Amma əlinizdən tutan, çörək verən insanların haqqını itirməyin. Siz də yaxşılıq edənlərdən olun. Kiminsə bədbəxtliyi üstündə xoşbəxtlik axtarmayın, gələcəyinizi qurmayın. Biləsiz ki, bu dünyada heç nə əbədi deyil.

 

Nə isə... Hüsü kişi burada da sözünə ara verib yenidən dilləndi.

 

Sadəcə olaraq bir ağsaqqal kimi bunları Sizə deməyi özümə borc bildim.

 

Yenidən qayıdaq babam Mansurun söhbətinə. Nəisə kolxoz yaranır və hərə öz işində-gücündə. Bir də xəbər gəlir ki, kimsə mərkəzdən kolxoza nümayəndə təşrif buyurub məruzəçi kimi. Kənd camaatını yığırlar kolxozun həyətinə. Mərkəzdən gələn cavan bir oğlan kolxoz nədir, necə işləmək lazımdır və digər məsələlərlə bağlı insanlara “dərs” keçməyə başlayır. Kollektivçilik və kollektiv işin əhəmiyyətindən uzun-uzadı danışır. Sonda kimin sualı var deyə camaata müraciət edəndə hamı ağzına su alıb dayanır. Yenə babam özünü qabağa verir.

 

-Yaxşı, a bala bu kolxozu yaratdıq. Olduq kollektiv təsərrüfat. Əkdik, biçdik, yığdıq verdik sizə. Deyirsən hər şey olur bizim. Yəni Sovet hökumətinin. Hər şey bizimdir amma mənim deyil. Bəs bu nə olan şeydir?

 

Nümayəndə: - A kişi elə mən də onu başa salmağa gəlmişəm. Əsas kollektivçilikdir, kolxozdur. Kolxoz özü həll edəcək.

 

Mansur kişi: - Bəs bu arvad-uşaq necə olacaq?

 

- Nümayəndə tutuquşu kimi elə dediyini təkrarlayırdı: Yenə deyirəm və başa salıram. Əsas kolxozdur. Biz iki düşərgə tikəcəyik. (O vaxt tarlaların ətrafında tikililər inşa olunurdu ki, ona da düşərgə deyirdilər). Biri kişilər üçün digəri qadınlar üçün. İşdən sonra siz bu düşərgələrdə qalacaqsınız.

 

-Mansur kişi: Deməli belə çıxır ki, arvad kolxozu ayrı, kişi kolxozu da bir ayrı matah olacaq? A bala bu necə olan işdi? Əlimizin zəhmətinin məhsulunu siz götürürsünüz. Arvadlarımızı da siz idarə edəcəksiniz? Bəs ailə uşaq?

 

Nümayəndə: - Bax mən də bunu başa salmağa gənmişəm. Hər gün bir kişi, bir də qadın ayrılacaq. Bu da püşkatma yolu ilə olacaq və püşkdə çıxan kişi və qadın kolxozda olan ailə-uşaqların yemək-içməyi ilə məşğul olacaq.

 

Mansur kişi əsəbi halda mərkəzdən gələn nümayəndəni tərs nəzərlə süzərək: - Deməli birinin arvadını digərinin kişisi ilə cütləşdirib kolxoz yaradırsınız? Ə, bu nə kolxoz-molxoz biabırçılığıdı? Ay oğlan, mən bilmirəm sən nəyi başa salmağa gəlmisən. Amma onu bilirəm ki, sən bizi başa salmağa yox, .... salmağa gəlmisən. Get bala, get bir yaxşı-yaxşı fikirləş. Nə qədər ki, dəymişin dura-dura kalın tökülməyib, get,  özünə başqa iş tap...

 

Hüsü kişi söhbətinin bu məqamında dayanıb  dərindən bir ah çəkdi: 

 

- Hə, balalar o söz babamın da həyatına nöqtə qoyur. Təzyiqlər, əzablar onun da başının üzərində qara bulud kimi dolanır. Yetişdirib çörək verdiyi kolxozun sədri də onu xilas edə bilmir. Bax belə. Ona görə də bu günkü günümüzə şükürlər edib qədrini-qiymətini bilin. İndi müstəqil dövlətimizdə azad, firavan yaşayırıq. Onu qorumaq lazımdır...

 

Ardı var....

Akif Təvəkküloğlu əməkdar jurnalist

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar