Modern.az

Mayın 12-də Şuşada “Xarıbülbül” festivalı keçiriləcək

Mayın 12-də Şuşada “Xarıbülbül” festivalı keçiriləcək

8 May 2021, 10:14

Şuşa 29 ildən sonra 8 mayı azad qarşılayır. Prezident İlham Əliyevin mayın 7-də imzaladığı sərəncama əsasən isə, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi.

 

Bu barədə Modern.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, mədəniyyət paytaxtımız Azərbaycan üçün eyni zamanda geosiyasi və geoiqtisadi baxımdan vacib şəhərdir:

 

“Qürur mənbəyimiz Şuşa şəhəri uzun müddət Qarabağın əsas iqtisadi mərkəzlərindən hesab olunub. Həm şəhər, həm də eyni adlı rayon sənaye, kənd təsərrüfatı və xüsusən emaledici sektorların inkişafı üzrə fərqənib. Ötən əsrin əvəllərində Şuşada 1700-ə yaxın ticarət obyekti qeydə alınıb və bu da şəhərin hələ bir əsr öncə də xüsusi iqtisadi potensiala malik olduğunu göstərir. 20.9 min hektar yararlı torpağı olan Şuşada kənd təsərrüfatında heyvandarlıq daha çox inkişaf edib.

 

1992-ci ildə, Şuşa işğal olunmamışdan öncə şəhərdə şərq musiqi alətləri fabriki, istehsalat kombinatı, Bakı "Radioqurma" istehsalat birliyinin müəssisəsi, Qarabağ ipək kombinatının toxuculuq sexi və digər istehsal müəssisələri var idi. Şuşada eyni zamanda inşaat materialları istehsalı üzrə də müəssisələr fəaliyyət göstərirdi.

 

Turizm Şuşanın iqtisadiyyatında xüsusi yer tutur. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü turizm baxımından xüsusi üstünlüyə malikdir. 1992-ci ilədək Turşsu istirahət və müalicə zonası fəaliyyət göstərirdi. Bu zona Laçın yolunun üstündə və Daşaltı çayının yaxınlığnda yerləşir. Turşsu müalicəvi vannaları ilə də məşhur idi. Füsnükar gözəlliyi ilə seçilən Cidir düzündə 1992-ci ilədək hər il may ayında “Xarıbülbül” mahnı festivalları keçirilirdi”.

 

Deputatın sözlərinə görə, növbəti festival isə cəmi 4 gün sonra 12 mayda yenidən keçiriləcək:

 

“Şuşaya həyat və gülüş yenidən qayıdır”.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalı keçiriləcək.

 

Heydər Əliyev Fondunun məlumatına görə, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub.

 

32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki “Xarıbülbül” musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur. Hazırda festivala son hazırlıq işləri görülür.

 

Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir