Arxiv
7 May 2021, 03:06 | ALLAH RƏHMƏT ELƏSİN
Xalq artisti Arif Quliyev vəfat etdi

Azərbaycanın Xalq artisti Arif Quliyev dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

 

Xalq artisti bir müddət idi ki, koronavirusa yoluxmuşdu. Onun ağ ciyərinin 90 faizi zədələndiyindən "Yeni klinika"da süni tənəffüs aparatına qoşulmuşdu.

 

Arif Əli oğlu Quliyev 1950-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. 1965-ci ildə Bakə Mədəni-Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olub. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyorluğu" fakültəsinə daxil olub. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirib.

A.Quliyev müxtəlif səpgili və müxtəlif xarakterli obrazlar yaradıb. 1988-ci ildə "Arif" Özəl Satira Teatrı yaradıb və onun bədii rəhbəri olub. 1982-ci ildə o, Respublika Gənclər mükafatına, 1988-ci ildə Əməkdar artist fəxri adına, 1993-cü ildə isə "Humay" mükafatına layiq görülüb.

1993-cü ildə A.Quliyev Musiqili Komediya Teatrından Milli Dram Teatrına dəvət olunub. 1994-cü ildə o, Xalq artisti fəxri adına layiq görülüb. 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə "Qızıl Dərviş" mükafatına layiq görülüb. 

A.Quliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrında da işləyib.
 

Arif Quliyevin “Şans”, “Bığ əhvalatı”, “Qaynana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar” və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb. Bundan başqa, aktyor “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” kimi bədii filmlərdə canlandırdığı obrazlarla yadda qalıb.

 

 

Allah rəhmət eləsin...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?