Şirvan sarayında şah, vəzir, Munis və əyanlar, saray adamları böyük bir otaqda bir yerə yığışırlar. Şah sarayda məclis təşkil etdirir, kef məclisi başlayır, rəqqaslar gəlib oynayırlar. Şah soruşur ki, Xaqani hanı? Saray şairi Munis istehza ilə deyir ki, Xaqaninin əziz dostu Gəncədən buraya təşrif gətirmişdir. Həm də Xaqaninin dostunun, yəni Nizaminin hamıdan xəbərsiz bu gəlişi çox şübhəlidir. Şah Munisdən soruşanda ki, necə şübhəlidir, nə də şübhəlidir. Munis həmişə nitqində təkrarladığı “Mənim vicdanım ləkə götürməz. Mən həqiqət aşiqiyəm” cümlələrini tutuquşu kimi təkrarlayır, “həqiqəti” şahdan gizlətmək istəmədiyini deyir. Şahın təkidi ilə Munis öz yalan və böhtan dolu fikirlərini deyir. Güya Nizami Xaqani ilə bərabər Şirvan şahının taxtü-tacına sui-qəsd hazırlayır. Güya Nizami ilə Xaqaninin gizli əlaqələri var, Gəncədən Şirvana, Şirvandan da Gəncəyə gizlin məktublar gəlib-gedir. Güya Nizami Xaqaniyə deyir ki, nə üçün rəzillərin, namərdlərin önündə baş əyirsən? Həm də güya Nizami rəzil, namərd deyəndə şahı nəzərdə tutur. Hələ bu nədir ki, Nizami güya şahın üstünə xəncər qaldırmaq, öz yaxın adamlarını toplayıb sizi qətlə yetirmək istəyir. Bu zaman saray adamlarından biri gəlir və şaha deyir ki, memar hüzurunuza izn istəyir. Bu, memar Əbdəkdir. Vaxtilə Bərdənin memarı olmuş memar Əbdək. Onun heç bir şeyə ehtiyacı yoxdur. Harada olsa, bir parça çörək tapar. Şahdan yalnız bir ricası var. O, Bərdəyə qayıtmaq, yandırılan sarayları yenidən bərpa etmək istəyir. Şah ona icazə verir. Əbdək şaha öz razılığını bildirir. Şaha deyir: “Böyük hökmdar, məni buraya sevimli bacımın məhəbbəti gətirdi. Mənə dedilər ki, əsir düşmüş bacım Şirvan sarayına göndərilən kənizlərin arasındadır. Lakin mən onu sarayda tapmadım. Onun qəmli dastanı məni hər an düşündürür. Onu tapa bilsəydim, sevincdən aldığım qüvvətlə bundan yüz qat möhtəşəm bir saray tikə bilərdim”. Əbdəkin “...bundan yüz qat möhtəşəm bir saray tikə bilərdim” deməsi şahın xoşuna gəlmir. Şah acıqlı-acıqlı deyir ki, sənə mükafat yox, ölüm cəzası veriləcəkdir. Sən də, yəni Əbdək də güya sui-qəsdçilərin miskin fikirləri ilə yaşayır. Bu məqamda sanki Munisin əlinə fürsət düşür. Munis şaha deyir ki, o, bizim hamımızı öldürmək üçün saraya soxulmuş bir canidir. Şah Əbdəkin zindana atılmasını hökm edir. Bu vaxt xidmətçi məlumat verir ki, Nizami gəlmişdir. Şah deyir ki, öz ayağı ilə gəlib çıxmışdır. Vəzir söhbətə qoşulur, Nizaminin “Xosrov və Şirin” dastanının böyük hədiyyə olduğunu deyir. Şah yenə də öz giley-güzarını edir: “Yadındadırmı şair, saraya gəlmək istəmirdin!” Bu məqamda şahla Nizami arasındakı söhbət onun qəlbində sevgi, məhəbbət adlı bir qiyməti əvəzsiz olan gövhərin varlığını təsdiq edir. Belə gövhər nə şahda, nə sarayda, nə saray əhlində yoxdur. Diqqət edək:
“Şah. “Xosrov və Şirin”i nə üçün yazdın?
Nizami. Sevdiyim üçün!
Şah. Çox gözəl...Mən bu dastanı nə ilə mükafatlandıra bilərəm?
Nizami. Mən ürəyimdə məhəbbət adlanan qiymətsiz bir gövhər əzizləyirəm. Mənim nəzərimdə cavahiratın daşdan fərqi yoxdur.
Şah. Eləsə, bu uzun yolu gəlməkdə məqsədin nədir?
Nizami. Hökmdar, Məhsəti Gəncəvi sizin fərmanınızla öz doğma şəhərindən sürgün edildi. Bu hadisə tarix üçün böyük bir ləkədir. Dünya şeirini zinətləndirən bu qadın zindanlara yox, böyük bir ehtirama layiq şairdir.
Şah. Mənim nəzərimdə o artıq ölmüşdür.
Nizami. Xeyr, hökmdar! O yalnız bundan sonra yaşayacaqdır!
Şah. Demək, səni Gəncədən buraya gətirən də budur. Eləmi?
Nizami. Mən indi bu möhtəşəm sarayı yaradan Əbdəki görmək istəyirəm.
Şah. Aydın oldu. Memarlıq edən o rəzil mənə qarşı hazırlanan sui-qəsdin iştirakçısıdır. O, sabah gün çıxmamış dar ağacından asılacaqdır. Vəzir, o cani edam ediləndə, şəhərdə tonqallar qalansın. Qoy bütün aləm tamaşaya gəlsin”.
Vəzirin cərəyan edən bu hadisələrə səbri tükənir. Qoca vəzir, təcrübəli vəzir Şirvan sarayında çoxlu haqsızlıqların şahidi, bəzən də iştirakçısı olub. İndi isə baş verənlərə o dözmür. Nizamiyə deyir: “Eşit, Nizami, məğrur başın sarayların önündə əyilməsin! Saray adlanan bu qızıl həbsxanada mən də artıq qul olmaq istəmirəm! (Gedir)”
Vəzirin “... Nizami Gəncədən doğan bir günəşdir!” deməsi Nizaminin şair kimliyinin, şair obrazının aşağıdakı göstəricilərini də açıqlayır.
ç) Nizamini yetirən ana torpağın oğlu vəziri aparırlar, Azərbaycan dilində yazılmış “Xosrov və Şirin”i buxarıya atıb yandırırlar. Ancaq şah alovdan dəhşətə gəlir: “Söndürün, söndürün! Mən bu alovdan qorxmuram!” deyir. Axı Gəncədən doğan bir günəşin əsərini yandırmaq mümkünmü?! Azərbaycan dilində yazılmış “Xosrov və Şirin” dastanını buxarıya atmaq mümkünmü?! Yandırmaqla nə Nizamini, nə Gəncəni, nə də Azərbaycanı və onun dilini məhv etmək olmaz. Bu tarixi həqiqət barədə Nizami məğrur dayanaraq deyir: “Yandırın!.. Yandırın!.. Bu gündən sonra yalnız insanlar deyil, dağlar, dərələr də səs-səsə verib deyəcəkdir: Gəncə haradadır, Nizami kimdir!..”
Mehdi Hüseyn “Nizami” pyesini 1940-cı ildə başlamış, 1941-ci ildə bitirmişdir. Artıq bu dövrdə İkinci Dünya müharibəsi başlamışdı. Heç şüghəsiz ki, Mehdi Hüseynin Nizami mövzusuna müraciət etməsində bu müharibənin də rolu az olmamışdır. O, Nizami kimi müdrik şairlərə, bilikli insanlara ehtiyacın olduğunu bir daha gündəmə gətirmişdir. Bəlkə də, müdrik, kamil adamlara, o cümlədən Nizamiyə olan biganəlik cəmiyyətdə çoxlu fəsadlar törətmişdir. Ağla qara, xeyirlə şər,yaxşı ilə pis, düz ilə əyri arasındakı mübarizə əksikliklərin vəhdəti və mübarizəsi kimi bəşəriyyətin əbədi problemləridir. Ancaq bu problemlərin həllində müdrik insanlara, təbii ki, Nizami kimi dahilərə böyük ehtiyac var. Müdriklər və təbii ki, onların içərisində Nizami dünyanın gərdişi barədə düşünmüşdür. Ancaq dünya müdriklər və Nizami barədə düşünürmü?! Demək lazımdır ki, düşünsə də, düşünməsə də, Nizamiyə həmişə ehtiyac var. O, tarixin bütün dövrlərində və dönəmlərində aktualdır. Tarix bütün qüsurları ilə Nizami qarşısında günahkardır. Günahı yumağın yeganə yolu Nizaminin əbədi bəraət almasıdır. Nizami bütün dövrlərdə, bütün zamanlarda bəraət qazanmış ustad sənətkardır. Ona dünyanın hansı yerindən və tarixin hansı illərindən, qərinələrindən baxsan, öz əzəməti və qüdrəti ilə boy verir. Nizaminin sənət dünyasının qarşısında tarix məğlub və məzlum görünür. Onunla üz-üzə gəlməyə, qabaqlaşmağa nə tarixin, nə də tarixdə mövcud olan hakimlərin gücü çatmır. Tarix də, hər bir tarixdə yaşayan hakimlər də Nizami düşüncəsinin, ilhamının, insana olan eşqinin, qüdrətinin və ustadlığının qarşısında quldur. Nizami isə onların heç biri ilə qul sahibi kimi davranmır, əksinə onlarla bərabər addımlayır, yollarına işıq salır, xeyirxahlığa qurub yaratmağa çağırır, səbr və təmkini ilə bütün bədxahlıqları məhv edərək gün-gündən ucalır. Tarixdən və zamandan, hakimdən və hökmdən uca Nizamiyə Eşq olsun!
Buludxan Xəlilov,
filologiya elmləri doktoru, professor