Modern.az

YAP Ana Vətən Partiyası ilə birləşməkdən imtina edib

YAP Ana Vətən Partiyası ilə birləşməkdən imtina edib

21 Sentyabr 2012, 12:51

İqtidaryönlü mövqeyi ilə seçilən Ana Vətən Partiyasının (AVP) hakim Yeni Azərbaycan Partiyası ilə birləşməsi məsələsi yenidən gündəmə gəlib. Bir müddət əvvəl AVP-nin sədr müavini, deputat  Zahid Oruc tərəfindən irəli sürülən vahid partiyada birləşmək təklifi o zaman reallaşmasa da, millət vəkili prezident seçkisi öncəsi yenidən bu məsələyə qayıdıb.

Millət vəkili Zahiq Oruc irəli sürdüyü təkliflə bağlı Modern.az-a açıqlama verib. Deputat bildirib ki, hər iki iqtidar partiyasının vahid şəkildə birləşməsi Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir.

“Mən bir müddət əvvəl də belə bir təklif irəli sürmüşdüm. Təbii ki, hər zaman bir millət vəkili kimi, istər Ana Vətən Partiyasının təmsilçisi kimi mən partiyalar sistemində isteqrasiyaların getməsini hər zaman arzulamışam. Düşünürəm ki, Ana Vətən Partiyası ilə Yeni Azərbaycan Partiyasının birləşməsi siyasi baxımdan böyük əhəmiyyətə malik olardı. Bu məsələ ilə bağlı mən təklifimi dilə gətirərkən hər hansı şəxsi niyyət güdməmişdim. Çox istəyirdim ki, bu iki iqtidar partiyası vahid partiya şəklində birləşsin. Təəssüflər olsun ki, mənim təklifimə münasibət müsbət olmadı. Yeni Azərbaycan Partiyasının gücü bizimlə müqayisədə daha böyükdür. Bu fonda onlar belə birliyin olmasına müsbət baxmadılar. Bununla da mövzu qapandı. Amma mən yenə də öz fikrimdə dayanaraq partiyaların birləşməsini müsbət hal hesab edirəm”, - deyə Z.Oruc açıqlama verib.

Qeyd edək ki, millət vəkili Zahid Oruc bir müddət əvvəl Ana Vətən Partiyası ilə Yeni Azərbaycan Partiyasının birləşməsi haqda təklif irəli sürmüşdü. Lakin hakim partiyanın funksionerləri deputatın təklifinə müsbət baxmayaraq, belə bir birliyin formalaşmasına ehtiyac duymadıqlarını bəyan etmişdilər. Hazırda məsələ yenidən gündəmdədir. Prezident seçkiləri ilə bağlı müxalifət düşərgəsindən fərqli olaraq iqtidar yönlü partiyaların vahid birlik yaratması indiki durumda real görünmür.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub