Modern.az

Azərbaycan səhiyyəsində ilk - bir xəstəyə iki qaraciyər köçürüldü

Azərbaycan səhiyyəsində ilk - bir xəstəyə iki qaraciyər köçürüldü

Aktual

8 May 2021, 09:26

“Mərkəzi Klinika”da ölkədə ilk dəfə olaraq qaraciyər sirrozundan əziyyət çəkən bir xəstəyə iki qaraciyər transplantasiyası uğurla yerinə yetirilib. Bu, dünyada ən mürəkkəb və riskli əməliyyat hesab edilir. Belə əməliyyatlara dual qaraciyər transplantasiyası deyilir.

 

Modern.az xəbər verir ki, bunu əməliyyatı aparan cərrah-transplantoloq Mircəlal Kazımi deyib.

 

O bildirib ki, xəstə uzun müddət hepatit B ilə əlaqəli qaraciyər sirrozundan əziyyət çəkib: "Bununla əlaqədar xarici ölkələrdə də müayinədə olub. Tək çarəsi qaraciyər transplantasiyası idi. Əksər hallarda belə vəziyyətdə donor rolunu xəstənin yaxın qohumları oynayır. Lakin bu dəfə xəstə üzərində əməliyyat aparmaq üçün bir donor kifayət etmirdi. Ona görə də iki donorun hər birinin qaraciyərindən bir pay götürülərək qaraciyər transplantasiyası aparılmasına qərar verildi. Könüllü olaraq donor kimi bacısı və xalası oğlu əməliyyata hazırlandı. Təxminən iki həftə ərzində uzun və çətin bir yol keçdik. 12-14 saat çəkən transplantasiya prosesi uğurla yekunlaşdı. Əməliyyat nəticəsində xəstənin həyatını xilas etmək mümkün oldu və o, hepatit B təhlükəsindən də azad edildi”.

 

M.Kazımi xatırladıb ki, 2008-ci ildən indiyədək Azərbaycanda 1 500-ə yaxın xəstə üzərində qaraciyər və böyrək transplantasiyası aparıb.

 

Klinikanın baş həkiminin müavini, ümumi cərrah Zaur Xəlilov isə əməliyyatın mürəkkəbliyi haqqında danışıb: “Hər donor üzərində əməliyyat 5-6 saat davam etdi. Bu əməliyyatın uğurlu alınmasında xəstəxananın anesteziologiya və reanimotologiya bölməsində çalışan tibb işçilərinin və bütün kollektivin çox böyük əməyi var. Eyni zamanda, xəstənin həyata qayıtması üçün sağlamlıq problemi olmadan donor kimi çıxış edən xəstənin yaxınlarının fədakarlığı da hər cür təqdirə layiqdir”.

 

Donorlar artıq evə buraxılıb, xəstə isə yaxın günlərdə evə yazılacaq.

 

Qeyd etmək istəyirik ki, Dr. Mircəlal Kazımi Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə qaraciyər transplantasiyası edən cərrahdır. O, komandası ilə birlikdə transplantologiya sahəsində ilklərə imza ataraq regionda ən çox qaraciyər və böyrək transplantasiyası icra edən cərrahdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir