Modern.az

Təhsil eksperti: Buraxılış imtahanlarındakı yaxşı nəticə məktəblərin uğuru deyil

Təhsil eksperti: Buraxılış imtahanlarındakı yaxşı nəticə məktəblərin uğuru deyil

7 May 2021, 16:59

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15-16 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.


Maraqlıdır, əvvəlki illərə nisbətən bu ilin nəticələri necədir?


Nə kimi fərqlər var?


Təhsil eksperti Kamran Əsədov Modern.az-a deyib ki, 2020-ci ildən etibarən orta məktəblərdə tədrisin məsafədən təşkili və bir çox fənlərin bu formatda şagirdlərə öyrədilməsində yaranan çətinliklər buraxılış və qəbul imtahanlarında nəticələrin əvvəlki illərlə müqayisədə aşağı olacağını proqnozlaşdırmağa əsas verirdi:


“Hətta rəsmi münasibət belə ondan ibarət idi ki, orta ümumi təhsil məktəblərini bu il bitirən 85 minə yaxın 11-ci sinif şagirdinin məktəbə bir gün belə getməməsi, eyni zamanda 75 faizə qədərinin məsafədən tədrisdə iştirak etməsi nəticələri aşağı salacaqdır. Lakin görünən o oldu ki, orta məktəblərdə tədrisin ənənəvi qaydada aparılmaması şagirdlərin nəticələrinə o qədər də təsir göstərmir. Bu çox ciddi bir məsələdir. Bu onu göstərir ki, şagirdlər buraxılış və qəbul imtahanlarında orta məktəblərin nəticələri ilə yox, fərdi qaydada əldə etdikləri, daha çox repetitor kurslarından aldıqları bilikləri ilə iştirak edirlər. Bu da çox ciddi faktordur. Mən hesab edirəm ki, mütləq şəkildə ümumi təhsil məktəblərində tədrisin təşkilində bu amil mütləq nəzərə alınsın. Son illər şagirdlərin müvəfəqiyyətləri və uğurları orta ümumi təhsil məktəbləri ilə əlaqədar deyil”.


K.Əsədov açıqlanan nəticələri yaxşı qiymətləndirdiyini qeyd edib:


“Aprel ayının 15-i və 16-da ümumilikdə 26 min nəfərdən çox şagird 11 bölgəmiz üzrə buraxılış imtahanında iştirak etmişdi. Maraqlısı da odur ki, artıq Sumqayıt şəhərindən 1 nəfər şagird maksimum bal toplayıb. Lakin kifayət qədər orta və yüksək göstəricilər var. Artıq bu onu deməyə əsas verir ki, cari il üçün gözlədiyimiz imtahanlarda balların aşağı düşmə ehtimalı çox azdır. Çünki dünən açıqlanan nəticələrdə çox sayda şagird 200-dən yuxarı bal toplayıb. Bu da ötən illə müqayisə nəticələrin yaxşı olduğunu göstərir. Qarşıda digər imtahanların nəticələri də olacaq.   


Şagirdlər ilk imtahandı deyə, psixoloji gərginlik də keçirə, eyni zamanda mövzular baxımından tam hazıra olmaya da bilərlər. Nəticələrin aşağı olacağı proqnozu özünü hesab edirəm ki, doğrultmur. Bir tək riyaziyyat fənni üzrə abituriyentlərin nəticələri aşağı oldu. Ən yaxşı nəticə Azərbaycan dilindəndir. İmtahan iştirakçılarının böyük faizi Azərbaycan dili fənnindən çox yüksək nəticə göstərdi. İkinci yerdə xarici dil ilə bağlı nəticələr dayanır. Üçüncü yerdə isə riyaziyyatdır. Riyaziyyatın aşağı olması məsafədən tədris zamanı fənnin effektli keçilməməsi ilə bağlı ola bilər. Digərləri əvvəlki illərdən o qədər də ciddi şəkildə fərqlənmir”.

Nəzrin Vahid

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür